Məhkəmə qərarları › İş №2(103)-3449/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3449/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3449/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2704/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnamənin qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2004-cü ildə bağlanıb, xx.xx.2024cü il tarixli qətnamə ilə pozulub. Nikahdan iki uşaq doğulub. 2.Mübahisə Xətai rayonu, Mehmandarov küçəsi, ev № 66-da yerləşən 45 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzili nikahdan əvvəl xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə və mülkiyyət hüququ xx.xx.2024-cü ildə dövlət reyestrində qeydə alınıb. Cavabdeh mənzildə yaşayır, mənzildən istifadə hüququ var və mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilsin. İddia ərizəsində tələb onunla əsaslandırılıb ki, tərəflərin nikahına xitam verildiyinə görə, cavabdehin mənzildən istifadə hüququ qanunsuz hesab edilməlidir. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Cavabdehin mənzildən istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranıb. Belə ki, cavabdeh iddiaçının (mülkiyyətçinin) ailə üzvü (arvadı) kimi xx.xx.2004-cü ildən (ailə qurduğu vaxtdan) xx.xx.2024-cü ilə (nikah pozulana) kimi onunla birgə mənzildə fasiləsiz olaraq yaşayıb. Nikah pozulduqdan sonra da cavabdeh mənzildə yaşamaqda davam edib, hal-hazıra kimi mənzildə yaşayır. 9.Tərəflərin nikahının pozulması istifadə hüququna xitaam verilməsi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində görə, istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 10.AR Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Lakin cavabdehin mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmayıb. Cavabdehin mülkiyyətində ünvan ünvanında 0,06 ha torpaq sahəsi var. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ tərəflərin nikahda olduğu zaman - xx.xx.2018-ci ildə qeydə alınıb. Torpaq sahəsində fərdi yaşayış evi olsa da, ev dövlət reyestrində qeydə alınmayıb və yaşayış üçün tam hazır deyil. 11.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2704/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar