Məhkəmə qərarları › İş №2(103)-3394/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3394/2022

24.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3394/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-3488/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-3488/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh təşkilatın rəhbərliyinin qərəzli münasibəti ilə üzləşmiş, nəticədə işlədiyi son 6 ay ərzində intizam tənbehinə məruz qalmışdır. Məhkəmə işin faktiki hallarını ətraflı araşdırmadan qanunsuz və əsassız olaraq iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(103)-8412/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(102)-472/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)- 3488/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsində işlədiyi müddədə əmək intizamını pozduğuna görə ona bir neçə dəfə intizam tənbehi verilmiş, lakin intizam tənbehlərindən lazımi nəticə çıxarmamışdır. Sonuncu dəfə o, 26 fevral 2021-ci il tarixdə 4 saylı posta (nəzarət-buraxılış məntəqəsinə) təhkim olunmuş və saat 10:00-da nəqliyyat vasitələrinə yoxlama baxış keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş nəzarət-buraxılış məntəqəsindən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmışdır. İddiaçı əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən lazımi nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna və iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə verilmişdir. Nümayəndə apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-3488/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 16 avqust 2016-cı il tarixdə SOCAR Təhlükəsizlik İdarəsinə atıcı peşəsinə işə qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı 17 iyun 2020-ci il tarixdə təhkim olunduğu postda neft kəmərlərinin mühafizəsini yoxlamadığına, nahar fasiləsində təyin olunmuş vaxtdan 30 dəqiqə artıq olduğuna və saat 04:25-də nəqliyyat vasitəsində yatması faktı aşkar olunduğuna görə 02 iyul 2020-ci il tarixli əmrlə ona töhmət verilmişdir. Bundan əlavə, İddiaçı 05 sentyabr 2020-ci il tarixdə xidməti postunu nəzarətsiz qoyub ərazidə yerləşən operatorlar otağına getdiyinə görə 11 sentyabr 2020-ci il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan əlavə, İddiaçı 22 oktyabr 2020-ci il tarixdə qarovul rəisinə məlumat vermədən işə gecikərək saat 19:45-də işə gəldiyinə, daha sonra saat 08:10-da komandanı özbaşına tərk etdiyinə görə 12 noyabr 2020-ci il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Nəhayət, 26 fevral 2021-ci il tarixdə 4 saylı posta (nəzarət-buraxılış məntəqəsinə) təhkim olunmuş İddiaçı həmin gün saat 10:00-da nəqliyyat vasitələrinə yoxlama baxış keçirmədən əraziyə buraxdığına, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş nəzarət-buraxılış məntəqəsindən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratdığına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün təqdimatla SOCAR Təhlükəsizlik İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş, təqdimat Həmkarlar İttifaqı Komitəsində müzakirə olunaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. SOCAR Təhlükəsizlik İdarəsinin rəisi F.Hacıyevin 16 mart 2021-ci il tarixli SOCAR**********00070020B00081 saylı əmri ilə 34 saylı komandanın atıcısı İddiaçı ilə bağlanmış 16 avqust 2016-cı il tarixli 7683 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 16 mart 2021-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yenə həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin 34 saylı komandanın atıcısı İddiaçı nəqliyyat vasitələrinə yoxlama baxış keçirmədən əraziyə buraxması, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş nəzarət-buraxılış məntəqəsindən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə giribçıxmalarına şərait yaratması mühüm strateji əhəmiyyətli obyekt olan neft kəmərlərinin təhlükəsizliyinə xələl gətirməklə iş yerində işin və əmək intizamının normal ahənginin pozulmasına səbəb ola bilər. Bundan əlavə, İddiaçı təkcə 2020-ci il ərzində əmək intizamını pozduğuna görə 3 dəfə intizam məsuliyyətinə cəlb olunması, onlardan ikisinin sonuncu xəbərdarlıqla şiddətli töhmət olması, altı ay ərzində 3 dəfə intizam məsuliyyətinə cəlb olunması onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə kifayət qədər əsas verir. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində müəyyən edilmiş prosedur qaydalara riayət olunmuş, əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-3488/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar