Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3440/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus əşyaların iddiaçılara məxsus yaşayış sahələrindən çıxarılma tələbi barədə” birgə verdikləri iddiaya dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qərardaddan iddiaçıların birgə verdikləri şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əmlakı ilə birlikdə İddiaçı1 məxsus olan və Şəmkir şəhəri, Aşıq Teymur küçəsində yerləşən 116 saylı fərdi yaşayış evindən, İddiaçı2 məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 10-da yerləşən 12 “A” saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır İddiaçı2 ilə cavabdeh xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bundan sonra cavabdehin cehiz əşyalarının bir qismi İddiaçı2 evinə, bir qismi isə sonuncunun atası – İddiaçı1 evinə yerləşdilmişdir. Nikah, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(003)- 1170/2023) ilə pozulmuşdur. Buna baxmayaraq, cavabdeh, özünə məxsus əşyalarını iddiaçılara məxsus fərdi yaşayış evlərindən könüllü olaraq çıxarmır. İddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara almışdır. İddiaçıların birgə vəkili (nümayəndəsi) həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilməli və iddianın ona aid hissəsinə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1 və 29.1.9-cu maddələrinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 259.0.13-cü maddəsinin tələblərinə istinadən hesab etmişdir ki, tərəflər arasında yaranmış mülki mübahisə ailə münasibətlərindən irəli gəlir. Ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq mediasiya təşkilatına müraciət etməli və ilkin mediasiya sesiyasında iştirak etməlidirlər. Lakin hazırki işin materiallarından müəyyən edilir ki, iddiaçılar bu qaydaya əməl etməmiş, iddia ərizəsi ilə birbaşa məhkəməyə müraciət etmişlər. Qeyd edilən qaydaya əməl edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Rayon Məhkəməsinin qərardadından verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin vaxt İddiaçı2 ilə cavabdehin nikahı Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə artıq pozulmuşdur. Buna görə də, qəbul edilməlidir ki, iş üzrə tərəflər arasında olan mülki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisə deyil. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Mediasiya haqqında” Qanununun tələblərinin mənasına görə, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur (maddə 3.2.). Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər (maddə 28.1.). Bu qaydaya əməl olunmadıqda iddia məhkəmə tərəfindən baxılmamış saxlanılır (maddə 21.9.1). MPM-nin 259.0.13-cü maddəsinə görə, “Mediasiya haqqında” Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İşin hallarından müəyyən edilir ki, İddiaçı2 cavabdehin keçmiş əridir. İddiaçı2 ilə cavabdehin arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi (iş № 2(003)-1170/2023) ilə pozulsa da, onların arasındakı mülki mübahisə ailə münasibətlərindən irəli gəlir. Lakin hazırki işin materiallarından müəyyən edilir ki, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq mediasiya təşkilatına müraciət etməmiş, ilkin mediasiya sesiyasında iştirak etməmışdır. Buna görə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin İddiaçı2 aid hissəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin İddiaçı1 aid hissəsini baxılmamış saxlamaqla səhv nəticəyə gəlmişdir. Çünki işin hallarından müəyyən edilir ki, İddiaçı1 cavabdehin keçmiş qayınatasıdır. Belə olan halda qəbul edilməlidir ki, onların arasında etibarlı ailə münasibətləri mövcud olmamış, İddiaçı1 ilə cavabdeh arasındakı mülki mübahisə ailə münasibətlərindən irəli gəlmir. Belə olan halda İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həlli üçün müvafiq mediasiya təşkilatına müraciət etməməli idi. Lakin Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi “iddianın baxılmamış saxlanılması barədə qərardad” qismən səhvdir. Qərardaddan verilmiş şikayət qismən əsaslıdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qərardad qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə irəli sürdükləri “cavabdehə məxsus əşyaların iddiaçılara məxsus yaşayış sahələrindən çıxarılma tələbi barədə” iddianın İddiaçı1 aid hissəsinin baxılmamış saxlanılması hissəsində ləğv edilsin və həmin hissədə iddia ilə bağlı sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 13 mart 2024cü il tarixli qərardad qalan hissədə, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə irəli sürdükləri “cavabdehə məxsus əşyaların iddiaçılara məxsus yaşayış sahələrindən çıxarılma tələbi barədə” iddianın İddiaçı2 aid hissəsinin baxılmamış saxlanılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3440/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3440/2024
17.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver