Məhkəmə qərarları › İş №2(103)-3403/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3403/2023

22.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3403/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (işə bərpa) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4337/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən zamanı müəyyən edilmişdir ki: - Cavabdeh xx.xx.2022-cı il tarixli, 04-462 saylı əmrinə əsasən İddiaçı 04 may 2022-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin "c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu "xarici dillər” kafedrasının müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad olunarkən ona qanunla müəyyən olunmuş qaydada son haqqhesab verilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4337/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 12, 65, 67.1, 67.2, 68, 70, 296.2; Mülki Məcəllənin 372.1, 372.2; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ADNSU-da keçirilmiş xarici dilləri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSUnun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsi və "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Həmin attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olub- olmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas meyar - sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olubolmamağını müəyyən etmək idi. Əmək müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində məhz ADNSU-nun rektoru tərəfindən imzalanır. İddiaçının bilavasitə rəhbəri "Xarici dillər” kafedrasının müdiridir, işəgötürəni isə rektordur. Tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Çünki bu vəzifədə çalışan şəxs nə işəgötürən, nə də ki müəllimin bilavasitə rəhbəri deyildir. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsinin ərizəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, hazırki iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 oktyabr 2022ci il tarixli e-2(006)-4337/2022 saylı qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinin İİİ bəndinə; Əmək Məcəlləsinin 65; Mülki Prosessual Məcəllənin 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində rəhbər şəxs - Q.Məmmədovun tədris işləri üzrə prorektor kimi iş yeri üzrə rəhbərləri hesab edildiyindən, attestasiya komissiyasında nəinki sədrlik, heç üzv belə ola bilmədiyi əsasına isə məhkəmə qətnamədə qeyd etmişdir ki, işəgötürənin rektorun olması və bilavasitə rəhbərinin isə kafedra müdirinin olması səbəbindən bu tələbi əsassıdır və tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Hesab edir ki, məhkəmə hazırkı halda qanunu səhv təfsir etmişdir. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddənin tələblərinə görə işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Qanunda “bilavasitə” sözü işlədilməyib. Məhkəmə isə qətnamədə “bilavasitə rəhbəri”nin kafedra müdiri olmasını qeyd edərək, dolayısı ilə prorektorun rəhbər olmaması fikrini irəli sürmüşdür. Halbuki qanunda iş yeri üzrə rəhbər şəxslərin komissiya üzvü olmamalarına dair qadağa qeyd edilib. Belə ki, ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Tədris işləri üzrə prorektorun əsas vəzifəsinə daxildir: fakültə və kafedralarda tədris, tədris-metodiki və tərbiyə işlərinin təşkilinə; tədris köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatı və s.) işinə rəhbərlik; tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris-metodiki konfransların təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətini icra etmək. Bu qeyd edilənlər universitetin rəsmi internet səhifəsində prorektor Q.Məmmədovun vəzifələri siyahısında da qeyd edilib. Bu isə onu deməyə əsas verir ki, o, rəhbər sayılır və komissiyada ola bilməzdi. Məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, komissiya 3 əsas meyar - sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiya keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamadığınımüəyyən etmək idi. Bunun özü isə həm yuxarıda qeyd edilən qaydalar, həm də Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, ƏM-nin 65-ci maddəsinin 1 -ci hissəsinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cımaddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yəni onun attestasiyası yalnız peşəkarlıq səviyyəsinin yoxlanılmasından, ixtisasının tutduğu müəllim vəzifəsinə uyğunluğunun yoxlanılmasından ibarət olmalı idi. Meyarlarda və qətnamədə göstərilən, guya müasir dövrün tələblərinə uyğunluğu ölçən digər meyarlar isə qanunun tələblərində qeyd edilməyib. Bu səbəbdən də hər hansı digər meyarların yoxlanılması və ona əsaslanaraq işdən azad edilməyi qanunsuz olmuşdur. Halbuki elə o meyarlara da özünü tam uyğun hesab edir və o meyarlar üzrə verilən qiymətlərlə razılaşmır. məhkəməyə təqdim olnmuş sübutlar ümumiyyətlə araşdırılmamış, təqdim olunmuş video disk məhkəmə tərəfindən araşdırılmayıb, həmin diskdəki görüntülər ekspertizaya və ya mütəxəsissə rəy bildirilməsi üçün göndərilməyib. Həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən attestasiya komissiyasının fəaliyyəti, onun qanuniliyi araşdırılmayıb. Ən böyük pozuntu ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onların ixtisaslarına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olmasının anlamına gəlir. Bundan başqa, xx.xx.2022-ci ildə keçirilən attestasiya zamanı onlara verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildir, sadəcə onların fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Attestasiya tam olaraq ingilis dilində keçirilmişdir və ingilis dili təhsili və bilik səviyyəsi ondan aşağı olan komissiya üzvlərin onun haqqında qərar vermək səlahiyyəti yox idi. Attestasiya komissiyasının yekun qərarında onun vəzifəsinə uyğun gəlmədiyi göstərilmişdir. Yekun nəticələri ona şifahi bildirmişdilər, heç bir akt, protokol və ya digər sənəd ona təqdim edilməyib, heç bir sənədə qol çəkdirilməyib. Bu əməl qaydalara ziddir. AR NK-nin 97 saylı, xx.xx.2001-ci il tarixli qaydalarının 2.7 bəndinə əsassən Attestasiya nəticələri (qiymətləndirmə və tövsiyyələr, attestasiya keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxədə tərtib olunana attestasiya vərəqəsinə(qaydalara əlavə olunaraq təstiq olunmuş formada) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur, işçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. AR Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nda qeyd edildiyi kimi komissiya üzvləri təcrübəli, yüksək peşəkarlığa malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfüzlu şəxslərdən attestasiya komissiyası yaradılmalıdır. Komissiyanın bir neçə üzvü bu kateqoriyalara uyğun deyil - misal üçün ADPU Xarici dillər kafedrasının baş müəllimi komissiya üzvü olaraq 10-dan çox Dosent və Elmlər namizədinin cəlb olunduğu attestasiyada özündən qat-qat peşəkar və elmi dərəcəli müəllimlər haqqında rəy verib. Hesab edir ki, bu ciddi pozuntudur. Universitet tərəfindən hazırlanan Attestasiya qaydalarının 2.4 bəndində qeyd edilmişdir ki attestasiya zamanı aşağıdakila qiymətləndirilir: • işçinin tədris fəaliyyətinin nəticələri və əmək məhsuldarlığının şəxsi göstəriciləri. • Tədrisin inkişafına şəxsi töhfəsi • Şəxsi peşəkarlıq səviyyəsinin yüksəldilməsi. • Elmi dərəcə və elmi adların mövcudluğu. Qeyd edilən bəndlərin heç birinə əməl edilməmişdir. Attestasiya öncəsi universitet tərəfindən komissiyaya təqdim edilən xasiyyətnamə ilə tanış olduqda komissiyanın qərəzli olduğu anlamına gəlir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun şəkildə izahat verərək, 22 il iş təcrübəsinə malik olduğunu, heç vaxt irad və ya töhmət almadığını bildirmiş, şikayətini müdafiə etmiş və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 296, 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217.4, 220.5, 372, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Əmək məcəlləsinin aşağıdakı müddəaları münasibətlərin tənzimlənməsi üzrə nəzərə alınmalıdır: 64-cü maddəyə əsasən: 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir; 65-ci maddəyə əsasən: 1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə,o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir; 66-cı maddəyə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir: eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; 67-ci maddəyə əsasən işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi: 1.Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. 4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.6.Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır; 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinin ləğv edilməsinin əsası;həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsi ləğv edilən gün, ay və il;əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmeti: Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; 292-ci maddəsinə əsasən işçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ:

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir; 300-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

10. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan attestasiya komissiyasının rəsmi sənədlərin mübahisələndirmədən iddiaçı onun nəticələrinin qanunsuz hesab edərək ləğv edilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, özü-özlüyündə attestasiyanın nəticələri müxtəlif təfsir edilə bilər və tələbdə hansı rəsmi sənədin mübahisələndirilməsi göstərilmədən mülki prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə öz təşəbbüsü ilə (tələb həddindən kənar) hər-hansı sənədin müzakirəsin apara bilməz. Qeyd edilməlidir ki, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi, fərdi əmək mübahisələrinin ayrıca predmeti olaraq, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli ilə nizama salınır. Bu baxımdan iddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir.

11. İddiaçı apellyasiya şikayətində özü qeyd etmişdir ki, “Universitet tərəfindən hazırlanan Attestasiya qaydalarının 2.4 bəndində qeyd edilmişdir ki,attestasiya zamanı aşağıdakılar qiymətləndirilir: • işçinin tədris fəaliyyətinin nəticələri və əmək məhsuldarlığının şəxsi göstəriciləri. • Tədrisin inkişafına şəxsi töhfəsi • Şəxsi peşəkarlıq səviyyəsinin yüksəldilməsi • Elmi dərəcə və elmi adların mövcudluğu”. Lakin iş materiallarından iddiaçının uzun illər pedaqoji fəaliyyətlə məşqul olmasına baxmayaraq, qeyd edilən meyarlara uyğun hər hansı sübut müzakirəyə təqdim edilməmişdir. Qeyd edilənlərə görə, hər hansı ekspertiza keçirilməsi üçün əsaslar mövcud olmadığından, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4337/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar