Məhkəmə qərarları › İş №2(103)-3435/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3435/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3435/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(009)-6391/2025 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardadlarından iddiaçı “AAA” Vəkil Bürosunun verdiyi şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “AAA” Vəkil Bürosu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Hər iki cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil həmin qətnamədən hər MMC-nin adından ayrı-ayrılıqda apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizələr vermişdir. Hər iki cavabdeh MMC-nin birgə vəkili (nümayəndə) Vəkil ərizələri onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə ona rəsmi olaraq təqdim edilməmişdir. Buna baxmayaraq o, qətnamə ilə xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Cavabdeh MMC-lər tərəfindən ayrı-ayrılıqda verilmiş “prosessual müddətin bərpa edilməsi barədə” ərizələrə baxmış Rayon Məhkəməsi iş üzrə xx.xx.2025-ci il tarixdə qəbul etdiyi qərardadlar (cəmi 2 qərardad) ilə ərizələrin təmin edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin hər bir cavabdehə münasibətdə bərpa edilməsini və onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qəbul edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi hər iki qərardadını onunla əsaslandırmışdır ki, vəkil ilə MMC-lər arasında xx.xx.2025-ci il tarixdə ayrı-ayrılıqda “Hüquqi yardımın göstərilməsi barədə müqavilələr” bağlanmış və yalnız bundan sonra vəkilin (nümayəndənin) MMC-lərin adından apellyasiya şikayətləri vermək səlahiyyəti yaranmış və o, xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətləri vermişdir. Qeyd edilən bu hallar isə buraxılmış prosessual müddətin bərpası üçün əsasdır. İddiaçı “AAA” Vəkil Bürosunun nümayəndəsi Nümayəndə hər iki qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadların ləğv edilməsini, cavabdeh MMC-lər tərəfindən ayrı-ayrılıqda verilmiş hər iki “prosessual müddətin bərpa edilməsi barədə” ərizələrin təmin edilməməsini və onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qaytarılmasını xahiş etmişdir. Hər iki şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə xx.xx.2025-ci il tarixdə "xxxx" İnformasiya Sistemində cavabdeh MMC-lərin və onların birgə vəkili (nümayəndəsi) Vəkil elektron kabinetlərinə yerləşdirilməklə, MMC-lərə və onların birgə vəkili (nümayəndəsi) Vəkil rəsmi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələbləri nəzərə alındıqdamüəyyən edilir ki, apellyasiya şikayətlərinin verilməsi üçün sonuncu tarix xx.xx.2025-ci il olmuşdur. Lakin hər iki MMC-nin birgə vəkili (nümayəndəsi) təmsil etdiyi MMC-lərin adından apellyasiya şikayətlərini xx.xx.2025-ci il tarixdə, yəni müddət bitdikdən sonra vermişdir. MMC-lər tərəfindən “prosessual müddətin bərpa edilməsi barədə” ərizələrin verilməsi də özü-özlüyündə bu halı təsdiq edir. Müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsi MMC-lər tərəfindən əsaslandırlmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadlarla (cəmi 2 qərardad) şikayətlərin təmin edilməməsini və baxılması üçün şikayətlərin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətlər üzrə apellyasiya baxışının yazılı icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlərə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, barəsində şikayət verilmiş qərardadlar ləğv edilməli və “prosessual müddətin bərpası barədə” ərizələr təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən iş üzrə tərəflər qətnamə onlara rəsmi qaydada verildikdən sonra 1 ay müddətində və bir qayda olaraq "xxxx" İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti verə bilərlər (maddələr 10-1.2., 233.1. və 360.). Prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3.). Qeyd edilən müddət keçdikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.3.). Məhkəmə, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır və 1 ayın tamamında bitir. "xxxx" İnformasiya Sistemindən götürülmüş və iş materiallarına əlavə edilmiş “çıxarışlardan” görünür ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə xx.xx.2025-ci il tarixdə "xxxx" İnformasiya Sistemində cavabdeh MMC-lərin və onların birgə vəkili (nümayəndəsi) Vəkil elektron kabinetlərinə yerləşdirilməklə, MMC-lərə və onların birgə vəkili (nümayəndəsi) Vəkil rəsmi təqdim edilmişdir (bax: iş v. 81-83). İşdə olan xx.xx.2025-ci il tarixli “Vəkil orderindən” (bax: iş v. 53) görünür ki, hüquqi yardım göstərilən şəxs – Cavabdeh2 MMC ilə Vəkil arasında “Hüquqi yardımın göstərilməsi barədə müqavilə” xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Cavabdeh2 MMC tərəfindən Vəkil 1 il müddətinə verilmiş xx.xx.2004-cü il tarixli etibarnamədən (bax: iş v. 54) görünür ki, Cavabdeh2 MMC, MPM-in 74-cü maddəsində nəzərdə tutulmuş bütün hüquqlarının həyata keçirilməsini, o cümlədən məhkəmə qərarlarından apellyaiysa şikayətinin verilməsindən ibarət hüququn həyata keçirlməsini xx.xx.2025-ci il tarixədək Vəkil etibar etmişdir. xx.xx.2025-ci il tarixli “Vəkil orderindən” (bax: iş v. 51) görünür ki, hüquqi yardım göstərilən şəxs – Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC ilə Vəkil arasında “Hüquqi yardımın göstərilməsi barədə müqavilə” xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC tərəfindən Vəkil 2 il müddətinə verilmiş xx.xx.2004-cü il tarixli etibarnamədən (bax: iş v. 52) görünür ki, Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC, MPM-in 74-cü maddəsində nəzərdə tutulmuş bütün hüquqlarının həyata keçirilməsini, o cümlədən məhkəmə qərarlarından apellyaiysa şikayətinin verilməsindən ibarət hüququn həyata keçirlməsini xx.xx.2025-ci il tarixədək Vəkil etibar etmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, hər iki MMC-nin vəkili (nümayəndəsi) olan Vəkil hazırkı iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur. Vəkilin (nümayəndənin) birinci instansiya məhkəməsində səlahiyyəti iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından şikayətin verilməsi ilə bitmiş hesab edilir. Bununla yanaşı Məhkəmə bildirir ki, hər iki MMC ilə Vəkil arasında ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixdə yeni “Hüquqi yardımın göstərilməsi barədə müqavilələrin” bağlanması prosessual müddətin üzürlü səbəbdən buraxılmış kimi qiymətləndirilməsi və buraxılmış prosessual müddətin bərpası üçün əsas yaratmır. Bundan başqa Məhkəmə bildirir ki, hər iki cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil ayrı-ayrılıqda verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizələrdə göstərilənlər də, prosessual müddətin üzürlü səbəbdən buraxılmış kimi qiymətləndirilməsi və buraxılmış prosessual müddətin bərpası üçün əsas yaratmır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə xx.xx.2025-ci il tarixdə "xxxx" İnformasiya Sistemində cavabdeh MMC-lərin və onların birgə vəkili (nümayəndəsi) Vəkil elektron kabinetlərinə yerləşdirilməklə, onlara rəsmi təqdim edilmiş hesab edilir. Bundan sonra qətnamə ilə onların tanış olub-olmaması onların hüququdur. Bu hüquqdan onların istifadə etməməsi və ya vaxtında istifadə etməməsi, müzakirə edilən məsələnin həlli baxımından hüquqdan sui-istifadə kimi qiymətləndirılməlidir. Hüquqdan sui-istifadəyə isə yol verilmir. Göründüyü kimi, MMC-lərin birgə vəkili (nümayəndə) tərəfindən ayrı-ayrılıqda verdiyi “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” hər 2 ərizə əsassızıdır. Rayon Məhkəməsi həmin ərizələri əsaslı hesab etməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə iş üzrə qəbul etdiyi hər 2 qərardad əsassızdır. Həmin qərardadlardan iddiaçının verdiyi hər 2 şikayət əsaslıdır. MPM-in 398.0.3-cü maddəsinə gərə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının verdiyi hər 2 şikayət təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi hər 2 qərardad ləğv edilməli, həll edilməli olan məsələ həll edilməli, cavabdeh MMC-lərin adından ayrı-ayrılıqda verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” hər 2 ərizə təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi MPM-in 361.1.3-cü maddəsinin tələbinin mənasına görə məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktından şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət keçdikdə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdeh MMC-lər tərəfindən verilmiş apellyasiya şikayətlərinin qaytarılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 397, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı “AAA” Vəkil Bürosunun hər iki şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli hər iki qərardad ləğv edilsin və hazırkı iş üzrə həll edilməli olan məsələ həll edilsin. Cavabdehlər Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC-nin və Cavabdeh2 MMC-nin birgə vəkili (nümayəndə) Vəkil verdiyi “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” hər iki ərizə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 Birgə Azərbaycan İngiltərə MMC-nin və Cavabdeh2 MMC-nin birgə vəkili (nümayəndə) Vəkil hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qəbul etdiyi 14 mart 2025-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin qaytarılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar