Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3433/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı RR Constructions” MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı ilk, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 və onların vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “Cavabdeh1 ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasından 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay kirayəyə görə kompensasiya ödənilməsi”nə dair ilk, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “25.000 manat zərər və 2.000.000 manat kompensasiya ödənilməsinə” dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-56/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi,yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761 nömrəli Torpaq icarə müqaviləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İddiaçı MMC-yə ayrılmış 4,32 ha torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgilər əlavə edilmişdir.
3. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 279.3 kv.m. təşkil edir. Fərdi yaşayış evinin yaşayış sahəsi 173.7 kv.m. yardımçı sahəsi 105.6 kv.m. təşkil edir. Fərdi yaşayış evi 2/6 hissədə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.
4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 362.4 kv.m., yaşayış sahəsi isə 173.7 kv.m. təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m., xarici parametrlər üzrə (çöldən çölə) sahəsi 180 kv.m.dir. Cavabdehlərin faktiki istifadəsində həyətyanı sahə 43.4 kv.m.dir.
6. “Məhkəmə ekspertizası xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə dəyəri isə 600 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İlk iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.000 manat zərər və 2.000.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-56/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillərin "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 manat məbləğində kirayəyə görə kompensasiyanın ödənilməsi, iş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsinin "xxxx" MMC-dən, 50 manat hissəsinin isə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim X7).
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. İddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir. Məhkəmə nəzərə almışdır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə İddiaçı MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Məhkəmə hesab emişdir ki, cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Müvafiq ərazi üzrə köhnə binaların tam sökülməsi, cavabdehlərin tam yararsız şəraitdə, şəhərsalma qaydalarına zidd formada həmin mənzildə yaşaması onun həyatı, sağlamlığı üçün təhlükədir. Nəzərə alınmalıdır ki, həmin ərazidə aparılan geniş tikinti işləri ilə əlaqədar bütün kommunikasiya (elektrik, qaz, su, piyada yolu, yol-nəqliyyat, kanalizasiya) xətləri məhv olmuşdur, cavabdehlərin yaşadığı ev infrastruktur baxımdan tam yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə təcrübəsi nəzərə alınmaqla aşağıda qeyd edilən hesablama, həmçinin cavabdehlərə məxsun mənzilin sahəsi daxili (içdən içə) parametrlər üzrə, yəni faktiki yaşayış sahəsi üzrə nəzərə alınır. Məhkəmə qeyd etmişdir ki, mövcud məhkəmə təcrübəsinə əsasən mənzilin sahəsi daxili parametrlər üzrə (içdən-içə) əsas götürülür. Odur ki, hesab edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi evinin çıxarış üzrə sahəsi 279.3 kv.m. təşkil edir. Fərdi yaşayış evi 2/6 hissədə, yəni 93.1 kv.m. sahə Cavabdeh1 xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m.dir. Deməli, 53.1 kv.m. hissə özbaşına tikilidir. Çıxarış üzrə 93.1 kv.m. sahənin 20% hissəsi 18.62. kv.m. təşkil edir. Yəni, hüquqi baxımdan cavabdehə ən azı 93.1 kv.m. + 18.62. kv.m. = 111.72 kv.m. sahəsi olan mənzil verilməlidir. Hüquqi baxımdan mülkiyyət hüququ qismindən nəzərə alınmaqla hesablanan 111.72 kv.m. sahənin üzərinə 53.1 kv.m. özbaşına tikili hissəsi toplandıqda 164.82 kv.m. sahə təşkil edir. İlkin iddia tələbi üzrə təklif olunan 4 otaqlı 1 ədəd yeni təmirli mənzilin ümumi sahəsi isə 175,80 kv.m. təşkil edir (10.98 kv.m. artıq sahə). Mənzilin ümumi sahəsinə uyğun olaraq 700 manat kirayə haqqının ödənilməsi ədalətli və proporsional hesab edilir. Nəzərə alınmalıdır ki, “Məhkəmə ekspertizası xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə dəyəri isə 600 manat təşkil edir. Mülkiyyətçi Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə istinad edərək bildirir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 362.4 kv.m., yaşayış sahəsi isə 173.7 kv.m. təşkil edir. Məhkəmə həmin sənəd üzrə qeyd edilən sahəni mötəbər hesab etmir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlar üzrə çıxarış mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı əsas sənəddir. Həmçinin çıxarış tarix olaraq istinad edilən xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsindən 7 il sonra qeydiyyata alınmışdır, yəni daha sonrakı və təkmil sənəddir. Bundan əlavə, məhkəmə cavabdehlərə məxsus fərdi yaşayış evinin sahəsini məhz faktiki sahə üzrə (hətta zirzəmi də daxil edilir) hesablayaraq nəzərə alır. İddia tələbi üzrə 25.000 manat vurulan zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən həmin fərdi yaşayış evinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev öz salamatlığını tam qorumuşdur. Analoji işlər üzrə həyata keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizaları nəticəsində həmin ərazidə yerləşən mənzillərin 1 kv.m. qiyməti təxminən 2600 manat dəyərində qiymətləndirilmişdir ki, həmin məbləğ üzrə kompensasiyanın hesablanması vətəndaşalara uyğun deyildir. Belə ki, təklif edilən təmirli mənzilin bazar qiyməti daha yüksək məbləğ təşkil edəcəkdir. İddia tələbi üzrə 25.000 manat vurulan zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən həmin fərdi yaşayış evinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev öz salamatlığını tam qorumuşdur. Analoji işlər üzrə həyata keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizaları nəticəsində həmin ərazidə yerləşən mənzillərin 1 kv.m. qiyməti təxminən 2600 manat dəyərində qiymətləndirilmişdir ki, həmin məbləğ üzrə kompensasiyanın hesablanması vətəndaşalara uyğun deyildir. Belə ki, təklif edilən təmirli mənzilin bazar qiyməti daha yüksək məbləğ təşkil edəcəkdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, 60-cı, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, 560.2-ci, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “X4 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tərəfindən birgə qaydada apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmununu qarşılıqlı iddia tələbinə uyğun əsaslandırmışlar əlavə olaraq göstərmişlər ki, qətnamədə sübut kimi istinad edilən məhkəməyə təqdim edilən evlərinin dəyərinin 263.000 manat dəyərləndirilməsi barədə ekspertizanın rəyi tamamilə əsassız bir rəydir. Ekspert tərəfindən həmin tarixdə evlərinə heç bir baxış keçirilməmiş, ekspert ilk iddiaçının istəyinə əsasən evi görmədən rəy verilmişdir. Belə bir rəy sübut kimi qiymətləndirilə bilməz. Evin dəyərinin müəyyən edilməsi barədə məhkəmə tərəfindən isə ekspertiza təyin edilsə də söküntü ərazisi olduğu üçün rəy verilməmişdir. MMC isə sərəncamdan öz istəklərinə uyğun istifadə edərək Cavabdeh1 zorla mülkiyyətçinin istəmədiyi halda heç bir təminatı və mövcud olmayan binadan sahəsi isə onun əmlakına münasibətdə çox az olan mənzil təklif edir. Binanın proyekti belə məhkəməyə təqdim edilməmişdir. MMC bu günədək mülkiyyətçi ilə razılığa gəlib onun əmlakının sahəsinə uyğun vəsaiti ödəmək barəsində düşünməmişdir və bu günədək də onun evinə qanunsuz müdaxilələri etməklə mükliyyət hüququnu kobud şəkildə pozmaqda davam edir. Mülkiyyətinə qarşı qanunazidd hərəkətləri ilə əmlakına qəsdən ziyan vurmaqdan evdə yaşayan sakinlərin həyatına təhlükədən belə çəkinmir. Evin divarları ilə məsafə saxlamadan qazıntı işləri apararaq qəza vəziyyəti yaradır. Bu üsulla zorla mülkiyyətçini mülkiyyət hüququndan məhrum etməyə çalışır.Hüquqdan sui istifadəni Cavabdeh1 deyil, məhz ilk iddiaçı edir. Cavabdeh1 məxsus əmlakınbir hissəsi ilk iddiaçı tərəfindən qanunsuz olaraq qəsdən dağıdılmışdır. Bu halı təsdiq edən foto şəkillər məhkəməyə təqdim edilmişdir.Həmçinin də məhkəmə yerli baxış zamanı həyətdə olan içərisində əşyalar olan bir otağın iddiaçı MMC tərəfindən uçurulmasınımüəyyən etmişdir.Lakin işə bu barədə protokol əlavə edilməmiş hətda qətnamədə həmin hissədə sübutun olmaması barədə mövqeyini bir cümlə ilə bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki,”RR Constructions” MMC qanunsuz hərəkətləri ilə XalidəSüleyman- ovanın mülkiyyət hüququna müdaxilə etməklə qanunla nəzərə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın bir hissəsinin dağıdılması evin digər hissəsini isə qəlalı vəziyyətə salmağa cəhdlər etməsi tamamilə qanunsuz olmuşdur. İddiaçı MMCbu yolla əmlakı zorla almağa çalışır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrişin hallarına uyğun deyildir.Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, onlar yaşadıqları fərdi yaşayış evi müasir tələblərə cavab verən əsaslı təmirli və yaşayış üçün tam yararlı olsa da iddiaçı MMC-yə ilk gündən bildirmişlər ki, onlar yeni inşa ediləcək çoxmənzilli evdən mənzil istəmirlər. Həmişə fərdi evdə yaşamışlar, bina evində yaşamaq onların həyat tərzinə uyğun deyildir. Xüsusilə də 78 yaşlı mülkiyyətçi Cavabdeh1 bir çox xəstəliklərdən əziyyət çəkir. O ancaq həyat evində yaşaya bilər. Odur ki, evlərinin əraziyə uyğun bazar dəyəri ilə pulunu ödəsinlər, onlar mənzili onlara təhvil verib köçək və əraziyə uyğun yerdən həyət evi alıb orada yaşasınlar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
ç) Proses iştirakçılarının izahatı
15. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar, eyni zamanda onların vəkili və nümayəndəsi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Nümayəndə və vəkil isə izahatına əlavə olaraq bildirmişdir ki, qarşı tərəflə aralarındakı mübahisənin həlli üçün 1.500000 manat versələr, onlarla razılıq əldə oluna bilər.
16. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatına əlavə olaraq bildirmişdir ki, qarşı tərəflə aralarındakı mübahisənin həlli üçün 500 min manat civarında təklif edə bilərlər. Qarşı tərəfin irəli sürdüyü təkliflə isə razılaşmırlar.
d) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 48. İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. İİ. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İİİ. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. İV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə ilk tələbi iddia rədd edilməlidir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
26. Hazırkı iddia tələbinə görə iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamına əsaslanmaqla cavadeh Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsini tələb edir. Cavabdeh bununla razılaşmır, iddiaya etiraz edir.
27. Apellyasiya icraatı zamanı əldə edilmiş “Mərkəzi Ekspertiza Bürosu” MMC-nin hesabatına əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə hazırda tikilən və mövcud olan yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin real olaraq satış qiyməti 3000 manat, ünvan 1 ünvanında Cavabdeh1 mülkiyətində olan fərdi yaşayış evinin faktiki sahəsi nəzərə alınmaqla real bazar dəyəri 378,800 manat təşkil edir.
28. Rayon məhkəməsi iddia tələbini təmin edərkən, Cavabdeh1 məxsus mənzilinə yaxın ərazidə hal-hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparılmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə almışdır.
29. Məhkəmə aşağıdakılara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 29 yanvar 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, özgəninkiləşdirmə tədbiri 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olması üçün 3 şərtə cavab verməlidir: o, “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməlidir (bu, dövlət orqanları tərəfindən hər hansı özbaşına hərəkətə yol verilməsini istisna edir), “ictimai maraqlara” cavab verməlidir və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır.
31. Məhkəmə birinci şərtlə bağlı təkrar edir ki, 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir.
32. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
33. Mülki Məcəllənin isə 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
34. Azərbaycan Rüspublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanı ilə Mülki Məcəllənin 157.9 və 246.1-ci maddələrində göstərilən "müvafiq icra hakimiyyəti orqanı" kimi Nazirlər Kabineti müəyyən edilmişdir.
35. Göründüyü kimi, Qanunda tərəfin iradəsinə zidd olaraq mülkiyyətə müdaxilənin yalnız dövlət ehtiyacları üçün olduğu halda və həm də ancaq Nazirlər Kabinetinin müvafiq qərarı əsasında mümkünlüyü nəzərdə tutulmuşdur.
36. Dövlət orqanları və ya yerli özünüidarəçilik orqanları qanunda nəzərdə tutulan hallarla əlaqədar vətəndaşa mülkiyyət hüququ əsasında məxsus olan əmlakın götürülməsi və ya həmin şəxsin hüquqlarının məhdudlaşdırılması barədə qərar qəbul etdikləri zaman aşağıdakı halları nəzərə almalıdırlar: 1. şəxsə mülkiyyət hüququ əsasında mənsub olan əmlakın götürülməsi barədə qərarın qanuniliyi; 2. mülkiyyətçinin səlahiyyətlərini həyata keçirilməsinin məhdudlaşdırılmasının qanuniliyi, həmin məhdudiyyətlər ağlabatan müddətdə davam etməlidir; 3. götürülmüş əmlaka görə təklif olunan konpensasiyanın adekvatlığı, onun götürülmüş əmlakın -bazar dəyərinə uyğunluğu.
37. Hazırkı halda cavabdehin mülkiyyətinin məcburi özgəninkiləşdirilməsi tələbi dövlət ehtiyacları ilə bağlı deyil. Həmçinin iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamına əsaslanır, halbuki Qanunla Bakı şəhəri İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan əmlakı məcburi özgəninkiləşdirmək səlahiyyəti yoxdur. Həmin sərəncam cavabdehin mülkiyyətinin məcburi özgəninkiləşdirilməsi və ya onun razılığı olmadan sökülməsi üçün hüquqi əsas hesab oluna bilməz.
38. Odur ki, çoxmənzilli yaşayış binalarına münasibətdə oturuşmuş məhkəmə praktikasından fərqli olaraq, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi yalnız onunla qarşılıqlı razılıq əldə olunduğu halda mümkündür. Hazırkı işdə isə tərəflər arasında belə bir razılaşma əldə olunmamışdır. Belə olan halda isə müəyyən olunur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
39. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri baxımından iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ilk iddia tələbi təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-56/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İlk iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin alınmasına sərf edilmiş 300 manat məbləğində pul İddiaçı MMCdən tutularaq Mərkəzi Ekspertiza Bürosunun (benefisiarın bankı: Rabitəbank, filialın kodu: 502155 Bankın VÖENi: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab AZ61NABZ********************, benefisiarın hesabı AZ26RBTA********************,benefisiarın VÖENi: **********) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.