Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3424/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «evə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6720/2022 saylı, 28 dekabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı yaşayış və qeydiyyatda olduğu yer Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndidir.
2. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində qeydiyyatdadır.
3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 198 nömrəli xx.xx.2022-ci il tarixli məktubda Cavabdeh Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində qeydiyyatsız yaşadığı göstərilmişdir.
4. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiada göstərilir ki, 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ailə qurduqdan sonra Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evdə yaşamağa başlamışlar. Həmin vaxt ev yararsız vəziyyətdə olduğundan, o, öz şəxsi vəsaiti hesabına təxminən 10.000 manat sərf etməklə həmin evi yaşamaq üçün yararlı vəziyyətə gətirərək, cavabdehlə birgə həmin ünvanda yaşamışdır. Lakin sonradan cavabdehin birinci nikahından olan övladlarının onların ailə işlərinə müdaxilə etməsi səbəbindən münasibətləri pozulmuşdur. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdehlə münasibətləri pozulduğu vaxtdan cavabdeh onu birgə yaşadıqları evə buraxmır və yalnız məhkəmə qaydasında köçürülmə olduqdan sonra ona evdə yaşamağa icazə verəcəyini bildirir. Ona məxsus bütün cehiz və digər əmlakları həmin evdə yerləşir. Onun yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mübahisləndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mövcuddur və cavabdehlə eyni əsaslarla onun həmin evdə yaşamaq hüququ vardır. Heç yerdə işləmədiyindən başqa evdə kirayə yaşamağa maddi imkanı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6720/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evə köçürülməsi və məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evdə yaşamışdır. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu Əhməd Cavad küçəsində yerləşən ünvansız evə köçürülməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə iddiaçının nə subyektiv hüququnu düzgün araşdırmış, nədə onun tələbinin əsasını təşkil edən fərdi yaşayış evinin varlığını və ona məxsus olmasını araşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində yalnız şəxsiyyət vəsiqəsi, Sabunçu RİHB-nın Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə istinad edərək ona məxsus özbaşına tikili olduğunu qeyd edərək iddianı təmin etmişdir. İddiaçının iddiasının yeganə danılmaz sübutu odur ki, həqiqətən də onlar nikaha daxil olmuş və sonradan nikahları pozulmuşdur. Onlar yalnız müəyyən bir müddət X1 məxsus evdə kirayə yaşamış, sonradan iddiaçı ilə ayrılmaları və ayağının birinin amputasiya olunmasından sonra təkbaşına yaşaya bilmədiyindən kirayədən çıxaraq oğlu ilə birlikdə Yasamal rayonu ərazisində başqa bir kirayə mənzildə yaşamağa başlamışlar. Mülkiyyətində olan mənzil də Yasamal rayonunda yerləşmişdir ki, həmin mənzil də əvvəlki nikahından olan həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş və həyat yoldaşının adına qeydiyyatdan keçmişdir. Həmin mənzildən başqa onun heç bir yerdə nə mənzili, nə fərdi yaşayış evi, nədə hər hansı bir özbaşına tikilisi olmamışdır. Lakin məhkəmə hər hansısa bir sübut olmadan iddianı təmin etmişdir. Cavabdehin iddia etdiyi fərdi yaşayış evi nə mövcud olmuş, nə ona məxsus olmuşdur. Qətnamədə qeyd edilən ünvanla kirayədə yaşadığı evin ünvanı belə düzgün deyil. Qətnamədə nəzərdə tutulan hər hansısa bir fərdi yaşayış evinə köçürülmə və ya onun iş üzrə cavabdeh və ya borclu qismində cəlb edilməsi isə onun hüquqlarını kobudca pozur. Belə ki, gələcəkdə qətnamənin icra ediləcəyi təqdirdə o, borclu kimi cəlb ediləcək ki, onun da hər hansısa evi olmadan qətnaməni icra etməsi mümkün deyil. Beləliklə, məhkəmə kobud pozuntuya yol verərək qanunsuz, əsassız, ədalətsiz və icra edilməsində qeyri-müəyyənlik yaradan qətnamə qəbul etmişdir. İddiaçı öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Məhkəmə isə sübutlara obyektiv və hərtərəfli baxmamış, qərəzli qətnamə qəbul etmişdir. Belə ki, MPM-in tələbinə əsasən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fərdi yaşayış evinin ona məxsus olmasını və həmin evə dair subyektiv hüququnu sübut edə bilmədiyi halda məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasda tədqiq olunmuş heç bir sübut olmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipinin tələblərini pozaraq onun iştirakını təmin etməmişdir. Belə ki, qeydiyyat ünvanı bəlli olduğu təqdirdə qeydiyyat ünvanına bildiriş göndərilməmiş və çəkişmə prinsipi pozulmuşdur. Bir müddət kirayədə yaşadığı X1 məxsus evə iddiaçının köçürülməsini təmin edən məhkəmə hansı əsasla onu cavabdeh qoyduğunu sübut edə bilməmişdir. İddiaçının iddia tələbində göstərdiyi halların heç biri sübut edilmədiyi təqdirdə məhkəmə buna əhəmiyyət verməmiş, işin faktiki və hüquqi hallarına zidd qətnamə qəbul etmişdir. Belə ki, qeyd etdiyi kimi köçürülməli olduğu iddia edilən fərdi yaşayış evinin mövcudluğu, ona məxsusluğu və iddiaçının həmin mənzilə köçərək o mənzildə təmir tikinti işləri apardığı və ya ona xərc cəkdiyi sübut edilmədiyi halda məhkəmə iddianı əsassız təmin etmişdir. Məhkəmə köçürülmə tələbini təmin etməsinə baxmayaraq, köçürülməli olan fərdi yaşayış evinin mövcudluğunu və kimə məxsus olduğunu sübut edə bilməmiş və iddianı təmin etməkdə səhv qənaətə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13."Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:
Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14.Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 58.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:
Maddə 2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
18 Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
24. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmırdı. 25.Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunmuşdur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. 26.İddiaçı cavabdehin keçmiş ikinci nikahdan olan arvadı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş əri olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan evə 2017-ci ildə köçərkən həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarınin tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında ər-arvad münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırki mənzilə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi də mümkün olmazdı.
27. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, apellyasiya baxışı zamanı da iddiaçının köçmək istədiyi evdə artıq bir neçə ildir ki, yaşamadığı və başqa ünvanda yaşadığı təsdiq olunmuşdur. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.
28. İddia ərizəsindən və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatların məzmunundan bəlli olur ki, əslində iddiaçının məqsədi evə köçmək olmamışdır. Çünki, iddia ərizəsində də göstərir ki, köçmək istədiyi ev,... yararsız vəziyyətdə olduğundan, o, öz şəxsi vəsaiti hesabına təxminən 10.000 manat sərf etməklə həmin evi yaşamaq üçün yararlı vəziyyətə gətirərək, cavabdehlə birgə həmin ünvanda yaşamış, lakin sonradan cavabdehin birinci nikahından olan övladlarının onların ailə işlərinə müdaxilə etməsi səbəbindən münasibətləri pozulmuşdur. Cavabdeh isə əksinə iddiaçının evə köçərkən tam yararlı vəziyyətdə olduğu, nikah dövründə heç bir xərc çəkmədiyini, əksinə iddiaçı evdən çıxarkən oranı tam yararsız hala saldığını və evdə olan bütün əşyaları sökərək apardığını bildirmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa da iddiaçının məqsədi heç də mübahisəli evə köçmək olmamış, yalnız özbaşına tikili olan evdən “pay” almaq məqsədinə nail olmaq üçün cavbdeh olan keçmiş ərinə təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli evə köçürülməsini tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Məhkəmə isə müəyyən edilmiş bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
29. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş ər-arvad olsalar da onlar arasında, eləcə də cavabdehin birinci nikahından olan övladları arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda cavabdehin və onun birinci nikahından olan övladlarının sahibliyində və istifadəsindədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmamışdır.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6720/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6720/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.