Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3452/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı3 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı3, onun nümayəndəsi (oğlu) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı3 07 sentyabr 1987-ci ildə Cavabdehnə işə qəbul olmuş və universitetin “Xarici dillər” kafedrasında müəllim və baş müəllim vəzifələrində işləmişdir. Cavabdehin 04 may 2022-ci il tarixli, 04-460 saylı əmri ilə işdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisədə çalışdığı 35 il ərzində 60-dan çox məqalələrin, bir neçə dərslik və lüğətlərin müəllifi olmuşdur. Məqalələri yerli və xarici nəşrlərdə dərc olunmuşdur. Mütəmadi olaraq Müəllimlərin təkmilləşdirmə İnstitutunda kurslar keçərək öz müəllim sənətini təkmilləşdirmişdir. Bundan başqa, bir neçə dəfə həm şəxsi, həm universitet hesabına ingilis dili kurslarında iştirak edərək yüksək nəticələr əldə etmişdir. Son dəfə 2021-ci ilin iyun-sentyabr aylarında (keçdiyi bu kursun yarısından çoxu məzuniyyət dövrünə təsadüf edib) Universitetin rektorunun göstərişinə əsasən nüfuzlu şirkət olan “British Council”-ın kurslarında iştirak edərək, yüksək nəticə əldə edərək B2 sertifikatına yiyələnmişdir. “Xarici dillər” kafedrasından yalnız 8 müəllim bu sertifikata yiyələnmişdir. 2018-ci ilin sonunda rektorun birbaşa göstərişi əsasında universitetdə seçki sisteminə dəyişiklik edilərək yeni formatda seçkilər təyin edilmişdir. Nəticədə kadrlar şöbəsi tərəfindən təhdid edilərək iddiaçıya ərizə yazdırdılar və yenidən 3 aylıq əmək müqaviləsi bağladılar, bu da iddiaçının fasiləsiz əmək stajına təsir etdi. 2019cu ilin yanvarında kafedrada seçkilər keçirildi. Müəllimlər üçün keçid balı 35, dosentlər üçün 50 bal keçid balı kimi müəyyən olundu. O, uğurlu nəticə əldə edərək, 58 bal toplayıb yenidən öz vəzifəsinə seçildi. Seçkinin nəticəsi olaraq onunla 2019-cu ilin yanvar ayında 5 illik əmək müqaviləsi bağlandı, əmək müqaviləsinə qol çəkdirildi, lakin ona aid olan nüsxə təqdim edilmədi. O, bir neçə dəfə bununla bağlı kadrlar şöbəsinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə gətirərək ona aid olan nüsxəni verməkdən boyun qaçırıblar. Yuxarıda göstərilənlərlə iddiaçının universitetdə fasiləsiz iş stajına son qoyulmuşdur, onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. 2021-ci ilin iyun ayından başlayaraq, sessiya zamanı və iyul, avqust aylarında məzuniyyət zamanı iddiaçı “British Council”-ın kurslarında iştirak etməyə məcbur edildi, bir sıra təhdidlərlə üz-üzə qaldı. Belə ki, həftə içi hər gün, 3-4 saat çox sərt qaydalar ilə treyninqlər keçmişdi. Məzuniyyət zamanı istirahət və müalicəyə sərf etməyinin yerinə kompyuterin önündə saatlarla, stress altında dərs keçdi. Bütün bunlara baxmayaraq, imtahanı uğurla verərək, tələb edilən nəticəni alaraq B2 sertifikatına yiyələndi. Aşağı nəticə alan müəllimlər bir çox təhdid və hədə-qorxu ilə üz-üzə qaldılar. Bu ilin əvvəllərində universitetdə attestasiya olacağı ilə bağlı məlumat verilmişdir. Lakin attestasiya yalnız xarici dillər kafedrasına şamil edildi. Attestasiya komissiyasının üzvləri haqqında heç bir məlumat verilmədi. Ən böyük pozuntu isə ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onların ixtisasına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olmasının anlamına gəlir. Bundan başqa, xx.xx.2022-ci ildə keçirilən attestasiya zamanı iddiaçıya verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildir, sadəcə iddiaçının fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Attestasiyadan sonra iddiaçıya şifahi formada öz ərizəsi ilə işdən çıxarılması təklif edildi. İddiaçı buna etirazını bildirəndə dedilər ki, bu rektorun göstərişidir. İddiaçının apellyasiya vermək hüququ olmasına baxmayaraq, bu hüququ ona vermədilər, səhəri gün prorektora yaxınlaşanda “apellyasiya olmayacaq, rektorun göstərişi var!” kimi cümlələr ilə cavab verdilər. Attestasiya qaydalarına uyğun olaraq iddiaçıya attestasiya nəticələrini rəsmi qaydada təqdim etməli idilər, iddiaçı həmin nəticələr ilə tanış olmalı və imza atmalı idi, lakin ona şifahi qərarı açıqlayaraq yola saldılar. Yuxarıda qeyd olunanlar ciddi qanun pozuntularıdır. 05 may 2022-ci il tarixində iddiaçını və digər müəllimləri kadrlar şöbəsinə dəvət etdilər. Kadrlar şöbəsinin rəisi onların 04 may tarixində işdən azad olunduqlarını bildirdi. İddiaçının işdən azad olunmağı ciddi qanun pozuntuları ilə müşahidə olunurdu. İlkin olaraq 29 aprel 2022-ci il tarixində imzalanan 04- 448 saylı əmrlə onları işdən azad etmişdilər. Buna baxmayaraq, 29 aprel tarixində və 04 aprel tarixində iş yerində olmuş və dərs demişdir. Sonra əmr dəyişdirilərək 04 may 2022-ci il tarixli ilə iddiaçıya 04-460 saylı əmr təqdim etdilər və köhnə tarix ilə əmrə qol çəkməklərini istədilər, lakin iddiaçı buna etiraz etdi və köhnə tarixlə əmrə qol çəkmədi. Müvafiq elektron sistemdə yoxlayanda ilkin olaraq 29 aprel tarixi ilə fərqli əmr nömrəsi ilə, sonra isə 04 may tarixi fərqli əmr nömrəsi ilə işdən azad olunduğunu gördü. Bunun özü çox ciddi qanun pozuntusu hesab edilir. Attestasiya zamanı komissiyanın üzvlərindən cəmi 3 nəfəri ingilis dili mütəxəssisi idi, bundan başqa attestasiyanın sonunda nəticələr iddiaçıya rəsmi təqdim edilməyib və iddiaçı tərəfindən imzalanmayıb. İddiaçı ilə bağlı verilən əmr 2 dəfə dəyişdirilib, verilən əmrə köhnə tarix ilə qol çəkdirmək istəyiblər. İndiki anadək iddiaçıya nə attestasiya nəticələri təqdim edilib, nə əmr təqdim edilib, nə əmək kitabçası təqdim edilib, son haqq-hesabın ödənişi nəyin əsasında aparılması məlum deyil və bunların hər biri, ayrı ayrılıqda qanun pozuntusudur. Bu günkü gündə iddiaçını universitetin daxilinə buraxmırlar və o, öz sənədlərini götürə bilmir. Kafedranın hamısı qadın olduğu üçün onlar kollektiv olaraq çox təhdid və hədə qorxu ilə üz-üzə qalmışlar. Kollektivin bir çox üzvü işdən çıxarılmışdır, bir çoxuna təzyiq göstərilərək öz istəkləri ilə ərizələri alınaraq işdən çıxarılmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3608/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1, 67.2, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “c” bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdeh tərəfindən attestasiya keçirilərkən yol verilən çoxsaylı pozuntuların yalnız 1-nə (birbaşa rəhbər kimi prorektorun komissiyada iştirakının qanunsuz olması məsələsi) münasibət bildirmiş, hətta onun əsaslanmasında da səhv etmişdir. Digər əsaslara isə ümumiyyətlə münasibət bildirməmiş, sonda sadəcə olaraq iddianın əsassız olduğuna görə təmin edilməməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən attestasiya komissiyasının fəaliyyəti, onun qanuniliyi araşdırılmayıb. Ən böyük pozuntu ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onun ixtisasına uyğun gələn üzvlər idi. Qarşı tərəfin təqdim etdiyi video disk məhkəmə tərəfindən araşdırılmayıb, həmin diskdəki görüntülər ekspertizaya və ya mütəxəsissə rəy bildirilməsi üçün göndərilməyib, dəfələrlə məhkəməyə müraciət etdiyinə baxmayaraq komissiya üzvləri məhkəməyə dəvət edilməyib. xx.xx.2022-ci il tarixli 02 saylı protokola əsasən 9 komissiya üzvü onun əleyhinə səs vermişdir. 9 üzvdən 3 nəfəri ingilis, 1 nəfəri alman, 1 nəfəri fransız, 1 nəfəri rus dili müəllimidir. Komissiya sədri Mexanika üzrə dərs deyir, digər 2 üzvü kadrlar şöbəsinin rəsi və Həmkarlar ittifaqının Universitet nümayəndəsidir. Attestasiya tam olaraq ingilis dilində keçirilmişdir və ingilis dili üzrə təhsili və bilik səviyyəsi məndən aşağı olan komissiya üzvlərinin onun haqqında qərar vermək səlahiyyəti yox idi. Yekun nəticə ona şifahi şəkildə bildirilmiş, heç bir akt, protokol və ya digər sənəd ona təqdim edilməyib, heç bir sənədə qol çəkdirilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. Maddə 65. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
12. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
13. Maddə 70. əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
19. ADNSU-da keçirilmiş xarici dilləri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSU-nun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Həmin attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olub-olmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas meyar sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamağını müəyyən etmək idi. İddiaçı isə həmin tələblərə cavab verməmişdir.
20. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini və işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə attestasiya komissiyasının üzvləri tərəfindən verilən suallara iddiaçının cavablarının düzgün, əhatəli, dolğun və qənaətbəxş olub-olmadığı barədə Azərbaycan Dillər Universiteti X3 mütəxəssis rəyi alınmışdır. Həmin qurumda təşkil olunmuş komissiyanın rəyinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən verilən suallara iddiaçının cavabları sualları tam əhatə etmir, lakin həmin cavabları ümumən qənaətbəxş saymaq olar.
21. Məhkəmə kollegiyasının qənaətinə görə 35 il ərzində xarici dil fənnini tədris etmiş bir müəllimin cavabları suallara uyğun və tam əhatəli olmalıdır. Məhz bu səbəbdən verilən cavablar attestasiya komissiyasının üzvlərini qane etməmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı3 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.