Məhkəmə qərarları › İş №2(103)-3434/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3434/2022

25.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3434/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş №2(011)-7106/21) iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Atası Cavabdeh4 və ailə üzvləri ilə yaxın münasibətdə olduğu üçün ona məxsus olan evi müvəqqəti olaraq onların istifadəsinə vermişdir. Atası onlara bildirəndə ki, evi təhvil versinlər, cavabdehlər evdən çıxmaq istəmirlər, heç bir kirayə pulu vermirlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili 2007ci ildə ipoteka ilə almış, iddiaçının atasının ona maddi kömək etməsinə görə onu arxayın etmək üçün mənzili iddiaçının adına rəsmiləşdirmişdir Pandemiya ilə bağlı borcunu verə bilməyib, vaxt verilərsə borcunu ödəyə bilər. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərə alınmalıdır ki, qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu baxımdan məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbini əsaslandırarkən mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad etmişdir. Həmin çıxarışda 48,61 kvm ümüumi sahəsi olan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun 04.02.2019-cu il tarixdə qeydə alındığı göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş, mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apelyator tərəflər arasında borc münasibətlərinin olduğunu və mənzilin bu məqsədlə iddiaçının adına rəsmiləşdirilməsini göstərdə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, o, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında da iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun legitimliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığından onun mülkiyyət hüququ müdafiə olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarnın və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar