Məhkəmə qərarları › İş №2(103)-3401/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3401/2025

18.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3401/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri 30 saylı DNK-nun xx.xx.2000-ci il tarixli 3B3-68 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112, 84 saylı mənzil X14 mülkiyyət hüququ üzrə məxsus idi. Bakı şəhəri 15 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 2 “V” 47 reyestr nömrəsi xx.xx.2015-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X9 adına qeydiyyatdan keçmişdir. Həmin mənzil 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2015-ci il tarixli, 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakm alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsinə əsasən 15 mart 2015-ci il tarixdə X12 Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair tam olaraq verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmuş, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş yuxarıda göstərilən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə etibarsız hesab edilmiş, miras qoyanın digər övladı X7 həmin mənzilin “1/2 hissəsinə vərəsəlik hüququ tanımışdır. Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 şikayəti təmin edilmiş, xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində təsdiqlənmiş müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməl olduğunu, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olduğu təsdiqlənmiş, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarına əsasən Bakı Apelyasiya məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı şəhəri 15 saylı notariat ofisi xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunanları nəzərə alaraq, X7 həmin mənzilə dair vərəsəlik hüquqlarının notarius tərəfindən tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 cavabdeh Bakı şəhəri 15 saylı notariat Kontoruna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda yerləşən 84 saylı mənzilə Cavabdeh2 adına DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və iddiaçı X3 ünvan 4 ünvanda yerləşən 84 saylı mənzildə onun 1/2 hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına 1/2 hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onun iki vərəsəsi qalmışdır – həyat yoldaşı X8 və oğlu X10. Vərəsəlik hüququnu təsdiq etmək üçün verilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 (oğlu X5 anası X4 xeyrinə imtina edilməsi nəzərə alaraq) vərəsəsi onun h/yoldaşı X8 hesab olunur və miras qalmış əmlakda Olqa Bədirovanın V payı göstərilmişdir. Eyni zamanda Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazzi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedan mənzil X7 (1/2 hissəsi) və X11 adlarına (1/2 hissəsi açıq saxlanılmışdır) dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X8 ünvan 5 ünvanda yerləşən 84 saylı mənzilə dair xx.xx.1958-ci il tarixdə anadan olmuş X4 adına 1/2 hissədə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 15 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli 845 №li məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etdiyi mirasa daxil olan əmlaka dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədi olmadığından və həmin əmlak özgəninkiləşdirildiyindən X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümükün olmaması barədə cavab vermişdir. Cavabdeh2 qanunsuz olaraq yuxarıda qeyd edilmiş ünvanda yerləşən 84 saylı mənzilə mülkiyyət hüququna daxil olmuşdur. Çünki əvvəlki məhkəmənin qərarı ilə iddiaçının ərinə miras qalmış mənzildə 1/2 pay ayrılıb və bu barədə Cavabdeh2 xəbəri olmuşdur.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-423/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia təmin olunmamışdır.

6. Məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh2 ilə Alik Bədirovun arasında xx.xx.2015-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunduğu, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olduğu müəyyən edilmişdir. Ona görə də Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və mənzil üzərində ½ hissədə iddiaçının vərəsəlik hüququnun tanınması və bu barədə şəhadətnamə verilməsi barədə iddia tələbi təmin edilə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 140, 182.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Ruslan Bədirova aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, xx.xx.2016-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən X9 adına verilmiş xx.xx.2015-ci il tarixli 2V47 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab olunmuşdur və X7 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə X1 mənzilə ½ hissədə vərəsəlik hüququ tanınsa da, Cavabdeh2 vicdanlı alıcı olması nəzərə alınmaqla, sonuncu ilə X15 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir.

19. Mülki Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

20. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

21. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

23. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

24. Hazırkı halda Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olduğu, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığı, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdığı məhkəmə qətnaməsi ilə sübut olunmuş hal kimi müəyyən olunmuşdur. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh2 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır.

25. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.

26. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar