Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3395/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Nərimanov RPİ tərəfindən verilmiş AZE serialı, 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinə və 116 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır.
2. X15, X9, X10, X16 tərəfindən imzalanmış və notarial qaydada tərtib edilmiş xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli ərizələrə əsasən İddiaçı ilə X5 1999cu ildən 2019-cu il tarixədək ünvan 2 ünvanında yerləşən mənzildə ər-arvad kimi yaşamışdılar.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 saylı evin, 68 saylı mənzili Cavabdeh mülkiyyətindədir, bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 3384 nömrəli reyestr kitabının 316896 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4512/2019 nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi və X19 maraqlı şəxs qismində cəlb edilməklə, “onunla xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 ilə 1996-cı il tarixdən faktiki nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı tərəfindən yaradılan məhdudiyyətlərin qadağan edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən, onun vəsaiti hesabına alınmış 40 saylı evin, 68 saylı mənzilinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, anadangəlmə görmə məhdudiyyətli olduğundan 1-ci qrup əlildir. Mərhum həyat yoldaşı X5 ilə 1996-cı ildən faktiki nikah münasibətlərində yaşamışdır. X12 da görmə məhdudiyyətli İ qrup əlil idi. Onlar 23 il birlikdə yaşamışlar, birgə ailə təsərrüfatı idarə etmişlər və biri-birinə qulluq etmişdilər. X5 heç vaxt başqa nikahda olmamış və birgə nikahdan övladları da dünyaya gəlməmişdir. Xəstəlikləri səbəbindən nikahlarını rəsmiləşdirə bilməmişdilər. Lakin bütün qohum və qonşular onları ər-arvad kimi tanımışlar. X5 11 avqust 2019-cu il tarixdə ürək dayanması səbəbindən vəfat etmişdir. 2000-ci ildə o, ünvan 4 ünvanda yerləşən 68 nömrəli mənzili almışdır. Həmin mənzili almaq üçün o, ünvan 5 ünvanında yerləşən mənzilini satmışdır. Bundan bir neçə ay sonra isə hazırki mənzili mərhum həyat yoldaşı Bənövşə İsgəndərovanın adına almışdır. Belə ki, mərhum həyat yoldaşı məcburi köçkün olduğu üçün müxtəlif kommunal və imtiyaz güzəştləri var idi. Hər ikisi birinci qrup əlil olduğu üçün müalicə xərclərini qarşılamağa maddi imkana sahib deyildilər. Bununla əlaqədar olaraq bir sıra güzəştlərdən yararlanmaq məcburiyyətində olmuşdur. Bu səbəbdən evi alan zaman həyat yoldaşının adına rəsmiləşdirmişdir. Lakin hazırda mərhum həyat yoldaşının bacısı qızı Cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edərək, onun hesabına əsassız varlanmışdır. Belə ki, o şəxsi vəsaiti hesabına aldığı ünvan 6 ünvanda yerləşən 68 nömrəli mənzili bacısının qanuni vərəsəsi kimi adına keçirmişdir. Lakin Cavabdeh onların faktiki nikah münasibətlərində olmasını danaraq, mənzili adına keçirməklə əsassız varlanmışdır. Daha əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə nikah faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Lakin müvafiq iddia təmin olunmamışdır. Mərhum həyat yoldaşı ilə aralarında dini qaydada bağlanmış nikah mövcuddur. Bu səbəbdən qeyd olunan mənzil ona qaytarılmalıdır.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş AR Ali Məhkəməsinin 2(102)-4328/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı nikah münasibətlərində olma faktının müəyyən olunması ərizəsi məhkəmələr tərəfindən təmin olunmamışdır. İstinad olunan məhkəmə araşdırması zamanı iddiaçının mərhum X5 ilə birgə nikah münasibətlərində olması faktı öz təsdiqini tapmamışdır. Bu halı məhkəmədə maraqlı şəxs mərhumun bacısı Xanova Telli də təsdiq etmişdir. İş üzrə maraqlı bir hal ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi dini nikah sənədi nikah münasibətlərində olma faktının müəyyən edilməsi zamanı iş üzrə 2019-cu il tarixdə təqdim edilməmiş, yalnız 2022-ci ildə hazırki iddia ilə təqdim edilmişdir. Sənəddə isə nə yazılması aydın deyildir. Xarici dildə tərtib edilmişdir. Bu səbəbdən həmin sənəd də şübhəlidir və sübut qismində qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi müxtəlif şəxslərin izahatları əsasında mərhumə X2 bir ünvanda yaşaması səbəbindən onları ər-arvad hesab etmələri əsassızdır. İki şəxsin bir ünvanda yaşaması onların ər-arvad münasibətində olmasının təsdiqi ola bilməz. Bundan başqa həmin şəxslər nikah qeydə alan müvafiq dövlət orqanı deyillər. Hazırki işlə bağlı onun “mənzilə maneəsiz girişinin təmin olunması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunaraq, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı tərəfindən yaradılan məhdudiyyətlərinin qadağan edilməsi və iddiaçı Cavabdeh ünvan 8 ünvanında yerləşən mənzilə sərbəst giriş-çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamənin icra edilməsinə maneələr yaradılır və qətnamə bu günə qədər icra edilməmişdir. İddiaçı qanuni qüvvəsini almış qətnamənin icrasından boyun qaçırır, icraçıların tələblərinə tabe olmur. Hesab edir ki, hazırda baxılan iddia və bundan əvvəlki nikah münasibətlərində olma barədə ərizə xalasına məxsus mənzili ələ keçirmək üçün atılan əsassız və qanunsuz addımlardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Eyni zamanda, cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı hazırki tələblə iddia irəli sürmək üçün mülki qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, artıq 20 ildən çox müddət keçmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X17)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının qeyd etdiyi əmlakın ona qaytarılması tələbi təmin oluna bilməz. Belə ki, İddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnun tanınmasını həmin əmlaka dair hüququnu təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədən tələb edir. Hazırda əmlakın mülkiyyətçisi Cavabdehdır. Belə olan halda iddiaçının qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddia təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci, 9-cu, 152-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü, 76-cı, 77-ci, 81-ci, 82-ci, 89-cu, 217-ci maddələrinə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq, qeyd etmişdir ki, ona məxsus ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə ünvan 9n 68 nömrəli mənzilin alınması arasında olan vaxt dövrünü dəqiqləşdirmək üçün onlar tərəfindən Nizami MKTB-nin 26 saylı mənzil-kommunal istismar sahəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı mülkiyətində olmuş və məhz həmin mənzilin satılmasından bir neçə gün sonra ünvan 10 ünvanında yerləşən 68 nömrəli mənzil alınmışdır. 26 saylı Mənzil Kommunal İstismar idarəsi tərəfindən verilmiş cavab sözügedən mənzillərin onun tərəfindən alınıb satılmasının bariz sübutudur. Həmin cavab məktubunu da məhkəmə prosesində təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi nəinki buna düzgün hüquqi qiymət verməmiş, ümümiyyətlə münasibət bildirməmişdir. Eyni zamanda hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X15, X9, X13, X16 öz ifadələrində göstərmişlər ki, həqiqətən X23 və X5 1999-cu ildən 2019-cu il tarixədək ünvan 11 ünvanında yerləşən mənzildə ər-arvad kimi yaşayıblar. Birinci instansiya məhkəməsinin qətnaməsində sözügedən şahidlərin ifadələri göstərilsə də, qərəzli şəkildə həmin ifadələr yekun məhkəmə aktı qəbul edilərkən nəzərə alınmamışdır. Bu isə birinci instansiya məhkəməsinin hazırkı işə qərəzli və qeyri-obyektiv yanaşmasının bariz nümunəsidir. Digər bir məqam isə X14 arasında bağlanmış dini nikahla bağlıdır. Belə ki, X1 İdarəsinin verdiyi nikah haqqında şəhadətnaməyə əsasən onunla X2 dini qaydada nikah bağladıqları məlum olmuşdur. X14 arasında nikahın rəsmiləşdirilməməsinin əsas səbəbi həmin dövrdə olan adət-ənənə ilə bağlıdır. Belə ki, sözügedən vaxt sadəcə dini nikah bağlamaqla ailə qurmaq kifayət qədər geniş yayılmışdı. Həmin dövrün çox insanlarının düşüncələri və inancalarına görə sadəcə dini nikah bağlamaq ailənin mövcud olması üçün yetərli idi. Həm də nəzərə alınmalıydı ki, hər iki şəxs də 1-ci qrup gözdən əlil olmuşdur. Bu səbəbdən o, İsgəndərova Bənövşə ilə dini nikah bağlamaqla bir yerdə təsərrrüfat aparmışlar. Ancaq birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, iş üzrə mövcud olan sübutlara düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. 25 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən əmlak onun xalasının mülkiyyətində olmuşdur. Xalasından həmin ev onun yeganə vərəsəsi olan anasına keçmiş, anası da həmin evi ona bağışlamışdır. Hazırki iş üzrə iddiaçı bir müddət onun xalası ilə faktiki nikah münasibətlərində yaşamış şəxsdir, birgə yaşayışlarından övladları da yoxdur. Qarşı tərəf xalası ilə faktiki ər-arvad münasibətlərinin olması faktını müəyyənləşdirmək üçün məhkəməyə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi ərizədə isə göstərmişdir ki, xalası X5 mülkiyyətində olan mənzili 9.000.000 manata satmış və və həmin pula mübahisəli mənzili almışdır. Satdığı mənzildə də yalnız özü qeydiyyatda olmuşdur.
17. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir; 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
28. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi mənzil X4 məxsus olmuş, bu şəxs 2019-cu ildə vəfat etdikdən sonra həmin əmlak nəticə etibarı ilə Cavabdeh mülkiyyətinə keçmiş və hazırda da mülkiyyətindədir. İddiaçı mənzilin keçmiş mülkiyyətçisi X5 ilə 1996-cı il tarixdən faktiki nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin onun bu barədə ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4512/2019 nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi (2(103)-10732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli) və Azərbaycan Respublikasının Ali Məhkəməsi (2(102)- 4328/2022 nömrəli, xx.xx.2022-ci il) də bu nəticə ilə razılaşmışdır. Əksinə digər iş üzrə cavabdehin iddiaçıya qarşı iddiası təmin edilərək, mübahisəli mənzillə bağlı cavabdehə məhdudiyyətlərin yaradılması iddiaçıya qadağan edilmiş və cavabdehin mənzilə sərbəst giriş-çıxışı təmin edilmişdir.
30. Bununla belə, mübahisəli mənzilin hər hansı vaxt iddiaçının mülkiyyətində olmasını və ya onun vəsaiti hesabına alınmasını təsdiq edən sübut yoxdur. İddiaçının istinad etdiyi kəbin kağızı (nəzərə alınmalıdır ki, bu sənəd ərəb dilində tərtib edilmiş, tərcüməsi yoxdur, həmçinin, yuxarıda qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı iş üzrə də təqdim edilməmişdir) və Nizami rayonu 26 saylı MKİS-in arayışı isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, dini kəbinkəsmə (dini nikah) hər hansı hüquqi əhəmiyyətə malik deyildir və ər-arvadın hüquq və vəzifələri onların nikahının bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
31. Əksinə (işə birbaşa təsiri olmasa da iddiaçının mövqeyinin dolayısı ilə təkzib olunması baxımından qeyd edilir) cavabdehin təqdim etdiyi alqı-satqı müqavilələrində onun bibisi X2 xx.xx.2000-ci il tarixdə mülkiyyətində olan başqa mənzili 9.000.000 manata satdığı və həmin tarixdə mübahisəli mənzili 7.000.000 manata onun mülkiyyətçisi X7 aldığı müəyyən edilir. İddiaçının cavabdehə qarşı hazırki tələbini irəli sürmək üçün hər hansı hüququnun olmaması hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktları ilə də öz təsdiqini tapır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-662/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.