Məhkəmə qərarları › İş №2(103)-3436/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3436/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3436/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-də işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını 27 dekabr 2022-ci il tarixdə cavabdehdən götürmüşdür. İşdən azad olunmağına səbəb kimi 21 oktyabr 2022-ci il tarixdə “Emporium Man” mağazasında xəzinədar vəzifəsində çalışarkən kassa əməliyyatları zamanı baş vermiş nöqsan göstərilmişdir. Halbuki faktiki olaraq heç kimə heç bir ziyan dəyməmişdir, sadəcə texniki prosedurlara düzgün əməl olunmamışdır. İddiaçı hesab edir ki, işdən azad olunmağı qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(009)- 665/2023 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 10 noyabr 2022- ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, qanunvericiliyin tələblərinin pozulmaması, iddiaçı tərəfindən gəlir əldə etmək məqsədi ilə, vəzifəsindən və etimaddan sui-istifadə edərək, kassa əməliyyatlarını pozaraq, 2022-ci ilin yanvar-iyul aylarında mütəmadi olaraq alıcıların satılmış mallara görə nağd ödədikləri pulları özünə götürərək, sonradan malların dəyərini özünə məxsus bank kartı vasitəsilə ödəməsi, nəticədə 48330 manat məbləğində hesablaşma apararaq, 966,58 manat məbləğində "xxxx" əldə etməsi, nagd ödənişlərdən fərqli olaraq post terminal vasitəsilə ödənilən məbləğlərə görə bank tərəfindən MMC-dən 1,5 faiz həddində xidmət haqqının da tutulması, xidimət haqqı olaraq 724,84 manat pul ödənilməsi, MMC-yə ziyan dəyməsi, iddiaçının izahatında bu halları etiraf etməsi, məqsədinin "xxxx"-dən gəlir əldə etmək olmasını göstərməsi, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddiaçının qeyd olunan qanunsuz əməlləri nəticəsində cavabdehə ziyan vurmasının sübut olunması, lakin məhkəmənin bu halları nəzərə almaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə xəzinədar kimi həm də maddi məsul şəxs kimi də müqavilə bağlanmışdır. Alıcılar tərəfindən nağd olaraq ödənilmiş pullar cavabdehin mülkiyyəti sayılır və iddiaçı xəzinədar kimi həmin pulları xəzinəyə mədaxil etməli, ondan öz məqsədləri üçün istifadə etməməli idi. İddiaçı isə həmin pulları xəzinədən (mağazadan) kənara çıxarmış, onları özünə məxsus olan bank kartına mədaxil etmiş və ödənişi sonradan kart vasitəsilə həyata keçirmişdir. Nəticədə, iddiaçı həm qanunsuz olaraq "xxxx" əldə etmiş, eyni zamanda həmin əməliyyatlara görə bank tərəfindən 1,5 faiz xidmət haqqı tutulmuşdur. İddiaçı etdiyi əməlləri həm izahatında, həm də məhkəmə araşdırması zamanı təsdiq etmişdir. Birinci instansiya məhkəməsi isə sübutlara düzgün qiymət verməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının da təklifinə əsasən mübahisəni barışıq yolu həll etmək niyyətindədirlər. Bunun üçün cavabdeh öz əmrini ləğv edərək, iddiaçını öz xahişi ilə işdən azad etməyi üzərinə götürə bilər, lakin iddiaçı əlavə olaraq onlardan pul da tələb edir. Bu səbəbdən də razılıq əldə olunmayıb. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsini, tam maddi məsuliyyət haqqında müqaviləni və s. zəruri sənədlərin təqdim olunmasını təklif etmədiyindən həmin sənədləri təqdim etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən müştərilər tərəfindən nağd ödənilmiş pulları xəzinəyə qoymadan, mağazadan kənara çıxararaq müvafiq aparatlar vasitəsilə özünə məxsus bank kartına mədaxil etmiş, sonradan kart vasitəsilə malların dəyərini ödəmiş, beləliklə "xxxx" qazanmışdır. Sonradan bunun üstü açılmış, o MMC-yə dəymiş ziyanı könüllü ödəmişdir. O, öz xahişi ilə işdən çıxma barədə ərizə yazsa da, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmışlar. Məhkəmə kollegiyasının da təklifinə əsasən mübahisəni barışıq yolu həll etmək niyyətindədir. Bunun üçün cavabdeh öz əmrini ləğv etməli, onu öz xahişi ilə işdən azad etməli, həmçinin işləmədiyi müddət üçün ona əmək haqqını ödəməlidir. Cavabdeh isə ona hər hansı məbləğdə pul ödəmədiyindən barışıq əldə olunmayıb. Bu səbəbdən də, mübahisəyə mahiyyəti üzrə baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması, iddiaçının xəzinədar vəzifəsinə işə qəbul edilməsi, 01 fevral 2021-ci il tarixdə isə administrator-xəzinədar vəzifəsinə keçirilməsi, həmçinin iddiaçı ilə 12 aprel 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin də bağlanması, iddiaçının “Xəzinədar” vəzifə təlimatı ilə məlumatlandırılması işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan müəssisədaxili intizamın pozulması haqqında 23 oktyabr 2022-ci il tarixli aktın və təqdimatın surətlərindən görünür ki, iddiaçı 2022-ci il ərzində bir çox satış üzrə məbləği müştəridən nağd alaraq özündə olan karta mədaxil etmiş və sonradan ödənişi kartı vasitəsilə həyata keçirmiş, müəssisəyə ziyan vurmuşdur. İşdə olan, iddiaçının Cavabdeh MMC-nin diroktoru S.F.Axundova yazdığı 20 oktyabr 2022-ci il tarixli və 21 oktyabr 2022-ci il tarixli izahatlarından görünür ki, iddiaçı müştərilərin nağd qaydada ödədiyi pulları özünə məxsus, Rabitəbanka aid karta yükləyərək, sonradan kartla əməliyyatları həyata keçirmişdir. Məqsədi "xxxx" əldə etmək olmuşdur. Bu məqsədlə, 2021-ci ilin dekabr ayından bu günədək 724,94 manat pul əldə etmişdir. Şirkətə dəymiş ziyanı ödəməyə hazırdır. İşdə olan, iddiaçının Cavabdeh MMC-nin diroktoru S.F.Axundova yazdığı 21 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı vurduğu ziyanı ödəməsini və əməlindən peşiman olmasının nəzərə alınaraq, əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İşdə olan 10 noyabr 2022-ci il tarixli, 3 767/22 saylı əmrdən çıxarışdan görünür ki, “Emporium Man” mağazasının xəzinədar-administratoru İddiaçı 2021-2022-ci illərin dekabr iyul ayları ərzində tutduğu vəzifədə ona göstərilmiş etimaddan sui-istifadə edərək, tamah məqsədi güdərək, apardığı kassa əməliyyatlarında ödəniş zamanı təqsirli hərəkətləri nəticəsində vurduğu ziyana (724,94 manat) görə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə barpa edilməsini və s. tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsasən təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, cavabdehə dəymiş ziyan iddiaçı tərəfindən işdən azad olunmamışdan öncə ödənilmişdir. Bununla da, işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin işəgötürənə ziyan vurmaqda heç bir qərəzli məqsədi olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 191-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-nin 192-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi). İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı cavabdeh MMC-də işlədiyi (“Emporium” mağazasında) dövrdə 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək müştərilərin aldıqları əşyalara görə nağd qaydada ödədikləri pul vəsaitlərini maddi məsul şəxs olaraq xəzinəyə (kassaya) mədaxil etmək əvəzinə, həmçinin xəzinə əməliyyatlarına zidd olaraq onları özünə götürmüş, qanunsuz olaraq özünə məxsus bank kartına mədaxil etmiş, sonradan həmin kart vasitəsilə nağdsız formada ödəniş əməliyyatlarını həyata keçirmiş, bununla da özünə qazanc ("xxxx") əldə etmiş, eyni zamanda cavabdeh əlavə olaraq bank xidmətlərini ödəmək məcburiyyətində qalmışdır. İşdə olan, xəzinədarın vəzifə təlimatından da görünür ki, müştərilərdən nağd ödənişləri qəbul etmək, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu aidiyyəti üzrə təhvil vermək və s. xəzinədarın vəzifələrindəndir. Həmçinin, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın (bundan sonra, Qaydalar) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, .... və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. Qaydaların 3.1-ci bəndinə əsasən kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Qaydaların 3.2-ci bəndinə əsasən kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Qaydaların 4.11-ci bəndinə əsasən, xəzinədar tərəfindən ona həvalə edilmiş işlər yalnız onun tərəfindən icra edilir. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, xəzinə təlimatını, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. İddiaçı özü də qeyd edilən halları istər cavabdeh MMC-nin rəhbərliyinə yazdığı ilkin izahatlarında, istərsə də məhkəmə araşdırması zamanı etiraf etmiş, sadəcə dəymiş ziyanı ödədiyindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməli olmasını göstərmişdir. Belə olan halda isə, birinci instansiya məhkəməsinin “işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur” kimi nəticəyə gəlməsi anlaşılmaz olmaqla, işin halları ilə uzlaşmır. Bununla yanaşı, iddiaçının dəymiş ziyanı sonradan könüllü olaraq ödəməsi halı, ümumiyyətdə ziyanın vurulmaması anlamına gələ bilməz. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ƏM-nin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə qeyd edilən intizam tənbehlərindən hər hansı birinin verilməmsi işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin “iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır” kimi mövqeyi əsassız olmaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi cavabdehin qərəzli mövqeyinin məhz nədə ifadə olunmasını, hansı sübutlarla təsdiq olunmasını və s. bu kimi halların ümumiyyətlə nədə ifadə olunmasını qətnamədə göstərə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, işin hallarına uyğun əsaslandırılmamış qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı, məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması istiqamətində prosessual imkanlardan lazımi qaydada istifadə etməmiş, düzgün nəticəyə gəlinməsi üçün zəruri olan bəzi sübutların (məsələn, tərəflər arasında bağlanmış əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və s.) işə əlavə olunmasını tərəflərə təklif etməmişdir. Halbuki, MPM-in 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Xüsusilə əmək mübahisələrinə baxılan zamanı bəzi zəruri sənədlərin (məsələn, əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və s.) təqdim edilməsinin tərəflərə təklif olunması məhkəmənin xidməti vəzifələrindən irəli gəlməklə, onun qərəzsizliyinə xələl gətirmir, əksinə mübahisəyə baxılaraq, düzgün nəticəyə gəlinməsinə xidmət edir. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi hazırlıq mərhələsindən səmərəli istifadə etməmiş, tərəflərə zəruri sübutların təqdim olunmasına şərait yaratmamış, yalnız bir iclas keçirməklə (cavabdeh tərəfin nümayəndəsinin iştirakı təmin olunmadan) işi kifayət qədər hazırlanmış hesab etmiş və məhkəmə baxışına təyin edərək yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd edilən zəruri sübutların təqdim olunmaması məhz birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının düzgün tətbiq olunmamasından irəli gəldiyindən, apellyasiya baxışı zamanı MPM-in 77.3-cü maddəsinin tələbləri tərəflərin diqqətinə çatdırılmaqla müvafiq sənədlər əldə olunmuşdur. Bu səbəbdən də təqdim olunmuş zəruri sənədlər (əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, xəzinədarın vəzifə təlimatı və s.) apellyasiya baxışı zamanı qanunvericiliyə zidd yeni sübutların qəbulu kimi qiymətləndirilə bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar