Məhkəmə qərarları › İş №2(103)-346/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-346/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-346/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X25 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və onun nümayəndələri Nümayəndə oğulunun və Vəkil2 (həmçinin, vəkili), Üçüncü şəxslər X6, X14 və X19 iştirakı ilə, İddiaçı X11 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(008)-1598/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X20 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş tam payda vərəsəlik hüququ haqda şəhadətnamənin ləğv edilməsi, İddiaçı X2 qanun üzrə vərəsəsi olaraq tanınması və miras qoyanın əmlakına ½ pay üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 və Quliyeva (qızlıq soyadı Əliyeva) Leyla Dadaşbala qızı X13 və X17 övladlarıdır. X12 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və miras qoyanın qanun üzrə vərəsə hesab ediləcək qohumları onun bacısı Leyla Quliyevanın övladları - İddiaçı və Cavabdeh2dır. X2 ölümündən sonra xx.xx.2019-cu il tarixində 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisində miras açılmış və miras qoyanın sahib olduğu əmlaka dair yalnız Cavabdeh2 tam payda vərəsəlik şəhadətnaməsi verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mirasqoyan şəxs X2 vərəsələrinin dairəsi lazımi qaydada müəyyən edilməmiş, Cavabdeh2 vərəsə olaraq tanındığı halda, qardaşı İddiaçı tanınmamışdır. Halbuki, miras qoyanın əmlakına dair hər iki vərəsənin bərabər payda hüququ olmalıdır. Bu barədə İddiaçı xx.xx.2022-ci il tarixində 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisinə rəsmi qaydada müraciət ünvanlamış, mərhum X2 İİ dərəcədən qanun üzrə vərəsəsi olaraq tanınmasını və mirasqoyanın əmlakına paya dair vərəsəlik şəhadətnaməsi verilməsini tələb etmişdir. İddiaçının müraciətinə sözügedən orqan tərəfindən baxılmış, xx.xx.2022-ci il tarixli, 2550 nömrəli cavab məktubu ilə tələb rədd edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə miras açılmış və həmin tarixdən 6 ay müddətinədək İddiaçı tərəfindən müraciət edilməmişdir. Halbuki, şəxsin həmin müddət ərzində vərəsəlik iddiası etməməsi onun vərəsə kimi tanınmasını istisna edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilənlə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(008)- 1598/2023 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı X15, X22 və X29 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlar. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, vərəsəlik hüquqlarının məhdudlaşdırılmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, iddianın təmin olunmalı olmasını və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, Konstitusiya Məhkəməsinin məlum 26 dekabr 2023cü il tarixli qərarındakı şərhindən sonra iddiaçının da vərəsə olaraq miras qoyulmuş əmlaka münasibətdə payının mövcudluğunu qəbul edirlər. Lakin, hesab edirlər ki, iddiaçının payı onun iddia ərizəsində iddia etdiyi kimi ½ hissədə deyil, digər vərəsələr də nəzərə alınmaqla, 1/5 payda müəyyən olunmalıdır. Belə ki, iddaçı və cavabdeh bacı qardaş olmaqla, onların X15 və X22 adlı daha iki bacı-qardaşı vardır. Bundan əlavə miras qoyan X2 bacısı mərhum X5 Vasif Vaqif oğlu da nəzərə alınmalıdır. X29 vərəsəlik şəhadətnaməsi verilən zamanı, yəni 11 noyabr 2019-cu il tarixdə mirasdan imtina etmişdir. İmtina ərizəsində mirasdan konkret olaraq kimin xeyrinə imtina edilməsi göstərilməsə də, V.Qədimov məhz Cavabdeh2 xeyrinə imtina etmişdir. Çünki, həmin vaxtı yalnız bir vərəsə olmuşdur. Bununla yanaşı, apellyasiya icraatına cəlb olunmuş vərəsələr X15 və X22 hazırki vəziyyətdə mirasdan Cavabdeh2 xeyrinə imtina etdiklərini bildirmişlər. Belə olan halda isə iddiaçının payı 1/5, Cavabdeh2 payı isə 4/5 hissədə müəyyən olunmalıdır. Bununla yanaşı bildirirlər ki, miras açılan vaxtı mərhum X2 mülkiyyətində yalnız ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 74,4 kv.m oan fərdi yaşayış evi olmuş, həmçinin evin yerləşdiyi 0,0104 ha torpaq sahəsi miras qoyuanın mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur. Həmin yaşayış sahəsi qeyd edilən vəziyyətdə vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmiş, lakin sonradan əmlak sökülərək yerində yeni, ümumi sahəsi 131,7 kv.m ev inşa olunmuş, həmin ev və əlavə olaraq onun yerləşdiyi 0,15546 ha torpaq sahəsi də cavabdeh tərəifndən özəlləşdirilmişdir. Beləliklə cavabdehin adına qeyd edilən daşınmaz əmlaka dair yeni çıxarış verilmişdir. Bu səbəbdən də iddiaçının miras əmlaka vərəsəlik payı məhz miras açldığı zaman qeydə alınmış ölçüdə (74,4 kv.m) olmuş əvvəlki evə tanınmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X15 və X22 oxşar izahatlar verərək, göstərmişlər ki, iddiaçı X20 və Cavabdeh2 onların bacı qardaşlarıdır. Miras qoyan onların xalaları olmuş, birinci növbəli vərəsələr olmadığından bacıları Cavabdeh2 mirası qəbul etmişdir. Həmin dövrdə cavabdeh olan bacıları bu barədə onlara bildirmiş, lakin onlar notariat orqanına müraciət etməmiş, mirasın cavabdeh tərəfindən qəbul olunmasına etiraz etməmişlər. Hazırki vaxtda da paylarından bacıları Cavabdeh2 xeyrinə imtina edirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X29 izahatında göstərmişdir ki, iddiaçı X20, Cavabdeh2 və üçüncü şəxslər X15 və X22 bacı qardaşdırlar. O, isə həmin şəxslərin xalası oğludur. Cavabdeh2 2019-cu ildə mirası qəbul etmiş, həmin vaxtı o, notariat orqanına yazılı ərizə verərək, mirasdan imtina etmişdir. Cavabdeh2 mirası tək qəbul etdiyindən ərizədə mirasdan onun xeyrinə imtina etməsini konkret göstərməmişdir. Hazırki vaxtda da bildirir ki, mirasdan hər hansı pay istəmir, özünə məxsus olan paydan 2019-cu ildə Cavabdeh2 xeyrinə imtina etməkdə, onu faktiki olaraq sonuncuya bağışlamışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sübutlara, habelə işin tərəflər arasında mübahisə olunmayan hallarına əsasən – miras qoyan X12 12 may 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, onun birinci növbəli vərəsələri (valideynləri daha əvvəl vəfat etmiş, özü ailə həyatı qurmamış, uşaqları olmamışdır) olmamışdır. İddiaçı X20, Cavabdeh2, habelə üçüncü şəxslər X15 və X22 miras qoyanın bacısı, mərzum X7 (1986-cı ildə vəfat etmişdir) övladları olmaqla ikinci növbəli vərəsələrdir. Eyni zamanda, digər üçüncü şəxs X29 miras qoyanın mərhum bacısı Minəxanım Əiyevanın (2001-ci ildə vəfat etmişdir) oğlu olmaqla, ikinci növbəli vərəsə olmuşdur. Miras qoyanın digər bacısı Böyükxanım Əliyeva 2007-ci ildə vəfat etmiş, o, ailə həyatı qurmamış, uşaqları olmamışdır. Beləliklə, işdə iştirak edən şəxslərin də təsdiq etdiyi kimi, miras açıldığı anda miras qoyanın yalnız ikinci növbəli 5 vərəsəsi olmuşdur - iddiaçı X20, Cavabdeh2, habelə üçüncü şəxslər X15, X22 və X29. Miras qalmış əmlak isə miras qoyanın mülkiyyətində olmuş, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, miras açıldığı vaxtı qeyd edilən fərdi yaşayış evinin altında yerləşən 0,0104 ha torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Bununla yanaşı, işdə olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 333 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü X2 (miras qoyanın) üzərində qəyyum təyin edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3416/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 4da qeydiyyatda olan X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir). İşdə olan digər sübutlardan (4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində açılmış vərəsəlik işinin təsdiq olunsuş surətləri və s.) göründüyü kimi, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərək xx.xx.2019-cu il tarixdə ölmüş xalası X2 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə verilməsini xahiş etmişdir. Üçüncü şəxs X29 isə xx.xx.2019-cu il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş xalası X1 miras qalmış əmlakdan imtina etdiyini göstərmişdir. Sonda, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi bacısının qızı Cavabdeh2 hesab edilmiş, miras əmlak isə X8 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74.4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Hazırda iddiaçı, vərəsə kimi hüquqlarının pozulmasını iddia edərək, həmin miras əmlaka dair Cavabdeh2 verilmiş tam payda vərəsəlik hüququ haqda şəhadətnamənin ləğv edilməsi, onun miras qoyan X2 qanun üzrə vərəsəsi olaraq tanınması və miras qoyanın əmlakına ½ pay üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etmişdir. Çünki, iddiaçının analoji müraciətinə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2550 nömrəli imtina məktubundan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən habelə cavabbeh Cavabdeh2 artıq vərəsəlik şəhadətnaməsi verildiyindən iddiçıya müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində iddiaya etirazı ondan ibarət olmuşdur ki, iddiaçı miras qoyan Belqeis Əliyevanın yas və dəfn mərasimində iştirak etməmiş, mübahisəli evdə yaşamamış, qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakın qəbul olunması ilə bağlı notariusa müraciət etməmişdir. Halbuki, iddiaçı mərhum Bilqeis Əliyevanın ölümündən məlumatı olmuş, yalnız üç il keçdikdən sonra notariusa müraciət etmiş və tam əsaslı imtina cavabı almışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, müəyyən etmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. X12 xx.xx.2019cu il tarixdə vəfat etmiş və onundan qalan miras əmlakını qəbul etmək üçün qanunu üzrə ikinci növbədən vərəsə olan bacısı qızı Cavabdeh2 xx.xx.2019-cu il tarixdə notariat ofisinə ərizə vermişdir. İkinci növbədən vərəsə olan Cavabdeh2 həmçinin miras əmlakını faktiki olaraqda qəbul etmişdir. İddiaçının miras əmlakı nə faktiki, nədəki mirasın açıldığı yer üzrə notariat ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etməsini halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – mirasın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində nə faktiki, nədə notariat orqanına ərizə verməklə qəbul etməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın preambulasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyəti ifadə edilmiş, həmçinin 7-ci maddəsinin İ hissəsi ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmişdir. Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir. Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir. İnsanların maddi və mənəvi sərvətlərini çəkinmədən inkişaf etdirməsi, fundamental hüquq və azadlıqlardan istifadə edə bilməsi yalnız hüquqi təhlükəsizliyin və qanunun aliliyinin təmin olunduğu cəmiyyətdə mümkündür. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin yuxarıda qeyd olunan mübahisə olunmayan hallarına əsasən, miras qoyanın birinci növbəli vərəsələri olmamışdır. İkinci növbəli vərəsələri isə bacıları olmuş, lakin onlar daha əvvəl vəfat etmişlər. Bu səbəbdən də, miras açıldığı anda miras qoyanın 5 nəfər bacısı uşaqları (iddiaçı X20, Cavabdeh2, habelə üçüncü şəxslər X15, X22 və X29) qanun üzrə vərəsə statusunda olmuşlar. MM-nin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. MM-nin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməməsinə, beləliklə də bu hüququ itirməsinə əsaslansa da, qətnamə çıxarılan vaxtı qəbul edilmiş, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarındakı hüquqi mövqeyini nəzərə almışdır. Halbuki, Konstitusiya Məhkəməsi qeyd edilən qərarında açıq-aydın qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi qeyd edilən mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixdi qərarında daha da inkişaf edirərək (təkmilləşdirərək) göstərmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu 26 dekbar 2023-cü il tarixli qeyd olunan qərarı ilə bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarının nəticə hissəsinin 3-cü bəndində həmçinin belə qərarı gəlmişdir ki, “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarı qüvvəyə mindiyi anda hazırki mübahisə məhkəmənin icraatında olduğundan (hazırki mülki işin icraatı məhz Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarının qəbulu ilə bağlı dayandırılmışdır) göstərilən mövqe şamil olunur. Beləliklə, işin halları, qanunvericiliyin qeyd edilən normalarıvə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda öz əksini tapmış şərhləri nəzərə alınmaqla,açıq aşkar müəyyən olunur ki, iddiaçının vərəsə kimi hüquqları pozulmuş, cavabdeh miras əmlakı tək vərəsə olaraq tam payda əldə etməkdə haqlı olmamışdır. Çünki, yuxarıda da qeyd edildiyi kimi, miras açıldığı anda 5 nəfər qanun üzrə vərəsə olmuş, onlardan heç biri (eləcə də iddiaçı) qanunla müəyyən olunmuş 3 ay müddət ərzindən mirasdan imtina etməmiş, dolayısı ilə mirası qəbul etmiş sayılmışlar (qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, mirası qəbul etmiş vərəsələr məhz xx.xx.2019-cu il tarixdən etibarən mülkiyyətçi hüququ əldə etmişlər). Həmçinin qeyd edilməlidir ki, üçüncü şəxslərdən X15 və X22 məhkəmə iclasında verdikləri izahatlarında mirasdan Cavabdeh2 xeyrinə imtina etdiklərini bildirsələr də, şifahi olaraq edilmiş həmin imtina qəbul edilə bilməz. Çünki, MM-nin 1256-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin də yuxarıda qeyd olunan qərarında göstərdiyi kimi, vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Göründüyü kimi, qanunverici mirasdan imtina üçün iki imperativ qayda müəyyən etmişdir. Birinci müddət, ikincisi isə imtinanın xüsusi formada, yəni notariat ofisində rəsmiləşdirilməli olması. Bu səbəbdən də üçüncü şəxslərdən X6 və X14 hazırda şifahi qaydada bəyan etdikləri imtina qanunvericiliyin tələblərinə uyğun olmamaqla, əhəmiyyətsizdir. Belə olan halda, həmin şəxslərin miras açıldığı anda müvafiq miras əmlak üzərində qanun üzrə vərəsəlik payları, hər birində 1/5 payda müəyyən edilir. Məhkəmə kollegiyası digər üçüncü şəxs X23 münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi, üçüncü şəxs X29 xx.xx.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsində mirasdan imtina etdiyini göstərmişdir. Lakin, həmin vaxtı mirasın açılmasından təqribən 6 ay müddət keçmiş, dolayısı ilə mirasdan imtina edilməsi üçün qanunla müəyyən olunmuş 3 aylıq müddət keçmişdir. Belə olan halda isə həmin vaxtı mirasdan imtina faktiki mümkün olmamışdır. Lakin, üçüncü şəxs X29 izahatından aydın olur ki, miras əmlakda olan payından məhz Cavabdeh2 xeyrinə imtina etmiş, dolayısı ilə payı üzərində sərəncam verərək, onu bağışlamışdır. Qeyd edilməlidir ki, MM-nin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. MM-nin 1292.1-ci maddəsinə əsasən isə hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. MM-nin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə kollegiyası, işin hallarını, üçüncü şəxs X19 mövqeyini, mirasdan imtina barədə ərizə yazarkən mirasın yalnız Cavabdeh2 mülkiyyətinə keçməsini zənn etməsini və s. bu kimi halları məcmu halda qiymətləndirərək, hesab edir ki, V.Qədimov xx.xx.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsində niyyəti məhz öz miras payına dair sərəncam vermək olmuşdur. Belə olan halda isə, onun həmin anda miras şəriki kimi əmlak üzərində malik olduğu 1/5 vərəsəlik payı Cavabdeh2 keçmişdir. Beləliklə, müəyyən olunur ki, miras açıldığı anda miras qalmış əmlak üzərində iddiaçı X11, Cavabdeh2, habelə üçüncü şəxslər X6, X14 və X19 hər birinin 1/5 hissədə payları mövcud olmuş, həmin şəxslər qanunla müəyyən olunmuş 3 ay müddət ərzində öz paylarından imtina etməmiş, bununla da mirası qəbul etməklə, aralarında faktiki miras şərikliyi yaranmışdır. X4 notarial qaydada təsdiq olunmuş ərizəsi ilə öz payı üzərində Cavabdeh2 xeyrinə sərəncam hüququnu həyata keçirmiş, bu səbəbdən də sonuncunun payı 2/5 nisbətdə mövcud olmuşdur. Lakin, cavabdeh tərəf apellyasiya icraatı zamanı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış təqdim edərək, göstərmişdir ki, miras açıldığı anda miras qoyanın mülkiyyətində yalnız ümumi sahəsi 74,4 m2 təşkil edən fərdi yaşayış evi mövcud olmuş, cavabdeh də həmin sahədə daşınmaz əmlakı miras olaraq qəbul etmiş, lakin sonradan həmin əmlak sökülərək yerində inşa edilmiş ümumi sahəsi 131,7 m2 olan yeni daşınmaz əmlak və onun yerləşdiyi 0,15546 ha torpaq sahəsi cavabdehin adına özəlləşdirilmişdir. Məhkəmə kollegiyası miras qalmış müvafiq yaşayış sahəsinin hazırki vaxtda hüquqi statunun dəqiqləşdirilməsi istiqamətində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu ünvanlamış, sonuncunun 21 fevral 2024-cü il tarixli cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, ümumi sahəsi 74,4 m2 olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş 2V-1057 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ********** (reyestr:**********17-10301) qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış tərtib edilmişdir. Sonradan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi söküldüyü üçün üzərində hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, torpaq sahəsinin və yeni inşa edilmiş evin özəlləşdirilməsinə dair Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 8İ-6780 reyestr nömrəli xx.xx.2019-cu il tarixli ərizəsinə, eskiz layihəyə və məlumatlandırma ərizəsinə əsasən ümumi sahəsi 131,7 m2 olan ünvan 3 (yeni qaydalara əsasən: ünvan 8 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,15546 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır və onun adı ilə bağlı ********** (reyestr: **********17-10302) qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Sonradan sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,15546 ha torpaq sahəsindən 0,0367 ha hissəsi Bakı şəhəri 50 saylı notariat kontorunun 4Ə-917 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X9 adına özgəninikləşdirilmişdir. Bu səbəbdən də Cavabdeh2 adına ünvan 3 (yeni qaydalara əsasən: ünvan 8 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,1188 ha torpaq sahəsi ilə bağlı ********** (reyestr: **********92-10301) qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış tərtib edilmişdir. Göründüyü kimi, hazırki vaxtda miras əmlak olmuş, ümumi sahəsi 74,4 m2 olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi mövcud deyildir, sökülərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv olunmuş, həmin ərazidə yeni daşınmaz əmlak inşa edilmiş və həmin əmlak, eləcə də onun yerləşdiyi 0,15546 ha torpaq sahəsi cavabdeh tərəfindən özəlləşdirilmişdir (həmçinin nəzərə alınmalıdır ki, miras açıldığı zamanı ümumi sahəsi 74,4 m2 olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən 0,0104 ha torpaq sahəsi dövlət mülkiyyətində olmuş, cavabdeh daha artıq sahəsini də əhatə edən 0,15546 ha torpaq sahəsini özəlləşdirmişdir). Belə olan halda isə, artıq mövcud olmayan miras əmlak (fərdi yaşayış evi) üzərində iddiaçının miras payının dövlət qeydiyyatına alınması da faktiki və hüquqi baxımdan mümkün deyildir. Lakin, hazırki icraat çərçivəsində hüquqi müəyyənlik baxımından miras açıldığı anda vərəsələrin mövcüd olmuş paylarının müəyyən (təsbit) olunması zəruridir. Bu hal həmçinin miras əmlakın sökülməsi nəticəsində hüquqları pozulmuş şəxslərin (vərəsələrin) təqsirkar şəxsə qarşı zərərlə bağlı tələb hüquqlarının həyata keçirilməsi istiqamətində də xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası hazırki vəziyyətdə mübahisəyə tələb həddində baxaraq, hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddia yalnız qismən təmin oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X33rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da iddianın tam əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X21 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı). MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, İddiaçı miras qoyan X2 qanun üzrə vərəsəsi kimi tanınmalı, miras əmlak olmuş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 tam payda verilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş 2V-1057 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilməli, miras açıldığı vaxtı miras qalmış (hazırda sökülmüş) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı X11 1/5, Cavabdeh2 2/5, üçüncü şəxs X6 1/5, üçüncü şəxs X14 1/5 nisbətdə vərəsəlik payının mövcud olması müəyyən (təsbit) edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X11 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və Cavabdeh2 qarşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(008)-1598/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e- 2(008)-1598/2023 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı miras qoyan X2 qanun üzrə vərəsəsi kimi tanınsın. Miras əmlak olmuş, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 tam payda verilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş 2V-1057 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilsin. Miras açıldığı vaxtı miras qalmış (hazırda sökülmüş) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı X11 1/5 (beşdə bir), Cavabdeh2 2/5 (beşdə iki), üçüncü şəxs X6 1/5 (beşdə bir), üçüncü şəxs X14 1/5 (beşdə bir) nisbətdə vərəsəlik payının mövcud olması müəyyən (təsbit) edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar