Məhkəmə qərarları › İş №2(103)-3398/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3398/2024

02.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3398/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı (“X24” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: pul ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X9 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (“X24” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2024 nömrəli 09 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “X24” MMC və X5 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1644 nömrəli müqaviləyə görə satıcı “X24” MMC Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzili “alıcı” X2, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı mənzilin sahəsinin hər kvadrat metri üçün 990 manat olmaqla, cəmi 67587,3 manat ödəyir.

2. xx.xx.2010-cu il tarixli,1233AKNİ/10 saylı girov müqaviləsinə əsasən “girovqoyan” Cavabdeh “X24” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində inşa edilən mənzilə dair 001313 nömrəli mənzil sertifikatını onunla "xxxx" Kommersiya Banksı ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq “girovsaxlayan” "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə yüklü etmişdir.

3. “Borcverən” "xxxx" Kommersiya Banksı ASC və “borcalan” Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsinə görə borcverən 137 ay müddətinə xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 manat kredit vermişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin təyinatı “X24” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m, o cümlədən yaşayış sahəsi 28,18 kv.m və qeyri-yaşayış sahəsi 40,09 kv.m təşkil edən 1 otaqlı mənzilə dair “X24” MMC-nin emissiya etdiyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixində dövlət qeydiyyatına alınmış 001313 nömrəli mənzil sertifikatının alınması təşkil edir.

4. xx.xx.2012-ci il tarixdə verilmiş ƏN-İ seriyalı 182593 nömrəli etibarnamədən müəyyən olunur ki, X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlaklarını idarə etməyi və onun üzəridə sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və etibarnamədə qeyd edilmiş digər hərəkətlər etməyi İddiaçı1 etibar etmişdir. Etibarnamə xx.xx.2012-ci il tarixədək qüvvədə olmuşdur.

5. 25.10.2013, xx.xx.2015, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən "xxxx" Kommersiya Banksı ASC-yə kredit borcu olaraq 372 manat; xx.xx.2011-ci il tarixli qəbzə əsasən 485 manat ödəniş edilmişdir.

6. 27.07.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, Əliyev Vaqif adlı şəxs Cavabdeh "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 372 manat ; xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2018, xx.xx.2018, xx.xx.2012-ci il tarixli qəbzlərə görə 400 manat köçürmə etmişdir.

7. 05.01.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010 tarixli qəbzlərdən görünür ki, Əliyev Vaqif adlı şəxs X3 "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 376 manat köçürmə etmişdir.

8. 29.09.2009, xx.xx.2009, xx.xx.2009 tarixli qəbzlərdən görünür ki, İddiaçı1 adlı şəxs X3 "xxxx" Kommersiya Banksı ASC-də olan bank hesabına 376 manat köçürmə etmişdir.

9. 28.02.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 tarixli qəbzlərə əsasən İddiaçı2 tərəfindən Cavabdeh "xxxx" Kommersiya Bankı ASCdəki bank hesabına 372 manat; xx.xx.2015-ci il tarixli qəbzə görə 242.65 manat köçürmə etmişdir.

10. “X24” MMC tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli arayışda qeyd olunur ki, AMS 001313 saylı mənzil sertifikatı xx.xx.2010-cu il tarixdə Cavabdeh adına indossament olunmuşdur. Cavabdeh 1233AKN/10 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2021-ci il tarixdə tam olaraq yerinə yetirmişdir və 14 iyun 2022-ci il tarixinə həmin kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmamışdır.

11. “X24” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 65 nömrəi maliyyə arayışında qeyd olunur ki, “X24” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942- 1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m olan 237A saylı mənzilin 1644 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə dair Cavabdeh heç bir borcu yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 151200 pulun, 410 manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi belə əsaslandırılmışdır ki, 2009-cu ilin sentyabr ayının əvvəllərində Nuri Əliyev İddiaçı1 dedi ki, onun tanışı var, “X24” MMC- tərəfindən yeni tikilən çoxmərtəbəli evdə mənzil alıb, lakin aylıq ödənişi ödəməyə imkanı yoxdur, pulu gecikdirir. Həmin mənzil ünvan 1 ünvanında yerləşir. İddiaçı1 onunla danışıb qeyd edilən mənzili ala bilər. Oğlu Nuri və qızı Səidə ilə birlikdə həmin mənzilə baxdılar, bəyəndilər. Mənzilin sahibi X5 idi. Aynur mənzilin pulunu geçikdirdiyinə görə ödəyə bilmədiyini bildirdi və Nuri razılaşdı ki, Aynurun onlara qədər ödədiyi məbləğ, yəni 19.000 manat təşkil etdiyindən İddiaçı1 kürəkəni Nümayəndə1 İddiaçı1 borc kimi vermiş olduğu pulu Aynura ödədi. Sonra da razılaşdılar ki, mənzilin aybaay pulunu İddiaçı1 ödəyəcəyək. Beləliklə, 67587,30 qəpik pul tam ödənildikdən sonra mənzil İddiaçı1 adına keçiriləcəkdi. 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi İddiaçı1 hər ay 376 manat ödədi. 2011-ci ilin yanvar ayının 28-də etibarnamənin vaxtı azaldığına görə oğlu Nuri Əliyevin yaxın dostu olan, özünə qardaş bildiyi cavabdehlə, yəni Cavabdeh ilə razılaşdı ki, mənzil müvəqqəti olaraq onun adına keçirilsin və yeni qrafik tutulsun. Aybaay cavabdehin adından 372 manat pul ödənilməli idi. Qeyd edilən mənzil "xxxx"a girov qoyulduğundan 372 manat "xxxx"a pul ödənilməli idi. İddiaçı1 həmin vaxtdan etibarən 2-3 ay pulu özü ödəmişdir, pul qəbzlərində onun imzaları vardır. Sonrakı ayları həyat yoldaşı X20, bir neçə dəfə də İddiaçı2 ödəmişdir. Qəbzlərdə onların da imzaları vardır. İddiaçı1 əri 2021-ci ilin iyul ayının 5-də vəfat etmişdir. Sonradan da qəbzlər formal olaraq cavabdehin adından sənədləşdirilmişdir. Lakin pulu İddiaçı1, onun əri və qızı ödəmişdir. Mənzilin pulunu 2021-ci ilin dekabr ayının əvvəllərində tam ödədilər. Belə ki, aybaay 372 manat deyil, 400 manatdan ödəməyə başladı və vaxtından əvvəl ödədilər. Həmin vaxt İddiaçı1 cavabdehə müraciət etdi ki, mənzili İddiaçı1 adına keçirsin. O isə mənzili İddiaçı1 adına sənədləşməsindən yayınır, öhdəliyini icra etmir. İddiaçı1 ailəsi ilə həmin mənzildə 2010-cu ildən yaşayır. Mənzili İddiaçı1 kürəkəni Nümayəndə1 təmir etmiş və 30.000 manatadək pul xərcləmişdir. Bundan əlavə cavabdeh İddiaçı1 qızna bildirdi ki, bank tərəfindən mənzil satışa çıxarılacaq, onun qarşısını almaq üçün 1200 manat pul lazımdır. İddiaçı1 ona həmin 1200 manatı 2022-ci ilin dekabr ayının 22-də metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən “Asan xidmət”-in qarşısında saat 15-radələrində vermişdir. İddiaçı1 pulu cavabdehə verəndə qızı və kürəkəni də yanında idilər. Doğrudur sənədlər üzrə mənzilin qiyməti 67587,30 təşkil edir. Lakin hazırkı bazar qiymətlərinə uyğun olaraq mənzilin qiyməti 120.000 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən onlara 151.200 manat pulu ödənilməlidir.

14. Birinci instansiya məhkəməsində şahid qismində çağırılmış X10 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, onlarla qohumluq əlaqəsi yoxdur, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın komendantıdır, “X24” MMC-də 2009-cu ildən işləyir. İddiaçı1 və onun qızı İddiaçı2, kürəkənini, Samiri tez-tez görür, Cavabdeh iki dəfə görmüşdür.Mənzilin kommunal xərclərini Samir ödəyirdi, mənzildə təmir işləri aparılarkən Cavabdeh görməmişdir.

15. Şahid qismində çağırılmış X18 ifadəsində bildirmişdir ki, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın mənzilində santexnik işləri aparan zaman iddiaçıları mənzilin sahibi himi tanımışdır. Cavabdeh görməmişdir.

16. Şahid qismində çağırılmış X8 ifadəsində bildirmişdir ki, Xətai rayonunda yerləşən mənzili almaq üçün həmin mənzilə baxış keçirilməsi üçün tərəflərə birlikdə əraziyə getmiş, mənzilin təmirində 2013 və 2020-ci illərdə işləmişdir. Cavabdeh mənzillə bağlı mübahisələrdən tanıyır, onun qardaşı Səbuhi və Nuri birlikdə işləmişlər. Mənzildə apardığı təmir işlərinə görə pulunu ona İddiaçı2 atası Vaqif ödəmişdir.

17. Şahid qismində çağırılmış X12 ifadəsində bildirmişdir ki, tərəflərini tanıyır. İddiaçı2 onun atasının xalası nəvəsidir. Əhmədlidə yerləşən evlərinə bir neçə dəfə getmişdir. Bildiyi qədəri ilə mənzili Nuri 2008 ya 2009-cu ildə 19000 manat ilkin ödəniş etməklə almışdır. Cavabdeh Nurinin işi ilə əlaqədar tanıyır. Evə dair ipoteka ödənişini İddiaçı2 ödəyirdi.

18. Şahid qismində çağırılmış X11 ifadəsində bildirmişdir ki, 2013-cü il tarixdən “X24” MMC-nin binasında yaşayır. Nümayəndə1 onun qonşusudur. Bloklar ayrı olsada axşamlar binanın həyətində toplaşan zaman birbirlərini görürlər.

19. Şahid qismində çağırılmış X6 ifadəsində bildirmişdir ki, İddiaçı1 oğlu Nuri onun şəriki olmuşdur. Nuri onu çox pis vəziyyətə salmış və nəticədə o, bir evini itirmişdir. Nuri ondan borc pul götürmüşdür və həmin məbləği ödəyə bilmədiyi üçün hazırda mübahisələndirilən mənzili qardaşının adına keçirtmişdir. Sonradan Nurinin xahişi ilə onun anasının mənzildə yerləşməsinə və aylıq ipoteka haqqını ödəmələrinə razılıq vermişdir. Həmin mənzil həm iddiaçılar tərəfindən, həm də onun və qardaşı tərəfindən təmir edilmişdir. Mənzil üçün 19000 manat bir ödəmiş, sonradan da ödənişlər etmişdir. Cəmi 30000 manatdan çox ödəniş etmişdir. Buna dair qəbzlər uzun müddət keçməsi səbəbindən onda qalmayıb.

20. Şahid qismində çağırılmış X7 ifadəsində bildirmişdir ki, Nümayəndə1 tanıyır. Onun göstərişi və onunla qiymət danışdıqdan sonra 2010-cu ilin axırı və 2011-ci ilin əvvəli Xətai rayonunda yerləşən mənzilə işıq çəkilməsi işini aparmışdı. Bu işi 1 həftə ərzində görüb bitirmişdir. Cavabdeh tanımır.

21. Şahid qismində çağırılmış X13 ifadəsində bildirmişdir ki, 2012-ci ildə əvvəl Nümayəndə1, sonradan evin sahibi olan İddiaçı2 tanımışdır. Nümayəndə1 ona təmirsiz evinin olduğunu, 2 ildir ki evin təmirsiz qaldığını və təmirə ehtiyacı olduğunu bildirmişdir. Xətai rayonunda yerləşən mənzildə divarların hörülməsi və qaydasına salınması ilə məşğül olmuş, 3 ay-3 ay yarım vaxta işini yekunlaşdırmışdır. Təmir xərcini ona Nümayəndə1 və İddiaçı2 hissə-hissə ödəmişdir. O, işini bitirdikdən sonra mənzilin təmirini davam etmək üçün Zaur adlı şəxs mənzilə gəlmişdir. Cavabdeh görməmişdir.

22. Şahid qismində çağırılmış Nümayəndə1 Məhyəddin oğlu ifadəsində bildirmişdir ki, Nümayəndə1 tanıyır, onun əmisi nəvəsidir. 2010-cu ilin sentyabr-oktyabr aylarında onlara məxsus evdə arakəsmə divarlarını inşası ilə məşğul olmuşdur. Həmin vaxt bu mənzildə X13 da iş görmüşdür. Başqa iş yerinin olması səbəbindən mənzildə təxminən 10 gün işləmişdir.

23. Məhkəmə Ekspertiza Mərkəzi Tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən 237A saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 20136 manat məbləğində müəyyən edilir. Həmin mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 119000 manat müəyyən olunur.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 fevral 2024-cü il tarixli 2(005)-111/2024 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, Cavabdeh təmir xərcinə görə 20136 manat, mənzilə görə ödənilmiş 74823,17 manat, cəmi 94959,17 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258,3 manat pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə ekspertizasının xərci olaraq 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilə dair həm ilkin, həm də aylıq ödənişlərin iddiaçılar tərəfindən edilməsi cavabdeh tərəfindən qəbul olunduğundan bu hissədə əlavə araşdırma aparılmasına zərurət mövcud deyil, bu hal sübuta yetirilmiş hesab olunmalıdır. Eyni zamanda, mənzilə dair ödənişlərin cavabdehə olan borc qarşılığında edilməsi barədə cavabdehin etirazları ilə bağlı Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə iddiaçıların mənzilə dair ödənişlərin onlar tərəfindən edilməsi ilə bağlı əsaslandırmaları öz təsdiqini tapır. Mənzil cavabdehin mülkiyyəti olsa da, bu mənzilə dair ödənişlər iddiaçılar tərəfindən edilmişdir. İddiaçıların 2010-cu il tarixdən həmin mənzildə yaşamaları, bu mənzili təmir etmələri, iddiaçıların mənzilə hüquqlarının olması düşüncəsi ilə hərəkət etmələrinin, mənzilin cavabdehin adına formal olaraq keçirilmiş olmasının göstəricisidir. Aydındır ki, iddiaçılar mənzildə cavabdehin etirazında qeyd etdiyi kimi müvəqqəti yaşamış olsaydılar, mənzilə dair ilkin ödənişi və 2010-cu ildən 2022-ci il tarixədək olan aylıq ödənişləri etməzdilər. Həmçinin mülki iş üzrə alınmış ekspert rəyindən də görünür ki, iddiaçılar nəinki həmin mənzildə 14 ilə yaxın müddət ərzində yaşamış, həmçinin bu mənzili əsaslı təmir etmişlər.

26. Məhkəmə hesab etmişdir ki, ağlabatanlıq prinsipi əsas götürülməklə sadalanan bu hallar iddiaçıların mənzil mülkiyyətiçi kimi hərəkət etdiklərini göstərir. İddiaçıların mənzili hansı niyyətlə cavabdehin adına keçirmələri iş materialları ilə sübuta yetirilməsə də, iş materialları ilə sübut edilmiş hallar iddiaçıların mənzilin mülkiyyətçiləri kimi hərəkətlər etməsini təsdiq edir. Cavabdehin göstərdiyi yeganə hal X14 ona olan borcu qarşılığında mənzilin mülkiyyətə verilməsi barədə əsaslandırması olmuşdur ki, bu əsaslandırma öz təsdiqini tapmamışdır. Eyni zamanda nəzərə alınmaldır ki, iddiaçıların 2010-cu il tarixdən mənzildə yaşamalarına baxmayaraq cavabdeh onların mənzildən çıxmasını tələb etməmiş (belə bir hal məhkəməyə bildirilməmişdir), onlara qarşı mənzilə dair hər hansı iddiası olmamış, hətta məhkəmə iclasında iddiaçılara mənzilə görə 30000 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Daha əvvəlki izahatlarında X14 ona 120000 manat borcu olduğunu bildirən cavabdehin hansı səbəbdən 30000 manat ödəməyə razı olduğu araşdırıldıqda, bu ödənişi xoş niyyət olaraq edəcəyini bildirmişdir. Qeyd edilən bu hal cavabdehin maddi imkanı və işin halları nəzərə alınmaqla ağlabatan mühakimə əsasında məntiqli deyildir. Cavabdehin etirazını əsaslandıran yeganə sübut onun qardaşının məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi olmuşdur. Lakin şahidin cavabdehin doğma qardaşı olması, iddiaçılar tərəfindən məhkəmə iclasına çağırılmış digər şahidlərin əksəriyyətrinin isə iddiaçılarla heç bir qohumluqlarının olmaması və ifadələri ilə eyni halları təsdiq etmələri halında cavabdeh tərəfdən ifadə verən yeganə şahidin ifadəsi iş üzrə həlledici və mötəbər sübut hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iş materiallarının araşdırılması zamanı mübahisənin mahiyyətinin əsassız varlanma olmasına dair əlamətlər ortaya çıxır. Belə ki, iddiaçıların hazırda yaşadıqları mənzil cavabdehin mülkiyyətidir, cavabdeh mənzilə dair ödənişlər etməli olduğu halda bu ödənişlər iddiaçılar tərəfindən edilmişdir, bununla da cavabdeh əsassız varlanmışdır

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 386.1, 439.4, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

28. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətində göstərilmişdir ki, o, iddia tələbini sübut etmək vəzifəsini daşımır. Onun gətirdiyi dəlillər işin digər halları ilə öz təsdiqini tapır. Əgər iddiaçıların borcu yox idisə bankın pulunu nəyə görə ödəyirdilər. Bu heç bir məntiqə sığmır. Tərəflərin arasında hər hansı müqavilə öhdəlikləri olmamışdır. O ki qaldı mənzilin təmir edilməsinə, həmin mənzildə uzun müddət yaşayıbsa, təbii ki, öz rahatlığı üçün mənzili təmin edə bilərdi. İddiaçıları buna heç kim məcbur etməmiş, pulun ödənişləri və mənzlin təmiri də onların tərəfindən könüllü icra edilmişdir. Bu faktların özü də bir daha iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

31. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

32. İddiaçılar apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

33. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyndən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

34. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin müəyyən edilmiş hallarına görə “X24” MMC və X5 arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzil 67587,3 manata X1. Daha sonra X5 ona məxsus əmlakı idarə etməyi və bu əmlaklara dair qanunla icazə verilən bütün növ əqdləri bağlamağı İddiaçı1 etibar etmişdir. Həmin mənzil Cavabdeh mülkiyyətinə verilmiş və mənzilin qalan ödənişlərini etmək üçün Cavabdeh və "xxxx" Kommersiya Bankı ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh adına xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 (iyirmi dörd min üç yüz) manat kredit verilmişdir. Kredit borcu üzrə ödənişlər X20, İddiaçı2 və Cavabdeh adından edilmişdir.

49. Mənzil hazırda cavabdehin mülkiyyətindədir. Lakin mənzildə 2010-cu ildən ailə üzvləri birlikdə iddiaçılar yaşayır, mənzili təmir etdirmişlər.

50. Müəyyən edilmişdir ki, mənzilə görə ilkin ödəniş və aylıq kredit ödənişləri iddiaçılar tərəfindən edilmişdir.

51. Cavabdeh birinci instansiya məhkəməsində göstərmişdir ki, iddiaçılar evə görə kredit ödənişlərini ona borclu olduqlarına görə ödəyiblər. Lakin iş materiallarına əsasən iddiaçıların cavabdehə borclu olması kimi bir hal müəyyən edilməmiş, nə də ki cavabdeh tərəfindən bu hala dair hər hansı sübut təqdim edilməmişdir.

52. Həmçinin mənzilin iddiaçılar tərəfindən təmir edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində çəkilmiş təmir xərcinin 20136 manat təşkil etdiyi müəyyən edilmişdir.

53. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçıların 2010-cu il tarixdən həmin mənzildə yaşamaları, bu mənzili təmir etmələri, iddiaçıların mənzilə hüquqlarının olması düşüncəsi ilə hərəkət etmələrinin, mənzilin cavabdehin adına formal olaraq keçirilmiş olmasının göstəricisidir.

54. Beləliklə, mənzilə görə ilkin ödənişin 19000 manat, 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi aylıq ödənişlərin cəmi 5264 manat, kredit müqaviləsi üzrə kredit ödənişlərinin isə cəmi 50559,17 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin mənzili mülkiyyətində saxlayan cavabdehin bu məbləğlər həcmində cəmi 74823,17 manat və təmir xərci olan 20136 manat həcmində əsassız varlanması barədə qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2024 nömrəli iş üzrə 09 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar