Məhkəmə qərarları › İş №2(103)-344/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-344/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-344/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-39/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 39/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək (müqavilənin müddəti bitdiyi tarix) yaranmış 24.512,24 manat əsas borc, 4.404,41 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 28.946,65 (iyirmi səkkiz min doqquz yüz qırx altı manat altmış beş qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş «BMW» minik markalı, 2008-ci il buraxılışlı, ağ rəngli, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, «BMW» minik markalı, 2008-ci il buraxılışlı, ağ rəngli, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh cəmi 28.946,65 (iyirmi səkkiz min doqquz yüz qırx altı manat altmış beş qəpik) manat borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və vəkili məhkəmə baxışı zamanı izahatında göstərmişlər ki, kreditlə əldə etdiyi avtomaşına görə 2-3 dəfə ödəniş apardıqdan sonra maddi imkanı zəiflədiyindən həmin avtomaşını iddiaçı Bankda onun əməkdaşlarının iştirakı ilə onlara təhvil verərək (göstərdikləri şəxsə etibarnamə vermək yolu ilə) banka olan borcunun tam bağlanılması ilə razılaşmışdır. Hətta 2014-cü ilin yanvar ayında Bank əməkdaşlarının zəngi əsasında, təklifi ilə etibarnamənin müddəti bitdiyi üçün onların əməkdaşı kimi təqdim edilmiş X5 da adına etibarnamə vermişdir. Bu etibarnamədə onun qüvvəsinin 2019-cu ilin yanvar ayının 24-nə qüvvədə olması göstərilmişdir. Lakin bu müddət onu narahat etmirdi və etməli də deyildi. Avtomobil banka veriləndən sonra müxtəlif şəxslərin adlarına etibarnamə verilmişdir. O, həmin şəxsləri şəxsən tanımır və heç vaxt görməmişdir. Avtomobili banka təhvil verdikdən sonra bank əməkdaşları onu heç vaxt narahat etməmişlər. Bankı hazırki iddia ilə məhkəməyə müraciət edəndən sonra o, Bank tərəfindən aldadıldığını anlamışdır. Onun banka borcu yoxdur. Avtomobil satılmış şəxs borcu onun əvəzindən ödəməli idi. xx.xx.2014-cü il tarixdə 680 manat ödənişi isə o, etməmişdir. Həmin ödəniş formal xarakter daşıyır. Bu ödəniş iddia müddətinin ötürülməməsi məqsədi ilə edilmişdir. xx.xx.2014-cü il tarixdə edilmiş sonuncu ödəniş nəzərə alınmasa, iddia müddəti ötürülmüş hesab edilir. Vəsatətində də göstərmişdir ki, keçən dövr ərzində avtomaşına dair müxtəlif şəxslərin adına etibarnamələr verilsə də, o, bu şəxslərin heç birini şəxsən tanımır və kredit ödəmələrinin həyata keçirilib keçirilməməsindən də xəbəri olmayıb və olmalı da deyildi. Məhkəmə nəzərə almamış və ya almaq istəməmişdir ki, xx.xx.2011-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü ildə qurtardığı halda və uzun müddət adlarına etibarnamə olan şəxs və ya şəxslər ödəmə aparılmadığı halda necə oldu ki, birdən-birə xx.xx.2014-cü ildə 680 AZN məbləğində ödəniş həyata keçirildi? Məhkəmə nəzərə almamışdır ki, niyə iddianı 2014- 2016-cı illərdə deyil, məhz 2017-ci ilin fevral ayında qaldırmışdır? Bəs bu illər (2015 və 2016) ərzində yenə də ödəmə həyata keçirilmirdi? Hazırki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 39/2019 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi, ona qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq göstərdi ki, ilkin olaraq o, 3 dəfə ödəniş etsə də sonradan nəqliyyat vasitəsinin təhvil vermiş və borcunun bağlandığı nəticəsinə gəlmişdir. Ona bildirmişlər ki, heç bir borcu yoxdur. Nəqliyyat vasitəsini təhvil verdiyi vaxtdan heç bir borcu qalmamışdır. 2013 və 2014-cü ildə edilmiş ödənişləri o həyata keçirməmiş və ödəməmişdir. Məhkəmə iclasında aşkar olaraq təsdiq olundu ki, ödənilər bankın əməkdaşları tərəfindən edilmişdir. Ödənişin onlar tərəfindən edilməsi onu təsdiq edir ki, onun həmin müqavilə ilə bağlı hər hansı öhdəliyi qalmamışdır. Hətta tərəfindən edilmiş ödənişlərin vaxtı nəzərə alındıqda da iddianın təmin olunması istisna olunur, həm müqavilə müddətinin bitməsinədən və həm də onun tərəfindən şəxsən edilmiş ödənişlərin ödənilmə vaxtı nəzərə alındıqda aşkar olaraq müəyyən olunmuş olur ki, iddia müddəti ötürülmüşdür. Müddətin tətbiq olunmasına dair ərizə verdiyindən isə iddianın rədd olunması şərt olmuşdur. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia müddətini tətbiq edərək iddianı rədd etməli olduğu halda bunu etməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə yazılı izahat təqdim edərək bildirdi ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh X7 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar əmlakını idarə etmək və onun üzərində sərəncam verməyi, bütün əqdləri bağlamağı, banklarla olan kredit borcunu ödəməyi və s. səlahiyyətləri etibar etmiş və həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə etibar edilməsi səlahiyyətini vermişdir. Belə olan halda cavabdehin kredit müqaviləsi üzrə öənişlərin onun tərəfindən edilməməsi, guya bank işçiləri tərəfindən iddia müddətini saxlamaq məqsədilə edildiyi kimi dəlilləri tamamilə əsassızdır. Həmçinin bildirdi ki, kredit borcunun kimin tərəfindən ödənilməsinin əhəmiyyəti yoxdur. Bu elə bir məbləğdir ki, bu pulu heç bir bank əməkdaşı müştərinin yerinə ödəməz. Etibarnamə ilə səlahiyyətlər verildiyindən iddia müddətinin tətbiq olunması əsassızdır. Müştəri istənilən yerdən ödəniş edə bilər, müəyyən bir yerdən ödəniş etməsi mütləq deyil. 3-cü ödənişin kim tərəfindən aparılması barədə məlumatı yoxdur. Kredit 2011-ci ildə götürülüb və kredit 24 ay müddətinə verilib və 2013-cü ildə borc bağlanmalı idi. Şəxs girovda olan avtomobili başqa şəxsə etibarnamə ilə satmışdır. Girov predmetini tələb etmək bankın nümayəndəsinin səlahiyyətində olmamışdır. Sonuncu edilən üç ödənişin ilk iki hesabından biri Nərimanov, digəri isə Səbail filialınındır. Şərt deyil ki, ödənişi krediti götürən etsin. Hesab edir ki, ekspert rəyinin bu iş üçün heç bir əhəmiyyəti yoxdur. Sorğuda qeyd olunan 3 qəbzdən birinitapa bilmədik. Həmin sənədlər mövcud deyildir, həmin sənədlər itmiş və ya məhv edilmiş ola bilər. Ödəniş sənədində adı göstərilən X10 Səbail filialında kredit şöbəsinin müdiri olub, digər ödənişi edən Pərvin Nəbiyev də bankın əməkdaşı olmuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2486/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 25 faiz ödəmək şərtilə 24 ay müddətinə 25280 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh ilə bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən “BMW-525” minik markalı, buraxılış ili 2008-ci il olan, ban-WBANU51018CW31093, ağ rəngli, 90MG530 dövlət nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərin araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28704 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 196-cı vərəqəsində müştəri Cavabdeh adına olan xx xxxxx 2013-cü il tarixli Xəzinə mədaxil orderində “imza” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi olmuş və həmin öhdəlik lazımi qaydada və şərtləşdirilmiş müddətdə icra olunmamışdır. Bu halda iddiaçının öhdəliyin icra edilməsi ilə bağlı subyektiv hüququnun olması yolveriləndir. Digər tərəfdən tərəflər mübahisələndirmirlər ki, müvafiq kredit müqaviləsi bağlandıqdan 3 ay sonra nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və sonuncu üç ödəniş məhz iddiaçının əməkdaşları tərəfindən cavabdehin kredit müqaviləsi üzər açılmış bank hesabına ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə iddia müddətini tətbiq etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə müqavilə üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə həyata keçirildiyinə görə iddia müddətinin axımı həmin tarixdən başlayır və üç illik iddia müddəti ərzində xx.xx.2017-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası bu mövqeyin əsassız olması qənaətinə gələrək qeyd edir ki, sonuncu ödəniş də daxil olmaqla son üç ödəniş cavabdeh tərəfindən edilməmiş, cavbadehin bu ödənişlərdən ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə iclasında bu fakt öz təsdiqini tapmışdır. Avtomobilin cavabdeh tərəfindən ödəniş apara bilməməsi səbəbindən etibarnamə ilə məhz iddiaçının razılığı ilə (belə razılığın olması sonuncu ödənişlərin məhz iddiaçının əməkdaşları tərəfindən edilməsi təsdiq edir) başqa şəxslərə verməsi və həmin şəxslərin də bank əməkdaşı olması həm iş materialları, həm də iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmışdır. Avtomobil verildikdən sonra aparılmış ödənişlərin cavabdeh tərəfindən edilmədiyi müvafiq ekspert rəyi ilə də sübut edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi öz yazılı izahatında göstərmişdir ki, cavabdeh digər səlahiyyətlərlə yanaşı banklara kredit borcunu ödəmək səlahiyyətlərini etibar etmiş və həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə etibar edilməsi səlahiyyətini vermişdir. Məhkəmə kollegiyası bildirir ki, banka kredit borcunu ödəmək cavbadehin hüququ deyil, müqavilə üzrə öhdəliyidir (vəzifəsidir). Etibarnamə isə müəyyən hüquqların digər şəxslərə etibar edilməsidir. Öhdəliyin etibarnamə ilə digər şəxslərə ötürülməsi isə qeyri-mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia cavabdehə münasibətdə iddia müddəti ötürülməklə verilmişdir, bu səbəbdən də iddia müddətinin tətbiqi mütləqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli qərarından göstərilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onlarıöz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılmasıçətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, hazırki iddia üzrə iddia müddətinin axımı xx.xx.2013-cü il tarixində başlamış, xx.xx.2016-cı il tarixdə bitmişdir. xx.xx.2014-cü ildə 680 manat məbləğində edilmiş sonuncu ödəniş isə cavabdehin borcu etiraf etməsi və müddətin axımının kəsilməsi kimi qiymətləndirilə bilməz, belə ki, cavabdehin bu ödənişdən xəbərinin olmaması və onun tərəfindən ödənilməməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 390, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 39/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 285 (iki yüz səksən beş) manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar