Məhkəmə qərarları › İş №2(103)-3459/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3459/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3459/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməklə mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzilinin anası olan Cavabdeh mülkiyyətində olduğunu, dünyaya gəldiyi 1982-ci ildən bu mənzildə yaşadığını və xx xxxxxx 1985-ci il tarixdən mənzilə qeydiyyata düşdüyünü, 2012-ci ildə X5 ilə rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşının da onunla birlikdə mənzildə yaşamağa başladığını, lakin boşanmış və birinci nikahdan bir uşağı olan xanımla ailə qurduğuna görə anasının onları evdən qovduğunu, mənzildən qovulduqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşadıqları, kirayə haqqını verə bilmədiyinə görə dəfələrlə sözügedən mənzildə yaşamağa cəhdlər göstərdiyini, nəhayət, 2017-ci ilin noyabr ayında anasının ona mənzildə tək yaşamağına icazə verdiyini, 10-15 gün sonra həyat yoldaşını və 2 uşağını yanına gətirməyə nail olduğunu, lakin ailədə yaranan növbəti söz-söhbətlərə görə anasının 2019cu ilin mart ayında yenidən onu ailə üzvlərilə birlikdə evdən qovduğunu və ona məxsus əşyaları (yorğan-döşək, paltarlar, stol (02 ədəd), qab-qaşıq, paltaryuyan maşın) mənzildən çıxararaq dəhlizə atdığını irəli sürmüş, özünün, həyat yoldaşı X3 və övladı X7 əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, oğlu olan İddiaçı 1985-ci il tarixdə pasport qeydiyyatına düşməklə, 2006-cı ilə qədər onunla birgə sözügedən mənzildə yaşamış, lakin sonradan ayrı evdə yaşamaq istədiyini bildirərək öz istəyi ilə daimi şəkildə mənzildən getmiş, onunla 2017-ci ilədək ünsiyyət qurmamış və görüşməmişdir. xx.xx.2017-ci il tarixdə oğlu ona müraciət edərək 2-3 ay müddətinə müvəqqəti olaraq kirayə ev tapanadək ailəsi ilə birlikdə mənzildə yaşamağı xahiş etmiş, o da icazə vermiş, lakin bu müddətdə kiçik nəvələrinin yanında onların daim mübahisələri olmuş, oğlunun gözləri qarşısında arvadı onu döymüş, Akram isə buna sadəcə olaraq göz yummuşdur. Bütün bu səbəblərdən onlarla birgə yaşaması mümkünsüz olmuşdur. Akram xx.xx.2019-cu il tarixdə ailəsi ilə birlikdə heç bir şey demədən mənzili tərk etmiş və həmin tarixdən etibarən onunla birlikdə yaşamamışdır. Hazırda oğlunun onun mənzilində qeydiyyatı formal xarakter daşıyır və hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ona məxsus əşyalarla birlikdə (yorğandöşək, paltarlar, stol-2 ədəd, qab-qacaq, paltaryuyan maşın) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzilinə köçürülməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılqılı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini və gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. İşə baxılmasının yeri (vaxtı) barəsində məlumatlanbdırılmış Cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin olunaraq ilkin iddiaçının əşyaları ilə birlikdə mübahisəsi gedən mənzilə köçürülməsi, habelə qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni ilkin iddiaçı mübahisələndirməmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) isə qətnamənin ləğvini xahiş etsə də, şikayətinin məzmunundan bu xahişin qətnamənin ilkin iddianın təmin edilən hissəsi, habelə qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissəsi üzrə məhdudlaşdığı aydın olmaqdadır. Başqa sözlə qətnamə, ilkin iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Məhkəmə kollegiyası ilkin iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzili xx.xx.1985-ci il tarixdə 222728 saylı order əsasında X4 verilmiş, orderdə Cəlaləddin Abasovdan başqa X1, X2 və İddiaçı adları göstərilmiş, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Cəlaləddin Abasovun ölməsi ilə əlaqədar olaraq mənzilə dair kirayə müqaviləsi Cavabdehyla (Daşdıyeva) bağlanmış, onun ailə üzvləri özü və 2 övladı (İddiaçı da daxil olmaqla) 3 nəfər hesab edilmiş, mənzil xx.xx.2013-cü il tarixdə Cavabdeh adına özəlləşdirilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, İddiaçı 1985-ci ildən sözügedən mənzildə pasport qeydiyyatındadır və 2012-ci ilə qədər (Cavabdeh bildirməsinə görə 2006-cı ilə qədər) orada yaşayaraq sonradan başqa ünvana köçmüş, bununla belə 2017-2019-cu illər ərzində ailəsi ilə birlikdə yenidən həmin mənzildə yaşamış, anası ilə münasibətləri pozulduğundan 2019-cu ilin mart ayında mənzildən çıxıb getmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı 2012-ci ilə qədər (Cavabdeh bildirməsinə görə isə 2006-cı ilə qədər) mübahisəsi gedən mənzildə yaşadığı, bu tarix(lər)dən sonra başqa ünvana köçdüyü, bununla belə 2017-2019-cu illər ərzində yenidən həmin mənzildə yaşamağa davam etdiyi işin müəyyən olunan hallarıdır. İddiaçı bu halı qarşılıqlı iddiaçı (anası) tərəfindən mənzildən qovulması və sonradan oraya buraxılmaması ilə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını vurğulamışdır. Kollegiya, başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən İddiaçı doğulduğu, uzun illər yaşadığı və qeydiyyatda olduğu ata evindən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Bu zaman həm də nəzərə alınmalıdır ki, onun mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə iddia, məhz onun mənzilə köçürülməsi iddiasını qaldırmasından sonra irəli sürülmüşdür. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin müvafiq hissələrdə ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3763/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı ona məxsus əşyalarla birlikdə (yorğan-döşək, paltarlar, stol-2 ədəd, qab-qacaq, paltaryuyan maşın) Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 111 saylı evin 51 saylı mənzilinə köçürülməsi”, habelə qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar