Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3415/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X10 S.A” Şirkətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı “X10 S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X8 Kompani S.A” Şirkəti tərəfindən 01 aprel 2022-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.
2. 28.02.2022-ci il tarixli aktdan müəyyən olunur ki, 4 saylı neft-qaz çıxarma sexin ərazisi olan ünvan 1 ünvanında Cavabdeh məxsus 70-80 kv.m ölçüdə olan sahədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq özbaşına tikilinin başa çatdırıldığı aşkar olunmuşdur, vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair sənəd təqdim etməmiş və bununla bağlı tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir.
3. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1, 39 T 416287.00 m B 4475017.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini belə əsaslandırılmışdır ki, “X8 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X8 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X8 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, ünvan 1, 39 T 416287.00 m B 4475017.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
6. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2806/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarının, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) mərkəzə təqdim olunması zərurəti yaransa da, bununla bağlı məlumat mərkəzə daxil olmadığından ekspertizanın keçirilməsindən imtina edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 fevral 2023-cü il tarixli 2(010)-90/2023 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, torpaq sahəsinin iddiaçının balansında olması barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Belə ki, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər öncə istifadəyə qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəf həmin evin qanunsuz tikinti kimi sökülməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Bundan başqa iddiaçı tərəf İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarının, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) mərkəzə təqdim olunması üçün məlumatlandırılsa da, bununla bağlı sübut təqdim etməmiş və ekspertizanın keçirilməsindən imtina edilmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə Cavabdeh yaşaması üçün başqa yaşayış sahəsinin mövcud olması ilə bağlı sübut təqdim olunmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 152.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsi Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinin **********01 nömrəli xx.xx.2022-ci il tarixli “Mübahisəli ərazinin kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi” barədə məktubundan, 1976-cı il tarixli xəritədən və eləcə də, məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən xəritədən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması və həmin ərazinin ARDNŞ-nin istifadəsində olması təsdiqlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Kollegiya tərəfindən X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Üçüncü şəxs qeyd etdi ki, mübahisəli ev ona məxsusdur, 2017-ci ildə almışdır. Cavabdeh 83 nömrəli evdə yaşayır, o isə 83 B saylı evdə yaşayır. Sadəcə onun evini Cavabdeh təmir edib.
17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
19. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
20. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
26. İddiaçı hazırki tələbində cavabdeh qismində Cavabdeh göstərməklə, Bakı şəhəri, ünvan 1, 39 T 416287.00 m B 4475017.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını tələb etmişdir.
27. İş materiallarından müəyyən edilir ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.
28. Kollegiya tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sökülməsi tələb edilən evin ünvanı 83B kimi qeydiyyata alınmış və hazırda X3 məxsusdur. Üçüncü şəxs kimi işə cəlb edilmiş X5 ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh yaşadığı ev başqa yerdə olmaqla sökülməsi tələb edilən evlə əlaqəsi yoxdur, aralarında bir neçə ev olmaqla sonuncuya məxsus ev başqa istiqamətdə yerləşir.
29. Apellyasiya baxışı zamanı üçüncü şəxs İleri Qəşəng bildirmişdir ki, mübahisəli ev ona məxsusdur, 2017-ci ildə almışdır. Cavabdeh 83 nömrəli evdə yaşayır.
30. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikilinin cavabdehlə bağlılığı müəyyən edilməmiş, həmin tikilidə başqa şəxsin yaşadığı müəyyən edilmişdir.
31. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.
32. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, X4 olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil.
34. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2023 saylı iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “X10 S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.