Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3439/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakdan çıxarılma və əmlakın təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-393/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********75-06301-083001 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 175 nömrəli reyestr kitabında 16987 nömrəli vərəqdə qeydiyyata alınmışdır.
2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportundan (xx.xx.2017-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) müəyyən edilir ki, qeyri-yaşayış sahəsi zirzəmi və 1-ci mərtəbənin bir hissəsində yerləşir. “A” tikilisinin planına (zirzəmi) əsasən tikilinin sahəsi 725,2 kv. metr təşkil edir.
3. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki parportunda qeyd göstərilmişdir ki, “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən həmin hissənin tikilialtı sahəsi ərazinin ümumi torpaq sahəsinə daxil edilməmişdir. B, C, Ç və D tikililəri digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməyib və giriş-çıxış baş planda göstərilən ərazidəndir.
4. Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2017-ci il tarixli Protokolundan müəyyən edilir ki, gündəlikdəki məsələlərdən biri Cəmiyyətin səhmlərinin 18,85 faizinin sahibinə səhmlərin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilməsi barədə olmuş, məsələ səsə qoyulmuş, lehinə 526.306 s/s - 98,68%, əleyhinə 360 s/s, birtərəf yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin, “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ASC-nin səhmlərinin 18,85 faizinin sahibi olmuşdur. ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və dividendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə ASC-yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının naturada ayrılmasına dair iddia ilə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və ASC-dəki 18,85 faiz payının müqabilində ünvan 3 ünvanda yerləşən əmlak komleksinin “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi - V, C, Ç, C1, D, E tikililəri naturada onun mülkiyyətinə ayrılmışdır. Bu qətnamədən ASC şikayət verməmiş və razılaşmışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ona xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar və xx.xx.2017-ci il tarixli texniki pasport verilmişdir. Həmçinin, həmin daşınmaz əmalakın ünvanı Nizami küçəsi, 92 kimi qeyd edilmişdir. ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı ilə qətnamə ilə onun ASC-də olan 18,85% səhmlərimin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. ASC-nin mülkiyyətində qalan Əmlak kompleksinə xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixdə texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasportdan görünür ki, ASC-nin ünvanı ünvan 5portun 2-ci səhifəsində baş planında “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbisinin bir hissəsi və V, C, Ç, Ç1, D, E tikililəri qara rəngdə ştrixlənmiş və qeyd hissəsində həmin sahələrin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Həmin digər fiziki şəxs odur. Hazırda ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 937,9 kv. metr olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə verilmiş **********75-06301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan 937,9 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin “A” tikilisinin 725,2 kv. metr sahədən ibarət zirzəmisi Cavabdeh ASC-nin qanunsuz istifadəsindədir, sözügedən sahənin Cavabdeh ASCnin istifadəsində olmadığını cavabdehə verilmiş texnik pasport da təsdiq edir. Cavabdeh həmin sahədən anbar kimi istifadə edir. Halbuki, Cavabdeh ASC ilə aralarında icarə müqaviləsi bağlanılmamış və cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsi ilə bağlı ona heç vaxt icarə haqqı ödənilməmişdir. Dəfələrlə cavabdehin qanuni təmsilçisi ilə görüşmüş, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmiş və mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdehin qanuni təmsilçisi tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacağını və istifədə etdiyi qeyri-yaşayış sahəsinə görə ona icarə haqqı ödəməyəcəklərini bildirmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2023-cü il tarixli 2(009)-393/2023 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, Cavabdeh ASC-nin ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən və “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılması və qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157.2, 157.4, 178.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ASC-nin ümumi yığıncağının gündəliyinə salınan İddiaçı Cavabdeh ASC-dəki 18,85 faiz payının müqabilində ünvan 6 ünvanda yerləşən əmlak kompleksinin “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi - V, C, Ç, C1, D, E tikililəri naturada onun mülkiyyətinə verilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. Səsvermə zamanı əsas səhmdar "xxxx" MMC (hal-hazırda "xxxx" MMC) təklif olunan bu məsələnin lehinə səs verməyib. Buna görə də, ümumi yığıncağın qərarı qəbul edilməmiş hesab edilir. Demək ki, ümumi yığıncağın belə bir qərarı olmamışdır. Buradan belə anlaşılır ki, xx.xx.2017-ci il tarixli ümumi yığıncağın protokolu İddiaçı özü tərəfindən tərtib edilib imzalanmışdır. ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi - V, C, Ç, C1, D, E tikililəri naturada iddiaçının mülkiyyətinə ayrılması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, hələ də sahib olduğu səhmlər onun adına qeydiyyatda olduğu halda həmin səhmlərin əvəzinə bu əmlakı əldə etməsi qanuna ziddir və qeyd olunan əmlakın Cavabdeh ASC tərəfindən rəsmi qaydada səhmlərin əvəzinə İddiaçı təhvil verilməsi barədə hər hansı qərarı yoxdur. Buna görə də, İddiaçı həmin sahəyə dair faktiki olaraq mülkiyyət hüququ yoxdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, onun tələbi yalnız cavabdehin 725,2 kv.m sahədən ibarət zirzəmidən çıxarılması və zirzəminin ona təhvil verilməsindən ibarət olmuşdur.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
21. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
29. İşin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında yerləşən “A” tikilisinin 937,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Bunun 725,2 kv.m-i zirzəmi, 212,7 kv.m-i isə birinci mərtəbənin bir hissəsidir.
30. Cavabdeh apelyasiya şikayətində səhmlərin hələ də iddiaçının adına qeydiyyatda olmasına istinad edərək mübahisəli sahəyə dair onun faktiki mülkiyyət hüququnun olmamasını qeyd edir.
31. Kollegiya qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır.
32. Qanunvericiliyin tələbinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
33. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 937,9 kv.m olan qeyriyaşayış sahəsi, yəni “A” tikilisinin 725,2 kv.m zirzəmisi və 1-ci mərtəbəsinin bir hissəsi iddiaçının xüsusi mülkiyyətidir.
34. Cavabdehə məxsus qeyri-yaşayış binasına dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasportda da qeyd edilmişdir ki, “A” tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən həmin hissənin tikilialtı sahəsi ərazinin ümumi torpaq sahəsinə daxil edilməmişdir. B, C, Ç və D tikililəri digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməyib və giriş-çıxış baş planda göstərilən ərazidəndir.
35. Odur ki, məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
36. Bununla belə Kollegiya qeyd edir ki, iddiaçı tələbində cavabdehin ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin, “A” tikilisinin 725,2 kv.m sahədən ibarət zirzəmisindən çıxarılmasını və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələb etsə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən və “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılsın və qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin.
37. İddiaçının tələbi cavabdehin yalnız “A” tikilisinin 725,2 kv.m sahədən ibarət olan zirzəmisindən çıxarılması və həmin zirzəminin ona təhvil verilməsi olduğundan bu hissədə məhkəmənin qətnaməsi dəyişdirilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-393/2023 saylı iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 937,9 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin “A” tikilisinin 725,2 kv.metr sahədən ibarət zirzəmisindən çıxarılsın və qeyri-yaşayış sahəsi (zirzəmi) İddiaçı təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.