Məhkəmə qərarları › İş №2(103)-3458/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3458/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3458/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Bu fakt daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və müvafiq olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* saylı xx.xx.2017-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda qeydiyyatdadırlar, lakin onlar həmin evdə yaşamamışlar və hal-hazırda da yaşamırlar. Qanunvericiliyin tələblərinə əsasən cavabdehlərin onun mülkiyyətində olan evdən istifadə hüquqları mövcud deyildir. Hesab edir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 10-cu Xrebtovı küçəsi 227 saylı fərdi yaşayış evinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 10-cu Xrebtovı küçəsi 227 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı) küçəsi 227 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2450/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı) küçəsi 227 saylı evə istifadə hüququ olmayan şəxslər hesab edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsi tərəfindən işə baxılarkən o, məhkəmə bildirişlərini almadığı üçün məhkəmə iclasından xəbərsiz olmuşdur. Belə olan halda, onun məhkəmə müdafiəsi hüququ və ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmaqla qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Buna müvafiq olaraq məhkəmə qətnaməsindən də yalnız polis orqanında olarkən evdən qeydiyyatdan çıxarılmağı barədə məlumat əldə etdikdən sonra xəbəri olmuşdur. Bundan sonra müraciət edərək qətnaməni rəsmi qaydada almışdır. Ona görə də, hesab edir ki, qətnamədən apellyasiya şikayəti verməyi üçün nəzərdə tutulmuş 1 aylıq şikayət müddəti ötürülməmişdir. İşin həqiqi halları isə ondan ibarətdir ki, o, iddiaçının oğlu X5 ilə xx xxxxxx 2002-ci il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuş və mübahisəli evə gəlin köçmüşdür. 2007-ci ildən həmin evə qeydiyyata düşmüşdür. Birgə nikahdan xx xxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X6 adlı iki övladı dünyaya gəlmişdir. X17 xx xxxxxx 2009-cu il tarixdə baş beynin əzilməsi səbəbindən vəfat etmişdir. Mərhum əri vəfat etdikdən sonra uşaqları ilə birlikdə ərinin valideynlərinə məxsus ünvan 4 ünvanında yaşamağa davam etmişdir. Lakin xx xxxxx 2019-cu il tarixdə mərhum ərinin valideynləri onu əsassız olaraq yaşadığı evdən qovmuş və həmin vaxtdan uşaqlarını ona göstərməmişlər. Lakin iddiaçı yalan olaraq bildirir ki, o, heç vaxt sözügedən evdə yaşamamışdır. Onun həmin evdə yaşamağını onları tanıyan hər kəs təsdiq edə bilər. Lakin məhkəmə iclasından məlumatsız olduğu üçün bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən o, nikah bağlandıqdan sonra iddiaçının razılığı ilə oğlunun ailə üzvü kimi onun evinə köçmüşdür. O, sözü gedən evdə 18 il yaşamışdır. Belə olan halda, yoldaşı rəhmətə getmiş olsa belə, onun evdən istifadə hüququ saxlanmış sayılır! Hazırda yaşamağa evi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinintəmin olunmaması, qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-129/2020 saylı qərarı ilə iddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən- Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 227 saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsinə aid hissəsində ləğv edilmiş, işə qeyd edilən hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli evə xx xxxxxx 2002-ci il tarixdə iddiaçının mərhum oğlu Mahmud Abbasovun arvadı, ailə üzvü qismində gəlin köçməsinə, xx xxxxx 2019-cu il tarixədək həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasına diqqət yetirmədən, evin xx xxxxxx 2017-ci il tarixədək olan hüquqi statusuna aydınlıq gətirmədən, evin hansı əsasla iddiaçının mülkiyyətinə keçməsini, 2002-ci ildə evin ümumiyyətlə mülkiyyətdə olub-olmamasını, kimin mülkiyyətində olmasını araşdırmadan, bir sözlə məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmək üçün iddiaçının bilavasitə məhkəmə iclasında iştirakını təmin edib hazırki mübahisəli məsələyə onun münasibətini öyrənmədən, eləcə də xx xxxxxx 2017-ci il tarixədək evin hüquqi statusuna dair zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən və ümumiyyətlə, Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apelyasiya baxışı zamanı Cavabdeh2, onun nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Təkrar apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2450/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı) küçəsi 227 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X16 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mükiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan həmin evdə pasport qeydiyyatında olsalar da, onların həmin evə qeydiyyatı formal xarakter daşımışdır. Cavabdehlər hazırda iddiaçıya məxsus evdə yaşamır və iddiaçının ailə üzvü deyillər. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı) küçəsi, 227 saylı evin özəlləşdirilməsi üçün əsas olan sənədlərin surətlərinin təqdim edilməsinə dair sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə həmin sənədlərin təsdiq edilmiş surətləri Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Sorğuya əsasən məhkəməyə daxil olmuş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu 10-cu Xrebtovı (hazırkı A.M.Şərifzadə) küçəsində yerləşən və ümumi sahəsi 137,2 kv.metr olan 5 otaqdan ibarət 227 saylı ev mülkiyyət hüququ ilə İddiaçı anası X2 məxsus olmuş, sonuncu həmin evi xx xxx 1997-ci ildə qızı İddiaçı notarial qaydada bağlanmış müqavilə əsasında bağışlamışdır. İddiaçı həmin vaxtdan mübahisəli evə mülkiyyət hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-d ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya qeyd olunan sübutlara qiymət verərək, hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə cavabdehlərin iddiaçı olan mülkiyyətçi ilə aralarında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Başqa sözlə, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi kimi, mübahisəli evdə 18 ilə yaxın müddət yaşamasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin evə istifadə hüququ əldə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. MM-nin 152.1 maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətidir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək,bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsaslı hesab etmir. Belə ki, işin hallarından da görünür ki, cavabdehlərin iddiaçının qanuni mülkiyyətində olan əmlaka dair istifadə hüquqları yaranmadığından onların həmin mübahisəli evdə qalmaları iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 2450/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar