Məhkəmə qərarları › İş №2(103)-3409/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3409/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3409/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın naturada təhvil verilməsi, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2, Üçüncü şəxslər X8, X4, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X9 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “müqavilə öhdəliklərinin icra edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-345/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MTK (sifarişçi) ilə X5 (payçı) arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş Tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və Payçı 2 saylı evdə birinci mərtəbədə ona düşən tam sahəsi 32 kv.m olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 350 ABŞ dolları olmaqla, cəmi 11.200 ABŞ dollarını Respublikanın Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK-nın sədri A.S.Mədətov tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən X3 Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbədə 32 kv.m, hündürlüyü 3 metr olan istifadə üçün yer verilir. Yerin pulu əvəz etmə yolu ilə 100 faiz ödənilmişdir.

3. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)- 100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının iddiası təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 31.892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə ‘Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxıldıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində qalan hissəsinin Cavabdeh MTK digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir.

4. Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasına dair hüquqlar xx.xx.2018-ci il tarixdə dövlət reyestrində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşma bağlanmış, Abidə” MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 m2 olan 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 m2 ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin istifadə etməyinə maneələrin aradan qaldırılması və 32 kv.m qeyri-yaşayış sahəsinin naturada təhvil verilməsi, həmçinin iş üzrə ödənilmiş 200 manat mediasiya və dövlət rüsumlarının cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətovla Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi bağlayaraq, korperativin üzvü olmuşdur. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin 25.000 USD dəyərini tam olaraq ödəmiş və ona MTK tərəfindən bu barədə "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətovun imzası ilə xx.xx.2005-ci il tarixli 14 saylı maliyyə arayışı verilmişdir. Aralarında olan razılığa əsasən binanın tikintisi başa çatdıqdan sonra, qeyriyaşayış sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin tikintisi başa çatdığı üçün, həmin evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsində təmir işləri aparmaq üçün getmiş, lakin ona heç bir səbəb göstərilmədən həmin əraziyə daxil olmağa və hər hansı bir iş görülməsinə icazə verməmişlər. Bu barədə "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətova müraciət edərək, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etsə də, nəticəsi olmamışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə, həmin əmlaka sahiblik və istifadə etmə hüququnu əldə etmişdir.

8. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddianın əsası kimi istinad etdiyi xx.xx.2005-ci il tarixli müqavilə etibarsızdır və həmin Müqaviləyə istinad edilərək cavabdehdən qeyri-yaşayış sahəsindən istifadə hüququnun iddiaçıya verilməsinin tələb edilməsi barədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmçinin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və stifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, müqavilə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barədə bağlandığından etibarsızdır. Belə ki, iddiaçının tələbi mülki mübahisə hesab edildiyindən və tərəflər arasında Mediasiya prosesinin təbiqi barədə müqavilə imzalanmadığından cavabdehdən 200 AZN məbləğində mediasiya xərcinin tutulması da əsassızdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən X11 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə proses iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində yerləşən 2 saylı bina ünvanında yerində müayinə edərək müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi mövcuddur, hazırda hər hansı 3-cü şəxslərin istifadəsinə və sahibliyinə verilməmiş, sahənin texniki göstəriciləri tərəflər arasında bağlanmış müqaviləyə və onun əsasında verilmiş maliyyə arayışına uyğundur. Bundan əlavə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə (maliyyə arayışında qeyd olunduğu kimi) yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 345/2023 nömrəli qətnaməsi (hakim O.Q.Məmmədli) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində (ümumi sxem üzrə –2 mərtəbəsində) yerləşən sahəsi 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin İddiaçı naturada təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir.

13. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2005-ci il tarixli müqavilənin bağlandığı andan cavabdehin üzərinə düşən öhdəliyi 15 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2005-ci il tarixli müqaviləni Cavabdeh MTK-nın adından həmin dövrdə MTK-nın sədri Arif Mədətov imzalamışdır. Hazırda isə müəyyən edilir ki, X11 Cavabdeh MTK-nın təsisçilərindən biridir. Hazırki mülki iş üzrə X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclaslarında iştirak edərək yuxarıda göstərilən müqavilənin özü tərəfindən imzalandığını və etibarlı olduğunu bildirmiş, həmçinin mübahisəli sahəyə yerli baxışda iştirak etmiş və iddiaçıya təhvil verilməli olan sahəni dəqiq göstərmişdir.

15. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia tələbinə vermiş olduğu etirazda müqavilənin notarial qaydada bağlanmadığı üçün etibarsız olması dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti binanın tikintisi ilə bağlıdır. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində notarial qaydada müqavilənin təsdiq edilməsi yalnız mövcud və daşınmaz əmlakın dövlət reyestri üzrə qeydiyyatı aparılmış əmlak üzərində ola bilər.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh MTK (payçı) ilə X5 (sifarişçi) arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlanmışdır.

17. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur.

18. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən mediasiya üçün ödənilmiş 200 manat xərcin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə hər hansı mediasiya sessiyasının keçirilməsi nəzərdə tutulmamışdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 385.1, 386, 427.2, 442, 443.1, 445.2.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehlə alğı-satqı müqaviləsi bağlayaraq, kooperativin üzvü olduğunu göstərsə də, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə mahiyyətinə görə alğı-satqı deyil, podrat müqaviləsidir. Belə ki, sözügedən müqavilədə “Payçı” X6, “Sifarişçi” isə Cavabdeh MTK göstərilmişdir. Müqavilənin bəndlərində də Satıcı və Alıcının deyil, Sifarişçi və Podratçının öhdəlikləri öz əksini tapmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin, qeyd olunan müqavilədə iddiaçının pulu kimə ödəməsi və kim tərəfindən ona mənzil verilməsi müəyyən olunmur. Həmçinin, müqavilədə, Cavabdeh MTK-nın iddiaçıya mənzil satmaq, mənzil təhvil vermək öhdəliyi göstərilməmiş, tərəflərin məsuliyyətinin nədən ibarət olması müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinə podrat müqaviləsi formasında yalan əqd təqdim etmişdir. Müqavilə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barəsində bağlandığından etibarsız sayılır. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2005-ci il tarixli 14 nömrəli arayışda iddiaçıya binanın Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində 32 kv.m, hündürlüyü 3 metr olan istifadə üçün yer verildiyi göstərilsə də, həmin “aşağı” mərtəbənin 1, -1, - 2, yaxud - 3 olması barədə lazımi sənədlər tədim olunmamışdır. Həmçinin, maliyyə arayışında göstərilmişdir ki, yerin pulu əvəzetmə yolu ilə 100 % ödənilmişdir. Lakin, həmin əvəzləşmənin nədən ibarət olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. İddiaçı iddia ərizəsində qeyri-yaşayış sahəsi üçün 25.000 ABŞ dolları ödəməklə sahənin dəyərini tam olaraq ödədiyini bildirmişdir. Lakin, iddiaçı tərəfindən təqdim olunmuş mədaxil orderində həmin sahə üçün 10.000 ABŞ dolları ödənildiyi göstərilmişdir. Müqavilənin 3.1-ci yarımbəndində isə göstərilir ki, payçı 2 nömrəli evdə 1-ci mərtəbədə ona düşən tam sahəsi 32 kv.m olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 350 ABŞ dolları, cəmi 11.200 ABŞ dollarını Azərbaycan Respublikası Milli bankının kursuna ekvivalent olaraq, manatla ödəyir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi, Müqavilədə və mədaxil qəbzində göstərilən rəqəmlər arasında ziddiyyət mövcuddur. "xxxx" ASC-nin fəaliyyətinin təminedilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanının (bundansonra – Fərman) 2-ci hissəsinə əsasən "xxxx" QSC BOKT-ın "xxxx"ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən Cəmiyyətə məxsus olmuş dövlət əmlakı"xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Cavabdeh tərəfindənYasamal Rayon Məhkəməsinə "xxxx" QSC, Cavabdeh MTK, "xxxx" ASC (bundan sonra - "xxxx" ASC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşma təqdim olunmuşdur. Razılaşmada qeyd olunan əmlaklar Cavabdeh MTK tərəfindən "xxxx" QSC-yə, daha sonra "xxxx" ASC-yə verilmişdir. Razılaşmanın birinci bəndinə baxdıqda görünür ki, yaşayış binasında satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv/m ticarət zalları "xxxx" QSC tərəfindən "xxxx" ASCnin balansına verilmişdir. 1-ci mərtəbədəki əraziləri topladıqda cəmi 2.740 kv/m etmişdir. İddiaçı onun sahəsinin - 2-də olduğunu bildirsə də, - 2 də olan qeyri-yaşayış sahələri "xxxx" ASC-yə təhvil verilmişdir. Bütün bu proseslər müddətində, yəni 2005-ci il tarixdən 2019-cu ilədək olan dövrdə iddiaçının əsas kimi təqdim etdiyi Müqavilə üzə çıxmamışdır. Halbuki, yuxarı qeyd oluna Fərmanın icrası ilə əlaqədar təhvil-təslim işləri həyata keçirilən zaman digər mülkiyyətçilərin müqavilələri təqdim edilmişdir. Verilən məlumata görə, əvvəllər başlamış və hal-hazırda da davam edən Cavabdeh MTK-nın keçmiş sədri Arif Mədətova qarşı başlamış Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı da həmin İdarəyə Müqavilə təqdim edilməmişdir. Müqavilə Cavabdeh MTK tərəfindən ilk dəfə mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman görünmüşdür. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə yerli baxış iclasının protokolundan görünür ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir. Cavabdeh MTK ilə üzbəüz dayandıqda Zərgərpalan küçəsinə perpendikulyar olaraq sağ tərəf Tolstoy küçəsi, sol tərəf isə Süleyman Tağızadə küçəsidir. Cavabdeh MTK-nın ümumi sxem üzrə –2, –1 və 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi və yuxarı mərtəbələr isə yaşayış sahəsinə aiddir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin önü daşla hörülmüşdür. Həmin qeyri-yaşayış sahəsi 42 kv.m-dir və 6,60 metrin 6,37 metrə olan nisbətdədir, hündürlüyü isə 3 metrdir. Bununla əlaqədar bildirilir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 32 kv/m qeyriyaşayış sahəsini aldığını iddia edir. İddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə iddia ərizəsi belə təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddiaçının xeyrinə qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli qərardadları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X9 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi, suallara cavab olaraq bildirdi ki, müqavilədə 11.200 ABŞ dolları yazılsa da, mübahisəli obyektin qiyməti 20.000 ABŞ dolları idi. X9 müqavilə üzrə 20.000 ABŞ dolları ödəmişdir, lakin yalnız 10.000 ABŞ dollarına dair bir qəbz mövcuddur, digər 10.000 ABŞ dollarına dair qəbz yoxdur. Müqavilə iddiaçı X6 ilə bağlanmışdı, iddiaçı ailə qurduqdan sonra sənədləri onda olmadığından xx.xx.2011-ci il tarixli arayışı atası X4 adına vermişdir. Eyni obyektdir. Mübahisəli yer X1r, müqavilə də onunla bağlanmışdır.

27. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi, suallara cavab olaraq bildirdi ki, iddiaçı onun qızıdır, söhbət eyni obyektdən gedir. Müqaviləni o yox, qızı bağlayıb. 20.000 ABŞ dolları ödəmişdir, qəbzlər də verilib. Mübahisəli yer qızınındır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

33. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, nəticədə iddianı təmin edərkən səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

34. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli ünvanda yerində müayinə keçirilmiş və cavabdeh “MTK”-nın nümayəndəsi X10 iddiaçı tərəfindən tələb olunan sahənin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilən qarajlara daxil olduğunu bildirmişdir.

35. İşdə olan 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(81)-100/2017 nömrəli qətnaməsindən görünür ki, "xxxx" QSC BOKT-un borc tələbinin Cavabdeh MTK-nın istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6943 kv.m olan mənzillər, ümumi sahəsi 2780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması qət edilmişdir.

36. Həmin binaya dair hüquqların qabaqcadan qeydiyyatı dövlət reyestrində xx.xx.2018-ci il tarixdə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmış, "xxxx" QSC BOKT, "xxxx" ASC və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina "xxxx" ASC-nin balansına verilmişdir.

37. Göründüyü kimi, bina hal-hazırda "xxxx" ASC-nin balansındadır və Cavabdeh MTK-nın həmin bina üzərində hər hansı hüquqları mövcud deyil.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda qeyd edilən 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 qətnaməsi iddiaçı tərəfindən ona aid olan qeyri-yaşayış sahəsinə aid hissədə mübahisələndirilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh MTK-nın sözügedən əmlaklar üzərində hüquqlarına xitam verildiyindən hazırki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyil.

40. Bu baxımdan məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin Cavabdeh MTK tərəfindən icrası da mümkünsüz olacaqdır.

41. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində icraat müzakirə predmeti olmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-345/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar