Məhkəmə qərarları › İş №2(103)-345/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-345/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-345/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1890/2022 nömrəli qətnaməsindən cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir.

2. Tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşlar.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 2307/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, uşaqların anaları Cavabdeh yanında saxlanılması və xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 524/2020 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölünməsi və həmin əmlak üzərində İddiaçı 1/2 pay üzrə, Cavabdeh 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehə təklif olunan 12.600 manat məbləğ cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsi ilə iddiaçı ilkin iddianın təmin olunmaması barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki işin diqqətəlayiq halları nəzərə alınmaqla ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləği 25.000 manat təşkil edir. Qeyd edilən məbləğin kompensasiya qismində Cavabdeh verilməsi İddiaçı təklif edilsə də, o, həmin məbləği ödəməyəcəyini məhkəmə kollegiyasına bildirmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5803/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 mənzil ar-arvadın ümumi birgə mülkiyyəti deyil, İddiaçı ayrıca mülkiyyətidir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqların xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.000 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 mənzildən istifadə hüququna xitam verilməsinə, cavabdehlərin həmin mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 22/29, 31 sayh mənzil iddiaçının xüsusi mülkiyyətindədir. O, cavabdehlə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan iki uşağları var. Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 22/29, 31 sayh mənzili nikahdan əvvəl bacısı mənzilin pulunu ödəməklə onun adıına rəsmiləşdirmişdir. Lakin son zamanda cavabdehlə həmin mənzildə birgə yaşamaları qeyri-mümkün olmuşdur. Hətta faktiki ayrıldıqları zaman cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənzilindən məhrum olmuşdur. Mənzilə gələrək uşaqlarını görmək istədikdə cavabdeh mənzilində əsassız sözsöhbət yaradaraq onu tutdurmaq hədəsi ilə hər dəfə 102 qaynar xəttim yığır və ondan şikayət edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənzilindən məhrum olunmuş, orada onun yaşamağına cavabdeh tərəfindən heç bir şərait yaradılmamışdır. Cavabdeh ona qarşı aliment tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş, o da öz növbəsində birgə yaşaması qeyri-mümkün olduğundan ayrılmaq qərarı ilə nikahın pozulması və uşaqların onun himayəsinə verilməsi tələbi ilə qarşılıqlı iddia tələbi vermişdir. Səbail rayon Məhkəməsi tərəfindən işə baxılmış və qərar qəbul olunmuşdur. Cavabdeh evdar qadın olmuş, heç bir yerdə çalışmamış, ailənin maddi tələbatını daim o ödəmişdir. O, gəmi kapitanı kimi yollarda səfərdə olarkən cavabdeh öz bildiyi həyatını yaşamış, onun qazancından istədiyi kimi rəftar etmişdir. Belə ki, onun əmək haqqı olan kart daim cavabdehdə olmuş və onun xəbəri olmadan istədiyi qızıl-zinət əşyasını almışdır. O, evinə səfərdən qayıdarkən cavabdehin telefonda kimlərsə gizli yazışmasının, telefon əlaqəsinin şahidi olmuş, aralarında yaranan söhbətlər bundan qaynaqlanmışdır. Onu polis bölməsinə şikayət edərək tutduracağı halda məcburiyyət qarşısında qalaraq o zaman mənzili tərk edərək evdən çıxmışdır. Nikahlarına xitam verildiyi zaman məhkəmədə o harada yaşaması sualına cavabdeh «mənzil mənimdir» deyə qışqırıraq söyüşlə ona cavab vermişdir. Cavabdeh evdə onu ər kimi saymamış, ona işləyən maşın kimi, pul kisəsi kimi baxmışdır. Son zamanda işləmədiyi üçün artıq o, mənzildə ona mane olduğundan, onun sərbəst həyatını pozduğundan o, hər dəfə ona şər böhtan ataraq tutduracağı ilə hədələdiyindən, artıq bir dam altında birgə yaşamaları qeyri-mümkündür. Bundan əlavə, onun mülkiyyətində olan mənzildə bütün məişət əşyaları, texnika, mebel ona məxsusdur, həmin əşyalar onu pulu ilə alınmışdır. Bundan başqa, onun mülkiyyətində olan bəzi antik əşyalar mərhum anasına məxsusdur. Cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində mülkiyyətçi kimi həmin mənzildə yaşamağına keçmiş arvadı tərəfindən məhdudiyyət qoymaqla, mülkiyyətçi kimi ona maddi-mənəvi ziyan vurmaqla, onun orada yaşamağına maneçilik yaratmışdır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 15 avqust 2019-cu il tarixli məktubuna əsasən 41 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə-763 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil xx.xx.2003-cü il tarixdə onun adına qeydiyyatdan keçmiş, həmin mənzilə dair seriya ÖM 17351 nömrəli 11.11,2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında dövlət reyestrindən RX ******* seriyalı xx.xx.2013-cü il tarixli yeni çıxarış verilməsi öz əksini tapmışdır. Mübahisəli mənzil üç otaqdan ibarət olub, orta təmirli mənzildir, onun halhazırda real bazar qiyməti 80.000 manat təşkil edir. Mülkiyyətində olan mənzilin bugünki gündə hər ay kirayə haqqı təxminən 350 manat təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətindən məhrum olmuş, həmin mənzildə yaşaya bilmir. Nikahlarına məhkəmə qaydasında xitam edildiyi üçün birgə yaşamaları qeyri-mümkündür. Cavabdeh nə ər kimi, nə də, uşaqların atası və mülkiyyətçi kimi ona hörmət qoymur. Bütün bunları nəzərə alaraq tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X2 ilə mülkiyyətində olan ünvan 1 mənzildən 12.600 manat kompensasiya verilməklə istifadə hüququnun xitam edilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(009)-524/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölünməsi və həmin əmlak üzərində İddiaçı 1/2 pay izrə, Cavabdeh 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il .arixli, 2(103)-534/2021 qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-534/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarında göstərilmişdir ki, cavabdehə təklif edilən 12600 manat məbləğ cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 2(009)- 1890/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 25.000 manat məbləğində kompensasiya verilməklə, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 mənzildən çıxarılmaları və İddiaçı həmin məzilə köçürülməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 25.000 manat məbləğində pul vəsaiti cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir.

13. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 25,000 manat məbləğində kompensasiya verilməklə, cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 mənzildən istifadə hüququna xitam verilməli, onlar mənzildən çıxarılmalı və kompensasiya məbləğinin verilməsi ilə mənzildən istifadə hüququna xitam verilmə eyni vaxtda icra olunmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 228.2-ci maddəsinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təklif edilən kompensasiya məbləğinin kifayət edib-etməməsini araşdırmamışdır. Yalnız Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında 25.000 manat məbləğində kompensasiya məbləğini yetərli saymışdır. Halbuki, 228.2-ci maddə kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyənləşdirilməsini tələb edir, iki il əvvəl qəbul edilmiş məhkəmə aktı deyil. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.000 manatla bağlı əsaslandırmasının əsasında nəyin dayandığı qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, əvvəla, həmin məhkəmə işi üzrə qətnamə iki il əvvəl qəbul edilib; ikincisi, məhkəmə aktında 25.000 manat pulun yetərli olmasına dair mövqenin əsasında dayanan sübut bəlli deyildir; üçüncüsü, həmin iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən ilk İddiaçı 25.000 manat kompensasiya məbləğinin kifayət etməsinə dair sübut təqdim etməyib.

17. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs da həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini, şikayəti təmin olunmadığı halda onun istifadə hüquqlarıma ayrıca şəkildə ədalətli kompensasiyanın müəyyən edilərək ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mənafeyini nəzərə almamış, yəni həmin iş üzrə cavabdeh anası ilə bir yerdə yaşamaq niyyətində olmadığından ona kompensasiya ödənilməsi qətnamədə nəzərdə tutulmamışdır. Halbuki, hazırda o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmış və anası ilə bir yerdə yaşamaq niyyəti yoxdur. Digər tərəfdən, o, həddi buluğa çatdığı üçün və artıq müstəqil şəxs olduğu üçün, onun mübahisəli mənzil üzrə istifadə hüquqlarına xitam veriləcəyi təqdirdə ayrıca kompensasiya ödənilməlidir. Bu səbəbdən hesab edir ki, işin bu halları apellyasia qaydasında işə baxılarkən nəzərə alınmalıdır. İddiaçı tərəfindən təklif olunan kompensasiya heç iki şəxsin (anası və bacısının) davamlı surətdə birlikdə yaşaması üçün belə yetərli deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən cavabdehə «hansı məbləğdə kompensasiya təklif edilməsi onu qane edə bilər» sualına cavab olaraq o, buna qətiyyən razı olmadığını və heç bir kompensasiya istəmədiyini bildirməklə yanaşı, təklil edilən 25.000 manat məbləğə də ev almağın mümkün olmadığını bildirmişdir. Hakim ona deyəndə ki, bu məbləğ ev almaq üçün deyil, mənzildə olan istifadə hüququna xitamla bağlı kompensasiya məbləğidir, bu halda cavabdeh ümumiyyətlə mənzildən çıxmayacağını, mənzili və Şamaxıdakı torpağı onun qardaşının aldığını, onun bu əmlakların alınmasında heç bir rolumun olmamasını, əvvəl qəbul edilmiş məhkəmə aklarının düzgün olmamasını göstərməklə, ümumilikdə onu mənfi xarakterizə etmək istiqamətində çıxışlar elmişdir. İddiaçının sonradan məhkəmələrin bu mövqeyinə əsaslanaraq həmin məbləği vermək imkanı yaranmış və buna görə də iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə öz növbəsində tam haqlı olaraq mübahisəli mənzilin onun mülkiyyətində olmasını və qanuni qüvvəsini almış məhkəmə aktlarını diqqətə alaraq onun tərəfindən kompensasiya qaydasında təklif olunan 25.000 manat məbləğində pul vəsaitinin cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət etməsi kimi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyator şikayətində iddiaçının uşaqları olan Maraqlı şəxs və Aygül Əhədzadəni cavabdeh kimi göstərməklə bir ata kimi uşaqların hüquqları qorumaq əvəzinə yetkinlik yaşına çatmamış uşaqlarının mənzildən çölə atılmasını tələb etməsini göstərsə də, bu əslində belə deyil. Belə ki, iddiaçı həqiqətən də uşaqlarının cavabdeh kimi göstərməklə onların da Cavabdeh ilə birlikdə mənzildən çıxarılmasını ona görə tələb etmişdir ki, sonuncunu tək cavabdeh kimi göstərdiyi halda, o məhkəmə qətnaməsi icra ediləndən sonra kompensasiya məbləğini alıb mənzildən çıxandan sonra uşaqların qanuni nümayəndəsi kimi onların yaşadığı mənzildə onlarla birlikdə qalıb yaşamaq hüququndan istifadə edə bilərdi ki, bu da qəbul ediləcək məhkəmə qətnaməsini əhəmiyyətsiz edərək iddiaçının hüquqlarını pozacaqdır. Çünki iddiaçı tək onu cavabdeh kimi göstərməklə qətnamə əsasında mənzilinə köçürülsəydi belə onunla birlikdə yaşamaq mümkün olmayacaqdır. Belə ki, iddiaçı cavabdehlə münaqişəli vəziyyətdədir, onunla danışmaq mümkün deyil, cavabdeh ancaq iddiaçı ilə polis vasitəsilə danışır və ona hər vasitə ilə təzyiqlər etməyə, böhtan atmağa çalışır. Buna görə də iddiaçı cavabdehi uşaqları ilə birlikdə çıxarılması tələbini irəli sürmüşdür ki, onu evdən çıxarsın. Lakin iddiaçının məhkəmədə verdiyi izahatda da, cavabdehin şikayətləri əsasında təqdim etdiyi etirazlarda da göstərmişdir ki, iddiaçı uşaqlarını heç vaxt atmamış və atmaq fikri də yoxdur, iddiası təmin olunandan və icra edilərək cavabdeh uşaqlarla mənzildən çıxarılandan sonra uşaqları onunla yaşamaq istəsələr iddiaçı buna etiraz etməyəcək və uşaqları ilə birlikdə mənzildə yaşamağa hazırdır. Lakin cavabdeh birmənalı olaraq iddiaçının mülkiyyətimdə olan mənzildə artıq yaşaya bilməz və oradan çıxarılmalıdır. Çünki, artıq 5 ildir ki, cavabdeh onun mülkiyyəti olan mənzilindən tam hüqüqla sahib kimi istifadə etməyinə, yaşamağına imkan vermir. Cavabdeh iddiaçı iddia verəndən sonra mənzildən çıxma vaxtını uzatmaq üçün prosessual hüquqlardan sui-istifadə etmişdir, məqsədi oğlumuz Maraqlı şəxs xx.xx.2023-cü ildə 18 yaşının tamam olmasını gözləmək idi və o, cavabdeh kimi prosessual hüquqlarından sui-istifadə edərək özünün apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında baxılmasını süni surətdə uzatmağa nail olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi, həmçinin məhkəməyə ərizə təqdim edərək, cavabdehə 30.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Maraqlı şəxs qarşı iddiaları yoxdur. Tələb Cavabdeh uşaqlarla birlikdə evdən çıxmasıdır. Uşaqların çıxmasını cavabdehə münasibətdə tələb edirlər. Uşaqları çölə atmaq kimi məqsədləri yoxdur. Cavabdeh evdən çıxsın, iddiaçı yenə də uşaqları qəbul edəcək.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, ədalətli kompensasiyanın ödənilməsini və iddianın təmin olunmamasını xahiş edir.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

27. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

30. Hazırkı işdə iddia təmin olunduğundan, və apellyasiya şikayətlərinə əsasən qətnamə tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin və cavabdehin apellyasiya şikayətinə qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iddiaçının təqdim etdiyi ərizəyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi verilməli olan kompensasiya məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 30.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçı hazırki tələbində mülkiyyətində olan ünvan 1 mənzildən cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir.

33. Qeyd edilməlidir ki, iddiaçının bu tələbini daha əvvəl də məhkəmədə irəli sürmüş, lakin təklif etdiyi kompensasiyanın məbləği yetərli olmadığından onun iddiası təmin edilməmişdir. Beləliklə, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququnun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq müəyyən edilmişdir.

34. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ədalətli kompensasiya məbləğinin 25.000 manat olması qənaətinə gəlinmişdir.

35. Bununla belə, hazırki iş üzrə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/85xx-xx/8346 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,00 m2 olan, 3 otaqlı orta təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 146.500 manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olunmuşdur ki, həmin mənzilin və ona oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 500 manat müəyyən edilir.

36. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.

37. Ekspert rəyinə əsasən həmin məbləğ 18.000 manat (36 ay x 500 manat) təşkil edir.

38. Bununla belə, iddiaçı kollegiyanın iclasında ərizə təqdim edərək cavabdehə təklif edilən kompensasinın məbləğini artırmış və cavabdehə 30.000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.

39. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-534/2021 nömrəli qətnaməsində ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 30.000 manat kompensasiya məbləği ədalətlidir.

40. Kollegiya hazırda yetkinlik yaşına çatmış Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslılığı və qanuniliyi yoxlanılır, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1890/2022 nömrəli qətnaməsi qəbul edilərkən xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs yetkinlik yaşına çatmamış, tərəflər arasında bağlanmış nigah Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2307/2019 nömrəli qətnaməsi ilə pozularkən uşaqların yaşayış yeri anaları Cavabdeh yanında müəyyən edilmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1890/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı tərəfindən ödnilməli olan kompensasiyanın məbləği 30.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar