Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3455/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(001)-179/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Borclu Cavabdeh ilə tələbkar İddiaçı arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin predmetini Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğinin ödənilməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100000 ABŞ dolları, dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170000 manat təşkil edir. Müqavilənin 1.3.-cü bəndinə əsasən, borclu xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4.-cü bəndinə əsasən, borclu qəbul edir ki, ödəniş məbləğini gecikdirdiyi hər gün üçün ümumi məbləğin (170000 manatın) 1% məbləğində dəbbə pulu ödəyəcəkdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, tələbkar bəyan edir ki, borclu bu müqavilənin 1.3- cü bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirəcəyi halda bu müqavilənin 1.2-ci bəndində müəyyən edilən borc məbləğindən 116000 manatı borcluya güzəşt edəcəkdir. Müqavilənin 1.6.-cı bəndinə əsasən, borclu qəbul edir ki, müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan müddəaların tələblərini pozduğu halda, yəni ödənişi vaxtında icra etmədikdə tələbkar ondan 170000 manat məbləğində pulu tələb etmək hüququnu özündə saxlayır və ona məxsus olan pensiya kartından hər ay mütəmadi olaraq tutulmasına razılıq verir.
2. İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 oktyabr 2022-ci il tarixli, reyestrdə 8İ-15078 nömrəsi ilə qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi T.Hüseynova ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, cinayət işi üzrə zərərşəkmiş şəxs kimi ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirib, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 1(101)-285/2023 nömrəli hökmündən məyyən olunur ki, Cavabdeh xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq 26 iyun 2006-cı il tarixdən Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmiş tanışı İddiaçı ilə 2010-cu ilin oktyabr ayında Bakı şəhərində, istintaqa məlum olmayan yerdə görüşləri zamanı hakimlərin növbəti 5 illik təyinat tarixində, yəni 2012-ci il payız aylarında yaxınları olan yüksək dairələrdə işləyən vəzifəli şəxslərin vasitəsilə guya onu yenidən Bakı şəhərinin rayonlarından birinə məhkəmə sədri vəzifəsinə təyin etdirə biləcəyini və həmin vəzifəli şəxslərlə yaxın münasibətlərinə əsasən həmin məsələni həll etmək imkanında olduğunu yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160100 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla İddiaçı razılığını almaqla onunla sövdələşib, həmin adla 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində aralarında olan danışığa əsasən ünvan 2 ünvanında yerləşən Binəqədi rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında İddiaçı 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160100 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyacına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə İddiaçı məxsus 160100 manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etdiyinə görə 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 46-cı maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti məhkum etmə sayılmaqla 1 il 6 ay sınaq müddəti müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 168300 manat maddi zərər, 158800 manat dəbbə pulu olmaqla cəmi 327100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 2000-ci ildən dostluq münasibətlərində olmuş, Cavabdeh İddiaçı 2010-cu ilin noyabr-dekabr aylarında 200000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitidən 100000 ABŞ dollarını qaytarmış, yerdə qalan 100000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı həmin faktla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmədə baxıldığı dövrdə iddiaçı və cavabdeh arasında razılaşma əldə olunmuş, tərəflər xx.xx.2022-ci il tarixdə öz aralarında öhdəlik müqaviləsi bağlayıb razılaşmışlar. Belə ki, həmin müqavilənin şərtlərinə görə, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100000 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, borclu (cavabdeh) xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara (iddiaçıya) hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında olan şifahi razılaşma isə ondan ibarət olmuşdur ki, bunun qarşılığında iddiaçı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək cavabdehdən heç bir şikayət və tələbinin olmayacağını bildirəcəkdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilənin bağlandığı tarixdən bugünədək cavabdeh tərəfindən iddiaçıya 7500 manat məbləğində pul ödənilməli olduğu halda cavabdeh cəmi olaraq 1700 manat məbləğində pulu iddiaçıya ödəmiş, hazırda isə müxtəlif vasitələrlə pulun ödənilməsindən yayınmağa çalışır. Bununlada cavabdeh tərəflər arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsinin şərtlərini pozmuşdur.
6. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində X1 miqdarda 200000 ABŞ dollar pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı dəymiş ziyan tərəfindən tam ödənilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə təqsirləndirildiyini 1(101)-285/2023 nömrəli iş üzrə Azərbaycan Respublikası CPM-nin 39, 43 və 321-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb etmə müddətti keçdiyindən cinayət məsuliyyətindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. Belə ki, dəymiş ziyandan 100000 ABŞ dolları cavabdeh tərəfindən İddiaçı məhkəmədən daha əvvəllər ödənilmiş, qalan 100000 ABŞ dollar ziyanın müqabilində tərəflər arasında qarşılıqlı razlıq əsasında ABŞ dollarının manata münasibətdə həmin dövrün məzənnəsi nəzərə alınaraq tərəfindən məhkəmə istintaqı zamanı 50000 manat dəyərində “Toyota Camry” markalı avtomobili, 10000 manat pul H.Ə.Əlievə ödənilmişdir. Bundan sonra İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək dəymiş ziyanın onun tərəfindən tam ödənildiyi üçün ona qarşı şikayət və tələbinin hazırda olmaması və gələcədə də olmayacağını bildirmişdir. Belə olan təqdirdə İddiaçı ona qarşı belə bir iddia tələbi irəli sürməsi əsassız və qanunsuzdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(001)- 179/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini alan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 1(101)- 285/2023 nömrəli hökmü ilə Cavabdeh hərəkətləri nəticəsində İddiaçı 200000 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 160100 manat məbləğində ziyan vurulması müəyyən olunmuş, cinayət işinə məhkəmə baxışı zamanı İddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona Cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini bildirib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsində Cavabdeh törətməsində təqsirli bilinən cinayət işi üzrə zərərçəkən İddiaçı vurulması qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunan ziyanın məbləği, ümumilikdə 160100 manat olan pul vəsaiti deyil, hadisədən 10 ildən çox vaxt keçdikdən sonra ziyanın yarısı olan 100000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilmiş, cavabdehin vurulmuş ziyana görə sonradan verdiyi nəqliyyat vasitəsi, nəğd pul vəsaitləri isə ümumiyyətlə müqavilədə nəzərə alınmamışdır. İddiaçı cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanı tam olaraq ödəmədiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının özünün notarial qaydada təsdiq olunmuş ərizəsi, cinayət işinə baxılarkən verdiyi ifadəsi, tərəflər arasında aparılmış danışıqlara bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan video çəkilişlərdə aparılan danışıqlar cavabdehin iddiaçıya vurduğu, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş ziyanı tam ödəməsi öz təsdiqini tapır. Maddi ziyanın ödənilməsini təsdiq edən hallardan biri də, hazırkı mülki iş üzrə icraatın dayandırıldığı müddət ərzində iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-285/2023 saylı cinayət işi üzrə verdiyi ifadəsini dəyişdirməməsi, müqaviləni həmin məhkəməyə təqdim edərək ziyanın ödənilməsinə dair ərizəsini geri götürməməsidir. Belə ki, ali təhsilli hüquqşünas olan, uzun müddət hakim vəzifəsində işləmiş, məhkəmədə ifadə verərkən məsuliyyəti barədə müvafiq iltizamı imzalamış iddiaçı bilirdi ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Cavabdehə yüngül cəza təyin edilməsi məqsədi ilə ərizənin məhkəməyə təqdim edilməsinə dair iddiaçının dəlilini isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, uzun müddət cavabdehi tanıyan, bu gündə cavabdehə verdiyi pul vəsaitini hansı məqsədlə verməsini gizlətməyən, cavabdehi cinayət əməli törətməyə təhrik edən iddiaçının öz maraqlarını deyil, cavabdehə hansı cəzanın təyin ediləcəyini fikirləşməsi qeyri-mümkündür. Məhkəmə bu qənaətə gələrkən öhdəlik müqaviləsinin şərtlərini də nəzərə alır. Həmin şərtlərdən görünür ki, iddiaçı verdiyi pulu 10 ildən sonra yaranmış məzənnə ilə hesablanmasını tələb edir, tərəflər arasında olan mübahisə də, məhz bu səbəbdən yaranmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi video çəkilişlərdə olan tərəflər arasında aparılmış danışıqlar da bir daha təsdiq edir. Cavabdeh qanuni qüvvəsini alan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 1(101)-285/2023 nömrəli hökmü ilə müəyyən olunan maddi ziyanı tam olaraq iddiaçıya ödədiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)- 285/2023 saylı cinayət işinə baxılarkən müəyyən edilən maddi ziyanın məbləği 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsi bağlandıqdan sonra da, iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, əksinə cinayət işinə baxılan dövr ərzində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirdiyindən, iddiaçının 10 il əvvəl vurulmuş ziyanın, ABŞ dollarının Azərbaycan manatına 10 il sonrakı məzənnəsi ilə tələb etməsi əsassız olduğundan, mövcud olmayan ziyana görə dəbbə pulu hesablanması mümkün olmadığından iddia ərizəsi təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60,68 və 129-cu, Mülki Məcəllənin 21-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4 və 180-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, məhkəmə iddia tələbini rədd edən zaman cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 1(101)- 285/2023 nömrəli hökmünə əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunverciliyin tələbindən də aydın olduğu kimi, həmin hökmün hazırki mülki iş üzrə pul vəsaitinin ödənilib-ödənilməməsinə hissəsində preyudisal əhəmiyyəti yoxdur. Cavabdeh özü də məhkəmə iclasında iddianı dolayı yolla etiraf edərək bildirmişdir ki, iddiaçıya dəymiş 100000 ABŞ dolları maddi ziyandan “Toyota Camry” minik markalı avtomobili və ümumilikdə 9500 manat məbləğində pul ödəmişdir. Yəni, cavabdeh 100000 ABŞ dolları məbləğində pulu tam olaraq qaytamadığını qəbul etmişdir. Tərəflər arasında olan şifahi razılaşma ondan ibarət olmuşdur ki, bunun qarşılığında iddiaçı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək cavabdehdən heç bir şikayət və tələbinin olmayacağını bildirəcəkdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarında olan öhdəlik müqaviləsindən görünür ki, cavabdeh öhdəlik müqaviləsinə görə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh həmin müqavilənin etibarszılığı ilə bağlı dəlillər irəli sürməmişdir, bu da onu sübut edir ki, iddiaçı həmin müqaviləni və şərtlərini qəbul etmişdir. İş materiallarında olan tərəflər arasında baş tutmuş görüşü əks etdirən cd diskdə olan video görüntülərdən aydın olur ki, hadisələr iddiaçının qeyd etdiyi kimi cərəyan etmiş, əsl həqiqətdə cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilməmişdir. İş üzrə müəyyən edilmiş həqiqi hal ondan ibarətdir ki, tərəflər arasında olan maddi ziyanın ödənilməsi miqdarı, qaydası tərəflər arasında bağlanmış öhdəlik müqaviləsi ilə razılaşdırılmışdır. Bu hal cavabdehin özünün də izahatı ilə tam təsdiq olunur. Məhkəmə isə yalnışlığa yol verərək formal mülahizələrə əsaslanaraq, iddiaçının uzun müddət hakim vəzifəsində çalışması və s. digər lüzumsuz halları qiymətləndirərək iddia tələbini rədd etmiş, iddia tələbinin rədd edilməsinin maddi hüquq normasını təsbit etməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitinin həqiqətən ödənilib – ödənilməməsini tam aydınlaşdırmamışdır. Belə ki, cavabdeh pul vəsaitini tam ödədiyini bildirsə də, bununla bağlı sübutlar təqdim edə bilməmiş, əksinə iddiaçının suallarına cavab olaraq bildirmişdir ki, həmin pul vəsaitinin ödənilməsi ilə bağlı avtomobili iddiaçının qardaşının adına rəsmiləşdirmiş və 9500 manat pul vermişdir. Daha sonra isə öhdəlik müqaviləsini nə üçün imzalaması barədə suallara ağlabatan cavab verə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Maddə 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
22. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ilkin olaraq ona istinad etmişdir ki, cinayət işinin məhkəmə baxışı zamanı İddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona Cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir.
23. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı mübahisənin predmeti olan, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsi və İddiaçı zərərçəkmiş şəxs qismində Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə eyni tarixdə - 10 oktyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmçinin, bu öhdəlik müqaviləsində qeyd olunmuşdur ki, predmet Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərkəçmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 10 oktyabr 2022-ci il tarixdə həmin vaxt təqsirləndirilən şəxs statusunda olan Cavabdehla zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlməklə müqavilə bağlamış, şərtlərini müəyyən etmiş, sonradan isə eyni tarixdə notarial qaydada təsdiq etdirdiyi heç bir şikayət və tələbinin olmaması barədə ərizəni sonuncuya təqdim etmişdir. Yəni, tərəflər arasında könüllü olaraq yeni öhdəlik münasibətləri yaranmışdır. Həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, öhdəlik müqaviləsinin imzalanma prosedurunu əks etdirən audio – video yazıdan da görünür ki, Cavabdeh həmin müqaviləni könüllü olaraq, iradəsini ifadə etməklə imzalamışdır.
24. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən işə baxan məhkəmə ilkin olaraq əqdin etibarlılığı məsələsinə qiymət verməlidir. Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri ilə müəyyən olunmuşdur ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd olunan normaların məzmununa əsasən işə baxan məhkəmə tərəfindən əqdin əhəmiyyətsizliyi üçün əsasların olub – olmaması müəyyən edilməli və ya əqd mübahisələndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsızlığı Cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir və əqdin əhəmiyyətsizliyinə əsas verən hər hansı bir hal mövcud deyildir.
25. Əqdin qismən icra olunması - müqavilənin bağlandığı tarixdə 8000 manat məbləğində pul vəsaitinin, sonradan müqavilədə aylıq ödənilməsi nəzərdə tutulan pul vəsaitinin 1700 manat məbləğində hissəsinin ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir və məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh öz hərəkətləri və ya davranışı ilə öhdəlikdə qeyd olunan halları şübhəsiz və mübahisəsiz qəbul etmişdir və estoppel prinsipinin mahiyyətinə əsasən cavabdehin bu hallara sonradan istinad etməsi istisna olunur. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunduğu kimi estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır, tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda tərəf müqaviləni mübahisələndirmək hüququna malik deyildir. Mülki Məcəllənin 351.2 və 351.3-cü maddələrinin məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, əqd əhəmiyyətsiz olsa idi belə, əqdi bağlamış şəxs davranışı, hərəkətləri ilə onu təsdiq etmişdir.
27. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən daha sonra ona əsaslanmışdır ki, öhdəlik müqaviləsinin şərtlərinə əsasən iddiaçı verdiyi pulu 10 ildən sonra yaranmış məzənnə ilə hesablanmasını tələb etmiş, tərəflər arasında olan mübahisə də məhz bu səbəbdən yaranmışdır.
28. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi tərəflər öz iradələrini ifadə etməklə əqd bağlamış, şərtləri ilə razılaşmış və əqd qismən icra olunmuşdur, yəni, cinayət işi üzrə zərərin məbləği cinayətin törədildiyi dövrdə olan ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə göstərildiyi halda borcun məbləğinin 100000 ABŞ dollarının müqavilə bağlandığı vaxt Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilməsi tərəflərin iradə ifadəsidir. Digər tərəfdən, bu hesablama mülki qanunvericilik normaları ilə də ziddiyyət təşkil etmir. Belə ki, pul öhdəliklərinin icrası qaydasını müəyyən edən Mülki Məcəllənin 439.2-ci maddəsində qeyd olunur ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
29. Birinci instansiya məhkəməsi düzgün olmayaraq hesablamanı 100000 ABŞ dollarının cinayətin törədildiyi zaman olan məzənnə ilə apararaq qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş ziyanın tam ödəməsi qənaətinə gəlmişdir. Cavabdeh barəsində olan qanuni qüvvəyə minmiş hökmün preyudisiallığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə bu hökm yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Müqavilənin şərtləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər öz aralarında borcun məbləğinin 100000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 170000 manat təşkil etməsi, 01 noyabr 2022-ci il tarixdən borclu tərəfindən 36 ay müddətində hər ay aldığı pensiya məbləğindən 1500 manat ödəməsi, bu öhdəliyini vaxtında yerinə yetirəcəyi halda borc məbləğindən 116000 manatı güzəşt edəcəyi, ödəniş vaxtında edilmədikdə 170000 manat məbləğində pul vəsaitini tələb etmək hüququnu özündə saxlaması ilə bağlı razılığa gəlmişlər. Müqavilənin bağlanmasından sonra cavabdeh tərəfindən yalnız 1700 manat məbləğində pul vəsaiti ödənilmiş, sonrakı ödənişləri həyata keçirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan məbləği tələb etmək üçün subyektiv hüququ yaranmışdır.
31. İddiaçının əsas borc məbləği ilə bağlı tələbi 168300 manat təşkil edir, yəni, iddiaçı müqavilə bağlandıqdan sonra ödənilmiş 1700 manat məbləğində pul vəsaiti çıxılmaqla qalan məbləği tələb edir. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30000 manat pulun qarşılığında avtomobil və müqavilənin bağlandığı gün 8000 manat məbləğində pul vəsaiti verilmişdir. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, həmin məbləğlər də müqavilə üzrə müəyyən olunmuş borcla bağlı olduğundan ümumi məbləğdən çıxılmalı və tutulmalı olan əsas borcun məbləği 130300 manat müəyyən olunmalıdır.
32. İddianın dəbbə pulu ilə bağlı hissəsini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, müqavilədə bununla bağlı bəndlə yanaşı ödənişlər gecikdirildiyi halda tam məbləği tələb etmək hüqunun olması da qeyd edilmiş, bundan başqa ödənişlər gecikdirildiyi halda öhdəliyin hansı müddətdə icra edilməli olduğu aydın göstərilməmişdir. Cavabdeh tərəfindən ödənişlər gecikdirildiyindən iddiaçı müqavilənin şərtinə əsasən hüququndan istifadə edərək tam məbləğin ödənilməsini tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia rədd olunmalıdır.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmalıdır.
34. İddiaçı müharibə veteranı olduğundan iddia ərizəsi və apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməmişdir, MPM-nin 119.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin (617,1 manat) və apellyasiya şikayətinin (308,55 manat) verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə (130300 manat) mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(001)- 179/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, e-2(001)- 179/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 130300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 368,7 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev