Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3395/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının prosessual hüquq varisləri Əlibəyov Tofik Roman oğlunun və Məmmədova Svetlana Romanovnanın, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Balabəyov Toğrul Banalı oğlu iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ünvan 1 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anası Sultanova Svetlana Nikolayevna 21 may 1986-cı ildə Azərbaycan SSR Bakı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən ünvan 2 ünvana 199811 saylı order verilmişdir. Atası Sultanov Tofiq Həsənağa oğlu 17.04.1996-cı il tarixdə vəfat edib. Anası Sultanova Svetlana Nikolayevna 31.07.2003-cü il tarixdə vəfat edib.Qardaşı Cavabdeh 1986-cı ildən ünvan 3 ünvanında yaşamır. Belə ki, qardaşı 14 oktyabr 1997-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Orexova-Zuyevu şəhərində ailə həyatı qurmuşdur və orada yaşayır. Hesab edir ki, 2009-cu ilədək qüvvədə olmuş mənzil məcəlləsinin tələblərinə əsasən qardaşı həmin mənzilə istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)- 3307/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 3 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, yəni, 09.09.2019-ci il tarixdə İddiaçı ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı Əlibəyov Roman Əliullayeviç, Məmmədova Svetlana Romanovna və Əlibəyov Tofik Roman oğlu prosessual hüquq varisi kimi mülki işə cəlb edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə anadan olmuş, 1986-cı ildə onun 13 yaşı var idi. Həmin zaman o, məktəbdə 6-cı sinifdə oxuyurdu və valideynindən ayrılaraq, başqa ünvanda yaşaya bilməzdi. 1997-ci ildə Rusiya Federasiyasına getmiş, 2 ildən sonra qayıtmışdır. 2016-cı ildən 2021-ci ilədək, cinayət törətdiyinə görə, cəzaçəkmə müəssisəsində olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7682/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçının prosessual hüquq varisləri (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, yeni qərar çıxarılması və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-655/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7682/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 11.05.2016-cı ildə həbs edilmiş və 08.05.2021-ci ildə həbsdən azad edilmişdir. Həbs olunmazdan öncə təxminən 5-10 il arası müddətdə nənəsinin yanında, yəni mübahisə predmeti olan mənzildə deyil, öz istəyinə uyğun olaraq başqa mənzildə yaşamışdır. Nənəsinin evi Nərimanov rayonunda yerləşmiş və mübahisəli mənzildə mərhum bacısı uşaqları ilə birlikdə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquq varisləri Əlibəyov Tofik Roman oğlu və Məmmədova Svetlana Romanovna apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 199811 saylı, 21 may 1986-cı il tarixli orderin surətindən görünür ki, Sultanova Svetlana Niolayevnaya və ailə üzvləri Sultanov Tofiq Həsənağa oğlu, İddiaçı və Cavabdeh Zığ şossesi, ev 2a, mənzil 12, də yerləşən mənzildə yaşayış hüququ verilmişdir. İş materiallarında olan 458987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sultanov Tofiq Həsənağa oğlu 29 may 1996-cı ildə vəfat etmişdir. İş materiallarında olan 070701 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sultanova Svetlana Nikolayevna 31.07.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan Rusiya Federasiyasında verilmiş 422320 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətində qeyd edilmişdir ki, vətəndaş Cavabdeh Şmeleva Larisa Vladimirovna ilə 14 oktyabr 1997-ci ildə nikaha girmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məhkəmə sorğusuna verilən cavaba əsasən Cavabdeh dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş üzrə iddiaçı tərəfdən şahid kimi dindirilmiş Səlimov Elnur Yaqub oğlu bildirmişdir ki, o, iddiaçı ilə qonşudur, Elmiranın atasını tanıyırdı, lakin həmin evdə mərhum Tofiq Sultanovun qızı Elmiradan başqa heç kəsi görməmişdir. İş üzrə iddiaçı tərəfdən şahid kimi dindirilmiş Rəhimov İlqar Eldar oğlu bildirdi ki, 1988-ci ildən həmin ünvana köçmüşlər. Həmin vaxtı Elmiranın atası Tofiq də orada yaşayıb, Elmira da onlarla yaşayıb, Vaqif həmin vaxtlar orada olmayıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsaslanaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, mübahisəli mənzillə bağlı münasibətlər 1986-cı ildən yaranmış, Başqa sözlə, mübahisəli mənzillə bağlı, həmçinin tərəflər arasında yaranan və sona çatan münasibətlər 2009-cu ilədək baş vermişdir. Qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) - 9) - 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. (maddə 60) Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi dəlillərlə bağlı heç bir araşdırma aparmamış, cavabdehin RF-də neçə il yaşamasını, 2016-cı ildə həbs edilənədək harada yaşamasını, ümumiyyətlə, qeydiyyatda olduğu mənzildə yaşayıbyaşamamasını, yaşamayıbsa, bunun səbəblərini və bu illər ərzində mənzildən istifadə etmək üçün hər hansı cəhd edib-etməməsini, edibsə, bunu hansı formada etməsini, etməyibsə, bunun səbəblərini, cavabdehin mübahisədə adı keçən mənzillə bağlı hər hansı əlaqəsinin mövcudluğu və mübahisənin düzgün həlli ilə bağlı sair halları yoxlamamışdır. Hətta məhkəmə iclas protokolundan görünür ki, cavabdeh yalnız apellyasiya şikayətini müdafiə etdiyini göstərmiş, cavabdehə etirazının əsası kimi istinad etdiyi hallarla bağlı ən azı bir sual belə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri üzrə məhkəmə kollegiyası tərəfində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 1997ci ildə Rusiya Federasiyasına getmiş, 2 ildən sonra qayıtmış, 11.05.2016-cı ildə həbs edilmiş və 08.05.2021-ci ildə həbsdən azad edilmişdir. Həbs olunmazdan öncə təxminən 5-10 il arası müddətdə nənəsinin yanında, yəni mübahisə predmeti olan mənzildə deyil, öz istəyinə uyğun olaraq başqa mənzildə yaşamışdır. Kollegiya qeyd edir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərini əsasında aparılmış araşdırmanın nəticəsindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh qeyd edilən mənzilə istifadə hüquqlarının saxlanılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının anasına 1986-cı ildə yaşayış sahəsi kimi verilmiş, o həmin sahədə həyat yoldaşı, qızı-İddiaçı və oğlu-Cavabdehlə icarədar kimi məskunlaşmışdır. İddiaçının atası və anası vəfat etmişdir, qardaşı olan cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, işin hallarına və şahid ifadələrinə əsasən orada yaşamamışdır, yaşamışsa belə, uzun müddət əvvəl, 1997-ci ildə həmin yaşayış sahəsini tərk etmişdir. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)- 3307/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3395/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3395/2022
01.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver