Məhkəmə qərarları › İş №2(103)-3462/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3462/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3462/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 01 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh nümayəndəsi X1 və İddiaçı özünün iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. Cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi, həmin aktlar əsasında ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 9.001,86 manat borcun onun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1-də yerləşən 3 saylı evdə qeydiyyatda olmaqla yaşayır. 2011-ci ildə o, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5 ünvanında yerləşən 1.200 kv.m olan torpaq sahəsini, sahənin üzərində inşa edilmiş 30 kv.m sahəsi olan 1 otaqlı yaşayış evini almışdır. 2015-ci ildə həmin evin sahəsini artıraraq xırda buynuzlu mal-qaranın saxlanılması üçün tövləyə çevirmişdir. Həmin vaxtdan etibarən iddiaçı oradan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Həmin ünvanda təbii qazdan istifadə edilməsə də, cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2011-ci il tarixdə M.Hüseynzadə küçəsi, döngə 5-də yerləşən ünvana 1105AQ**********0 №-li sayğac quraşdırmış və ünvana **********00001 №-li abonent kodu verilmişdir. Lakin ‘‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və iddiaçı ilə Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmamışdır. Həmin ünvanda təbii qazdan illər boyunca istifadə edilməsə də, Birliyin əməkdaşları xx.xx.2013-cü il tarixdə iddiaçının və ya qonşularının iştirakı olmadan sayğaca baxış keçirmiş və sayğacda heç bir qüsur aşkar etməsələr də, sayğac yenisi ilə, yəni 1202AQ**********6 №-li sayğac ilə əvəz etmişlər. Bu dəfə də ‘‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və iddiaçı ilə Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmamışdır. Birliyin əməkdaşları 2017-ci ildə M.Hüseynzadə küçəsi, döngə 5, ev 14 ünvanında yerləşən ərazidə sayğacdan kənar təbii qaz xətti aşkar etmiş, foto-video çəkmişlər. Sayğacdan kənar təbii qaz xətti ləğv edilməmiş və hər il abonentin hesab koduna borc hesablanmışdır, baxmayaraq ki həmin qanunsuz xəttin iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin xətti Mehman Hüseynov adlı qonşu çəkdirmiş və xətdən qanunsuz istifadə edir. İddiaçı bu barədə Birliyin əməkdaşlarına məlumat versə də, onlar buna əhəmiyyət verməmiş, onun barəsində bir neçə dəfə əsassız aktlar tərtib etmiş və nəticədə həmin aktlara əsasən ona əlavə sərfiyyat kimi əsassız olaraq 9.001,86 manat məbləğində borc hesablanmışdır.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğində borcun silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışlar, baxmayaraq ki, iddiaçıya məxsus ünvana dəfələrlə baxış keçirilmişdir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş və məhkəməyə sübut kimi təqdim edilmiş fotoşəkillər isə etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı tarixlər və hansı aktlara aid olmasını müəyyənləşdirmək mümkün deyil. Bundan başqa nəzərə alınmalıdır ki, həmin aktların bir nüsxəsinin Birlik tərəfindən iddiaçıya təqdim edilməmişdir. Bunun əksini təsdiq edən sübutlar isə Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla qazdan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyətini yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, Birlik tərəfindən iddiaçıya yalnız ilk dəfə tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 307,40 manat məbləğində borc əsaslıdır. Qalan aktlar üzrə hesablanmış 8.694,46 manat məbləğində borc isə əsassız hesab edilərək silinməlidir. Qalan hissədə isə iddia əsassız hesab edilməlidir.

c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçının qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, bununla bağlı müvafiq aktlar tərtib edilmiş və hər faktla bağlı fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamələr” təsdiq edilmişdir. Həmin “Tələbnamələrə” əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş, bu əsasla da ziyanın məbləği hesablanmış və ziyanın ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeydiyyatsız, qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə maddi ziyan vurmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iddia tələbinin bir qismini təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

e) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.

10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik isə Rayon Məhkəməsinin iddia tələbinin bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.

11. Odur ki bunu, MPM-nin 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.

f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5 ünvanında yerləşən sahəyə qaz sayğacı quraşdırılmış və ünvana **********00001 №-li abunə kodu verilmişdir.

14. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, iddiaçıya məxsus həmin ünvanda qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmişdir.

15. Birlik tərəfindən aparılmış hesablamalardan görünür ki, həmin aktlarda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Birliyə cəmi 9.001,86 manat məbləğində zərər dəymişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

17. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Məhkəmə, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz qoşulma halının olubolmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin etmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1123 №-li rəyi alınmışdır.

20. Həmin rədə qeyd edilir ki, iddiaçıya məxsus olan ünvana aid qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

21. Bundan başqa, Məhkəmə, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi səbəbindən hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi halı iş materialları ilə öz təsdiqini tapmır.

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

23. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir.

g) apellyasiya baxışının nəticəsi

24. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN

XÜSUSİ QƏRARDADİ İş № 2(103)-3462/2023

Bakı şəhəri 19 sentyabr 2023-cü il

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏN ETDİ:

Cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi, həmin aktlar əsasında ona əlavə sərfiyyat kimi əsassız olaraq hesablanmış 9.001,86 manat borcun onun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1-də yerləşən 3 saylı evdə qeydiyyatda olmaqla yaşayır. 2011-ci ildə o, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5 ünvanında yerləşən 1.200 kv.m olan torpaq sahəsini, sahənin üzərində inşa edilmiş 30 kv.m sahəsi olan 1 otaqlı yaşayış evini almışdır. 2015-ci ildə həmin evin sahəsini artıraraq xırda buynuzlu malqaranın saxlanılması üçün tövləyə çevirmişdir. Həmin vaxtdan etibarən iddiaçı oradan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Həmin ünvanda təbii qazdan istifadə edilməsə də, cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2011-ci il tarixdə M.Hüseynzadə küçəsi, döngə 5-də yerləşən ünvana 1105AQ**********0 №-li sayğac quraşdırmış və ünvana **********00001 №-li abonent kodu verilmişdir. Lakin ‘‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və iddiaçı ilə Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmamışdır. Həmin ünvanda təbii qazdan illər boyunca istifadə edilməsə də, Birliyin əməkdaşları xx.xx.2013-cü il tarixdə iddiaçının və ya qonşularının iştirakı olmadan sayğaca baxış keçirmiş və sayğacda heç bir qüsur aşkar etməsələr də, sayğac yenisi ilə, yəni 1202AQ**********6 №-li sayğac ilə əvəz etmişlər. Bu dəfə də ‘‘Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” akt tərtib edilməmiş və iddiaçı ilə Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” bağlanmamışdır. Birliyin əməkdaşları 2017-ci ildə M.Hüseynzadə küçəsi, döngə 5, ev 14 ünvanında yerləşən ərazidə sayğacdan kənar təbii qaz xətti aşkar etmiş, foto-video çəkmişlər. Sayğacdan kənar təbii qaz xətti ləğv edilməmiş və hər il abonentin hesab koduna borc hesablanmışdır, baxmayaraq ki həmin qanunsuz xəttin iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin xətti Mehman Hüseynov adlı qonşu çəkdirmiş və xətdən qanunsuz istifadə edir. İddiaçı bu barədə Birliyin əməkdaşlarına məlumat versə də, onlar buna əhəmiyyət verməmiş, onun barəsində bir neçə dəfə əsassız aktlar tərtib etmiş və nəticədə həmin aktlara əsasən ona əlavə sərfiyyat kimi əsassız olaraq 9.001,86 manat məbləğində borc hesablanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya (abonent kodu **********00001) hesablanmış 8.694,46 manat məbləğində borcun silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh Birliyin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki işə apellyasiya qaydasında baxarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayətlərin əlamətləri aşkar edilmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, iddiaçıya məxsus həmin ünvanda qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Birlik tərəfindən aparılmış hesablamalardan görünür ki, həmin aktlarda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Birliyə cəmi 9.001,86 manat məbləğində zərər dəymişdir. İşin hallarından müəyyən edilir ki, qeyd edilən aktlarda göstərilən halları aşkar etsələr də, həmin halların təkrar edilməsinin qarşısını almaq üçün Birliyin əməkdaşları tərəfindən effektiv tədbirlər görülməmiş, bu kimi halların qarşısının alınması məqsədi ilə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Birliyin əməkdaşları, onlara həvalə edilmiş səlahiyyətlərə zidd olaraq hərəkətsizliyə yol vermişlər. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmə baxışı iclaslarında iş üzrə iddiaçı bildirmişdir ki, qaz xəttinə qanunsuz qoşulma Mehman Hüseynov adlı qonşu tərəfindən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394.1-ci maddəsinə görə, işə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi qərardad çıxara bilər. MPM-in 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Baş prokurorluğunun diqqəti xüsusi qərardadın təsviri hissəsində göstərilən hallara cəlb edilməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-266, 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏRARA ALDİ:

Hazırki mülki iş üzrə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün hazırki xüsusi qərardad Azərbaycan Respublikası Baş prokurorluğunun diqqətinə çatdırılsın. Xüsusi qərardad və mülki işdə olan müvafiq sənədlərin surətləri araşdırılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar