Məhkəmə qərarları › İş №2(103)-3403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3403/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3403/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlu, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlk iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən olunması” tələbinə dair, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "naturada payın ayrılması və sair” tələblərə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-694/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh - Cavabdeh ilə arasında nikah xx.xx.2012-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş və cavabdehlə birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş Yusif adında oğlan uşaqları yanında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4103/2017 saylı, xx.xx.2017-ci il tarixli Qətnaməsinə əsasən, bir hissəsi birgə nikahdan əldə edilmiş və Cavabdeh adına rəsmiləşdirilmiş“R.İ.S.K” firması tərəfindən Bakı şəhəri, General Şıxlinski küçəsi 2942 b saylı məhəllədə tikilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 92.5 kv.m. olan 104 saylı mənzilin 1/25 hissəsinə onun pay hüququ tanınmışdır. Cavabdeh qeyd olunan mənzildən istifadə etməyinə, özünə aid əmlakını həmin mənzilə daşımağa, eləcədə mənzildə normal şərait (təmir, bəzək işləri və s.) yaratmağa imkan vemir. Eyni zamanda mənzildə yaşamağına qəsdən imkan verməmək üçün özü də təmir etmir. O, da yanında bir azyaşlı uşaqla ortada qalmışdır. Əmlakları da cavabdehlə əvvəllər birgə yaşadıqları mənzildə, cavabdehlə anasının istifadəsində qalmışdır. Cavabdehə bu məsələni mübahisəyə çevrilmədən öz aralarında həll edilməsi üçün dəfələrlə xahiş etsə də nəticəsi olmamışdır. Ona görə də məsələni məhkəmə qaydasında həll edilməsi məcburiyyətində qalmışdır. Qeyd olunan mənzildə müəyyən edilmiş paylarının nisbətinə görə cavabdehin payı, ona aid olan paydan daha çoxdur. Lakin bu ona hüquq vermir ki, həmin mənzildən istifadəsinə imkan verməsin. Tam əksinə adıçəkilən mənzilə iki payçıdan biri o olduğundan, izni olmadan cavabdehin mənzilə sərbəst sərəncam vermə səlahiyyəti yoxdur. Bundan başqa birgə azyaşlı uşaqları onun yanında qaldığından, istifadə qaydası müəyyən ediləndə ona üstünlük verilməlidir. Mənzil iki yataq otağından, giriş (hol), mətbəx və eyvandan ibarətdir. Yataq otaqlardan biri azyaşlı uşağı ilə istifadəsinə verilməli, mənzilin yerdə qalan giriş (hol), mətbəx və eyvan isə cavabdehləümumi istifadələrində saxlanılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh adına “R.İ.S.K” firması tərəfindən Bakı şəhəri, General Şıxlinski küçəsi 2942 b saylı məhəllədə tikilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 92,5 kv.m. olan, paylı 104 saylı mənzilin bir yataq otağının İddiaçı şəxsi istifadəsinə verməklə, mənzilin giriş (hol), mətbəx, hamam və eyvan sahələrinin ümumi istifadədə saxlamaq şərti ilə mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçıın mənzilə istifadə qaydalarının verilməsi ilə Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tamamilə qəbul edilməzdir. Belə ki, bu iddia faktiki olaraq iddiaçı ilə cavabdeh arasında sözü gedən mənzilin bərabər şəkildə bölünməsi deməkdir ki, bunun özü Cavabdeh kobud şəkildə mülkiyyət hüququnun pozulması mənasına gəlir. İddiaçı bundan əvvəl də mənzilə öz xeyrinə qeyri bərabər (özünə daha çox) hissədə payın olması ilə bağlı məhkəmədə iddia vermişdir. Belə ki, o, ümumi sahəsi 92,5 kv. metr olan 104 saylı həmin mənzilin üçdə iki hissəsinə onun pay hüququn tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13746/2016 saylı qətnaməsi ilə İddiaçı bu tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2(103)- 4103/17 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı işüzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, cavabdehlər X1 ilə“R.İ.S.K" firması arasında Bakışəhəri, General Şıxlinski küçəsi 2942 b saylı məhəllədə tikilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 92,5 kv.m. olan 104 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 395 saylı podrat müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, General Şıxlinski küçəsi 2942 b saylı məhəllədə tikilən binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 92,5 kv.m. olan 104 saylı mənzilə münasibətdə ilkin iddia üzrə İddiaçı 1/25 hissədə, cavabdeh (o) Cavabdeh İmran oğlunun isə 24/25 hissədə pay hüququ tanınmışdır. Məhkəmə qətnaməsi ilə İddiaçımn mənzilə müəyyən etdiyi 1/25 hissədə pay naturada götürülsə mənzilin ümumi sahəsinin 92,5:25=3.7 kv.metr olan sahədir. Qeyd olunan mənzilə İddiaçımn payı 3.7 kvadrat metrlə məhdudlaşır. Lakin İddiaçı iddia edir ki, onun payı cüzi olsa da, o, mənzildə bərabər paylı mülkiyyətçidir və cavabdehlə eyni hüquqla mənzildən tam istifadə etmək imkanın əldə edir, mənzilin bir yataq otağı tam olaraq onun istifadəsinə verilməli və o, cavabdeh ona istədiyi əşyanı mənzilə gətirməkdə maneə yarada bilməz. Faktiki olaraq İddiaçı mənzilin böyük bir hissəsinə payının tanınması iddiası təmin olunmadığı halda yeni iddia tələbi ilə faktiki olaraq mənzili bərabər hissədə bölməyə cəhd edir, nəticə etibarı ilə Cavabdeh kobud şəkildə mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Hazırkı iddia heç bir məntiqə sığmamaqla yanaşı, iddiaçının bu tələbi mülkiyyət hüququna təminat vermiş Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəlləyə ziddir. Bununla belə nəzərə alınmalıdır ki, Cavabdeh yenidən ailə yaratmaq niyyəti vardır. Sabiq arvadı və həyat quracağı qadının bir mənzildə yaşaması nə dərəcədə mənəvi cəhətdən qəbul edilə bilməz və həmin ailənin təhlükəsizliyi sual altında qalmış olur. İddiaçı Abşeron rayonunun Mehdiabad kəndində məcburi köçkünlərin təhsil aldığı orta məktəbdə ingilis dili müəlliməsi işləyir. Cavabdeh V. Heydərov Mehdiabad kəndində 100 kvadrat metr sənədli torpaq sahəsində ona və oğlu üçün 2 otaqlı tam kommunal şəraitli ev tikmək niyyətindədir. Bu təklif hərtərəfli İddiaçı sərf edə bilər, çünki ən azından işlədiyi və hazırda yaşadığı məntəqədədir. Bu təklifi İddiaçı dəyərləndirməlidir. İddiaçı bu təkliflə razılaşmasa, demək mühüm mənafeyi olmadığı halda, onun məqsədi mənzildə olan cüzi payın müqabilində Cavabdeh bezdirməklə haqq etmədiyi məbləğdə pul qoparmaqdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-694/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "naturada payın ayrılması və sair” tələblərinə dair qarşılıqlı iddiası təmin olunaraq, İddiaçı payı müqabilində 10 000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, General Şıxlinski küçəsi, 2942 b saylı ünvanda yerləşən 104 saylı mənzilindəki payına xitam verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər barışıq sazişini təqdim etmişlər. Barışıq sazişinin şərtlərinə görə ilkin iddia üzrə Cavabdeh 6 ay müddətində 13.000 (on üç min) manat ödəməyi öhdəsinə götürür və bununla əlaqədar qarşılıqlı iddia tələbindən imtina edir, ilkin iddia üzrə İddiaçı isə ona 6 ay müddətində 13.000 (on üç min) manat ödənilməsi və qeyd olunan ünvanda olan 25/1 hissəsinə olan paya eyni vaxtda xitam verilməsi şərti ilə razıdır və bununla əlaqədar apellyasiya şikayətindən imtina edir və barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında ilkin İddiaçı və ilkin Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 694/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə Cavabdeh 6 ay müddətində 13.000 (on üç min) manat ödəməyi öhdəsinə götürməsi və bununla əlaqədar qarşılıqlı iddia tələbindən imtina etməsi, ilkin iddia üzrə İddiaçı isə Cavabdeh ona 6 ay müddətində 13.000 (on üç min) manat ödənilməsi və qeyd olunan ünvanda olan 25/1 hissəsinə olan paya eyni vaxtda xitam verilməsi şərti ilə razı olması və bununla əlaqədar apellyasiya şikayətindən imtina etməsinə dair barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-694/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar