Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3454/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-540/2022 saylı işi üzrə 31 yanvar 2022-ci il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin cavabdehin qanunsuz sahibliyindən alınıb təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi olunmuşdur ki: Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.07.2021ci il tarixli, 212 N°-li məktubu ilə, araşdırma nəticəsində qonşuların imzası ilə tərtib edilmiş 14.07.2021-ci il tarixli akta əsasən heç bir hüquqi sənədi olmayan mübahisəli ev 2006-2007-ci illər ərzində İddiaçı tərəfindən tikilmişdir; -Sabunçu rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsinə dair verilmiş 23.06.2021-ci il tarixli 07711504H nömrəli məktubu ilə, qonşuların deməsinə görə mübahisəli evin qıfılı Cavabdeh tərəfindən dəyişdirilmiş, Cavabdeh izahatının alınması üçün müxtəlif vaxtlarda ünvan polis tərəfindən yoxlanılıb və həmin evdə yaşayışın olmadığı müəyyən edilib ; - Xüsusi notarius H.Mirzəyev tərəfindən cavabdehə Allahverdiyeva Zəhranın qanun üzrə vərəsəsi kimi "xxxx" MMC-nin məktubuna əsasən müəyyən qızıl-zinyət əşyalarına dair 28.10.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir.(iş.səh. 7 -9, 72) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 540/2022 saylı işi üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmişdir. Qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, mübahisəli ev özbaşına tikili olmuşdur. Evin yerləşdiyi 1 sot sənədsiz torpaq sahəsi 23.03.2005-ci il tarixdə A.P.Dyaçenko tərəfindən 1900 ABŞ dolları müqabilində X.Z.Cəfərova, sonradan isə X.Z.Cəfərov tərəfindən X1. Həmin evin işıq və qaz sayğacları X2 adına rəsmiləşdirmişdir. İddiaçının həmin vaxt şəxsiyyət vəsiqəsi olmamış və müəyyən səbəblərdən o, şəxsiyyət vəsiqəsini ala bilmirdi. İddiaçı ilə X4 2005-ci ilin əvvələrində nişanlanmış, 2006-cı ilin əvvəlində qeyri-rəsmi evlənmişdilər.Evin inşasına 2005-ci ildə başlanılmış, təxmini 2007-ci ildə iddiaçı ilə Allahverdiyeva Zəhra həmin evdə yaşamağa başlamışdılar.Evin inşasında iddiaçı iştirak etmişdir. İddiaçı ilə Allahverdiyeva Zəhra müəyyən vaxtdan sonra ayrılmış, iddiaçı rəsmi nikah bağlamış, lakin onların aralarında dostluq münasibəti davam etmiş, iddiaçı, onun arvadı, uşaqları və Allahverdiyeva Zəhra bir-birilərinə gedib gəlmişdilər (fotoşəkillər). Hətta iddiaçı ilə Allahverdiyeva Zəhranın arasında iddiaçının oğlunun ona övladlığa verilməsinə dair razılıq olmuşdur. X4 26.04.2021-ci il tarixdə ölmüşdür. Mübahisəli evin bir açarı cavabdehdə olmuşdur.Cavabdeh Allahverdiyeva Zəhranın qardaşı olmaqla tək yaxın qohumudur. Xüsusi notarius H.Mirzəyev tərəfindən cavabdehə Allahverdiyeva Zəhranın qanun üzrə vərəsəsi kimi "xxxx" MMC-nin məktubuna əsasən müəyyən qızıl-zinyət əşyalarına dair 28.10.2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Hazırda mübahisəli ev cavabdeh tərəfindən kirayəyə verilmişdir. Cavabdeh bacısının yeganə varisi olduğundan hesab edir ki, ev ona qalmalıdır. İddiaçı hesab edir ki, ev onun tərəfindən inşa edildiyindən ona məxsusdur. Cavabdeh isə hesab edir ki, evi o, inşa etdirdiyindən və yeganə varis olduğundan ev ona məxsusdur. Hazırda iddiaçı mübahisəli evin cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Mübahisəli ev Allahverdiyeva Zəhra ilə iddiaçının birgə vəsaitləri və əməkləri hesabına inşa edilmişdir. Belə ki, evin iddiaçı tərəfindən inşa edilməsi şahid ifadələri ilə təsdiq edilir. Bundan başqa, qeyd edildiyi kimi, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin araşdırması nəticəsində də bu hal aşkar edilmişdir. İddiaçı ilə Allahverdiyeva Zəhranın münasibətlərinin son günə qədər normal olması şahid X7 ifadəsindən də görünür.İddiaçının pul müqabilində evin inşasında iştirak etməsi barədə şahid Allahverdiyeva Nəhayətin ifadəsini məhkəmə inandırıcı hesab etmir. Belə ki, həmin ev iddiaçının arvadı ilə birlikdə yaşanılması üçün inşa edilirdi və iddiaçının pul müqabilində öz evinin inşasında iştirak etməsi inandırıcı deyil. Bundan başqa, Allahverdiyeva Zəhranın maddi durumunun yüksək olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Allahverdiyeva Zəhra iddiaçının uşağının övladlığa götürmək, onun həmin evdə yaşamağını təmin etmək niyyətində olmuşdur.Cavabdehin evin inşasında iştirak etməsi nə şahid ifadələri, nə də hər hansı digər bir sənədlə sübuta yetirilməmişdir. Evə dair sənədlərin (torpağa dair, pulların seriya və nömrələrinə dair) cavabdehdə olmasının səbəbi də evin hazırda cavabdehin sahibliyində və sənədlərin də həmin evdə olmasıdır. Cavabdehin yeganə vərəsə olması qeyd edildiyi kimi bu münasibətlərə şamil edilə bilməz. Beləliklə, özbaşına tikili olan mübahisəli ev iddiaçı ilə Allahverdiyeva Zəhranın vəsaiti və əməyi hesabına inşa edilmişdir, Allahverdiyeva Zəhra öldüyündən bir tək iddiaçının həmin evə hüququ qalmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 31.01.2022-ci il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəlləsinin 164.1, 164.2; Mülki- Prosessual Məcəlləsinin 9.1, 77, 88, 104.1-ci maddələrinə istinadən bildirmişdir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Qeyd olunan normanın istinad edilməsi qanuna uyğun deyildir. Belə ki, sözü gedən əmlak dövlət qeydiyyatına alınamış əmlak olduğundan mülkiyyət hüququnun əsas elementindən biri olan sahiblik hüququndan söhbət gedə bilməz. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə qətnaməsində sözü gedən normaya istinad edilsə də, həmin normanın istinad edilməsində zəruri olan faktları əsaslandıra bilməmişdir. Belə ki, bu normanın istinad edilməsinə əsas fakt da ümumiyyətlə mövcud da deyildir. Odur ki, qətnamə əsassızdır və məhkəmə qaydasında ləğv edilməsi qanunidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hazırki mülki iş üzrə məhkəmə ümumiyyətlə mötəbər olmayan sübutlara istinad etmiş, sadəcə iddiaçının təqdim etdiyi şahid ifadələrinə istinad edilmiş, tərəfindən təqdim edilmiş şahid ifadələrinə isə münasibət bildirilməmişdir. Həmçinin, məhkəmə iştirak etmiş şahidlərin (qonşular) iştirakı və imzası ilə bələdiyyənin tərtib etdiyi qanuni olmayan akt əsasında iddiaçının 2006-2007-ci illərdə mübahisəli mənzili tikdiyinə istinad etmiş, həmin absurd aktı sübut kimi qiymətləndirmişdir. Halbuki, bələdiyyənin hansı əsaslarla 15.07.2021-ci il tarixində, yəni iddiaçının qeyd etdiyi hadisədən 15-16 il sonra sözü gedən aktı tərtib etdiyini məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Məhkəmə isə bu məsələni araşdırmaqda maraqlı olmamışdır. iddiaçı əmlakı öz hesabına tikdirməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə biləmişdir. Eyni zamanda mərhum bacısının adına torpaq sahəsinin alınmasına dair torpaq sahibi və ailə üzvlərinin iştirakı və imzası ilə müqavilə bağlanılmış və həmin müqavilənin surəti məhkəməyə də təqdim edilmişdir. Məhkəmə isə sözü gedən sübutu düzgün qiymətləndiriməyərək göz ardı etmişdir. Həmçinin, kommunal ödənişlər mərhum bacısının adına olmuşdur. Göründüyü kimi bütün faktlar iddiaçının iddia tələbinin əsassız olmasına dəlalət edir. Belə ki, iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin məhz onun tərəfindən tikilməsini öz şifahi mülazilərinə istinad edərək əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə bu şifahi mülahizələri sübut kimi dəyərləndirmiş və absurd qətnamənin qəbul edilməsi qənaətinə gəlmişdir. Həmçinin, qətnamədə qeyd edilmişdir ki, Polis əməkdaşlarının verdiyi sənədə əsasən guya orada yaşayış olmamışdır. Halbuki, bacısı koronavirus xəstəliyi nəticəsində dünyasını dəyişdiyinə, evin dizinfeksiya edilməsinə görə bir müddət orada yaşamamaq onlara tövsiyə edilmişdir. Himayəsində azyaşlı uşaqlar olduğundan onların səhhəti üçün bir müddət mübahisəli fərdi yaşayış evində yaşamamışlar. Lakin hal- hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Onların yaşamağa başqa evi isə yoxdur. Məhkəmə araşdırılması aparılan zaman bu faktlara nəzər yetirilməsi xahiş olunur. Məhkəməyə təqdim edilmiş şahid ifadələri (İ.Əsgərova və N.Allahverdiyeva) iddiaçının iddia tələbinin əsassız olmasını sübuta yetirsə də məhkəmə şahid ifadələrini hüquqi qiymət verməmiş, birtərəfli məhkəmə aktını qəbul etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri ziddiyyətli olmaqla iddianın təkzib edilməsinə əsas verir. Şahid ifadələri bildirir ki, guya onlar onu tanımayıb, yalnızca iddiaçının fərdi yaşayış evini tikdirdiklərini bildiklərini qeyd etmişdirlər, digər bir şahid ifadəsi isə bacısı Zəhranın iddiaçı ilə son günədək gediş- gəlişi olduğunu qeyd etmişdir. Halbuki, iddiaçı özüdə qeyd etmişdirki bacısının ölümündən xəbərsiz olmuşdur. Bu zaman belə bir sual ortaya çıxırki necə gediş-gəlişi olmuş, mehriban yaşamışdırlarki, bacısı Zəhranın ölümündən xəbərdar olmamışdırlar? Bundan başqa, bacısı Zəhranın Elman adlı şəxslə qeyri-rəsmi nikaha daxil olduğunu da qeyd edərək ziddiyyətli ifadə verdiyini sübuta yetirmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh aplleyasiya şikayətini müdafiə edərək, 2005-ci ildə bacısının adına Zabrat qəsəbəsində qonşunun həyətindən 1 sot torpaq sahəsi aldığını, 2009-cu ilə qədər həmin torpaq sahəsində ev tikdirdiyini, həmin vaxt bacısının nişanlısı olan iddiaçının evin tikintisində usta kimi işlədiyini, 30-40 kv.m tikildikdən sonra təmir düzgün getmədiyindən başqa ustalar taparaq evin tikintisini davam etdirdiyini, evin tikintisi üçün lazımı materialların özü tərəfindən alındığını, iddiaçının bacısı ilə 2006-cı ildə qeyri-rəsmi olaraq evləndiyini və 7-8 ay sonra boşandıqlarını, 2014-2017-ci illər ərzində isə bacısının Elman adlı şəxslə faktiki nikah münasibətlərində olduğunu, bacısı vəfat etdikdən sonra iddiaçının ev tələb etdiyini, notariusda təsdiq olunmuş şəhadətnaməyə əsasən bacısının tək vərəsəsi olduğunun müəyyən edildiyini, evə dair heç bir rəsmi sənəd olmadığını, evin kommunal xərclərinin bacısının adına olduğunu, həmin evdə heç kimin qeydiyyatda olmadığını, torpaq sahəsini qonşudan aldıqlarını, həmin şəxsin hal-hazırda yataq xəstəsi olduğunu, lakin torpaq sahəsinin onlara satılmasını təsdiq etməyə hazır olduğunu bildirdiyini, iddiaçının bacısının rəfiqəsi ilə evlənməsi halının həqiqətə uyğun olmadığını, iddiaçının birinci instansiya məhkəməsinin iclası zamanı dəvət etdiyi şahidlərin qonşular olmadığını, bacısının həmin evdə tək yaşadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddiaçının mənzilin tikintisində iştirak etməsinin şahid ifadələri ilə təsdiq edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 2005-ci ildə cavabdehin bacısı ilə nişanlandığını, 2006-cı ildə qeyri-rəsmi nikaha daxil olduqlarını, övladları olmadığından 11 noyabr 2011-ci il tarixində mərhumun rəfiqəsi ilə ailə həyatı qurduğunu, lakin həmin evə gediş gəlişinin olduğunu, torpaq sahəsinin Xəyal adlı şəxsə satıldığını və torpaq sahəsinin həmin Xəyal adlı şəxsdən alındığını bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-168, 178-180, 560; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 218.3, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri (qanunvericiliyin tətbiqi) üzrə səhv nəticəyə gəldiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına (tələbə) uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, göstərilən (sübuta yetirilməyən) faktiki və (aidiyyəti olmayan) hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə səlahiyyətlərinə aid olmayan, hüquqlardan sui-istifadəyə şərait yaradımasına xidmət edən və yalnız müvafiq icra hakimiyyətində qeydə alınmaqla müəyyən edilməli olan hallara aid sübut edilməli olan iddiaçının dəlilləri yolverilməz olan şahid və digər mötəbər olmayan sübutlarla əhatə edilmişdir. Birinci instansiya məhkəməsi sahiblik üzrə mülki qanunvericiliyinin müddəalarına istinad etmişdir. Halbu ki, bu münasibətləri tənzimləyən müılki qanunvericilyin tələblərinə əsasən: Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. Bununla yanaşı qanunvericiliyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, iddia edilən tələbin mülki münasibətlərin aid qanuvericiliyə müvafiq anoloji müstəvidə belə tətbiqini mümkünsüz edir və qiymət verilməsi belə hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-isifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Belə ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 540/2022 saylı işi üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Ailahverdi oğluna qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3454/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3454/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver