Məhkəmə qərarları › İş №2(103)-345/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-345/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-345/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-345/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 01 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC (MMC-nin direktoru X3) ilə İddiaçı arasında bağlanmış 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüş, "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 23 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin ümumi dəyərini tam ödəmişdir. "xxxx"-MMC hazırki vaxtadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya təhvil verməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 112.000 manat pulun ondan alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 23 fevral 2018-ci il tarixdə «kooperativ binada mənzil tikintisi haqqında» müqavilə bağlanmışdır. İstinad edilən müqavilənin 1.1 bəndinə görə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzili «Payçı»ya verməyi, «Payçı» isə mənzili qəbul edib müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi müqavilənin bağlandığı gün icra edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsində inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət, ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin hər kv.metrinə görə "xxxx" MMC-yə 800 manat, ümumilikdə 140x800=112.000 manat nəğd şəkildə ödəyib müvafiq maliyyə arayışı almışdır

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh2 MMC-dən 112.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.2, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, binanın vaxtında inşa olunmamasına müxtəlif səbəblər olsa da, bu səbəblər üzrlü olsa belə, cavabdeh olaraq onlar da iddiaçının haqlı iradlarını başa düşür, lakin müqavilə üzrə öhdəliklərini yerinə yetirmək niyyətindədirlər və iddiaçıya aid olan mənzilin 1 il müddətində ona təhvil verilməsi nəzərdə tutulur. Bu barədə təklif olaraq tərəflərindən rəsmi qaydada iddiaçıya mövqeyləri bildirilmişdir. Həmçinin, mənzilin dəyərinin kv.m-nin 800 manatdan hesablanması üçün heç bir əsas yoxdur. Belə ki, qeyd olunan binada mənzillərin kv.m-nin dəyəri 500 manatdan satılmışdır. Mübahisələndirilən qətnamədə mənzilin kv.m-nin 500 manata satılmasına dair tərəflərindən mötəbər sübutun təqdim olunmaması qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən də mənzilin kv.m-nin 800 manatdan olmasını sübut edən dəlil məhkəməyə təqdim olunmamışdır. Belə olan halda isə həmin binada mənzillərin kv.m-nin dəyərinin müəyyən olunması istiqamətində mütəxəssis və ya ekspert rəyinin alınması yaranmış vəziyyətə daha doğru qiymətin verilməsi üçün əsas yaratmış olardı. Hər bir halda məhkəmənin, tərəflərindən mənzilin kv.m-nin 500 manata olması barədə sübut təqdim olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq bildirirlərk ki, analoji iddia tələbi ilə, Səbail rayon məhkəməsinə müraciət etmiş başqa bir sakin "xxxx" MMC-dən, həmin binadan mənzilin kv.m-ni 450 manatdan ödədiyini və bunun müqabilində ödədiyi vəsaiti tələb etmişdir. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında olan mənzilin kv.m-nin dəyərini 450 manatdan hesablamaqla iddia tələbini təmin etmişdir və həmin qətnamə məhkəməyə tərəflərindən təqdim olunmuşdur. Həmçinin mübahisələndirilən qətnamə ilə tərəflərindən iddiaçıya 112.000 manat vəsaitin ödənilməsi qət edilsə də, bu tələbin irəli sürülməsi üçün əsas olmuş müqavilə ləğv olunmamışdır. Bununlada faktiki olaraq iddiaçıya həm 112.000 manat vəsaitin ödənilməsi qət olunur, həm də mənzilin alüi-satqısına dair müqavilədə qüvvədə qalır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10963/2021 saylı 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəvərov, E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1823/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsi ilə əsaslandırmışdır.

ç) Kassasiya instansiya məhkəməsində icraat

11. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4075/2022 saylı, 25 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov, E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 10963/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

13. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...İddiaçı “Kooperativ binda mənzil tikintisi haqqında” 23 fevral 2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 112.000 manat pulun cavabdehdən alınıb ona qaytarılmasını xahiş edib və tələbinin əsası kimi 140 kv.metr mənzilin hər kv.metri üçün 800 manat pul ödəməsi barədə müqaviləyə və eyni tarixli maliyyə arayışına istinad edib. İşin müəyyən edilən hallarına görə isə mənzilin qiymətinin nə qədər olması və mənzilə görə nə qədər pul ödənilməsi nə müqavilədə, nə də maliyyə arayışında göstərilməyib. Cavabdeh isə mənzilə görə 112000 manat deyil, mənzilin hər kv.metrinə görə 500 manat pul ödənilməsini göstərib. İddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçıya satılmış mənzilin bir kvadratmetrinin dəyərinin 500 manat olması barədə cavabdehin hər hansı sübut təqdim etməməsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də eyni mövqedən çıxış edərək, cavabdehin özünün belə məzmunda (yəni tam ödəniş barədə) arayış verdiyinə görə iddiaçıdan aldığı pulun məbləğini sübut etmə vəzifəsinin də cavabdehin üzərinə düşməsini göstərmişdir. Məhkəmə kollegiyası sübut etmə yükünün belə qaydada bölüşdürülməsini düzgün saymır. Belə ki, Mülki Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Göründüyü kimi, qanunvericilik qiymət nəzərdə tutulmayan və müqavilə şərtlərinə əsasən də bunun müəyyən edilməsinin mümkün olmadığı əvəzli müqavilələr üzrə pulun müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməli olmasını müəyyən edib. Bir halda ki, iddiaçı qiyməti göstərilməyən müqaviləyə istinad edib 112.000 manat pul tələb edir, belə olan halda, qeyd edilən hüquq normasının tələbi baxımından həmin qiymətin müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymətlə müəyyən edilməsini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Bu, həm də MPM-in 77-ci maddəsinin göstərişlərindən irəli gələn bir tələbdir. Lakin işə baxan məhkəmələr mübahisənin düzgün həlli baxımından Mülki Məcəllənin 398.3-cü maddəsinin tələblərini nəzərə almamış...” d) Proses iştirakçılarının izahatı

14. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

15. Təkrar apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

18. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

19. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

22. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materiallarında olan "xxxx" MMC (MMC-nin direktoru X3) ilə İddiaçı arasında bağlanmış 23 fevral 2018-ci tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

33. 23 fevral 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir.

34. "xxxx" MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur.

35. Müəyyən olunur ki, tərəflərin arasındakı münasibət podrat münasibətidir. Cavabdeh (podratçı) üzərinə götürdüyü öhdəliyi yerinə yetrmədiyinə görə iddiaçı müqavilədən imtina etməyə və ödədiyi pulun qaytarılmasını tələb etməyə haqldır. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsində “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər” qeyd olunub.

36. Həmçinin, müəyyən edilmişdir ki, müqavilədə nəzərdə tutulan mənzilə münasibətdə işlər qurtarmayıb (ümumiyyətlə başlanmayıb). Ona görə də iddiaçı müqavilədən imtina edərək ödədiyi pulun qaytarılmasını tələb edir.

37. Apellyasiya instansiya məhkəmə baxışı zamanı kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq mübahisəli mənzilin alındığı dövrdə kv.metrinin orta bazar qiyməti müəyyən olunması məqsədilə qiymətləndirmə təyin edilmişdir.

38. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0074 nömrəli rəydə qeyd edilmişdir ki, 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində (Y.Yasamal ərazisində Ə.Əhmədov küçəsində) təmirsiz binalarda mənzilin kv.metrinin orta bazar qiyməti 850 (səkkiz yüz əlli) manat müəyyən olunur.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Məhkəmə kollegiyası işdə olan sənədləri və qiymətləndirici tərəfindən verilmiş rəyi müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslıdır.

42. Buna görə də, kollegiya yuxarıda qeyd edilən qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsinə dair nəticəyə gəlmişdir.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar