Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3418/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh3 QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı “yekun protokolun, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(004)-447/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı evə dair Hərracın nəticələri haqqında Y-376 saylı, 03.09.2018-ci il tarixli yekun Protokolunun, onun əsasında imzalanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 QSC BOKT-a verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair ona yenidən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə arasında 09.07.2009-cu il tarixli, 665/1 saylı kredit müqaviləsi bağlanaraq illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə 216000 AZN məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı ev ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən Suraxanı Rayon Məhkəməsinin 13.05.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək ondan cəmi 236905,08 AZN pulun tutularaq iddiaçıya verilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və sairə qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli, 2(103)-1039/2016 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 328000 AZN müəyyən edilmişdir. Həmin qətnamə ona təqdim edilmədiyindən Ali Məhkəməyə Kassasiya şikayəti verməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə 10.08.2016-cı il tarixdə verilmiş icra vərəqəsi əsasında, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qətnamənin könüllü icrası barədə bildiriş verilmiş, hərracın sifarişi və hərracın keçirilməsi barədə bildirişlər, hərracın nəticələri barədə elanlar və nəhayət mənzilinin mülkiyyətiçisinin dəyişməsi barədə təklif verilmişdir. Bunu o, yalnız mənzildən çıxarılmağı barədə ona icra məmuru tərəfindən məlumat verildiyi zaman öyrənmişdir. O, ailə üzvləri ilə bir yerdə ipoteka ilə yüklü edilmiş evdə yaşamışlar. 2016-cı ildən 2021-ci ilə kimi heç kim bir dəfə də olsun onların qapısını döyərək deməmişdir ki, Banka olan borcunuzu ödəmədiyiniz üçün eviniz hərracdan satılacaq, heç vaxt onlara hərracın keçirilməsi barədə hər hansı formada bildiriş təqdim edilməmişdir. Sonuncu İcra məmuru tərəfindən mənzilinin satılması haqqında ona məlumat verildikdən sonra, ona Hərrac protokolunun surətini təqdim etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(004)- 447/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İcra məmuru tərəfindən hərraca sifariş 22.01.2018-ci il tarixdə verilmiş olsa da, hərrac təşkilatı hərracı 04.07.2018-ci il tarixdə keçirmiş, protokol isə 03.09.2018-ci il tarixdə tərtib edilmişdir, yəni hərrac qanunu pozmaqla keçirilmişdir. Məhkəmə hərracın bütün sənədləri ilə tanış olmamış, hərracın elanlarını əldə etməmiş, hərracın bildirişlərinin tərəflərə çatdırılmasını sübut edən xəbərnamələri tələb etməmiş, hərracın yekunlarına dair elanı əldə etməmiş, ipoteka saxlayanın 30 gün ərzində əmlakı əldə etməsinə dair sübutları araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 QSC BOKT-un nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq daha əvvəl 27.04.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-306/2022 saylı inzibati iş üzrə iddiaçının nümayəndəsi və vəkili kimi şifahi məhkəmə baxışında iştirak etməli olduğundan, məhkəmə iclasının təxirə salınmağını xahiş etsə də, Kollegiya hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc kimi 196.500 manat, faiz borc kimi 40.405,08 manat olmaqla ümumilikdə 236.905,08 manat və dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində borcun tutulması, müvafiq ödənişin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən 88A nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, evin açıq hərracdan ilkin satış qiymətinin 328.000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən 01.06.2018-ci il və 15.06.2018-ci il tarixlərdə tələbkar "xxxx" ASC və borclular İddiaçı və X1 ünvanlanmış bildirişdən görünür ki, sonuncular Suraxanı rayon İcra şöbəsinin 353551/17-18-18 nömrəli, 22.01.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evini 04.07.2018-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmışdır. "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-376 nömrəli, 03 sentyabr 2018-ci il tarixli protokolundan görünür ki, Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh3 QSC BOKT həmin əmlakı 209100 manata əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evi tələbkar Cavabdeh3 QSC BOKT 209100 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh3 QSC BOKT arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, 21.05.2019-cu il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri, Suraxanı İcra şöbəsində yazdığı 01.02.2021-ci il tarixli izahatında göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evi hərracda satılaraq bankın balansına keçirilmişdir, mənzili boşaldaraq təhvil verməlidir. Lakin qalmağa başqa yeri olmadığından və karantinlə bağlı maddi vəziyyəti ağır olduğundan mənzili boşalda bilməməsi səbəbindən ona mənzili boşaltmaq üçün 2021-ci ilin sonunadək möhlət verilməsini xahiş edərək, 2021-ci ilin sonunda qeyd olunan evi təhvil verməyi öhdəsinə götürmüşdür. Hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi ilə bağlı iddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Sözügedən hərracın nəticələri haqqında protokolu etibarsız hesab etmək üçün əsas yoxdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərracın nəticələri haqqında protokoldan isə görünür ki, mənzil təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə Cavabdeh3 QSC BOKT tərəfindən 209100 manata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Tərəflər arasında mülki hüquq münastbətləri yarandığı vax qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göründüyü kimi "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmişdir. Eyni zamanda işin halları ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2016-cı il tarixli qətnamə və icra vərəqəsindən, eləcə də mülkiyyətində olmuş və ipoteka predmeti olan mənzilinin hərracdan satılaraq bankın mülkiyyətinə keçirilməsindən məlumatlı olması və mənzili boşaltmaq üçün tələbkardan vaxt istəməsi də müəyyən edilmişdir. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi digər hissələrdə də iddianı, hərracın yekunları barədə protokol qanuni və əsaslı sayıldığından, təmin etməməkdə haqlı olmuşdur. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-447/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3418/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3418/2022
27.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver