Məhkəmə qərarları › İş №2(103)-3444/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3444/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3444/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun tutulması” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun illərdir tanıyır. O, 2021-ci ilin yay ayından 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə ondan 25000 manat pulu borc olaraq götürmüş və hazırkı vaxtadək qaytarmamışdır. Dəfələrlə ondan borcunun ödənilməsini tələb etsə də o, buna məhəl qoymayaraq ona olan borcunu qaytarmaqdan boyun qaçırır. Cavabdehi uzun illərdir tanıdığına görə və aralarında inam-etibar olduğuna görə pulları ona verən zaman onunla heç bir yazılı müqavilə bağlamamış, aralarında olan borc münasibətləri yalnız şifahi olmuşdur.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlham Cəfərzadə) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10500 manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı və cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, tərəflərindən verilmiş vəsatətlər əsasında şahidlər dinlənilmiş, hər bir şahid cavabdehin ondan pul alması və qaytarmaması ilə bağlı bu və ya digər məlumatları məhkəmənin diqqətinə çatdırmışlar. Həmçinin, verilmiş vəsatətlər əsasında səs yazıları dinlənilmiş, səs yazılarında cavabdehin ondan borc alması qeyd edilmişdir. İndiki halda isə cavabdeh qeyd olunan səs yazılarını təkzib edərək müxtəlif formada həqiqətdən yayınmağa çalışsa da, məhkəmə iclasında işin halları demək olar ki, müəyyən edilmiş və bu hallar məhkəmə tərəfindən sübutlara istinadən müəyyən edilə bilərdi. Şahidlər də tam ətraflı şəkildə cavabdehin ondan pul alması ilə bağlı detallı məlumatları məhkəmənin diqqətinə çatdırsalar da, məhkəmə həmin sübutlara qiymət verməmiş, həmin sübutları niyə nəzərə almadığını və ya hansı müəyyən edilən halın həmin sübutların mötəbərliyini şübhə altına aldığını və ya sübutların aidiyyətinin olmadığını qətnamədə müəyyən etməmiş, bu xüsusatlara qətnamədə, ümumiyyətlə, toxunulmamışdır. Belə ki, cavabdehi uzun müddətdir tanıyır. 2021-ci ilin yay ayından 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə cavabdeh ondan 25000 manat pulu borc olaraq götürmüş və qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də o, buna məhəl qoymayaraq borcunu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, İdarədə şikayəti üzrə araşdırma aparılmış, o cümlədən, Cavabdeh izahatı alınmışdır. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən təqdim edilmiş 1105/23 saylı rədd materialından görünür ki, Cavabdeh Oktay qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə yanaşı hər hansı başqa cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin rədd materiallarında olan Cavabdeh Oktay qızının xx.xx.2023-cü il tarixli izahatında bildirilmişdir ki, onun saç ustası olmuş, 6 ildir aralarında yaxşı münasibət yaranmışdır. Güya bir-birlərinə bəzən borca pul vermişlər. Guya ona sələmə 1000 manat vermiş, cavabdeh 1500 manat qaytarmış, daha sonra 2000 manat vermiş, o, 2800 manat qaytarmış, həmçinin 500 manat vermiş və 700 manat qaytarmışdır. Vəkilinin vəsatətləri və israrları ilə Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilmiş, ona ətraflı və hərtərəfli suallar ünvanlanmışdır. Verilən suallar qarşısınıda əlacsız qalan Cavabdeh bu dəfə də ilk dəfə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat, həmçinin 500 manat aldığını və guya qaytardığını bildirmişdir. Belə olan halda ümumilikdə 10500 manat məbləğində pulun cavabdehə borca verilməsi halı işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilmiş halı kimi qəbul edilmişdir. Həmçinin, vəkili tərəfindən cavabdehlə aralarında olan səs yazılarının tədqiq edilməsi məhkəmədən xahiş edilmiş, məhkəmə vəsatəti təmin etmiş və səs yazıları tədqiq etmiş, həmin səs yazılarında bir çox maraqlı xüsusatlar vardır ki, cavabdeh pul aldığına dair etirafyönümlü fikirlər səsləndirir. Vəkili tərəfindən təqdim edilmiş yaddaş kartında olan 30-cu səs yazısının xüsusilə dinlənilməsi xahiş edilmiş və iclas zalında həmin səs yazısı dinlənilmişdir. Həmin yazıda cavabdeh “8800-ü bilmirəm nə vaxt qaytaracaq, deyir faizini verirəm də, əgər onda problem olarsa, qaytarmasını tələb etmək olar” məzmunlu cümlə işlətmişdir. Vəkilinin cavabdehə ondan 8800 manatla bağlı olan sualına cavabdeh 8800 manatı Sehranədən alıb vermiş, o da qaytarmışdır” cavabını vermişdir. Ona təkrarən sual verilmişdir ki, dəqiq alıb verilmiş pul qaytarılmışdır, o da bəli cavabını vermiş, təkrarən məhkəmənin eyni sualı verməsindən sanki, oyanmış və daha sonra dediklərini qeyri-səmimi şəkildə təkzib etməyə başlamışdır. Halbuki, sullara verdiyi ilkin cavablarında 8000 manat məbləğini də etiraf etmişdir və bütün bu hallar məhkəmə iclas zalının video yazılarında qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan məhkəmə iclasında müəyyən edilmiş hala qiymət vermədən qətnamədə cavabdehin izahatını “o iş yoldaşları ilə lotereya oynamış və 8800 manat da lotareya pulu olmuş, Sehranə ona 8800 manat məbləğində pul verməmişdir” məzmununda qeyd etmişdir. Bu cavabdehin sonradan verdiyi cavab və ya izahat ola bilər ki, o, bundan əvvəl 8800 manat məbləğində pulu iddiaçıdan aldığını və üçüncü şəxsə verdiyini etiraf etmişdir. Həmin sonuncu məhkəmə iclasına aid videoyazılar məhkəmə tərəfindən tədqiq edilərək izlənilsə hər şey aydın olacaqdır. Birinci instansiya məhkəməsi isə qeyd oluna halı və şahid ifadələri və səs yazıları ilə müəyyən edilən digər halları müəyyən etməmiş, nəticədən mülki prosessual qanunverciliyin tələblərini pozmuşdur. Bu səbəbdən də qətnamənin - iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsinin mötəbər sübut saydığı cavabdehin izahatından görünür ki, iddiaçı cavabdehə ilk dəfə 2019-cu ildə 7000 manat məbləğində sələmə pul vermiş və cavabdeh 3 ay ərzində hər ay 700 manat pul ödəmiş, 2020-ci ildə pulu tam qaytarmışdır. 2022-ci ilin dekabr ayında 2000 almış, 2800 manat qaytarmış, sonra 1000 manat almış, 1500 manat qaytarmışdır. Rayon məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında hər hansı qohumluq və ya dostluq münasibəti yoхdur. Odur ki, iddiaçının 2019-cu ildə aldığı borcu vaхtında qaytarmayan cavabdehə təkrar borc verilməsi də ağlabatan deyil. Eyni zamanda məhkəmənin yekun baхış iclasında iddiaçı borcun 7000 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarıldığını bildirmişdir. Bütün bu hallar təsdiq edir ki, cavabdeh iddiaçıdan aldığı pulu tam qaytarmışdır. 10500 manat məbləğində pul qaytarılmış, bununla da cavabdehin pul vəsaitlərini qaytarmaq öhdəliyinə, iddiaçının isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququna lazımınca icra nəticəsində xitam verilmiş, lakin məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin 7000 manat hissəsinin özünün mötəbər saydığı cavabdehin izahatı ilə 2019-cu ildə verilməsini müəyyən etsə də, tələbin həmin hissəsinə (iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun qüvvədən düşməsinə) maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq 10500 manat məbləğində pulu qaytarmasına dair cavabdehin, məhkəmənin yekun baхış iclasında borcun 7000 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarılması hissəsində və 2019-cu ildə aldığı borcu vaхtında qaytarmayan cavabdehə təkrar, özü də böyük məbəğlərdə borc verməsinə əsas olmuş halı izah edə bilməyən iddiaçının izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Eyni zamanda Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (iddiaçı tərəfindən cavabdehə sələmə ilk dəfə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat verməsinə, cavabdehin də həmin pul vəsaitlərini qaytarmasına), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilənlərə əsasən qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, cavabehlə münasibətləri olmuş, cavabdeh hissə-hissə olmaqla ümumilikdə ondan 25000 manat pulu borc olaraq götürmüş və hazırkı vəziyyətdə borcunu qaytarmamışdır. Qeyd edilənlərə əsasən, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, tərəflər arasında borc münasibətləri 2019-cu ildə yaranmışdır. Bununla yanaşı müqavilə olmamışdır. Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçıdan 10500 manat məbləğində borc almasını təsdiq etmişdir, lakin həmin vəsaitin geri qaytarılmasını sübut edə bilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində gəldiyi qənaəti əsaslandırmamış, bu hissədə düzgün nəticəyə gəlməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehə böyük faizlə sələmə borc pul vermiş, cavabdeh də həm borcun faizlərini, həm də borc götürdüyü pulu tam olaraq qaytarmışdır, 2019-cu ildə aldığı borcu vaхtında qaytarmayan cavabdehə iddiaçının təkrar, özü də böyük məbəğlərdə borc verməsinə əsas olmuş hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Ən adi məntiq belə, bunu istisna edir, çünki necə ola bilər ki, cavabdeh əvvəlki borcunu qaytarmadığı halda, iddiaçı ona yenidən, həm də başqa şəxslərdən borc alaraq cavabdehə borc verir, bu ağlabatan deyildir. Bundan başqa, cavabdeh tərəfindən 10500 manat məbləğində pul alınması və həmin vəsaitin iddiaçıya faizləri ilə birlikdə tam olaraq qaytarıldığı bildirilsə də, birinci instansiya məhkəməsi həmin vəsaitin iddiaçıya qaytarılmadığı barədə səhv nəticəyə gəlmişdir. İddiaçı isə cavabdehin ona hər hansı məbləğdə borcunun qalması halını sübut edə bilməmişdir. Belə çıxır ki, cavabdehin doğru danışması, dürüstlüyü onun ziyanına tətbiq olunmuşdur. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, tərəflərindən verilmiş apellyasiya şikayətinin isə təmin edilərək, qətnamənin ləğv edilməklə iddianın təmin olunan hissədə də rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən təqdim edilmiş 1105/23 saylı rədd materialından görünür ki, Cavabdeh Oktay qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə yanaşı hər hansı başqa cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.

11. Həmin rədd materiallarında olan Cavabdeh Oktay qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, Sehranə onun saç ustası olmuş, 6 ildir aralarında yaxşı münasibət yaranmışdır. Bir-birilərinə bəzən borc pul vermişlər. Sehranə ona sələmə 1000 manat vermiş, 1500 manat qaytarmış, 2000 manat vermiş, 2800 manat qaytarmış, 500 manat vermiş, 700 manat qaytarmışdır.

12. Mülki iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmalarında - səs yazılarında Cavabdeh tərəfindən borca pulun alınması barədə etiraf edici səs yazıları olsa da, lakin hansı məbləğdə (məbləğlərdə) borca pulun alınması barədə səs yazısı mövcud deyil.

13. Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolu (i/v 91-96).

14. Birinci instansiya məhkəməsində iclasında şahid qismində dindirilmiş X2, X7 və X1 izahatları. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.106.2 Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda Məhkəmə kollegiyası tərəfindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, tərəflərin arasında iddiaçının iddia etdiyi kimi borc münasibətlərinin olduğu dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı idi. Hazırkı halda isə belə bir müqavilə yoxdur, eləcə də iddiaçıdan götürdüyü 10500 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmışdır.

18. Hazırkı işin mübahisəsiz halları (iddiaçı və cavabdehin öz izahatları, şahid ifadələri və s.) ilə tərəflər arasında borc münasibətlərinin olması müəyyən olunur. İddiaçı cavabdehə 25.000 manat borc verdiyini, cavabdehin həmin borc öhdəliyinin yerinə yetirmədiyini, yəni borc verilmiş 25.000 manatı qaytarmadığın bildirir və həmin pulun ondan tutulmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək iddiaçı ilə aralarında həqiqətən də borc münasibətlərinin olduğunu, iddiaçıdan faizə cəmi 10500 manat borc pul aldığını, aldığı borcu faizi ilə birlikdə tam olaraq qaytardığını, iddiaçıya borcu qalmadığın, başqa sözlə, borc öhdəliyinə xitam verildiyini bildirir.

19. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

20. Bu baxımdan Kollegiya hesab edir ki, hazırkı iş üzrə rayon məhkəməsinin sübut kimi istinad etdiyi “whatsapp” səs yazısının həqiqiliyi nəinki mübahisələndirilmir, əksinə cavabdehin özü də həmin yazının mövcudluğunu təsdiq etmişdir. Demək ki, həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində sübut hesab olunur. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh tərəfin izahatında da bildirdiyi dəlili iddiaçının tələb etdiyi 25.000 manata dair borc müqaviləsinin yazılı qaydada bağlanmalı olmasına dair qanunun tələbinə əməl olunmaması ilə bağlı olmuş və cavabdeh bu vaxt tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad etmişdir ki, həmin normanın tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

21. Kollegiya cavabdehin həmin maddəyə istinad edərək, 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı qaydada bağlanması barədə dəlili üzrə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Bununla bağlı qeyd edilməlidir ki, MM-in 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmiş, Məcəllənin 740-cı maddəsində isə borc müqaviləsinin forması müəyyən olunmuşdur. Məlum olduğu kimi, MM qəbul olunarkən 740-cı maddədə borc müqaviləsinin şifahi bağlanılan müqavilə olduğu müəyyən olunmuşdur. Eyni zamanda həmin normada borc müqaviləsinin bağlanmasında tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilməsi təsbit olunmuşdur. Borc müqaviləsinin bağlanmasının həmin qaydası xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. Yəni borc müqaviləsi predmetinin məbləğinin 3000 manatdan çox olduğu halda müqavilənin yazılı olmasına dair tələb istinad olunan qanunun qəbulundan sonra yaranmışdır. Borc müqaviləsinin formasına dair belə tələbin yaranması təsadüfi olmamışdır. Yeni qaydanın müəyyən olunmasınadək keçən dövr ərzində məhkəmə təcrübəsi göstərdi ki, borc münasibətlərində müqavilənin şifahiliyinə dair nəzərdə tutulan həmin qayda mülki münasibətlərin asanlaşdırılması, eləcə də mülki dövriyyənin sürətli inkişafı baxımından olduqca mütərəqqi bir hal olsa da, mübahisələrin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtləri ilə bağlı sübutetmə məsələsində bir sıra çətinliklər, qeyri-müəyyənliklər ortaya çıxmışdır. Bəzən də bu mülki dövriyyə iştirakçılarının- borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və sui-istifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadə və qeyrimüəyyənliklərin aradan qaldırılması baxımından, qanunverici məbləği 3000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, borc müqaviləsinin yazılı olması ilə bağlı tələb daha çox sübuti əhəmiyyət daşıyır, nəinki müqavilənin etibarlılığı məsələsinə təsir edir. Dəyişiklikdən sonra da 3000 manat məbləğində borca dair müqavilənin şifahi bağlana bilməsinin qanunda müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3000 manat məbləğində borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3001 manat məbləğində borc müqaviləsi isə yazılı olmadıqca etibarsız olur. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür.

22. Eyni zamanda, cavabdeh şikayətində tərəflər arasında borc münasibətlərinin olmasını, eləcə də borcun məbləğini (10500 manat) mübahisləndirmir. Belə olan halda həmin müqavilənin yazılı olması barədə tələbin güddüyü əsas məqsədin (sübut etmə) təmin olunduğu müəyyən olunur.

23. Məhkəmə Kollegiya cavabdehin şikayətin digər dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan 10500 manat məbləğində borc pul vəsaitini aldığını, lakin həmin borcunu qaytardığını, rayon məhkəməsinin isə bu halı düzgün qiymətləndirmədiyini bildirirsə də, buna dair, yəni borcun qaytarması ilə bağlı rayon məhkəməsinə sübut verməmiş, apellyasiya şikayətinə də hər hansı sübut (qəbz) əlavə etməmişdir, halbuki onun belə bir sübutunun olması halında onu şikayətinə əlavə etməsi qaçılmaz idi, demək cavabdehin belə bir sübutu olmamışdır, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır və təmin edilə bilməz. Baxmayaraq ki, MM-in 528-ci maddəsinin tələbinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1.).

24. MPM-in 77.1-ci maddəsinin tələbinə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. İddiaçı isə apellyasiya şikayətində cavabdehə 25000 manat məbləğində borca pul verməsini rayon məhkəməsi baxışı zamanı şahid ifadələri, həmçinin tərəflər arasında olan “whatsapp” səs yazıları ilə təsdiq edildiyini bildirmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini də əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Sehranə tərəfindən 25000 manat məbləğində pul verildiyini eşitməsini bildirmişdir, eyni zamanda digər şahid X3 ifadəsində bildirmişdir ki, “Sehranə ona bildirmişdir ki, Ayselə cəmi 25000 manat məbləğində pul vermişdir”. Göründüyü kimi, qeyd olunan şahidlər ifadələrində iddiaçı tərəfindən cavabdehə 25000 manat borc pul verilməsini iddiaçıdan eşitdikərini bildirmişlər, həmin vəsaitin bilavasitə onların iştirakı ilə verilməsi barədə məlumat verməmişlər.

27. Bundan başqa, birinci instansiya məhkəməsi baxışı zamanı X4 da ifadəsində bildirmişdir ki, “borca verilmiş pul məbləğinin 18000 manat olduğunu, daha sonra isə çoxaldığını bilir”, həmin şahid də borcun məhz 18000 manat olmasını və daha sonra çoxalmasını məhz bilavasitə onun iştirakı ilə və ya hansısa bir formada onun şahidliyi ilə verilməsini göstərməmiş, bu halların şahidi olmamışdır.

28. Belə olan halda Məhkəmə Kollegiyası qeyd olunan şahid ifadələrinin iddiaçının cavabdehdən tələb etdiyi 25.000 manat pulun verilməsini təsdiq edən sübut kimi qiymətləndirilməsinin yolverilməz olması barədə rayon məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Həmçinin qeyd edilməlidir ki, həmin şahidlərin ifadələri iş üzrə hər hansı yanakı sübutlarla da öz təsdiqini tapmamışdır.

29. Bundan başqa, iddiaçının şikayətində istinad etdiyi səs yazılarında isə cavabdehin konkret olaraq iddiaçıdan 25000 manat məbləğində pul vəsaitini alması müəyyən edilməmişdir. İddiaçı bu barədə məhkəməyə digər mötəbər sübutlarını təqdim etməmişdir.

30. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəticə:

31. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş iddiaçı və cavabdehin özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı və Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar