Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3424/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “xxxx” MMC-nin Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Cavabdeh qarşı “əmlakın əvəzləşdirilməsi və sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehin ünvanı Nəsimi rayonu, M. Rəfili küçəsi ev 19, mənzil 18 göstərildiyi halda, bunu təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, nə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısının sadalandığı Mülki Prosessual Məcəllənin 150-ci maddəsində cavabdehin yaşayış yerindən arayışın bu sənədlər arasında yer almalı olduğu, nə də iddia ərizəsinin geri qaytarılması institutunu tənzimləyən 152-ci maddədə bu cür arayışın olmamasının ərizənin geri qaytarılmasına əsas təşkil etdiyi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsi, işdə iştirak edən şəxslərin adlarının və onların poçt ünvanlarının iddia ərizəsində göstərilməli olmasını tələb edir; iddiaçı isə cavabdehin yaşayış yerinin məhz Nəsimi rayonunda yerləşdiyi və onun həmin ərazidə yerləşən mənzildən çıxarılmalı olduğunu irəli sürməklə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardığı zaman prosessual qanunvericiliyin tələbini pozmuş və əsassız nəticəyə gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı, cavabdeh qismində göstərdiyi şəxsə aid mənzilin Nəsimi rayonu ərazisində yerləşdiyinə dair MKİS tərəfindən verilən arayışı ərizəsinə əlavə etmişdir; hansı ki, cavabdehin həmin mənzildən çıxarılması və oranın sökülməsi tələb olunmaqdadır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5953/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3424/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3424/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver