Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3437/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1943/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Qərbi Kaspi” Universitetinə qarşı idda ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa üzrə iddia müddətinin buraxılmasını üzrlü hesab edərək həmin müddətin bərpa edilməsini, bu tələbinin də icraata qəbul edilməsi və 01 fevral 2021-ci il tarixdən öz vəzifələrinə (həm müəllimlik, həm kafedra müdiri vəzifəsinə)bərpa edilməyi, həmin tarixdən işə bərpa olunanadək məcburi iş buraxmaya görə və işlədiyi müddətdə almadığı əmək haqlarının hesablanaraq cavabdehdən tutulması və ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı texniki elmlər üzrə fəlsəfə doktorudur. 18 fevral 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında dərs ilinin sonunadək (31.08.2019) müddətə əmək müqaviləsi bağlandı və iddiaçı “Mexaniki qurğular və maşınlar” kafedrasına dosent əvəzi müəllim vəzifəsinə qəbul edildi. 03.09.2019-cu il tarixdə iddiaçı ilə Universitet arasında dərs ilinin sonunadək olan müddətə yəni 31.08.2020-ci il tarixədək yeni əmək müqaviləsi bağlandı. 2020/2021-ci dərs ilinin əvvəlində yeni dərs ili üçün bağlanması nəzərdə tutulmuş əmək müqaviləsinin boş formasına imza atmaq üçün iddiaçıya təqdim edildikdə iddiaçı orada müqavilənin hansı müddətə və ya müddətsiz bağlanması barədə qeyd görmədikdə, müqavilənin sonuncu səhifəsində yuxarıda imza etdi, sonra isə “müqavilə müddətini qeyd edin, aşağıya imza atım” deyib boş müqaviləni onlara qaytarmışdır. Lakin bir neçə ay keçsə də, həmin müqaviləni imzalamaq üçün iddiaçıya təqdim etmədilər və iddiaçı buna əvvəlki müqavilə ilə fəaliyyətini davam etdirdiyini nəzərə alaraq buna o qədər də əhəmiyyət vermədi. Lakin 2021-ci ilin yanvar ayının ortalarında iddiaçını kadrlar şöbəsinə dəvət edərək, ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağını xahiş etdilər. Lakin iddiaçı buna etiraz etdikdən sonra iddiaçıya əmək müqaviləsini təqdim etdikdə o, müqavilə müddətinin 31 yanvar 2021-ci ilədək yazıldığını görüb bu müddəti indi, həm də ondan xəbərsiz, onunla razılaşmadan yazıldığını bildirmişdir. Daha sonra iddiaçıya iki dəfə yazılı xəbərdarlıq göndərmişdirlər. 01 mart 2021-ci il tarixdə iddiaçıya əmək kitabçası təqdim edilmişdir. Cavabdeh eyni zamanda iddiaçının işlədiyi müddətdə verilməyən aylıq və yarımçıq qalmış əmək haqlarını eyni zamanda istifadə etmədiyi məzuniyyət haqqını da verməmişdirlər. Cavabdeh iddiaçının maddi vəziyyətinin pis olmasını, ailədə yeganə işləyən olduğunu, kredit borcunun olduğunu bilsə də, bunları nəzərə almamışdır. Cavabdeh isə iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımış və müqavilənin müddəti 31.01.2021-ci il tarixədək müəyyən edilmişdir. Sözügedən müqavilə iddiaçı tərəfindən şəxsən doldurularaq imzalanmışdır. Müqaviləyə xitam veriləcəyi barədə iddiaçıya 2 dəfə yazılı şəkildə xəbərdarlıq edilmişdir. X1 universitetə ünvanlanmış məktuba verilmiş cavab və ona əlavə edilmiş sənədlər müfəttişlik tərəfindən araşdırılmış və iddiaçının şikayətinin əsassız olduğu, ona tədris etdiyi dərs yükünə görə əmək haqqının ödənildiyi və universitet tərəfindən iddiaçıya ödənilməmiş hər hansı bir məbləğin olmadığı müəyyən edilərək iddiaçıya bu barədə yazılı məlumat verilmişdir. İddiaçı əmrin surətini və əmək kitabçasını 01 mart 2021-ci il tarixdə almasına baxmayaraq məhkəməyə 25 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1943/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək iddiasının işə bərpa hissəsindən imtina etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin digər hissələrinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddiadan qismən imtina barədə ərizə təqdim edərək işə bərpa hissəsində iddia tələbindən qismən imtina etdiyini, qalan hissədə isə mövqeyinin dəyişmədiyini bildirmiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Qərbi Kaspi” Universitetinin nümayəndəsi Nümayəndə iddiadan qismən imtina barədə ərizəyə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin işə bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı iddiadan qismən imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1943/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin işə bərpa - 01 fevral 2021-ci il tarixdən öz vəzifələrinə (həm müəllimlik, həm kafedra müdiri vəzifəsinə)bərpa edilməyinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı iddiadan qismən imtinasına dair ərizəsi təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1943/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin işə bərpa - 01 fevral 2021-ci il tarixdən öz vəzifələrinə (həm müəllimlik, həm kafedra müdiri vəzifəsinə)bərpa edilməyinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3437/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3437/2022
10.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver