Məhkəmə qərarları › İş №2(103)-3411/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3411/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3411/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ƏLAVƏ QƏRARDAD Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəlisürməyən üçüncü şəxs qismində “Arabaçı” KM və X4 cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(004)-17/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə dair mülki iş üzrə əlavə qərardad çıxarılmasına məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Bir-neçə il əvvəl həyat yoldaşına məxsus şirkətdə çalışan Cavabdeh uzaqda yaşadığını, tıxac və digər səbəblərdən işə gəlib-getməyində çətinlik olduğunu bildirərək, iddiaçıya məxsus, lakin həmin ərəfədə boş olan mənzili müvəqqəti yaşamaq üçün onu qızı və anası ilə həmin mənzilə buraxmağı iddiaçıdan xahiş etmişdir. Onlar razılaşmışlar ki, cavabdeh və onun ailə üzvləri iddiaçının ilk tələbiylə mənzili boşaldıb onlara qaytarmaq şərtilə orada yaşaya bilərlər. Lakin bir müddət əvvəl mənzili boşaltmağı ondan xahiş etsə də cavabdeh müxtəlif bəhanələrlə hər dəfə növbəti həftə çıxacağını bildirsə də ona məxsus mənzildən çıxmır. Cavabdehin hərəkətləri onun mülkiyyət hüququnu pozmaqla, həmin mənzili pul qarşılığında kirayə verməyə ona mane olur, bu da öz növbəsində əldə ediləcək faydadan onu məhrum edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-17/2025 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi təmin edilərək, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə İddiaçı məхsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3411/2023 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin Cavabdeh münasibətdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası yuxarıda adı çəkilən qətnamədə iddia tələbinin Cavabdeh ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması hissəsinə münasibət bildirilməməsi ilə əlaqədar öz təşəbbüsü ilə əlavə məhkəmə aktının çıxarılması zəruri hesab etmişdir. Bu barədə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əlavə qərardad çıxarılmalı, iddia tələbinin Cavabdeh ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması hissəsinə də münasibət bildirilməli və iddia ərizəsi həmin tələbə münasibətdə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Daha sonra, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia ərizəsindən tələbinin yönəldiyi digər şəxslərin, yəni cavabdehin ailə üzvlərinin kim olduğunun aydın və konkret ifadə olunmadığı müəyyən olunur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi yalnız Cavabdeh dair məlumatları qeyd etmiş, mübahisəli mənzildə onunla birgə yaşayan ailə üzvlərinin dəqiq olaraq kimlər olduqları bildirilmədən mənzildən çıxarılmaları xahiş edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa aid mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq, cavabdehlə yanaşı aydın və konkret şəkildə göstərilməyən şəxslərə qarşı yönəlmiş tələb üzrə iddiaçının iddia ərizəsini icraata götürmüş, onların dəqiqləşdirilməsi istiqamətində hər hansı zəruri addımlar atmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələbin yönəldiyi bütün şəxslər dairəsi dəqiq göstərilmədiyindən və birinci instansiya məhkəməsi də qeyri-müəyyən şəxslərə yönəlmiş iddia tələbinə baxaraq prosessal normaları pozduğundan, qətnamə qismən, Cavabdeh ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması hissəsində ləğv edilməli və tələb həmin hissədə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayəti onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması hissəsində qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-17/2025 saylı qətnaməsi qismən, yəni “Cavabdeh ailə üzvlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması”na dair iddianın təmin olunan hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar