Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3410/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1090/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, K-793 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinə “Təmizləyici qurğular” sexinə 4-cü dərəcə ilə təmizləyici qurğuların operatoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işdən azad olunmuşdur. O, əmrlə razı deyil, əmr əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmçinin ailəlidir, ailənin yeganə qazanc gətirən şəxsi odur, tələbə olan 2003-cü il təvəllüdlü bir övladı vardır. Cavabdeh tərəfindən ona vəzifəsinə uyğun vəzifə təklif olunmamış, həmçinin pensiya yaşına çox az müddət qalmışdır. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1090/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia təmin olunmuş, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli K-793 nömrəli əmrinin ləğv olunması, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Sumqayıt şəhər Sukanal İdarəsinin Təmizləyici qurğular sexinin təmizləyici qurğuların operatoru vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, iş üzrə hərtərəli və obyektiv araşdırmanın aparılmaması, mübahisələndirilən əmrin qanuni olması, iddiaçının işdən azad edilərkən qanunvericiliyin tələblərinin əməl olunması, ştatların sayının ixtisarı ilə bağlı iddiaçıya rəsmi xəbərdarlığın olunması, Həmkarlar İttifaqına müraciətin olunması və müvafiq razılığın alınması, başqa iş axtarması üçün iddiaçıya şəraitin yaradılması, eləcə də ona başqa vəzifənin təklif olunmasına baxmayaraq ondan imtina etməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının vəzifəsində olan başqa işçilər işdə saxlanılmış, lakin hansı işçinin daha üstün olması ilə bağlı qiymətləndirmənin necə aparılmasından məlumatlı deyildir və qiymətləndirmə ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Düzdür həmkarlar komitəsi işəgötürənin müraciətinə cəmi bir gün müddətində baxaraq razılıq vermişdir, lakin həmkarlar komitəsi müstəqildir və işəgötürən onların qərarına təsir edə bilmir. Həmçinin, həmkarlar ittifaqı təşkilatı tərəfindən işəgötürənə müvafiq əsaslandırılmış qərar (iclas protokolu) təqdim olunmamış, yalnız razılıq məktubu verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun əmək hüquqları pozulmuş, eyni vəzifədə olan bəzi işçilər işdə saxlanılmış, lakin o, ixtisar olunmuşdur. Ona aydın deyildir ki, eyni vəzifədə işdə saxlanılan işçilərin ondan üstünlüyü nədir. Cavabdeh bu barədə ona hər hansı qiymətləndirmə təqdim etməmişdir. Həmçinin, həmkarlar komitəsi də məsələyə kifayət qədər formal yanaşmış, cəmi bir gün müddətində razılığını vermiş, hər hansı araşdırma aparmamışdır. Hesab edir ki, ixtisar zamanı əmək qanunvericiliyinin tələbləri gözlənilməmiş, nəticədə əmək hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi qanuni və ədalətli qərar qəbul etmişdir. qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2016-ci il tarixli əmək müqaviləsinin bağlanması, İddiaçı "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinin Təmizləyici qurğular sexinə dördüncü dərəcə ilə təmizləyici qurğuların operatoru vəzifəsinə təyin olunması, xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin sədrinin xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhər Sukanal idarəsinin fəhlələrinin 2024-cü il üçün ştat cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixdən etibarən “Təmizləyici qurğular sexi” üzrə 20 təmizləyici qurğuların operatoru ştatı vahid müəyyən edilmişdir. Həmçinin, işdə olan "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin 2024-cü il üçün ştat cədvəlinə əsasən “Təmizləyici qurğular sexi” üzrə 31 təmizləyici qurğuların operatoru olmaqla cəmi 47 ştat mövcud olmuşdur. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin sədrinin xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhər Sukanal idarəsinin fəhlələrinin 2024-cü il üçün ştat cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixdən etibarən “Təmizləyici qurğular sexi” üzrə 20 təmizləyici qurğuların operatoru ştatı vahid müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşəcəyi, onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü il tarixli xəbərdarlıq İddiaçı təqdim edilmiş, lakin sonuncu xəbərdarlıqla tanış olmuş, qəbul etməkdən imtina etmişdir. Aktı aparatın hüquq məsləhətçisi Günay Cəfərova, kadrlar üzrə mütəxəssis Xuraman Məmmədova və Təmizləyici qurğular sexinin sex rəisi Vadim Abdullayev öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Sumqayıt şəhər Sukanal idarəsinin xx.xx.2024cü il tarixli, 793-K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Sumqayıt Sukanal İdarəsində 8 il 6 ay 12 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 14 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 71 nömrəli məktubundan görünür ki, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İşdə olan xx.xx.2024-cü il tarixli Akta əsasən İddiaçı Sumqayıt Şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə kanalizasiya nasos qurğularının istismarı sahəsinin elektrik avadanlıqlarının təmiri üzrə çilingərelektrik peşəsi (X1 əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqəsində olduğu müddət ərzində) təklif olunmuş, İddiaçı həmin peşəyə keçməkdən imtina etmişdir (iddiaçı aktı imzalamamış, akt şöbə rəisi Rəna Məmmədova, kadrlar üzrə mütəxəssis Yeganə Qasımova və kadrlar üzrə mütəxəssis Xuraman Məmmədova tərəfindən təsdiq edilmişdir). İşdə olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt Sukanal İdarəsinin X4 Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı və digərlərinin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İşdə olan Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmədiyi bildirilmişdir. İşdə olan Müayinə olunan şəxs üzrə məlumat vərəqəsindən görünür ki, İddiaçı insulindən asılı şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığı, iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyi əsaslandırılmamış, bu barədə hər hansı dəlil, sübut təqdim olunmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş, cəmi bir gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsi razılıq məktubunu tərtib etmişdir. Bu da onu deməyə əsas verir ki, məsələyə həddən artıq formal yanaşılmış, məsələ ilə bağlı ümumiyyətlə hər hansı iclas keçirilməmiş, iddiaçının iştirakı təmin edilməmiş, fikri dinlənilməmişdir. Eləcə də, əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə zidd bir addımdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. ƏM-nin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. ƏM-nin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Qeyd edilməlidir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. Qanunvericliyin qeyd olunan tələblərindən də göründüyü kimi, işçilərin sayı və ya ştatları ixtisar edildikdə ilk öncə - işçilərin peşəkarlıq səviyyəsi, iştisası, iş keyfiyyəti, təcrübəsi və s. nəzərə alınmalı, bu istiqamətdə obyektiv, şəffaf qiymətləndirmə aparılmalı, yalnız bundan sonra peşəkarlığı və səviyyəsi daha yüksək olan işçilər işdə saxlanılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, işçilərin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ işəgötürənə məxsusdur, onun bu istiqamətdə qiymətləndirmə sərbəstliyi vardır. Bu zaman isə, o məsələyə formal yanaşmamalı, işçilər barədə müxtəlif məlumatları təhlil etməli (işçilərin ixtisasını, peşə üzrə təhsilini, müvafiq sahədə iş təcürbəsini, işlərin yerinə yetirilmə keyfiyyətini və s.), aparılmış təhlilin nəticəsi olaraq hansı işçi ilə əmək müqaviləsinə xitam verməli olduğuna dair qərara gəlməlidir. Qeyd olunanların əksi isə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin pozulmasına, işçilər arasında ayrı-seçkililiyə səbəb olmaqla, işəgötürənə əsassız üstünlük verər və hüquqdan sui-istifadəyə səbəb olar. İşin hallarından, təqdim olunmuş sübutlardan (ştat cədvəlləri və s.) eləcə də izahatlardan açıq aydın görünür ki, iddiaçı ilə eyni vəzifədə (ştatda) olan bəzi işçilər işdə saxlanılmış, onlara faktiki üstünlük verilmişdir. Lakin, cavabdeh tərəfindən qanunvericliyin qeyd olunan tələblərinə əsasən işçilər arasında müvafiq qiymətləndirmənin aparılması iş materiallarından müəyyən edilmir, cavabdeh bu istiqamətdə məhkəməyə ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi də müvafiq qiymətləndirmə ilə bağlı hər hansı sübutun olmamasını bildirmişdir. Həmçinin apellyasiya şikayətinin dəlillərində də qeyd olunan halla bağlı hər hansı əks mövqe sərgilənməmişdir. Halbuki, birinci instansiya məhkəməsi xüsusi olaraq qeyd edilən hala istinad etməklə əmri qanunsuz hesab etmişdir. Göründüyü kimi, yuxarıda göstərilənlər özü-özlüyündə mübahisələndirilən əmrin qanunsuz olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı, ƏM-nin 80.1-ci maddəsinə əsasən müəssisə ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ƏM-nin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən həmkarlar təşkilatının üzvü olan işçi barədə əsaslandırılmış yazılı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət olunmalı, təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində müraciəti və ona əlavə olunmuş sənədləri hərtərəfli öyrənilməli, məsələ iclasda işçinin iştirakı ilə müzakirə olunmalı və nəticəyə görə əsaslandırılmış yazılı qərar qəbul edilməklə işəgötürənə təqdim etməlidir. Hazırkı halda isə, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş (məktuba işçilər arasında müvafiq qiymətləndirmənin həyata keçirilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır), cəmi bir gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsinin sədrinin imzası ilə razılıq məktubu verilmişdir. Belə olan halda isə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından qanunvericlikdə qeyd olunan istiqamətlər üzrə obyektiv, şəffaf araşdırmanın aparılması (müvafiq iclasın keçirilməsi, tərəflərin fikrinin dinlənilməsi və s.) müəyyən olunmur. Halbuki, yuxarıda da qeyd edildiyi kimi həmkarlar ittifaqı təşkilatının kollegial orqanında işəgötürənin təqdimatı və ona əlavə olunmuş sənədlər işçinin də iştirakı ilə müzakirə olunmalı və onun nəticəsində qəbul edilmiş müvafiq əsaslandırılmış qərar işəgötürənə təqdim olunmalı idi. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmkarlar ittifaqı təşkilatı tərəfindən işəgötürənə müvafiq əsaslandırılmış qərarın (iclas protokolunun) təqdim olunmadığını bildirmişdir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatının sədri tərəfindən işəgötürənin müraciətinə formal münasibət bildirilməsi əmək qanunvericliyinin tələblərinə zidd olmaqla, qanunun (ƏM, maddə 80 və s.) nəzərdə tutduğu məqsədə də uyğun deyildir. Halbuki, “Həmkarlar İttifaqları haqqında” Qanunun 11-ci maddəsinin tələbinə görə, Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən isə, həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. Həmin Qanunun 13-cü maddəsinə əsasən, həmkarlar ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi müvafiq əsasla ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qərarının alınması ilə bağlı qanunvericiliyin tələbləri də gözlənilməmiş, məsələyə kifayət qədər formal yanaşılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt Sukanal İdarəsinin X4 Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu özlüyündə həmkarlar ittifaqı təşkilatının iddiaçı barəsində qabaqcadan razılığının alındığını təsdiq edən qanuni sənəd kimi çıxış edə bilməz. Beləliklə, işəgötürən iddiaçı ilə əmək münasibətlərinə qanunvericliyin tələblərini gözləmədən, ciddi pozuntularla xitam vermiş və nəticədə iddiaçının əmək hüquqları pozulmuşdur. Belə olan halda məhkəmə kollegiyası iddiaçıya başqa işin təklif olunması, lakin bundan imtina olunması ilə bağlı cavabdehin dəlillərinin araşdırılması məqsədə müvafiq hesab edilmir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlilləri ümumi sözlərlə ifadə olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını aradan qaldırmır. Cavabdeh mübahisələndirilən əmrin qanuniliyini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilməlidir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır. Qeyd edilməlidir ki, əmək müqavilələrini qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1090/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1090/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3410/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3410/2025
08.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver