Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3419/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMMC-nin Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3419/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-827/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətlərinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 7B, mənzil 50 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 25, M14, mənzil 2) Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 192,6 kv.m təşkil edir.
2. "xxxx" MMMC-nin 02 dekabr 2019-cu il və 03 dekabr 2022-ci il tarixli 6 nömrəli protokollarının surətindən görünür ki, Cəmiyyət çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini müəyyən edilməsi, hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlarının miqdarının müəyyən edilməsi məsələlərinə cavabdehdir. Hər kvadrat metr üzrə ödəniş haqqı 0,75 manat təşkil edir. 4 otaqlı mənzillər üçün 158 manat təşkil edir.
3. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 25, m 50 saylı mənzilin sahibi Cavabdeh "xxxx" MMMC-nin 2 nömrəıi xx.xx.2019-cu il tarixli təsis yığıncağının protokoluna əsasən aylıq kommunal xidməti ödəniş məbləği 192 manat və 6 nömrəli xx.xx.2022-ci il tarixli təsis yığıncağının protokoluna əsasən aylıq kommunal xidməti ödəniş məbləği 158 manat təyin edilməsinə baxmayaraq, sentyabr-dekabr 2020-ci il və yanvar-dekabr 2021-ci il üzrə aylıq 50 manatdan cəmi 800 manat ödəmişdir. Cavabdeh "xxxx" MMMC-yə xx.xx.2025-ci il tarixə 10220 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10220 manat pulun, 120 manat dövlət rüsumu və 100 manat vəkil xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ******* nömrəli çıxarışa əsasən X1 mülkiyyətindədir. "xxxx" MMMC-nin təsis yığıncağının 2 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoluna əsasən aylıq kommunal xidməti ödəniş məbləği 192 manat və 6 nömrəli, xx.xx.2022-ci il tarixli Protokoluna əsasən isə aylıq kommunal xidməti ödəniş məbləği 158 manat olaraq təyin edilməsinə baxmayaraq, mənzilin mülkiyyətçisi cavabdeh X3 ödəniş öhdəliklərini tam yerinə yetirməmiş, 2020-ci il sentyabr-dekabr və 2021-ci il yanvar-dekabr ayları üzrə yalnız 800 manat ödəniş etmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixədək X1 "xxxx" MMMC-ə 10220 manat borcu yaranmışdır.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazda qeyd etmişdir ki, “iddiaçı ilə cavabdeh arasında müvafiq xidmətlərə dair 01 sentyabr 2020-ci il tarixli Müqavilə bağlanılmış və həmin müqavilə ilə xidmət haqqı 50 manat müəyyən edilmişdir (Müqavilənin surəti Bu Ərizəyə əlavə edilib). Lakin, iddiaçı sanki həmin müqavilə yoxmuş kimi hazırkı iddia tələbini irəli sürmüş, müqaviləni iddia ərizəsinə əlavə etməmiş və ona istinad etməmişdir. Halbuki, hazırkı ərizəyə əlavə etdiyim və iddiaçı ilə bağlanmış həmin müqavilə ilə təsdiq edilir ki, aramızda bağlanmış müqavilə ilə müvafiq xidmət haqqı hər ay üçün 50 manat müəyyən edilmiş və müqavilə şərtlərinə uyğun ödənilmişdir. Belə ki, iddiaçının özünün də iddia ərzəsinə əlavə etdiyi kassa mədaxil orderlərindən mübahisəsiz qaydada görünür ki, 19 oktyabr tarixində sentyabr-dekabr ayları yəni 4 ay üçün 200 manat, 26 may 2021-ci il tarixli kassa mədaxil orderi əsasında yanvar-iyun, yəni 6 ay üçün 300 manat, 28 yanvar 2022-ci il tarixində iyul-dekabr, yəni 6 ay üçün 300 manat ödənilmişdir. Beləliklə 28 yanvar 2022-ci il tarixinədək həmin müqavilə ilə müəyyən edilmiş həcmdə ödənişlər ödənilmiş, haqqın hər ay üçün 50 manat olması iddiaçı tərəfindən də qəbul edilmiş və hətta 28 yanvar 2022-ci il tarixli ƏXZ/1 seriyalı 573659 saylı kassa mədaxil orderində iddiaçının özü tərəfindən “ayı 50 manat” qeydi də aparılmışdır. Beləliklə, yalnız müqaviləni imzalamaqla deyil, həmçinin onun şərtlərinə uyğun ödənişləri qəbul etməklə də İddiaçı müqaviləni qəbul etmişdir. Bundan başqa iddiaçı xx.xx.2019 və xx.xx.2022-ci il tarixlərində Yasamal-40 MMMC-nin təsis yığıncağının keçirildiyini qeyd etsə də, həmin iclas barədə qanunla nəzərdə tutulmuş formada və ya digər həy hansı formada mənzil mülkiyyətçisi kimi ona məlumat verməmiş və buna görə də məlumat verilməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə edə bilməmişdir. Bununla yanaşı, iddiaçı xx.xx.2019 tarixi protokolda 95 sahə mülkiyyətçisinin, xx.xx.2022-ci il tarixli protokolda isə 61 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd etsə də, neçə sahə mülkiyyətçisinin olduğu, iştirak edən mülkiyyətçilərin kimliyi, həqiətən də onların iştirakını təsdiq edən hər hansı sənəd əlavə etməmiş, beləliklə də yetərsayın olub-olmadığı, həqiqətən də qeyd edilən sayda mülkiyyətçinin iştiak etməsi öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı MTK eyni ünvanda eyni həyətdə, bir birilə kommersiya təyinatlı yeraltı qaraj vastəsilə də birləşmiş olan qoşa (iki) bina inşa etmiş, həmin binalardan birində əsasən sakinlər yaşasa da digəri biznes məqsədi ilə ofis kimi istifadə üçün səfirliklərə və digər qurumlara icarəyə verilmişdir (Qoşa (iki) binanın inşa edilməsi bu Ərizəyə əlavə edilən xx.xx.2013-cü il tarixli 137 saylı sərəncamla təsdq edilmiş dövlət qəbul komissiyasının Aktının surəti əlavə olunur). Belə olan halda protokolda sayı qeyd edilmiş sahə mükiyyətçilərinin hər iki binanın sakinləri olması və ya birinin olması, qərarın hər iki bina ilə, eləcə də yeraltı qarajla bağlı olub-olmadığı da aydın deyildir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi olduğu binada təqribən 64 mənzil olduğu halda, xx.xx.2019 tarixi protokola əsasən iclasda 95 mənzil mülkiyyətçisinin iştirak etməsi ziddiyyət və sual yaradır.”
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 aprel 2025-ci il tarixli 2(009)-827/2025 nömrəli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, 5688 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub "xxxx" MMMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 60 manat hissəsinin və hüquqi yardıma görə vəsaitin 50 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırki tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan 2022-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi son 3 il üçün cavabdeh tərəfindən yerinə yetirilməyən ödəniş məbləği 158 manatdan hesablanmaqla, cəmi 5688 manat cavabdehdən tutulmalıdır.
9. İş materiallarında olan 25 fevral 2025-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 29.3, 119.1, 122.1.3, 135.1, 136.2, 137.4, 137.6, Mülki Məcəllənin 372.1, 373.3, 375.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1, 121.1, 216-220 və 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehdeh Cavabdeh ödəniş öhdəliklerini tam yerinə yetirməmiş, 2020-ci il sentyabr-dekabr ve 2021-ci il yanvardekabr ayları üzrə yalnz 800 manat ödeniş etmişdir. Digər ödənişlərlə bağlı MMMC tərəfindən cavabdehə vaxt verilmiş, lakin cavabdeh yene də öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Buna görə də hesab edirlər ki, iddia müddəti hesablanarkən mövcud vəziyyət MM-nin 377.2-ci maddesi ilə deyil, 377.3-cü maddəsi ilə tənzimlənməlidir. İş materiallarında olan 573659 nömrali, 573438 nömreli və 573271 nömrəli kassa mədaxil orderlərindən görünür ki, cavabdeh iddiaçıya 19 oktyabr 2020-ci il tarixdə, 26 may 2021-ci il tarixdə, 28 yanvar 2022-ci il tarixdə ödənişlər etmiş, bununla da borcunu etiraf etmişdir.
13. Qətnamədən eyni zamanda cavabdeh də apellyasiya şikayəti verərək, onun ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mənzilin “pod mayak” vəziyyətdə, yəni ümumiyyətlə yaşayış üçün hazır vəziyyətdə olmadığını, mənzildə heç bir kommunal xəttin istifadəyə hazır vəziyyətdə olmadığını və cavabdehin heç vaxt yaşamadığını, eyni zamanda iddiaçının binanın saxlanması ilə bağlı illik 312000 manat, aylıq xərc 26000 manat xərcin müəyyən edildiyini və kommunal haqqın da ona əsasən müəyyən ediliyini iddia etməsi, lakin həmin məbləğinin bir manatının belə real olaraq çəkildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə almamş və bununla da qanunvericliyin tələblərini pozmuşdur. Həmçinin, o, MMMC-nin üzvü olmamış, onlar arasında münasibətlər xx.xx.2020-ci il tarixli müqavilə ilə tənzimlənmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
17. Cavabdeh isə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
18. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 19.Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 20.Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır.
21. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
22. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan; mənzil tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan .
23. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq.
24. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.
25. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
26. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 28.Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 29.Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. Kollegiya hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını tələb etməkdə haqlı olmuşdur.
39. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar.
40. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 7B, mənzil 50 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 25, M14, mənzil 2) Cavabdeh xüsusi mülkiyyətindədir, onun hüquqları xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Binanın idarə olunması üçün sakinlər tərəfindən "xxxx" MMMC yaradılmışdır. Ona görə də binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları cəmiyyətə ödəməlidirlər.
41. "xxxx" MMMC-nin təsis yığıncağının xx.xx.2019-cu il tarixli 2 nömrəli protokoluna əsasən kommunal xidmət haqqı hər kvadrat metr üçün 0,94 manat, 4 otaqlı mənzillər üçün 192 manat, xx.xx.2022-ci il tarixli 6 nömrəli protokola əsasən isə hər kvadrat metr üçün 0,75 manat, 4 otaqlı mənzillər üçün 158 manat müəyyən olunmuşdur.
42. İddiaçı bildirir ki, cavabdeh 2020-ci il sentyabr-dekabr ayları və 2021-ci il yanvardekabr ayları üçün 50 manatdan olmaqla cəmi 800 manat ödəniş etmiş və xx.xx.2025-ci il tarixə 10.220 manat borcu qalmışdır.
43. Cavabdeh isə bildirir ki, o, MMMC-nin üzvü olmamış, kommunal xidmət haqlarını xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən hər ay 50 manatdan ödəmiş, sonradan birtərəfli qiymət qaldırıldığına görə 2022-ci ildən ödənişləri dayandırmışdır.
44. Məhkəmə hesab etmişdir ki, cavabdeh kommunal xidmətlərə görə ödəməli olduğu haqqı tam olaraq ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq hazırki tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan, cavabdeh tərəfindən yerinə yetirilməyən ödəniş məbləği yalnız son üç il üçün - 2022-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi tutula bilər. Məhkəmə cavabdehdən hər ay üçün 158 manatdan olmaqla 36 ay üçün 5688 manat məbləğində ödənilməmiş kommunal borcu tutmuşdur.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olsa da, tutulan məbləğdə səhvə yol vermişdir.
46. Məhkəmə hər ay üçün 158 manat hesablamışdır, halbuki, cavabdehin mənzili 192,6 m2 ümumi sahəyə malikdir, ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 6 nömrəli protokoluna əsasən isə hər kvadrat metr üçün 0,75 manat kommunal haqq müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, cavabdehin ödəməli olduğu kommunal haqq bir ay üçün 144,45 manat (192,6x0,75), üç il üçün isə 5.200,2 manat (144,45x36) təşkil edir.
47. Ona görə dəqətnamə ilə cavabdehdən tutulan kommunal borcun məbləği dəyişdirilərək, 5.200,2 manat müəyyən olunmalıdır.
48. Kollegiya onu da qeyd edir ki, 2022-ci ilin fevral ayından dekabr ayınadək kommunal xidmət haqqı ümumi yığıncağın xx.xx.2019-cu il tarixli 2 nömrəli protokoluna əsasən müəyyən olunmuşdur - hər kvadrat metr üçün 0,94 manat. xx.xx.2022-ci il tarixli qərarla isə xidmət haqqı azaldılaraq 0,75 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin vaxtadək binada mərkəzləşdirilmiş soyutma sistemi fəaliyyət göstərmiş, lakin köhnələrək sıradan çıxmışdır, buna görə də kommunal xidmətlərin haqqı 0,19 manat azaldılmışdır.
49. İşin hallarından məlum olur ki, cavabdehin mənzili hələ də təmirsiz vəziyyətdədir və yaşayış yoxdur, bu isə o deməkdir ki, cavabdeh mərkəzləşdirilmiş soyutma sistemindən istifadə etməmişdir. Ona görə də, baxmayaraq ki, 2022-ci ilin fevral ayından dekabr ayınadək kommunal haqq 0,94 manat müəyyən olunmuşdur, həmin dövr üçün də xidmət haqqı hər kvadrat metr üçün 0,75 manatdan hesablanmalıdır.
50. Cavabdehin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəla tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilənin müddəti 4 ay – xx.xx.2021-ci ilədək müəyyən olunmuş və sonradan da müqavilənin uzadılması ilə bağlı tərəflərin birbirinə müraciəti olmamışdır. Müqavilənin özündə isə onun avtomotik uzadılması barədə şərt nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüş hesab olunur və cavabdehin hazırda həmin müqaviləyə istinad etməklə aylıq kommunal haqqın 50 manat olması barədə istinadının heç bir əsası yoxdur.
51. Kollegiya qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Qəbul olunan qərardan narazı qalan sakin (cəmiyyətin üzvü olub-olmamasından asılı olmayaraq) onu məhkəmə qaydasında mübahisələndirə bilər. Həmçinin sakinlər yığılan vəsaitin xərclənməsinin hesabatını da tələb edə bilərlər.
52. Hüquqi yardım göstərilməsi ilə bağlı Kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-827/2025 nömrəli iş üzrə 09 aprel 2025-ci il tarixli qətnaməsi 5688 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub "xxxx" MMMC-yə ödənilməsi hissəsində dəyişdirilsin. 5200,20 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub "xxxx" MMMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.