Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3448/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin inventarlaşdırıcı-mühəndisi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Gəncəli oğluna qarşı “torpaq sahəsindən çıxarılma, sökülmüş hasarın tikilərək bərpa edilməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2(008)-58/2024 nömrəli qətnaməsindən Cavabdeh Gəncəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 11 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 351A nömrəli ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ev tikilməsi üçün İddiaçı qanuni istifadəsinə verilmişdir. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 03 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 354A nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ev tikilməsi üçün Cavabdeh qanuni istifadəsinə verilmişdir. Hazırda iddiaçı, Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351A nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılması, sökülmüş ara hasarının cavabdeh tərəfindən bərpa edilməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Gəncəli oğluna qarşı “torpaq sahəsindən çıxarılma, sökülmüş hasarın tikilərək bərpa edilməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351A nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılması, sökülmüş ara hasarının cavabdeh tərəfindən bərpa edilməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq ona fərdi yaşayış evin tikintisi üçün ikinci kvartal sahə 351A ərazidə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Ev tikmək imkanı olmadığına görə fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin 600 kv.m sahəsini başqa şəxslərə satmış və beləliklə, 600 kv.m torpaq sahəsi öz sahibliyində qalmışdır. Həmin torpaq sahəsini 1,5 metr hündürlüyündə dövrələmə hasarlamışdır. Üç il bundan əvvəl ona məxsus torpaq sahəsinə baş çəkməyə gedərkən görmüşdür ki, qonşu 31 metr uzunluğunda olan daş hasarı sökməklə və ona məxsus torpaq sahəsinə giriş üçün darvaza yerini daşla bağlayaraq, mülkiyyətində olan torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə birləşdirmişdir. Dəfələrlə cəhd göstərsə də, özünə məxsus torpaq sahəsinə daxil ola bilməmişdir. Ona məxsus torpaq sahəsini öz torpaq sahəsi ilə birləşdirən Cavabdeh Gəncəli oğlu bildirdi ki, torpaqların ara hasarını o sökmüş və bununla da, düzgün hərəkət etmişdir. Belə ki, cavabdehin bildirdiyinə görə, torpaq sahəsini ona satan makler məsləhət görmüşdür ki, “onun torpaq sahəsinə bitişik olan 600 kv. metr torpaq sahəsini də gələcəkdə öz torpaq sahəsi ilə birləşdirə bilər”. Ona görə də, torpaq sahələrini ayıran ara divarını sökmüş, ona məxsus torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh Gəncəli oğlunun bildirdiyinə görə, ona məxsus torpaq sahəsinə bitişik olan 600 kv.m torpaq sahəsini maklerdən almış, həmin torpaq sahəsində ev inşa etdirmiş, həmin fərdi yaşayış evinə bacısını və onun ailəsini yerləşdirmişdir. Cavabdeh Gəncəli oğlunun bildirdiyinə görə, o, maklerlərdən 600 kv.m torpaq sahəsini almışdır. Lakin, hazırda Cavabdeh Gəncəli oğlunun sahibliyində faktiki olaraq 1200 kv.m torpaq sahəsi mövcuddur. Belə olan halda sual yaranır ki, əgər Cavabdeh Gəncəli oğlu 600 kv. m torpaq sahəsi almışdırsa, necə ola bilər ki, hazırda onun sahibliyində 1200 kv.m torpaq sahəsi vardır? Hazırda həmin ünvanda yaşayan Cavabdeh Gəncəli oğlunun bacısı qızının da, bildirdiyinə görə ona məxsus torpaq sahəsinin hasarını onun dayısı Cavabdeh sökdürüb və öz torpaq sahəsinə birləşdirmişdir. Cavabdehlə dəfələrlə telefon əlaqəsi yaratsa da, görülən işlər müsbət nəticə verməmişdir. O, humanistlik edib heç bir inzibati orqana müraciət etməmişdir və düşünmüşdür ki, bəlkə əməllərindən peşman olar və maklerlər tərəfindən aldadılmaqla sökdüyünə görə hasarın tikintisini bərpa edib torpağı geri özünə qaytarar. Hər halda qonşudur, ona görə də mübahisə etmək niyyəti olmamışdır. Lakin bu belə olmadı, əksinə hasardan sökülən daşlarla onun torpaq sahəsinə giriş darvazasının yerini bağlamaqla, Cavabdeh Gəncəli oğlu ona məxsus torpaq sahəsinə girişi məhdudlaşdırmış və bununla da, bilərəkdən onun hüquqlarını pozmuşdur. Göründüyü kimi, Cavabdeh Gəncəli oğlu tərəfindən ona məxsus 600 kv. m torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Qanunun mənasından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 351A nömrəli 600 kv.m torpaq sahəsinin Cavabdeh Gəncəli oğlu tərəfindən qanunsuz zəbt edilməsi həmin torpaq sahəsinə dair onun sahiblik hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2(008) 58/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ikinci kvartal sahədə yerləşən 351A nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılaraq torpaq sahəsi İddiaçı təhvil verilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ikinci kvartal sahədə 351A nömrəli 600 kv.m torpaq sahəsində Cavabdeh Gəncəli oğlu tərəfindən sökülmüş ara hasar Cavabdeh Gəncəli oğlu tərəfindən bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən məlum olur ki, İddiaçı ev tikmək üçün ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsi naturada hazırda iddiaçının ona aid olduğu iddia etdiyi sərhədlərdə yerləşir. Sözügedən mütəxəssis rəyindən həmçinin müəyyən edilmişdir ki, iddiaçının qanunu istifadəsinə verilmiş torpaq sahəsinin 600 kv.m olan hissəsi qonşu tərəfindən tam hissədə müdaxilə olunub vahid hasar daxilindədir. Həmçinin mütəxəssiz rəyindən o halda müəyyən edilirki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinə qonşu tərəfindən müdaxil olunsada həmin torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Beləliklə qeyd edilmiş hallar müəyyən edildikdən sonra məhkəmə hesab etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsinin məhz cavabdeh tərəfindən müdaxilə olunması hissəsini aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli etiraz ərizəsindəndə məlum olur ki, mübahisə predmenti olan torpaq sahəsinə müdaxilə həqiqətən cavabdeh tərəfindən həyata keçirilmişdir, eyni zamanda sözügedən etiraz ərizəsində həmçinin iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudlarına çəkilmiş hasar cavabdeh tərəfindən sökülmüşdür. Belə olan halda məhkəmə tərəfindən tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş olsa belə, mütəxsisis rəyindən məlum olur ki, cavabdehə ayrılmış torpaq sahəsinin yerləşməsini dair sxem cavabdeh tərəfindən təqdim edilməmiş, o cümlədən torpaq sahəsinin sahələri barədə məlumatlar isə baza məlumatlarında olmadığından bu halı müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351 a nömrəli 600 kv. m torpaq sahəsindən çıxarılmalı, sökülmüş ara hasarı cavabdeh tərəfindən bərpa edilməli və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Həmin qətnamədən narazı Cavabdeh Gəncəli oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının qərarı ilə 17 mart 1998-ci il Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartal 354A saylı torpaq sahəsi 600 kvadrat metr olmaqla ona verilmişdir. Həmin qərar torpağın ona məxsus olmasını göstərən əsaslı sənəddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 2-ci kvartal, 351A nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 2ci kvartal, 354A nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin üst-üstə düşmə halı 354A nömrəli sahəyə dair heç bir sənəd təqdim edilmədiyindən müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Halbuki, ona heç kim müraciət etməyib. İddiaçı və ekspertlər ondan xəbərsiz əraziyə baxış keçirmişlər. Bu səbəbdən də yerlərin üst-üstə düşüb-düşməməsi tam aydınlaşdırılmamışdır. Apellyasiya baxışı zamanı Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar. Bununla yanaşı apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3448/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2025-ci il tarixli, 3-16-16/2-10/7977/2025 saylı məktubu ilə ekspertizanın aparılmasına imtina edilməsi bildirilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin inventarlaşdırıcımühəndisi X5 izahat verərək bildirmişdir ki, 1 hasar daxilində hərəsi 6 sot torpaq olmaqla 2 torpaq sahəsi yerləşir, həmin torpaq sahəsinin məhz iddiaçıya məxsus olması cizgi planı olmadığından müəyyən edilməsi mümükün deyil, iddiaçının təqdim etdiyi yerləşmə sxeminin həmin torpaq sahəsinə aid olması müəyyən olunmur. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsi: ( əvvəlki redaksiya ) 67.1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu
5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia tələbinin əsasını iddiaçının ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək 31 metr uzunluğunda olan daş hasarı sökməklə və ona məxsus torpaq sahəsinə giriş üçün darvaza yerini daşla bağlayaraq, mülkiyyətində olan torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə birləşdirməsi təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-3-676 **********76/1013 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351A nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinə daxil olunması mümkün olmadığı, digər fiziki şəxs tərəfindən zəbt edilmiş olduğu, şərti olaraq göstərilən torpaq sahəsi 600 kv.m təşkil etdiyini, sahə ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyi üçün sahənin dəqiq yerləşməsi barədə qeyd verilməsinin mümkün olmadığı, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin 175.0 kv.m hissəsi istisna olmaqla qalan hissəsi yüsək gərginlikli elektrik xəttinin mühafizə zonasıda yerləşdiyini bildirilmişdir. Bundan əlavə rəydə Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351A nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinə tam hissədə qonşu tərəfindən müdaxilənin mövcud olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351A nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində tikili mövcud olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən məlum olur ki, İddiaçı ev tikmək üçün ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsi naturada hazırda iddiaçının ona aid olduğu iddia etdiyi sərhədlərdə yerləşir. Sözügedən mütəxəssis rəyindən həmçinin müəyyən edilmişdir ki, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsinin 600 kv.m olan hissəsi qonşu tərəfindən tam hissədə müdaxilə olunub vahid hasar daxilindədir. Həmçinin mütəxəssis rəyindən o halda müəyyən edilir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinə qonşu tərəfindən müdaxilə olunsa da, həmin torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Beləliklə qeyd edilmiş hallar müəyyən edildikdən sonra məhkəmə hesab etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsinin məhz cavabdeh tərəfindən müdaxilə olunması hissəsini aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli etiraz ərizəsindən də məlum olur ki, mübahisə predmeti olan torpaq sahəsinə müdaxilə həqiqətən cavabdeh tərəfindən həyata keçirilmişdir, eyni zamanda sözügedən etiraz ərizəsində həmçinin iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdüdlarına çəkilmiş hasar cavabdeh tərəfindən sökülmüşdür. Belə olan halda məhkəmə tərəfindən tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş olsa belə, mütəxsisis rəyindən məlum olur ki, cavabdehə ayrılmış torpaq sahəsinin yerləşməsini dair sxem cavabdeh tərəfindən təqdim edilməmiş, o cümlədən torpaq sahəsinin sahələri barədə məlumatlar isə baza məlumatlarında olmadığından bu halı müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən əsasən cavabdehin iddia ərizəsinə etirazın dəlillərinə istinad etmiş, həmçinin ekspertiza zamanı cavabdeh tərəfindən müəyyən sənədlər təqdim edilmədiyindən və torpaq sahəsinin sahələri barədə məlumatlar isə baza məlumatlarında olmadığından tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üstüstə düşüb-düşməməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, ona heç kim müraciət etməyib. İddiaçı və ekspertlər ondan xəbərsiz əraziyə baxış keçirmişlər. Bu səbəbdən də yerlərin üst-üstə düşüb-düşməməsi tam aydınlaşdırılmamışdır. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi mümkün olmasa da, həmin halın aydınlaşdırılması zəruri olduğundan, bu halın müəyyən edilməsi üçün apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, torpaq sahələrinin üst-üstə düşməsi halları, mülki mübahisələrdə tez-tez rast gəlinən və texniki ekspertiza tələb edən məsələlərdəndir. Bu cür halların müəyyən edilməsi üçün hüquqi sənədlərin dəqiq təhlili vacibdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2025-ci il tarixli, 3-16-16/2-10/7977/2025 saylı məktubu ilə ekspertizanın aparılmasına imtina edilməsi bildirilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə mütəxəssis rəyi alınması qərara alınmış və yerli icra orqanlarına müvafiq aidiyyatı sorğular verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 dekabr 2025-ci il tarixli müətəxəssis rəyindən görünür ki, vahid elekton kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi 600 kv.metr olmaqla Savalan yaşayış massivi ayrıcı daxilində yerləşir. Həmçinin sahə keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsindədir. Sözügedən torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət Mülkiyyəti torpağıdır. Bundan əlavə sahənin çox hissəsi yüksək gərginlikli (110 kvt) elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildirilir ki, sahəyə dair sənəd təqdim edilmədiyindən və sahənin qeydiyyatı barədə məlumat olmadığından üst-üstə düşmə halını araşdırmaq mümkün olmamışdır. Məhkəmə Kollegiyası tərəfindən 26 yanvar 2026-cı il tarixdə keçirilmiş yerli müayinə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir. İddiaçı hasarın içində köhnə daşların qoyulmasını göstərərək həmin yerin əvvəllər iddiaçının darvazasının yeri olduğunu göstərmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, rəyin məzmununda göstərilənlər həm kollegiyanın iclasında dindirilmiş mütəxəssisin izahatı, həm də verilən sorğulara alınan cavabların məzmunu ilə də təsdiqlənir. Belə ki, Məhkəmə Kollegiyası tərəfindən verilmiş sorğulara Sabunçu Rayon İcra Hakimiyyətində, Azərbaycan Respublikası Milli Arxiv İdarəsində və Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş cavablardan görünür ki, iddiaçıya və cavabdehə torpaq sahələrinin ayrılmasına dair məlumat yoxdur. Torpaq sahələrinin ayrılmasına dair qeydiyyat-qəsəbə nümayəndəliyində qərarlar tapılmamışdır və hər hansı sənəd və ya torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Eyni zamanda həmin cavablardan müəyyən olunur ki, Maştağa qəsəbəsinin X3 2-ci kvartal üzrə baş planı təsdiq edilməmişdir. Yəni, cavabdeh torpaq sahəsini zəbt etməsini etiraf etdiyi və kollegiya tərəfindən bu hal qəbul edildiyi halda belə iddiaçının iddiası əsaslı sayılı bilməz. Belə ki, cavabdehin faktiki olaraq zəbt etdiyi torpaq sahəsinin məhz iddiaçıya aid torpaq sahəsi olması nə iş üzrə alınmış rəylərlə, nə dindirilmiş mütəxəssisin izahatı ilə, nə də sorğulara verilən cavab məktublarının məzmunu ilə təsdiqlənmir. Göründüyü kimi tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi kollegiya tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırda cavabdehin onun qanuni istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılmasını tələb edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (Mülki Məcəllə, maddə 157.2), neqator iddia (Mülki Məcəllə, maddə 157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (Mülki Məcəllə, maddə 164.2) və pozuntuya son qoyulması tələbi (Mülki Məcəllə, maddə 165.1). Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericilikdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur. Sahiblik institutunun mülki hüquq münasibətlərində əsas funksiyalarından biri məhz cəmiyyətdəki nizamı və sosial sülhü qorumaqla bağlıdır. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsd etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Bu səbəbdən Mülki Məcəllənin 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Onun əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Göründüyü kimi hazırda iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüqunun və ya sahibliyinin olması vacib şərtdir. Bununla belə iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 11 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 351A nömrəli ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ev tikilməsi üçün İddiaçı qanuni istifadəsinə verilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş plan sxemdən görünür ki, ona ayrılan sahənin nömrəsi 351 və nəzərdə tutulan sahə ştrixlə işarə olunmamışdır (cild 1, i.v.9-10). Eyni zamanda cavabdeh tərərfindən təqdim edilmiş sənədlərdən də məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 03 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 354A nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ev tikilməsi üçün Cavabdeh qanuni istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən verilmiş plan sxemdən görünür ki, ona ayrılan sahənin nömrəsi 354A-dır və nəzərdə tutulan sahə ştrixlə işarə olunmuşdur (cild 1, i.v.39-40), Kollegiya hesab edir ki, iddia tələbində Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351A nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılması xahiş edilsə də, cavabdeh tərəfindən verilmiş plan sxemdə ona ayrılan sahənin nömrəsi 354A olması qeyd edildiyindən iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə üst-üstə düşməsi sübuta yetirilmir, yəni, iddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi olması öz təsdiqini tapmır. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyində İddiaçı ev tikmək üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yeri konkret müəyyən edilmədiyi halda məhkəmə iddiaçının qanunu istifadəsinə verilmiş torpaq sahəsinin 600 kv.m olan hissəsi qonşu tərəfindən tam hissədə müdaxilə olunub vahid hasar daxilində olan hissəsi naturada hazırda iddiaçının ona aid olduğu iddia etdiyi sərhədlərdə yerləşməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Beləliklə iş materialları ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Gəncəli oğlunun özünə aid edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Gəncəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2(008)- 58/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Gəncəli oğluna qarşı “Cavabdeh Gəncəli oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351A nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılması, sökülmüş ara hasarının cavabdeh tərəfindən bərpa edilməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Gəncəli oğlunun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.