Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3438/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı “pul” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-335/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə) qarşı “pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400000 manat pulun və 690 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-335/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sözügedən mənzillə bağlı tərəflər arasında əqdin etibarsızlığı ilə əlaqədar yaranmış mübahisə bundan öncə məhkəmə baxışının predmeti olmuş və həmin iclasda məhkəmə müəyyən etmişdir ki, mənzilin Cavabdeh2 satılması MTK-nın verdiyi arayış ilə də təsdiq olunur. İddiaçı tərəfindən Cavabdeh2 mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilməmiş və belə olan halda mənzilin İddiaçı adına əvəzsiz olaraq rəsmiləşdirildiyi müəyyən edilmişdir. İşin bu halları qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, artıq bir dəfə həll olunmuş məsələnin yenidən təkrarən mübahisələndirilməsinə və araşdırılmasına qanunvericilik yol vermir. Məhkəmə eyni zamanda iddiaçının vəkilinin çıxışının təmirə çəkilmiş 70,000 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, sözügedən mənzilin təmirinə xərclənmiş pulun cavabdehlərdən tutulması hazırki məhkəmə baxışının predmeti deyildir. İddiaçı məhkəmədən evin dəyərinin onun tərəfindən tam olaraq ödənilməsinə və mənzilin bu günkü orta bazar dəyərinin 400000 manat olduğuna istinad edərək, mənzilin bu günkü dəyəri kimi 400000 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, “iş materiallarında olan "xxxx" MTK-nın ünvan 1 ünvanında 19 saylı 3 otaqlı, ümumi sahəsi 115.19 m2, yaşayış sahəsi 59.91 m2 mənzil 13 mərtəbəli evin bugünkü orta bazar dəyəri 400000- 450000 manat arasında dəyişir. Evin dəyərinin onun tərəfindən tam olaraq ödənilməsi və mənzilin bu günkü orta bazar dəyəri 400000 manat olduğundan mənzilin bu günkü dəyəri olaraq 400000 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır”. Göründüyü kimi, iddiaçı ərizəsində mənzilin təmirinə 70000 manat vəsait xərcləməsini qeyd etsə də, bunu sadəcə işin halları kimi göstərmiş və həmin pulun tutulmasını məhkəmədən xahiş etməmişdir. Göstərilən səbəbdən sözügedən mənzilə çəkilmiş təmir xərcinin cavabdehlərdən tutulması hazırkı məhkəmə baxışının predmeti olmadığından məhkəmə qeyd olunan məsələyə münasibət bildirmir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4864/2022 saylı qərarının surətlərindən məlum olur ki, Cavabdeh1 İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 noyabr 2006-cı tarixli müqavilə etibarsız hesab edilmiş və İddiaçı həmin mənzildən çıxarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2734/2022 saylı qətnaməsində qeyd edilmişdir ki, iddianın hüquqi dəyərləndirməsini aparmaq üçün ilk növbədə üçüncü şəxs Cavabdeh2lə cavabdeh İddiaçı arasında baş vermiş hüquq münasibətinin xarakterini müəyyən etmək lazımdır. İddiaçı vəkilinümayəndəsi, mübahisəli mənzilin formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməklə, mənzili təmsil etdiyi şəxsin ərinin aldığını, sonradan da yuxarıda qeyd olunan qaydada İddiaçı adına rəsmiləşdirməklə əsl sahiblərinə qaytarıldığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, nə də bu barədə birinci instansiya məhkəməsində heç nə bildirməmişdir. Digər tərəfdən, vəkil-nümayəndə birinci instansiya məhkəməsində izahatında mənzilin iddiaçı və sonuncunun əri tərəfindən İddiaçı satıldığını göstərmişdir. Kollegiya göstərilən dəlillərin hər ikisinə də tənqidi yanaşır, İddiaçı nə mənzilin satılması, nə də formal olaraq Cavabdeh2 adına rəsmiləşdirməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, Cavabdeh2 ərizəsindən görünür ki, o, sadəcə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və sonuncu ilə yeni müqavilənin bağlanması da bu xahiş əsasında baş vermişdr. Lakin, Cavabdeh2 məhkəmədə iştirak etmədiyindən, onun hansı məqsədlə bunu etməsini müəyyən etmək mümkün olmamış, iddiaçı isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Mənzilin məhz Cavabdeh2 satılması MTK-nın verdiyi arayışdan da təsdiq olunur. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh2 mübahisəli mənzilin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə olan halda həmin mənzilin əvəzsiz olaraq Arzu lacıyevanın adına rəsmiləşdirildiyi aşkardır, yəni tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır (iş səh. 60-67). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-335/2023 saylı qətnaməsinin ləğv, iddia ərizəsinin təmin edilərək 400000 manat pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 690 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 389.1, 442, 443.1, 445.1, 446.1, 448.1; Mülki Prosessual Məcəlləsinin 9, 14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsinin əsaslı olması ilə bağlı üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsinin verdiyi izahatdan da göründüyü kimi mənzilin alınması üçün mənzilin dəyəri olan pulun ödənilməsinin, eyni zamanda mənzilin təmiri üçün çəkilmiş bütün xərclərin həyat yoldaşı Mübariz Hacıyev tərəfindən edildiyi, mənzildə ümumiyyətlə cavabdehlərin yaşamadığı, Cavabdeh2 isə yalnız bir dəfə, mənzilin addan-ada keçirilməsi zamanı ofislərinə gəldiyi məlum olur. Həmin vaxt onun tərəfindən ərizə yazılmış, mənzilin onun adına keçirilməsinə razılığını bildirdiyini, ailəsinin razılığı ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü, mənzilin əvvəldən də Hacıyevlər ailəsi olaraq onlara məxsus olduğunu, formal olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyini, bu rəsmiləşmə zamanı belə Cavabdeh2 özünün iştirak etmədiyini bildirmişdir. Mənzilin faktiki olaraq əsl sahiblərinin adına keçirilməsində problem görməmişlər, Cavabdeh2 ərizəsi əsasında mənzili onun adına keçirmişlər, lakin, bu zaman, rəsmiləşməni müqavilənin addan-ada keçməsi kimi deyil, yeni müqaviləni bağlanmış müqavilənin tarixi və nömrəsi ilə olmaqla əvəzləməklə rəsmiləşdirmişlər. İlk müqavilə olaraq, Cavabdeh2 adına bağlanmış olan müqavilənin alıcı olaraq onun həyat yoldaşı Hacıyev Mübarizin iradə ifadəsinə uyğun olaraq bağlanmış, həmin müqavilənin İddiaçı adına dəyişdirilməsi də şəxsən Cavabdeh2 iradə ifadəsinə uyğun şəkildə həyata keçirilmiş, ilk müqavilə bağlanarkən, Cavabdeh2 özü iştirak etməsə də faktiki alıcı olan həyat yoldaşı Mübariz Hacıyev özü bununla bağlı istəyini bildirmişdir. MTK olaraq alıcının istəyinə uyğun şəkildə Cavabdeh2 adına müqavilə tərtib edildiyi məhkəmə iclası zamanı tam sübuta yetirilsə də, işə baxan məhkəmə mənzilin alınması və təmirinə çəkilmiş xərcin tutulmasını formal əsaslarla əsaslandıraraq qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiyası məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. İşə baxan məhkəmə mənzilin dəyərinin iddiaçı tərəfindən tam olaraq ödənilməsi və təmir xərclərinin iddiaçının şəxsi vəsaiti hesabına təmir edilməsi ilə bağlı iddiaçı tərəfindən və eyni zamanda MTK tərəfindən təqdim edilmiş sübutları və gətirilən dəlilləri araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 425, 560, Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğinin müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir.
10. Mülki Prosessual Məcəllənin 77.1 və 82.3, 233.3-cü maddələrinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
11. Mülki Məcəllənin 560-cı maddəsində əks edilən mövqeyə əsasən diqqətə çatdırılmalıdır ki: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
12. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən mənzillə bağlı Cavabdeh2 heç bir pul ödənilməməsi və mənzilin əvəzsiz olaraq onun adına keçirilməsi əvvəlki məhkəmə araşdırmalarının mübahisə predmeti olduğundan və artıq qiymət verildiyindən mənzilin dəyərinə və onun tərkibində olan təmir xərclərinə fərqli qiymət verilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
13. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxslərə aid edilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-335/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.