Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3462/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Taciyeva Könül Lətif qızı, Cavabdeh3 Bəhmən oğlu, Cavabdeh4 Bəhmən qızı və Cavabdeh5 Bəhmən oğluna qarşı “yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, 1410-cu keçid, Mirmahmud Kazımov küçəsi, bina № 31, mənzil № 48-də yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxılmanın vaxtı və yeri barədə cavabdehlərə Rayon Məhkəməsi tərəfindən məlumat verilməmişdir. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi MPM-nin 147-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. MPM-nin 147-ci maddəsinə görə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Lakin iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyəti tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Ən əsası isə qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən məhkəmə bildirişlərinin cavabdehlərin ünvanlarına göndərilməsini təsdiq edə biləcək nəinki poçt sənədləri, hətta müvafiq “Sənədlərin göndərilməsi reyestri” işdə yoxdur. Lakin Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 147-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbini onunla əsaslandırmışdır ki, o, onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alğısatqı müqaviləsinə” əsasən yuxarıda qeyd edilən mənzili almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışa” əsasən həmin mənzil onun mülkiyyətində olan əmlak kimi dövlət qeydiyyatına alınmışdır. Mənzil satılan zaman cavabdehlər mənzil satdıqdan sonra 30 gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsələr də, vədlərinə əməl etməmişlər. Apellyasiya şikayətində iddia tələbinə qarşı ifadə olunmuş etiraz ondan ibarətdir ki, mübahisəli mənzilə dair “Alğı-satqı müqaviləsinin” formal olaraq bağlanmışdır. Müqavilə bağlanan zaman iddiaçı ilə Cavabdeh1 şifahi razılığa gəlmişlər ki, cavabdehlər mənzildə yaşamaqda davam edirlər və mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmalıdırlar. Cavabdehlər hazırda da həmin mənzildə yaşayırlar. İşdə olan sənədlər aşağıdakılardan ibarətdir: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 1410-cu keçid, Mirmahmud Kazımov küçəsi, bina № 31-də yerləşən 48 №-li mənzili 55.500 manata iddiaçıya satdı, iddiaçı isə həmin məbləği Cavabdeh1 ödəyərək aldı. Satıcı xx.xx.2018-ci il tarixədək mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxacaq. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, həmin mənzil iddiaçının mülkiyyətində olan əmlak kimi dövlət qeydiyyatına alınmışdır. Mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən 150 MTK-nin sədrinin iddiaçıya verdiyi xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iş üzrə cavabdehlər yuxarıda göstərilən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin müzakirə olunun dəlili ilə bağlı bildirir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqavilədən” görünür ki, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə bağlanmış, müqavilənin rəsmilləşdirilməsi zamanı notariat orqanı tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Müqavilənin formal olaraq bağlanmasını qeyd edən Cavabdeh1 göstərdiyi halları təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki qətnamə qəbul edilən ana cavabdehlər yuxarıda qeyd edilən “Alğı-satqı müqaviləsinin” etibarlılığını mübahisələndirməmiş, hazırki iş üzrə iddiaçıya qarşı bununla bağlı müvafiq iddia qaldırmamışlar. Odur ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili sübuta yetmədiyindən və yuxarıda qeyd edilən müqavilənin etibarlı olmasına şübhə yarada biləcək hallar müəyyən edilmədiyindən hesab edilməlidir ki, Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabdehlər, həmin müqavilə ilə mənzilə dair mülkiyyət hüquq iddiaçıya keçdiyindən və onlar iddiaçının ailə üzvləri sayılmadığından artıq iddiaçının mülkiyyətində olan mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüquqlarını itirmişlər. İddiaçı cavabdehlərə qarşı “yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi” barədə iddianı irəli sürməyə subyektiv hüquqa malikdir və bu iddia tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, apellyasiyanın nəticələrini və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsinin tələbindən çıxış edən, Məhkəmə QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Taciyeva Könü Lətif qızı, Cavabdeh3 Bəhmən oğlu, Cavabdeh4 Bəhmən qızı və Cavabdeh5 Bəhmən oğluna qarşı “yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Taciyeva Könü Lətif qızı, Cavabdeh3 Bəhmən oğlu, Cavabdeh4 Bəhmən qızı və Cavabdeh5 Bəhmən oğlunun İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 1410-cu keçid, Mirmahmud Kazımov küçəsi, bina № 31, mənzil № 48-də yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3462/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3462/2020
12.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver