Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3425/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-230/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Cavabdeh özünə məxsus **-FT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350” markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində yolnəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-MN-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur.
2. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər X9 İdarəsi tərəfibdən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
3. “Euro Style LTD” tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-MN-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8.067,65 manat müəyyən edilmiş, sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir.
4. Hazırda Cavabdeh qalan sığorta məbləği olan 3067,65 manat məbləğində vəsaiti "xxxx" ASC-yə ödəməkdən yayınır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 3.067,65 (üç min altmış yeddi manat altmış beş qəpik) manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh məxsus **-FT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-MN-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. “Euro Style LTD” tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-MN-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 8.067,65 (səkkiz min altmış yeddi manat altmış beş qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 8.067,65 (səkkiz min altmış yeddi manat altmış beş qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5.000,00 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya 3.067,65 (üç min altmış yeddi manat altmış beş qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-230/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov), iddia tələbinin təmin edilməsi, Cavabdeh 3.067 (üç min altmış yeddi) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq X2, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 3.067.65 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8071 saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən avtomobilə dəymiş zərər 8.912 manat müəyyən edilsə də (8.912-5000=3912), iddia, iddia tələbində irəli sürülmüş tələb həcmində, yəni 3.067.65 manat pul vəsaitinə münasibətdə təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3067 (üç min altmış yeddi) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 936.1, 936.2, 1096, 1097.1, 1108.1, 1114.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsasızdır. İddiaçı "xxxx" ASC sığortaladığı “Volswagen Polo sedan” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirib qüsur aktı tərtib edərkən qəsdən onun iştirakını təmin etməyərək mübahisəli maşının qəza vaxtı təmirə ehtiyacı olmayan hissələrini də qüsur aktına əlavə edərək yüksək məbləğdə, yəni 8.067,65 manat məbləğində sığorta odənişi hesablamışlar. "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktı ilə razı deyil, ona görədə hadisə vaxtı inzibati iş materialında olan video çəkiliş və şəkillərə görə ekspertiza keçrilməsini istəyir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
15. Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh və onun vəkili Nümayəndə2 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun vəkili Nümayəndə2 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
24. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
32. Maddə 1114.1. Başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu:
33. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
34. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
45. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC sığortaladığı “Volswagen Polo sedan” markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirib qüsur aktı tərtib edərkən onun iştirakını təmin etməmiş, maşının qəza vaxtı təmirə ehtiyacı olmayan hissələrini də qüsur aktına əlavə edərək 8.067,65 manat məbləğində sığorta odənişi hesablamış, hadisə vaxtı inzibati iş materialında olan video çəkiliş və şəkillərə görə təkrar ekspertiza təyin edilərək ekspert rəyi alınmasını xahiş edir.
47. Məhkəmə kollegiyası Cavabdeh vəsatətinə əsasən kollegiyanın 2(103)-3425/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edərək müvafiq ekspert rəyı almışdır.
48. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4135-8/1448 saylı, 17 may 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə: Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtısaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə: Nəzəri hesablama yolu ilə, "xxxx" ASC-min xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “X7” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.912,0 manat müəyyən edilir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış ekspert rəyində və apelyasiya instansiyası məhkəməsində təyin edilərək alınmış ekspert rəyində dəymiş ziyanın məbləği və 8.912,0 manat müəyyən edilmişdir.
51. Odur ki, məhkənə kollegiyası dəymiş ziyanın yüksək məbləğdə göstərilməsi ilə bağlı Cavabdeh apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
52. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
53. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
54. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
55. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
56. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
58. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda iddiaçı "xxxx" ASC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 3.067,65 (üç min altmış yeddi manat altmış beş qəpik) manat təşkil edir.
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-230/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.