Məhkəmə qərarları › İş №2(103)-3435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3435/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3435/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh və 3-cü şəxsin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 2317/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X6 bina 4, giriş 119, mərtəbə 5, mənzil 2, 4 otaqdan ibarət mənzildən onun və üç övladının istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-2317/20) iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2002-ci ildə Gəncə şəhəri «Nikah Evində» rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Rəsmi nikahları pozulmamış, lakin Cavabdeh ilə faktiki ayrılaraq, ayrı yaşayırlar. Birgə nikahdan üç övladları xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Təzə ailə qurduqları vaxtlarda Cavabdeh ilə münasibətləri normal olsa da, lakin bir qədər vaxt keçdikdən sonra, ona qarşı münasibəti pis şəkildə dəyişmişdir. Onun hərəkətlərindən bezərək övladlarının psixologiyası korlanmasın deyə üç övladları ilə birlikdə valideyninin evinə sığınmışdır. Belə ki, hazırda Dövlət tərəfindən hərbi qulluqçulara verilmiş evdə uşaqları ilə birlikdə yaşayır. Cavabdeh bir bəhanə ilə gələrək hər hansı geyim əşyasını götürmək və ya dəyişmək adı ilə yalan bəhanələrlə gələrək onu vəhşicəsinə döyüb təhqir etdikdən sonra çıxıb gedir. İki qız övladı olduğu üçün utanmış və bu səbəbdən də problem yaratmamışdır. Cavabdeh bu günə kimi övladlarına qarşı bir ata olaraq nə maddi, nə mənəvi valideyn vəzifələrini yerinə yetirməmişdir və yüngül həyat tərzi keçirtməkdədir. Hazırda Cavabdeh onu və 3 uşaqlarını evdən çıxartmaqla hədələyir, tələb edir ki, evdən çıxsınlar. Dövlət tərəfindən Bakı şəhəri Suraxanı rayonu X6 bina 4 giriş 119 mərtəbə 5 mənzil 2, 4 otaqdan ibarət ev dövlət vəsaiti hesabına onlara verilmişdir. Cavabdeh onu hədələyərək həmin evi satacağını və onları bayırda qoyacağını bildirmişdir. Bu səbəbdən də, hazırkı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə müraciət etməli olmuşdir. Cavabdeh hər yerdə hər bir şəxslərin yanında özünü imkansız, hər kəsə borcu varmış kimi maddi vəziyyəti acınacaqlı bir insan kimi qələmə verir ki, 3 uşaqlarını bayırda qoysun. Cavabdeh iddia tələbinə etiraz edərək dövlət tərəfindən heç bir sosial mənzillə təmin olunmadığını, hazırda ünvan 1 ünvanında dörd nəfər ailə üzvü ilə birlikdə yaşadığını qeyd edərək məhkəmə iclasında iştirak imkanının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİİ-nin etibarnamə üzrə nümayəndəsi V.Mürsəlov bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün Cavabdeh adına tərtib edilmiş arayış-təqdimat sənədləşdirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Təqdimatda ailə üzvləri göstərilmişdir: həyat yoldaşı Allahverdiyeva (Yusifova) Pərvanə Ələddin qızı, qızı Fatimə- 2007-ci il təvəllüdlü, qızı Xeyransa-2009-cu il təvəllüdlü, oğlu Kamal-2012-ci il təvəllüdlü. Ehtiyatda olan mayor Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən yaradılmış komissiyanın xx xxxxxx 2019-cu il tarixli 18 nömrəli protokolu ilə Bakı şəhəri, X8 bina 4, giriş 119, mərtəbə 5, mənzil 2 ünvanında yerləşən 4 (dörd) otaqlı yaşayış sahəsi ayrılmışdır. Lakin, sonradan araşdırma nəticəsində Cavabdeh xidmət müddəti dövründə məhkum olunması faktı (qüsur) müəyyən edilmiş və bu məlumat xx xxxxx 2020-ci il tarixli məktubla sözügedən komissiyaya təqdim edilmişdir. Bakı şəhəri, X6 dövlət vəsaiti hesabına mənzil verilmiş, lakin sonradan xidmət müddəti dövründə məhkumlugu olmuş hərbi qulluqçuların barələrində mənzil komissiyası tərəfindən bu günədək yekun qərar qəbul edilmədiyindən, ehtiyatda olan mayor Cavabdeh ayrılmış, yuxarıda qeyd olunan ünvana dair hüquqmüəyyənedici sənədləşmə işləri aparılması dayandırılmışdır. Bununla əlaqədar olaraq qeyd edirik ki, Cavabdeh ilə alqısatqı müqaviləsi bağlanmamış və mülkiyyət hüququnun əldə edilməsinə dair reyestr xidmətində qeyd edilən ünvana onun adına çıxarış verilməmişdir. Müdafiə Nazirliyi hesab edir ki, mənzil komissiyası tərəfindən yekun qərar qəbul edilmədiyindən İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki işə baxıla bilməz. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məzmununa görə iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə evə verilən orderə hüquqi qiymət vermədən iddia tələbini rədd etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2015-ci ildə məhkum olunduğuna görə mübahisəli mənzil Müdafiə Nazirliyi tərəfindən ona verilməmişdir. O, hazırda ailəsi və uşaqları ilə birlikdə Gəncə şəhərində hərbi şəhərcikdə yaşayır. 3-cü şəxsin (Müdafiə Nazirliyi) nümayəndəsi də apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi və bir daha göstərdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən yaradılmış Komissiya cavabdehə mənzil ayrılması məsələsini müzakirə edərkən onun xidmət dövründə məhkum olunması faktını müəyyən etdiyindən həmin ünvana dair hüquqmüəyyənedici sənədləşmə işləri aparılmasını dayandırmış və bu günədək mənzil komissiyası tərəfindən həmin mənzillə bağlı yekun qərar qəbul olunmamışdır. Hazırkı vəziyyətdə mübahisəli mənzilə dair hər hansı hüquqmüəyyən edici sənəd yoxdur və mənzil dövlət mənzil fonduna aiddir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməy gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiyainstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və 3cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmuş və bu nikahdsan üç uşaqları olmuşdur: xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ehtiyatda olan hərbi qulluqşudur və rütbəsi mayordur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx xxxxxx 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci bəndinə əsasən yaradılmış Komissiyanın xx xxxxxx 2019-cu il tarixli 18 nömrəli protokolu ilə Bakı şəhəri, X8 bina 4, giriş 119, mərtəbə 5, mənzil 2 ünvanında yerləşən 4 (dörd) otaqlı yaşayış sahəsi ailə üzvləri nəzərə alınmaqla cavabdehə ayrılmış, lakin, sonradan araşdırma nəticəsində Cavabdeh xidmət dövründə məhkum olunması faktı (qüsur) müəyyən edildiyindən həmin ünvana dair hüquqmüəyyənedici sənədləşmə işləri aparılması dayandırılmış və bu günədək mənzil komissiyası tərəfindən həmin mənzillə bağlı yekun qərar qəbul olunmamışdır. Hazırkı vəziyyətdə mübahisəli mənzilə dair hər hansı hüquqmüəyyən edici sənəd yoxdur və mənzil dövlət mənzil fonduna aiddir. İddiaçının tələbi uşaqları ilə birlikdə mənzilə köçürülməsi və istifadə hüququnun tanınması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun mövcud olubolmamasını müəyyən etmək mümkün olmadığından, bununla bağlı mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, 92-ci maddələrinə və s. normalara istinad etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları və apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nəzərinə çatdırır ki, gələcəkdə Mənzil Komissiyası tərəfindən cavabdehə yaşayış sahəsi verilərsə və həmin yaşayış sahəsi ilə bağlı mübahisə yaranarsa o, cavabdehə qarşı eyni tələblə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar