Məhkəmə qərarları › İş №2(103)-3397/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3397/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3397/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Nümayəndə1 qarşı iş üzrə (Açar sözlər: kommunal xidmətə görə haqqın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Nümayəndə1 qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 509/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 14.09.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Nümayəndə1 Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25A, İ blok, XİV mərtəbə, 34 və 35 saylı mənzildə yaşayır.

2. Tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 03 nömrəli çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilənin məqsədi vətəndaşların yaşayış binasında əlverişli yaşayış şəraitinin, lazımi idarəetmənin, çoxmənzilli binanın əmlakının, onun ümumi istifadə yerləri və eyvan sahəsinin mühəndis sistemlərinin və avadanlığının saxlanılması və təmirinin təmin edilməsi, habelə mənzilin mülkiyyətçisinə və çoxmənzilli binada yaşayan digər vətəndaşlara kommunal xidmətlərin göstərilməsi olmuşdur.

3. xx.xx.2018-ci il tarixli Razılaşma protokoluna görə İddiaçı MMC-nin direktoru X2 ilə ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın 34 nömrəli mənzilinin mülkiyyətçisi Nümayəndə1 çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binada ümumi əmlakın saxlanması, cari təmir işləri, çoxmənzilli binanın soyuq su, elektrik enerjisi təchizatı, liftlərə xidmət göstərilməsi, liftlərin və blokların fasiləsiz elektrik enerjisi ilə (generator) təchizatı, ümumi sahənin təmizlənməsi, zibilin daşınması, 24 saat mühafizə xidməti, mənzillərdə kommunal haqq hər kv.m üçün 0.50 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. Razılaşma Nümayəndə1 tərəfindən imzalanmamışdır.

4. xx.xx.2018-ci il tarixli Aktda əsasən həmin tarixdə N.Rəfiyev, ev 25A, mənzil 34 ünvanında yaşayan Nümayəndə1 kommunal haqqında müqaviləni imzalamaq təklif olunmuş, lakin sonuncu həmin müqaviləni imzalamaqdan imtina etmişdir. Aktı direktor N.S.Əhmədov və komendant N.S.Rəhimzadə imzalamışlar.

5. İddiaçı MMC tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda borclunun yaşadığı giriş 1, 14-cü mərtəbənin 34 və 35-ci mənzillərin xx.xx.2022-ci il tarixə 1494 manat məbləğində kommunal borcu olması göstərilmişdir.

6. xx.xx.2017-ci il tarixli İddiaçı MMC-nin ümumi iclasının 5 saylı Protokolundan müəyyən edilir ki, gündəliyə daxil edilmiş məsələlər sakinlərə göstərilən kommunal xidmətin səviyyəsi, kommunal xidmətlərin yığımı, 2013-cü ildən tətbiq olunan kommunal xidmət haqlarının 2018-ci ilin yanvar ayından 0,05 qəpik artırılması, binanın həyətinə nəqliyyat vasitələrinin daxil olunmasına məhdudiyyətlərin tətbiqi olunması olmuşdur. Bina sakinlərinin kommunal xidməti haqqlarının gecikdirilməsini mütəmadi olaraq davam etdirdiyi bildirilmiş və hər yaın 01-dən 10-i arasında ödənilməsi xahiş olunmuşdur.

7. MMC-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən Kommunal xidmətlərin haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması təsdiq edilmişdir.

8. 23.11.2019-cu il tarixli MMC-nin iclasının 1 saylı Protokolunda müzakirə olunmuş məsələlər liftlərin dizenfeksiya olunması və dərmanlanması, yanğınsöndürmə kranlarının yoxlanılması və mərtəbələrdə işıqların dəyişdirilməsi.

9. 26.09.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli MMC-nin iclasının 1 saylı Protokollarından müəyyən edilir ki, kommunal xidmətin ödənilməsinin hər ayın 01- 10-dək olması və digər məsələlər müzakirə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25A saylı evin 34 və 35-ci mənzillərin dair kommunal xərclərə görə yaranmış 1909 manat, məhkəmə xərcləri üçün 40 manat, ümumilikdə 1949 manat pulun cavabdehdən MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə ünvan 2A saylı evin sahəsi-98.9 kv.metr olan 34-cü və sahəsi-68.6 kv.metr olan 35-ci mənzillərinin MMC-dən alınmasına dair müqavilə bağlanmışdır. 17 yanvar 2018-ci il tarixdə MMC tərəfindən “Çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 03 saylı müqavilə” tərtib edilmiş, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir, bunula bağlı müvafiq akt tərtib edilmişdir. Beləliklə, cavabdeh xx.xx.2020-ci il tarixdə 2020-ci ilin oktyabr ayına görə son kommunal ödənişi etmiş və bundan sonra müxtəlif bəhanələr gətirərək kommunal xidmətə görə borclarını ödəməkdən imtina etmişdir. Bildirilir ki, cavabdeh və digər sakinlərin kommunal ödəmələrində gecikmələr olması nəticəsində MMC-nin Banklar və Vergi orqanları qarşısında borclar yaranmış və həmin borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Halhazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmaqdadır. Cavabdehə məxsus olan 34 nömrəli mənzilin sahəsi 98.9 kv.metr, 35 saylı mənzili isə 68.6 kv. metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi MMC-nin qərarına əsasən 0.50 qəpik müəyyən edilmişdir (98+68=166 kv.m*0.50 q=83 manat, 83*23 ay =1909 manat). Bildirilir ki, kommunal ödənişlərdən bütün təminatlara (su, kanalizasiya, işıq təhcizatı, lift təmiri, məişət tullantıların daşınması, binada digər təmir işləri, təmizlik, mühafizə) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bu xərclərlə əlaqədar hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Yaranmış borcla bağlı tərəflərindən cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2023-cü il tarixli 2(006)-509/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təşkilatda mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılmamış və iddiaçı tərəfin izahatlarına əsasən ünvan 2 ünvanında yerləşən və iddiaçının yaşadığı binanın idarəçiliyi İddiaçı MMC tərəfindən həyata keçirilir. İddiaçı onunla cavabdeh arasında 17 yanvar 2018-ci il tarixdə İddiaçı MMC tərəfindən “Çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 03 saylı müqavilə”nin cavabdeh Nümayəndə1 həmin müqaviləni imzalamaqdan imtina etməsinin təsdiqi kimi MMC-nin direktoru N.S.Əhmədov və komendant N.S.Rəhimzadə imzaladığı eyni tarixli aktı sübut növü kimi təqdim etsə də, məhkəmə bu aktı mötəbər və tutarlı sübut növü kimi qiymətləndirmir. Akt yalnız MMC-nin direktoru N.S.Əhmədov və komendant N.S.Rəhimzadə imzalanmışdır. İddiaçı tərəfin birtərəfli olaraq aktın imzalaması aktın doğruluğuna dəlalət etmir. Aktda həqiqətən də cavabdehin təqdim edilmiş müqavilə ilə tanış olandan sonra onu imzalamaqdan imtina etməsi digər şəxslərin (məsələn: MMC ilə müqaviləni imzalayan binanın digər sakinləri, polis nəfəri və s.) iştirakı ilə baş verdiyi əks edilsə də, onda bu sənədin mötəbər sübut növü kimi qiymətləndirilməsi müzakirə predmeti ola bilərdi.

14. Məhkəmə göstərmişdir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar, yəni hazırki vaxta kimi onun iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcı olması müəyyən edilmədiyindən iddia bu hissədə əsaslı sayıla bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 29.3, 44.6, 109.5, 122.1.3, 122.3, 135.1, 137.1, 137.4, 137.5, 137.6, 137.9, 139.1, Mülki Məcəllənin 14.1, 385.1, 442, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4,218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPlenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləni imzalamasa da, xx.xx.2020-ci ilədək kommunal ödənişləri ödəməyi davam etmiş, bununla da müqavilə şərtlərini qəbul etmişdir. Kommunal ödənişlərin təyinatı barədə elan hər ay elan lövhəsinə vurulur, cavabdeh dəfələrlə ofisə dəvət olunsa da, gəlmədiyindən bu elanlarla tanış olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh apelyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

21. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

22. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan; mənzil tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan .

23. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq.

24. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

25. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

26. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

27. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

28. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

29. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

37. Kollegiya hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını tələb etməkdə haqlı olmuşdur.

38. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar.

39. Hazırki işin hallarından görünür ki, mübahisəli binanın sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır və bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunur. İdarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəməlidirlər.

40. Cavabdeh tərəfindən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanmaması cavabdehə faktiki olaraq istifadə etdiyi xidmətlərin haqqının ödənilməməsinə əsas verən hal deyildir.

41. Cavabdeh xx.xx.2020-ci il tarixdə 2020-ci ilin oktyabr ayı üçün kommunal ödənişləri etmiş, bundan sonra isə, göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq, ödənişlərin edilməsini dayandırmışdır.

42. MMC-nin xx.xx.2017-ci il tarixli ümumi iclasının 5 saylı Protokolundan və qərarından görünür ki, kommunal xidmətlərin haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması təsdiq edilmişdir.

43. Odur ki, bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir.

44. Cavabdehin etiraz kimi bildirdikləri hallar onun yararlandığı xidmətlərin haqqını ödəməkdən imtinasına əsas verən hal deyildir və haqlı tələbin rədd edilməsinə əsas vermir. Cavabdeh iddiaçı tərəfindən binanın girişində və həyətində qanunsuz tikililər inşa etməsi və s. hallarla bağlı məhkəmədə müstəqil iddia qaldıra bilər. Həmçinin, iddiaçının idarəçilindən narazı olan cavabdeh və digər sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təsis edərək, binanın saxlanılmasını həmin cəmiyyət vasitəsilə həyata keçirməklə iddiaçını idarəçilikdən kənarlaşdıra bilərlər.

45. Odur ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2023 saylı iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Nümayəndə1 Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25A saylı evin 34 və 35-ci mənzillərinə dair kommunal xərclərə görə yaranmış 1909 manat borc və məhkəmə xərcləri üçün ödənilmiş 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar