Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3422/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-584/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsində 6-cı dərəcə üzrə atıcı peşəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmişdir. İddiaçı 19 noyabr 2024-cü il tarixdə öz xahişi ilə 19 noyabr 2024-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı işə bərpa olunmasını, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini, pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2024-cü il tarixli əmrin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixində əmək müqaviləsi bağlayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində 18 saylı komandaya əməyin ödənilməsinin 6-cı dərəcəsi üzrə atıcı peşəsinə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “AZNEFT” X2 Nəqliyyat İdarəsi 1 saylı Nəqliyyat Sexinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul edilərək daha sonralar həmin idarədə müxtəlif vəzifələrdə çalışmışdır. Müəssisənin 05 noyabr 2021-ci il tarixli “SOCAR **********31500058X00016” nömrəli əmrinə əsasən həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar olaraq iddiaçı xx.xx.2021 tarixli əmrlə 4 saylı Avtonəqliyyat və Xüsusi Texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixinə qədər həmin vəzifədə çalışmışdır. Göründüyü kimi iddiaçı 2011-ci ildən 2024-cü il tarixinə qədər 13 il müddətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkətlərində çalışmışdır. İddiaçı əmək funksiyasını icra etdiyi həmin müddət ərzində nümunəvi işçi olmuş, müxtəlif tarixlərdə neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. 2021-ci ilin may ayından etibarən “Ford Cargo” markalı, **- JE-*** dövlət qeydiyyat nişanlı manipulyator iddiaçının istifadəsinə təqdim olunmuş, işdə olduğu müddət ərzində manipulyatorla yalnız iddiaçı əmək funksiyasını icra etmişdir. İddiaçı işdə olduğu müddətdə başqa heç bir işçi sözügedən manipulyatordan istifadə etməmişdir. Eyni zamanda iddiaçı da istifadəsinə təqdim edildiyi tarixdən başqa manipulyatoru istifadə etməyib. Məlumat üçün bildirir ki, manipulyator özündə eyni anda iki xüsusi texnikanı birləşdirən universal texnikadır. Bu texnika müxtəlif növ yüklərlə işləmək üçün özündə kran və yük maşınını birləşdirir. Manipulyatorların çoxfunksiyalı olması inşaat zamanı yalnız bir texnika ilə bir çox işi həll etməyə imkan verir. Manipulyatorlar ağır yüklər qaldırır, materialların idarə edilməsinə və mürəkkəb işlərə kömək edir. Ağır yüklərlə iş gördüyü üçün təhlükəsizlik qaydaları da ciddi əhəmiyyət kəsb edir. İddiaçı xx.xx.2024-cü il tarixində, 8 noyabr “Zəfər günü” və 9 noyabr “Bayraq günü” ilə əlaqədar 6 günlük istirahət günlərində əlavə çağırış əsasında öz razılığı ilə işə cəlb olunmuşdur. İddiaçının işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Nəqliyyat Departamenti, Dövlət Neft Şirkətinin digər idarə və təşkilatlarının nəqliyyat öhdəliklərini yerinə yetirir. 11 noyabr 2024-cü il tarixində, səhər saatlarında Komplekt Qazma işləri X4 Bölümünün Nəqliyyat sahəsi üzrə rəis müavini Ehtibar bəy iddiaçıya zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən 609 saylı quyuda plitə betonların traler tipli avto maşına yüklənməli olduğu bildirmişdir. İddiaçı isə həmin şəxsə betonların kifayət qədər ağır olduğunu, məsafənin isə uzaq olduğunu, onun idarə etdiyi manipulyator vasitəsi ilə uzaq məsafədən ağır yüklərin götürülməsinin həmin manipulyatorun təyinatına uyğun olmadığını bildirsə də, Ehtibar bəy həmin ərazidə kran olmadığını, ona görə də manipulyatorun təyinatına uyğun olmasa da yükləri traler tipli avto maşına yükləməli olduğunu və Lökbatan “Buta” sahəsində həmin yükləri kranın boşaldacağını bildirmişdir. İddiaçı 609 saylı quyuya gedərək, mümkün qədər bütün təhlükəsizlik tədbirlərini həyata keçirmiş və verilən tapşırığı yekunlaşdırıb nahar fasiləsinə yollanan zaman Ehtibar bəy ona yenidən zəng edərək, Qaradağ rayonu, Lökbatan ərazisində yeni quyuda kran olmadığını bildirmiş, iddiaçıya həmin betonları nahar fasiləsindən sonra boşaltmağı tapşırmışdır. Nahar fasiləsini tez bir zamanda yekunlaşdırdıqdan sonra iddiaçı sürücü yoldaşlarından biri ilə Qaradağ-Lökbatan ərazisinə yollanmış, həmin ərazidə yerləşən yeni buruğa gəldikləri zaman quyuda yük qaldırmaq üçün heç bir köməkçi vasitənin olmadığını görmüşlər. İddiaçı Ehtibar bəyin təkidlə verdiyi göstərişlərinə görə məcbur qalaraq özündə olan bir ədəd trosu çarpazvari qoşaraq, çətinliklə də olsa təhlükəsiz şəkildə beton plitələri yerə düzmüşdür. Məlumat üçün bildirir ki, həmin beton plitələrin qaldırılması üçün təhlükəsizlik baxımından köməkçi vasitələr lazım olsa da, həmin yerdə köməkçi vasitələr olmamışdır. Daha sonra Ehtibar bəy iddiaçıya zəng vuraraq yenidən 609 saylı quyuda plitə betonların traler tipli avto maşına yüklənməli olduğu bildirmişdir. Saat 16:12 radələrində sözü gedən növbəti traler Lökbatan sahəsinə çatan zaman iddiaçı sürücüyə, daha gec olduğunu, traleri boşaltmaq üçün 2 saatdan artıq vaxt lazım olduğunu bildirmişdir. Saat 17:00-da iş vaxtının bitməsi, köməkçi vasitənin olmaması, beton plitələrinin işlənmiş-köhnə olması, qoşqu yerlərinin zədəli olması və bu səbəbdən də dörd qoşqu yerinə 2 qoşqu qoşaraq çarpazvari şəkildə də olsa həmin beton plitələrinin yerə düzülməsinin çox təhlükəli olması səbəbindən Ehtibar bəyə məlumat verərək həmin tapşırılan işin görülməsindən imtina etmişdir. Saat 16:18 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı Avtomobil və Xüsusi Texnika Sahəsinin İstismar (AXTS) rəisi Xəqani bəy, onun ardınca saat 16:22 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS rəisi Rəşad bəy iddiaçıya zəng edərək, hansı səbəblə işi görməkdən imtina etdiyini soruşmuş, o isə mövcud səbəbi həmin şəxslərə izah etmişdir. İddiaçının izahı onunla əlaqədar olmuşdur ki, Ehtibar bəyin göstərdiyi qaydada işin görülməsi həm ətrafdakı insanların həyatı üçün çox təhlükəlidir, həm yükqaldırma qaydalarına uyğun deyil, həm də işin görülməsinə ən azı 2 saat vaxt lazım olacağından o iş vaxtından sonra da işləməli olacaqdır. xx.xx.2024-cü il tarixində yenidən işə gələrkən 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin İstismar rəisi Xəqani bəy iddiaçıya zəng edərək 6 Saylı Nəqliyyat Departamentinin rəisi cənab Ağaxan Əsədovun ona göstəriş verdiyini, iddiaçının sahəyə qayıtmalı olduğunu və avtomobilin açarlarını və sənədlərini təhvil verməli olduğunu bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində avtomobilin açarlarını və sənədlərini 6 Saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin rəisi Rəşad bəyə təhvil vermişdir. 2021-ci ilin may ayından etibarən iddiaçının istifadəsinə təqdim edilmiş “Ford Cargo” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarları və sənədləri həmin tarixə qədər onun məzuniyyətdə olduğu hallar istisna olmaqla iddiaçıdan heç vaxt götürülməmişdi. İddiaçı yükqaldırma qaydalarına, təhlükəsizlik qaydalarına zidd şəkildə və iş vaxtından artıq vaxtda işləməyi qəbul etmədiyi üçün cavabdeh tərəfindən ona sanki işəgötürənin bu tələbinin yerinə yetirilməsindən imtina etməsi qanunsuzmuş kimi xx.xx.2024-cü il tarixində izahat da yazdırılmışdır. Əlavə olaraq, izahat yazdırıldığı gündən, yəni xx.xx.2024-cü il tarixindən ona heç bir iş tapşırılmamış, qəsdən əmək funksiyasını icra etməsinə şərait yaradılmamış, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış “Ford Cargo” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı manipulyator başqa əməkdaşların istifadəsinə verilmişdir. Beləliklə iddiaçı iş yerində boş dayanmış və həmin tarixdən etibarən ona boşdayanma qaydasında əmək haqqı hesablanmışdır. İddiaçı qanunsuz göstərişlərə əməl etmədiyi üçün o qəsdən boşdayanmaya məcbur edilərək ondan əvəz çıxılmasına məruz qalmışdır. Uzun illər ərzində çalışdığı Dövlət Neft Şirkətində heç vaxt belə bir vəziyyətlə qarşılaşmamış, 2021-ci ilin may ayından etibarən ona təqdim edilmiş manipulyator heç vaxt ondan alınmamışdı. Nəticədə iddiaçı 19 noyabr 2024-cü il tarixində ərizə yazmağa məcbur edilərək elə həmin gün də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu məsələ ilə bağlı öz pretenziyasını işdən çıxdığı zaman ona təqdim edilən sorğu-anket vərəqəsində qeyd etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 3-17- 5/1-Ş-60529/2024 nömrəli məktub ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət etmişdir. 5 nəfərlik ailə başçısı olan iddiaçı, işin faktiki hallarından da göründüyü kimi xərclərinin çox olduğu üçün əmək haqqı kifayət etmədiyinə görə hətta istirahət günlərini də işləmişdir. Bununla yanaşı işin faktiki halları aşkar surətdə göstərir ki, iddiaçının qətiyyən işdən çıxmaq istəyi olmamışdır və o psixoloji təzyiqə məruz qalmışdır. Belə ki, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış manipulyator heç bir yazılı səbəb göstərilmədən işin faktiki halları bölməsində göstərilən məlum hadisələr cərəyan edəndən sonra 14 noyabr 2024-cü ildən başqa işçinin istifadəsinə verilir və həmin manipulyatorun əvəzinə iddiaçıya avtomobil təqdim olunmur, o müqaviləyə xitam verilənə qədər boş dayanır. Əmək müqaviləsi də müddətsiz idi və işçinin ərizəsi olmadan müddətin bitməsi əsası ilə də ona xitam vermək mümkün deyildi. Ərizə iddiaçı tərəfindən şəxsən yazılmamış, cavabdehin əməkdaşı tərəfindən hazır şəkildə komputer vasitəsilə yazılıb çap edilmiş versiyada ona təqdim olunmuş, iddiaçı imza çəkməyə məcbur edilmişdir. Müqavilə xitam olunan gün iddiaçı sorğu-anketdə işdən çıxmaq istəmədiyini bildirir, cəmi 2 gün sonra ölkə başçısına pozulmuş əmək hüquqlarının müdafiəsi məqsədilə məktub ünvanlayır. Daha sonra əmək hüquqlarının pozulduğuna dair dəfələrlə aidiyyəti quruma müraciətlər göndərir. “Öz istəyi” ilə 2011-ci ildən çalışdığı iş yerindən çıxan əməkdaş işdən çıxdığı gündən hal-hazıradək işsizdir və heç bir qazancı yoxdur. Məlumat üçün bildirir ki, iddiaçının atası X5 da hal-hazırda Dövlət Neft Şirkətində çalışır. İddiaçının demək olar ki, bütün əmək fəaliyyəti sonuncu iş yeri-Dövlət Neft Şirkəti ilə bağlıdır. O 2011-ci ildə "xxxx" MMC-də əmək fəaliyyətinə başlamış, cəmi 10 ay orada çalışdıqdan sonra 14 dekabr 2011-ci ildən Dövlət Neft Şirkətində işə başlamışdır. Həyatın adi şərtlərində öz istəyi ilə işdən ayrılan şəxsin daha çox gəlir əldə edəcəyi, daha yaxşı vəzifədə çalışacağı, ümumilikdə daha yaxşı əmək şəraitinin olduğu iş yerinə gedəcəyi şübhəsizdir. Ancaq mövcud hal baxımından iddiaçının heç bir işi, gəliri yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, müqavilənin ləğvindən öncə və ləğvindən sonra tərəflərin hərəkətlərini nəzərə aldıqda, onların davranışları ilə sənədlər arasında ağlabatan mühakimə əsasında müqayisə aparıldıqda rahatlıqla başa düşülür ki, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-584/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 19 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 19 noyabr 2024-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 19 noyabr 2024-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən yalnız işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi halına istinad etmiş, lakin ərizənin verilmə şəraiti, məcburi boşdayanma, təzyiq elementləri və əmək funksiyasının icrasına maneələrin törədilməsi kimi halları araşdırmamışdır. Həmçinin yazılı ərizə işçinin iradə ifadəsini ifadə etməli, onun tərəfindən, onun xətti ilə yazılmalı olduğu halda, sözügedən ərizə işəgötürənin kadrlarla iş üzrə işçisinin komputerdə hazır yazılmış formada işçiyə təqdim edilmiş, işçi isə məcburiyyət qarşısında qalaraq, həmin ərizəni imzalamışdır. İşçinin əmək müqaviləsinə xitam veriləndən dərhal sonra etdiyi şikayətlər, sorğu-anketdəki qeydləri, Prezident Administrasiyasına və digər dövlət qurumlarına göndərdiyi ərizələr onun işdən çıxmaq istəmədiyini açıq şəkildə ortaya qoyur. Bütün bu hallar əmək müqaviləsinin qanunsuz ləğv edildiyini təsdiqləyir. Bu səbəbdən, məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsini tətbiq etməli, əmək müqaviləsinə qanunsuz xitam verildiyi üçün iddiaçını əvvəlki vəzifəsinə bərpa etməli və ona məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi barədə qətnamə çıxarmalı idi. İşəgötürənin əmək müqaviləsinə qanunsuz və prosedura zidd xitam verməsinə baxmayaraq, məhkəmə işçinin bərpası ilə bağlı heç bir tədbir görməmişdir. Qətnamədə bu maddənin tətbiqinə dair hüquqi qiymətləndirmə aparılmamış, işə bərpa hüququ əsassız yerə rədd edilmişdir. Göründüyü kimi məhkəmə işçinin verdiyi ərizəni avtomatik və könüllü iradə ifadəsi kimi qəbul etmiş, onun iradəsinin sərbəst, təzyiqsiz, aydın və qəti olub olmamasını araşdırmadan müqaviləyə xitamı qanuni saymışdır. Halbuki, əqdlərin, o cümlədən əmək müqavilələrinin birtərəfli ləğvi yalnız real və sərbəst iradə ifadəsi əsasında mümkün ola bilər. İşçi isə həmin gün anketdə narazılığını bildirmiş, cəmi iki gün sonra ölkə başçısına şikayət etmiş və bu hal onun iradəsinin könüllü olmadığını göstərir. Əgər işçi real olaraq işdən çıxmaq istəyirdisə, bu qədər qısa müddətdə müxtəlif qurumlara müraciət etməsi məntiqsiz və həyatın normal gedişinə ziddir. Deməli, məcburiyyət, təzyiq və ya təşviqlə verilmiş iradə ifadəsi hüquqi nəticə doğura bilməz. Məhkəmə bu qiymətləndirməni aparmadan, ərizəni mexaniki olaraq hüquqi əsas kimi qəbul etmişdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin həqiqi məzmunu təkcə yazılı sözlərə deyil, ağlabatan mühakiməyə əsasən müəyyən olunmalıdır. İşçinin iradəsinin doğrudan da işdən çıxmağa yönəlib-yönəlmədiyini aydınlaşdırmaq üçün məhkəmə onun davranışını, sonrakı müraciətlərini, təzyiq və ya məcburiyyət olub-olmadığını araşdırmalı idi. Lakin məhkəmə bu normanı nə tətbiq etmiş, nə də onun tətbiq edilməməsini əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı tələbində eləcə də apellyasiya şikayətində cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını göstərmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddianın faktiki halları Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı işdən çıxma ilə bağlı 19 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək ərizəsində həmin tarixdə də işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən də onu iddiaçının təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 19 noyabr 2024-cü il tarixdə işdən azad etmişdir. İddiaçı iddia tələbini eləcə də, apellyasiya şikayətini əsaslandırarkən, ona ərizə yazıılmasına psixoloji təsir edilməsini bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal da müəyyən edilmir. Ümumiyyətlə, kollegiya qeyd edir ki, işin araşdırılmış halları baxımından işəgötürən tərəfindən məhz qeyd olunanlar ilə bağlı ona qarşı qərəzlilik nümayiş etdirilməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd hər hansı bir hərəkət olmamışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətində işçinin verdiyi ərizəni avtomatik və könüllü iradə ifadəsi kimi qəbul etməsi, onun iradəsinin sərbəst, təzyiqsiz, aydın və qəti olub-olmamasını araşdırmadan müqaviləyə xitamının qanuni saymasını, iddiaçının həmin halların əsası kimi həmin gün anketdə narazılıq bildirməsinə, cəmi iki gün sonra ölkə başçısına şikayət etməsinə istinad etməklə bu halın onun iradəsinin könüllü olmadığını göstərməsi dəlillərinə qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinə əsasən, işçi öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazdıqda, bu qərar onun şəxsi iradəsi kimi qəbul edilir. Lakin əgər işçi iddia edirsə ki, bu qərarı psixoloji təzyiq altında verib, o zaman bunu sübut etmək üçün konkret faktlar və şahidlər lazımdır. Sübutlar olmadığı halda, işəgötürən ərizəni etibarlı hesab edə bilər və işçinin işdən çıxmasını qanuni şəkildə həyata keçirə bilər. Hazırki vəziyyətdə isə iddiaçı ərizə yazdıqdan sonra narazılığını bildirməklə şikayətlər etməsini bildirsə də, həmin hallar iddiaçının işdən çıxma barədə ərizəsi yazılan zaman onun iradə ifadəsinin zədələnməsi üçün əsas olmamışdır. Bundan başqa iddiaçı qanunsuz göstərişlərə əməl etmədiyi üçün qəsdən boşdayanmaya məcbur edilərək ondan əvəz çıxılmasına məruz qalmasını bildirsə də, bu halda da mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə qeyd edilən dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamış, onun barəsində əmr verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin göstərişlərinin pozulması işin faktiki halları ilə müəyyən edilməmişdir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-584/2025 saylı, 19 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə