Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-342/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-651/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 30000 manat pulun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 651/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 30 manat məbləğində pulun müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-651/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, cavabdehlərin qonşuluğunda yaşayan İddiaçı qızıl-zinyət əşyalarının satışı ilə məşqul olmuşdur. Cavabdeh2 dolanmaq üçün 2012-ci ildə iddiaçıdan satış üçün qızıl-zinyət əşyaları alıb, satıb özünə çörək pulu qazanmış və pulu hissə-hissə qaytarmışdır. Sonra o, bu işlə daha məşğul olmamış və iddiaçıya 3000 manat borcu qalmışdır. Həmin pulu da sonradan İddiaçı ödəmişdir. Lakin sonuncu Yasamal rayon Polis İdarəsinə müraciət edərək, cavabdehin guya 30000 manat borcunun olması barədə saxta sənəd təqdim etmişdir. Həmin sənəddə guya ki, Cavabdeh2 öz əli ilə ona 30000 manat borcunun olduğunu yazıb imzalamışdır. Lakin cavabdehin iddiaçıya borcu yoxdur və sənədi o, nə yazmış, nə də ki, imzalamamışdır. Məhkəmə prosesi zamanı cavabdeh bu haqda hakimə bildirmiş, sonuncu sənədi ekspertizaya göndərərək işin icraatını dayandırmış, ekspert rəyini aldıqdan sonra işi təzələyib məhkəmə iclasını xx xxxxx 2019cu il tarixə təyin etmişdir. Təyin olunan vaxtda cavabdeh məhkəməyə bir neçə dəqiqə gecikmiş və artıq məhkəmə iclası keçirilmişdir. Məhkəmə qətnaməsiilə tanış olduqda məlum olmuşdur ki, hakim iddianı təmin edərək 30000 manat məbləğində pulun və 30 manat rüsumun cavabdehlərdən alınıb İddiaçı verilməsini qət etmişdir. Cavabdeh1 bu işə ümumiyyətlə heç bir aidiyyatı yoxdur, o, Sevda Nəğiyevadan nə qızıl-zinyət əşyaları, nə də pul almamışdır. Məhkəmənin xx xxxx 2019-cu il tarixli iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, eyni zamanda iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə apellyatorların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 münasibətdə ləğv edilməklə, iş üzrə sonuncuya münasibətdə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməli, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh2 X2 30000 manat borclu olmasını etiraf etmiş, hər ay ödəmək şərti ilə hesabı bağlayacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin tərəfindən qəbul edilmiş Cinayətişinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2012-ci il tarixli qərarın məzmununa əsasən İddiaçı şikayəti üzrə aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh2 İddiaçı satmaq üçün qızıl-zinyət əşyaları aldığını, qızılları nisyə satdığı üçün müəyyən müddətdə qızılların pulunu ala bilmədiyini, Z.Nəqiyevaya olan borcu barədə ona qəbz verdiyini etiraf etmiş və qızılları satdığı adamlardan pullarını yığan kimi İddiaçı olan borcunu verəcəyini öhdəsinə götürmüşdür. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıdan yuxarıda göstərilən məbləğdə borc pul götürmələri işin mübahisəsiz hallarını təşkil etdiyindən, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, cavabdehlərdən 30000 manat məbləğində pul və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə düzgün nəticəyə gəlsə də, qətnamədə digər Cavabdeh1 münasibətdə iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, həmçinin qətnamədə göstərilmiş nəticələr ona münasibətdə işin hallarına uyğun gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehlərə verdiyini sübut etməlidir. İddiaçı həmin halın sübutu qismində cavabdehlər tərəfindən imzalandığı iddia olunan xx xxxxxx 2011-ci il tarixli əlyazma qəbzi təqdim etmişdir. Həmin qəbz nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, o, Cavabdeh2 adından imzalanmışdır. Cavabdehlər apellyasiya şikayətində ümumiyyətlə iddiaçıya borclu olmadıqlarını, ona qəbz vermədiklərini bildirmiş, qəbzin saxtalaşdırıldığını iddia etməklə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin həmin dəllilinin yoxlanılması məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilərək keçirilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli, 27513 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 22-ci vərəqəsində olan xx xxxxxx 2011-ci il tarixli qəbzdəki yazılar və “bağlayacam” yazısı önündəki imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı borc aldığını etiraf etməsinə dair qəbz vermiş, həmin borcun qaytarılmasına dair mötəbər sübutu isə məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740-cı maddəsinin mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından Cavabdeh2 İddiaçı qarşısında öhdəliyi yarandığı üçün birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı borcun həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə təmin olunması üçün iş materiallarında kifayət qədər sübutlar mövcud deyildir. Belə ki, iddianın əsasında dayanmış xx xxxxxx 2011-ci il tarixli qəbz yalnız Cavabdeh2 tərəfindən imzalanmış, sonuncunun anası olan Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərin olmasını təsdiq edən hər hansı digər sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətlərinin mövcud olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı sonuncuya münasibətdə təmin etdiyindən, qətnamədə həmin hissədə apellyasiya qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin qismən təmin edilsə də, qətnamənin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu sonuncuya aid olunmalıdır. Eyni əsasla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının xərci 124 manat Cavabdeh2 aid edilməli və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi,385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 651/2019 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)- 651/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına Cavabdeh2 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-342/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-342/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver