Məhkəmə qərarları › İş №2(103)-3459/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3459/2020

16.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3459/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasının nümayəndəsi X5 və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-1256/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azad Azərbaycan X1rşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında 2005-2008-ci illərdə müxbir, 2008-2009cu illərdə aparıcı, 2009-2010-cu illərdə redaktor asissenti, 2010-2017-ci illərdə isə redaktor işlədiyi barədə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Azad Azərbaycan Müstəqil Tele- Radio Kompaniyasına müraciət edərək 6 aylıq sınaq müddəti ilə işləmiş, bu müddət bitdikdən sonra isə rəsmi şəkildə işə götürülmüş və həmin vaxtdan hər ay əmək haqqını əmək haqqı cədvəlinə imza atmaqla əldə etmişdir. Onun 2005-ci ildən Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında işləməsini sübut edəcək çoxsaylı şahidlər, video çəkilişlər və digər mötəbər sübutlar mövcuddur. İşlə əlaqədar əmək kitabçası ona təqdim edilən zaman məlum olmuşdur ki, ona məxsus ******* nömrəli əmək kitabçası xx.xx.2012-ci il tarixdən doldurulmuşdur. Əmək kitabçasına nəzər yetirdikdə onun xx.xx.2012-ci il tarixli əmrlə Azad Azərbaycan Müstəqil Tele- Radio Kompaniyasında redaktor vəzifəsinə qəbul edilməsi əks olunur. Bu qeyd onun televiziyada 2005-ci ildən işləməsinin, yəni yeddi il müddətlik iş fəaliyyətinin nəzərə alınmadığını təsdiq edir. Lakin o, 2005-ci ildən 2017-ci ilədək Azad Azərbaycan X4nın müxtəlif departamentlərində ayrıayrı vəzifələrdə işləmişdir. Bunu televiziyanın keçmiş əməkdaşları və rəhbərliyi çox yaxşı bilsə də, ümumiyyətlə onun orada işləməsini təsdiq edəcək mötəbər sübutların olmasına buxmayaraq, onun yeddi illik iş fəaliyyətini nəzərə alınmayaraq, əmək kitabçasında göstərilməyərək işə 2012-ci ildən başlaması barədə yazılmış qeyd onun konstitusion əmək hüquqlarını kobud şəkildə pozur. Rəhbərliyə müraciət edərək mövcud pozuntunun aradan qaldırılması, hüquqlarının bərpası, yəni əmək kitabçasında onun 2005-ci ildən işləməsi barədə qeydin yazılmasını tələb etsə də, rəhbərlik süründürməçiliyə salmaqla, müxtəlif əsassız bəhanələr gətirməklə onun tələbini təmin etməmişdir. Əgər o, həqiqətən də ilk dəfə 2012-ci ildən işə başlamışdırsa, nə üçün ona 2005-ci ildən əmək haqqı verilmişdir. Qeyd olunan hallarla bağlı, yəni vergi və sosial ödənişlərlə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən sorğular verilmişdir. Ona əmək haqqı verilərkən vergi və sosial ödənişlərin tutulduğu bildirilmişdir. Televiziyada işlədiyi müddət ərzində heç bir problemlə rastlaşmadığı üçün əmək kitabçasında yanlış qeydin aparılmasından, hüquqlarının pozulmasından xəbəri olmamışdır. İşlədiyi dövrdə müvafiq qaydada əmək haqqı alaraq, ümumiyyətlə əmək qanunvericiliyinə uyğun olaraq işçinin bütün hüquqlarından istifadə etmişdir. Bütün bunlara baxmayaraq onun 2005-ci ildən işləməsi faktının gizlədilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə zidd şəkildə doldurulması, onun haqqı olan iş stajının məqsədli şəkildə pozulması, nəzərə alınmaması məhz işəgötürən cavabdeh tərəfin təqsiri üzündən baş vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)-1256/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı əsassız hesab edərkən onun tərəfindən iddia tələbini təsdiq edən hər hansı mötəbər sübutun təqdim edilməməsini göstərmişdir. Halbuki, məhkəmə araşdırmaları aparılarkən mübahisələndirilən dövrdə onunla birgə çalışmış şəxslər məhkəmə iclasında şahid qismində dindirilmiş və onun 2005-ci il tarixdən 2012-ci il tarixinədək Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasının müxtəlif Departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi faktını təsdiq etmişlər. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hazırkı mübahisə üzrə bütün sənədləşmənin cavabdeh tərəfindən aparılmasını nəzərə alaraq, həmin maddi sübutların onun tərəfindən təqdim edilməsi imkan xaricində olmuşdur. 2019-cu ilin fevral ayında əmək kitabçası rəsmi qaydada onun ünvanına göndərilmiş və o, əmək kitabçasını aldığı andan hüquqlarının pozulduğunu bilmişdir. Odur ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9397/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1256/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına onun Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyası kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-14/20 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9397/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-14/20 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı cavabdeh “Azad Azərbaycan” X1rşı “əmək kitabçasına qeydlərin edilməsi” tələbinə dair iddiasını təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edərək İddiaçı əmək kitabçasına onun Azad Azərbaycan X4nda xx.xx.2005-ci ildən xx.xx.2012-ci ilədək müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılması öhdəliyini cavabdehin üzərinə qoyan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilməyən tələbdə iddia edilən 2005-2012-ci illər ərzində iddiaçının cavabdeh kompaniyada işləməsi faktı işin halları ilə müəyyən edilir və bu şahid ifadələri, həmçinin CD-lərdə olan videoçəkilişlərlə müəyyən edilir. Eyni zamanda iddiaçı iddia müddətini buraxmamışdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları düzgün təbiq edilməməklə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı adına olan ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdən Azad AzərbaycanX3 redaktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azad Azərbaycan Müstəqil X2 şəhər Vəkil Bürosuna ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə İddiaçı ilə Azad Azərbaycan X4 arasında əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a) maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. Müraciətdə qeyd olunan tarixlərdə, yəni 2005-2017-ci il tarixlərdə İddiaçı Azad Azərbaycan X4nda işləməsinə dair yuxarıda göstərilən məlumatlardan başqa hər hansı bir məlumat Azad Azərbaycan MTRK-nın arxivində müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********0 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı 2005-2012-ci illər ərzində Azad Azərbaycan X4nda işləməsi ilə bağlı, 2013-cü ilin 27 dekabr tarixinə qədər quvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması müəyyən edilmədiyi üçün İddiaçı həmin dövrə aid əmək fəaliyyətləri barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhər İdarəsinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********8 nömrəli, xx.xx.2019cu il tarixli məktubundan görünür ki, «Azad Azərbaycan» X4 adlı sığortaedən İdarənin uçot və məlumat bazasında müəyyən edilməmişdir. Təqdim olunmuş Azad Azərbaycan X4nın məhkəmənin sorğusuna 2325 saylı, xx.xx.2019cu il tarixli cavab məktubundan görünür ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə görə teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır. Odur ki, sorğuda qeyd olunan tarixlərdə qeydə alınmış video materiallar hal-hazırda Azad Azərbaycan X4nın arxivində mövcud olmadığından, həmin video materialların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında hüquq münasibətləri əmək kitabçasında qeydlərlə bağlı əmək mübahisəsi nəticəsində yaranmışdır. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. xx xxxx 1999-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin xx xxxxxx 2013-cü il tarixinə qədər qüvvədə olan 2-ci bəndinin tələbinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Əmək Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 6-cı maddəsinin “d” bəndinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Həmin Məcəllənin 9-cu maddəsinə görə işçi, digər hüquqlarla yanaşı sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ; həmin Məcəllənin 10-cu maddəsinə görə də digər vəzifələrlə yanaşı əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifəsi vardır. Həmin Məcəllənin 11-ci maddəsinə görə işəgötürənin, digər hüquqlarla yanaşı bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi iscidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə görə işçi ilə işəgötürən arasındakı əmək münasibətləri yalnız yazılı formada bağlanmış əmək müqaviləsi ilə yaranır və 2005-2012-ci illər arasındakı tərəflər arasında hər hansı əmək müqaviləsinin mövcud olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Azad Azərbaycan MTRK arasında əmək müqaviləsi xx.xx.2012-ci il tarixində fərdi qaydada, yazılı formada bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə iddiaçı, xx.xx.2012-ci il tarixində “Azad Azərbaycan” MTRK-da redaktor vəzifəsinə işə qəbul edilmiş, bu müqavilə xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək 3 (üç) ay müddətinə bağlanmış və iddiaçı xx.xx.2012-ci il tarixindən işə başlamışdır. Həmin əmək müqaviləsi iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq da göstərilən müddət qurtardıqdan sonra həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab olunmuşdur. İddiaçı əmək müqaviləsini xx.xx.2012-ci ildə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olub, onu imzalamış, 7 il ərzində onu mübahisələndirməmiş və bununla da həmin əmək müqaviləsinin qanuniliyini və əsaslılığını qəbul etmişdir. Lakin iddianı təmin edən apellyasiya məhkəməsi işin bu halını aydınlaşdırmamış və buna hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, rayon məhkəməməsində dindirilən şəxslər iddiaçının müxtəlif vəzifələrdə işləməsini təsdiq edirlər. Aparılan çəkilişlərdə iddiaçının “ATV”-nin müxbiri işləməsi barədə həm bildirilir, həm onun videoçəkilişlərdə görüntüsü olur və səsindən istifadə olunur. 7 il ərzində maaş alıb. Maaş kartı vasitəsi ilə, yox kitaba imza ataraq almışdır. İddiaçı ilə eyni departamentdə işləyən şəxslər ifadə veriblər, həmçinin videogörüntülər də sübutdur. Orada əmək müqaviləsi illik bağlanırdı və bir ildən bir yenidən bağlanırdı. Hər il üzrə 5-6 çəkiliş var və hər çəkilişdə də iddiaçının “ATV”-nin işçisi olması barədə nişanı olurdu. İddiaçının işlədiyi müddətin itməsini istəmir, çox işləyən müxbirlərə mənzil verilir və iddiaçı əziyyət çəkdiyi illərin itməsini istəmir. Əmək kitabçasında onların tələb etdiyi qeydin aparılması müqabilində barışığa gələ bilərlər. Ğ Məhkəmə iclasında cavabdehin vəkili X9 bildirdi ki, şahid ifadələri əsasında əmək kitabçasına düzəlişlər edilməsinə yol verilmir. Şahidlərdən biri Alıyeva Günel iddiaçının rəfiqəsi idi. Onun fərziyyəsi olaraq iddiaçının ondan bir ay sonra işə düzəldiyini deyirdi. İddiaçının hər il əmək müqaviləsinin bağlanması fikri əsassızdır. Çünki 5 ildən sonra əmək müqaviləsi müddətsiz olur. Çəkilişlərlə bağlı isə iddia edilən, çəkilişləri aparılması üçün akkredasiya olunması lazım idi. Videogörüntülərin əksəriyyətində isə loqo yox idi, o çəkilişlər heç yayınlanmayıb. Hazırda da “ATV”-yə müəyyən çəkilişlər yayımlanması üçün təqdim olunur. Təbii ki, bu da müəyyən məbləğ qarşılığında olur. Burada əmək münasibətləri yoxdur. Yaranan münasibətlər işgüzar adətlər əsasında formalaşırdı. Bütün işçilər barədə onlarda məlumatlar var. 2005-2012-ci illərdə iddiaçı barədə onlarda heç bir sənəd yoxdur. İddiaçının tutduğu mikrofon və kamera “ATV”-yə məxsusdur. “ATV”-nin işçisi olmayan şəxsə “ATV”-nin mikrofonu və kamerası verilir. Bu qayda bütün telekanallarda var. İddiaçı əmək haqqı almayıb. Qarşı tərəfin təqdim etdiyi şahidlər iddiaçı ilə eyni vaxtda işləməyiblər. Həmçinin iş materiallarında olan vəsiqədən görünür ki, iddiaçı 2020-ci ildən əmək müqaviləsi ilə “AzTV”-də işləyir. Halbuki, 2017-ci ildən faktiki orada işləyir. Lakin əmək müqaviləsi 2020-ci ildə bağlanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 bildirdi ki¸ hansısa dövlət orqanına çəkiliş üçün gedəndə dövlət orqanına çəkiliş üçün gəlməsi barədə onlar tərəfindən məktub göndərilir. Onların işçisi olmayan, lakin onların telekanalı üçün hazırlanan verlişlər var. Bunlarla əmək münasibəti yaranmayıb. İddiaçının Milli Məclisə və digər dövlət orqanına çəkiliş üçün daxil olması üçün akkreditasiya olunub-olunmaması barədə məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki,Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-14/20 saylı qərarında da göstərildiyi kimi,iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində əmək münasibətləri çərçivəsində ayrı-ayrı vəzifələrdə işləməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İş üzrə dindirilmiş şahidlərin ifadələrini də məhz bu xarakterli mübahisə üzrə mötəbər hesab etmək olmaz. Şahid ifadələri düzgün nəticəyə gəlmək üçün vacib olan sübut edilməli halları bilavasitə sübut etmir. Çünki, tərəflər arasında yaranmış həqiqi münasibətlərin mahiyyətini yalnız özləri dəqiq bilə bilər. Belə ki, şahidlər iddiaçının 2006-2007-ci illərdə cavabdeh kompaniyada işləməsini bildirsələr də bu ümumi məlumatlar iş üzrə iddianın əsaslı və təmin olunmalı olmasını bilavasitə mümkün etmir. Çünki, şahid ifadələri iddiaçının cavabdeh kompaniyada məhz əmək müqaviləsi əsasında işləməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən Milli Televiziya və Radio Şurasının xx xxxxxxxx 2020-ci il tarixli məktubunda da 2005-2012-ci illərdə hər hansı bir müstəqil jurnalistin, əmək müqaviləsi olmadan, xidmət müqaviləsi və ya digər əsaslarla hər hansı bir və ya bir neçə teleradio kanalı üçün müsahibə götürməsi, çəkiliş aparması və akkreditasiyasız dövlət, ictimai və digər qurumlarda həmin kanal və ya kanallar üçün süjet, reportpj və ya material hazırlaması təcrübəsi mövcud olmuşdur. Belə bir süjet, reportaj və ya materialın hazırlanması jurnalist və ya müxbirin həmin televiziya və ya radio kanalının rəsmi əmək müqailəsi ilə fəaliyyət göstərən əməkdaşı olmasına dəlalət etmir. Göründüyü kimi, tərəflərin aralarında yaranan münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etmədikləri apellyasiya baxışı zamanı da bir daha təsdiq olundu. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı rədd etməkdən başqa çıxış yolu qalmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən(iddiaçı əmək münasibətlərinin olduğunu bildirir, cavabdeh isə bunu təkzib edir) hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(009)- 1256/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar