Məhkəmə qərarları › İş №2(103)-3396/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3396/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3396/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(005)-193/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2021-ci il və xx.xx.2021 tarixlərində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə 69/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın almı-satqısı” barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil 203038,65 manata "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. 2.Hazırda iddiaçı qeyd edilən əmlakların dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən (hərracın yeri və barədə bildirişin göndərilməməsi, üçüncü hərracın keçirilməsi) qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə dair Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hərracın nəticələrinə dair yekun protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, onunla "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU0-304-9617 saylı kredit müqaviləsinə xitam verilməsi, 135359,88 ABŞ dolları əsas, 43014,36 ABŞ dolları faiz və 800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 179174,24 ABŞ dolları borcun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ondan və X1 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi, tutmanın X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, NərimanNərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 212000 manat qiymətləndirilməklə açıq hərracda satılması, həmin satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC-yə olan borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində bizim mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin qətnaməsi iddianın əsas və faiz borcu, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ondan və X1 müştərək qaydada 128071,88 ABŞ dolları, 7585,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 135657,42 ABŞ dolları borcun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutulması, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinin ilkin satış qiymətinin 318492 manat müəyyən edilməsi, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildiriş yaşayış ünvanına göndərilmişdir. İcra sənədinin icrası məqsədilə icra məmuru xx/xx-61898/18 saylı, xx.xx.2021-ci il tarixi sifariş məktubu ilə "xxxx" MMCyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tutuma yönəldilən ipoteka qoyulan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 123, 3 nömrəli mənzilin hərracda satılması xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən birinci dəfə hərrac xx.xx.2021-ci ildə, ikinci dəfə xx.xx.2021-ci ildə keçirilmişdir. Hərraclar baş tutmadığından xx.xx.2021-ci il də əmlakın ilkin satış qiymətindən 25% aşağı 203038,65 manata alınması təklif edilmişdir. İpoteka saxlayan tərəfindən əmlak alınmış və hərrac baş tutmuş, hərracın nəticələrinə dair yekun protokol tərtib edilmişdir. Lakin cavabdehin keçirilən hərraclardan məlumatı olmamış, bildiriş göndərilməmişdir. Həmçinin əmlakın bu qiymətə satılmasından da narazıdır, əmlakın qeyd olunan qiymətə satılması bu günkü bazar qiymətlərinə uyğun deyildir. Göründüyü kimi, hərrac 3 dəfə keçirilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, birinci hərrac xx.xx.2021-ci ildə, ikinci hərrac xx.xx.2021-ci ildə, üçüncü hərrac xx.xx.2021-ci ildə keçirilmişdir. İcra icraatı zamanı hərracların keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən hərracların sayı, hərrac baş tutmadıqda təkrar hərracın keçirilməsi, hərrac predmetinin ilkin satış qiymətinin nə qədər azaldılmasının mümkünlüyü icra haqqında qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, 3-cü hərracın keçirilməsi qanunazidd olduğundan hərracın nəticələri etibarsız hesab olunmalıdır. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 fevral 2023-cü il tarixli, 2(005)-193/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Nərgiz Tağıyeva) iddia təmin edilməmişdir. İş materiallarında olan: 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1251/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 128071,88 ABŞ dolları əsas, 7585,54 ABŞ dolları faiz və 800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 136457,42 ABŞ dolları borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli, tutma X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 318492 manat qiymətləndirilməklə açıq hərracda satılmalı, həmin satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC-yə olan borc ödənilməli, mənzil satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər mənzildən çıxarılmalıdır; 7.Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 01 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-17:00dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 318492 manat müəyyən edilmişdir; 8."xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 02 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-17:00- dək (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 270718,2 manat müəyyən edilmişdir; 9."xxxx" MMC tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 203038,65 manata ipoteka saxlayana təklif olunmuşdur; 10."xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, bildirişi “Həşimov” imza edərək qəbul etmişdir; 11.“Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli tirajlarının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzilə dair açıq hərracın keçirilməsi, xx.xx.2021-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; 12.Hərracın yekunları barədə 69/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş və başa çatdırılmışdır, ipoteka saxlayan ipoteka predmetini 203038,65 manat qiymətlə əldə etmək hüququnu bildirmişdir;. 13.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 372 və B-372 ünvanında yerləşən bağ evi "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. 14.“Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil 203038,65 manata tələbkar "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir; 15.AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu,N.Nərimanov prospekti 125, 3 saylı mənzil xx.xx.2021-ci il tarixdə "xxxx" BOKT MMC-nin adına rəsmiləşdirilmişdir. 16.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2021-ci il və xx.xx.2021 tarixlərində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərracın yekunları barədə 69/03 nömrəli, xx.xx.2021-ci il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 125, 3 saylı mənzil 203038,65 manata "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmlakların dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən (hərracın yeri və barədə bildirişin göndərilməməsi, üçüncü hərracın keçirilməsi) qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 17.Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. 18.Məhkəmə qeyd etmişdi ki, iddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyanın aşağı qiymətə satılması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 19.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyanın dəyəri müəyyən edilmiş və açıq hərracdan satılması qət edilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. 20.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını belə dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər,habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 21.Məhkəmə vurğulamışdır ki, göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. 22.Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2021-ci ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2021-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2021-ci il tarixli bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub “Həşimov” adlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" BOKT MMC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 203038,65 manata almağı təklif etmişdir. 23.Məhkəmə qeyd etmişdir ki, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, eləcə də üç hərracın keçirilməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. 24.Üçüncü hərracın keçirilməsi dəlili ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, keçirilmiş iki hərrac baş tutmadığına görə tərəflərə göndərilmiş təklifin üçüncü hərrac kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. 25.Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması, üç hərracın keçirilməsi və əmlakın aşağı qiymətə saılması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. 26.Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 28.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx"MMC Bakı şəhəri cavabdeh sifariş məktubuna əsasən ilk hərracı xx.xx.2021-ci il tarixə, əmlak satılmadığından ikinci hərracı xx.xx.2021-ci il tarixətəyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC tərəflərə 18 avqust 2021 və 14 sentyabr 2021-ciil tarixlərdə iştirakçılara hərracın keçirilməsi barədə təkliflər ünvanlanmışdır. Həmin təklifdə hərracın keçirildiyi yer, tarix və sair məlumatlar göstərilmişdir. Hərracların keçirilməsi barədə və alğı-satqı müqaviləsinin bağlanmasının təklif edilməsi barədə bildirişlər hərrac işində mövcud olsa da, təkrar hərracın keçirilməsi barədə bildirişlərin ipotkeka qoyana, eyni zamanda onun sahibi Maisə Həşimovaya çatdırılması və hərracdan xəbərdar olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təkrar hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmiş, iddiaçıya məlumat verilməməsi mülki iş materialları ilə kifayət qədər öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həmdə müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Hazırki mülki iş üzrə hərracın keçirilməsi barədə iddiaçı tərəfə məlumat verilməsinin sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. İş materiallarından görünür ki, hərrac üç dəfə xx.xx.2021-ci ildə, sonradan xx.xx.2021-ci ildə və 05 oktybar 2021-ci ildə keçirilmişdir. Məhkəmədə mübahisəyə işdə iştirak edən bütün şəxslər çağırılıb dindirilməmiş, İşdə cavabdehin iştirakı təmin edilmədiyindən çəkişmə prinsipini pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verilməməsinin, həmin protkolun ümumiyyətlə sonuncuya verilməməsi, hərracın üç dəfə keçirilməsinin səbəbi aydınlaşdırılmamışdır. Külək MMC-nin təkrar hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verməsini yalnız bir blirdiriş istisna olmaqla təsdiq edən sübut təqdim edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin dilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 32.İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, cavabdeh tərəf gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə teleqramla müraciət edərək xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, xəstəliyinin nədən ibarət olması və bu halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 33.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 34.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 35.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 36.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 37.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 38.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 39.Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 40.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 41.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 42.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 44.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 45.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 46.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 49.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu: 50.Maddə 1.0.10.Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 51.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 52.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 56.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 57.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 58.İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində 125 saylı binanın 3 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2021-ci ildə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub imza edilərək qəbul edilmişdir. Bununla yanaşı hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. 59.Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2021-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2021-ci il tarixli bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. İddiaçının ünvanına göndərilmiş və məktub “Həşimov” adlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında dərc olunmuşdur. 60.Alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" BOKT MMC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 203038,65 manata almağı təklif etmişdir. 61.Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, eləcə də üç hərracın keçirilməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. 62.Kollegiya qeyd edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. 63.Üçüncü hərracın keçirilməsi ilə bağlı iddiaçının dəlilinə məhkəmə tərəfindən hüququ qiymət verilərək qeyd olunmuşdur ki, keçirilmiş iki hərrac baş tutmadığına görə tərəflərə göndərilmiş təklifin üçüncü hərrac kimi qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. 64.Kollegiya apellyatorun ipoteka predmetinin qiyməti ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı əmlakın dəyərinin az olmasını belə dəyəri müəyyən edən digər məhkəmə prosesi çərçivəsində mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 65.Apellyatorun cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallrından göründüyü kimi, cavabehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. 66.Buna görə də kollegiya iddiaçının qeyd olunan dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmədiyinə görə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə baxmağa haqlı olmuşdur. 67.Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır, buna görə də kollegiya hesab edir ki, hazırkı iddia əsassız olmaqla məhkəmə qətnaməsinin icrasını gecikdirməyə yönəlmişdir. 68.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 69.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 70.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 71.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(005)-193/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar