Məhkəmə qərarları › İş №2(103)-3462/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3462/2024

05.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3462/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh «X4» X14nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(005)-1453/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı 2001-ci ildən İqtisadi İnkişaf Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. 2021-ci ilə qədər həmin idarədə müddətsiz müqavilə əsasında işləmişdir. 2021ci ildən sonra iddiaçı ilə müddətli müqavilə bağlanmış və 2023-cü ildə müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvini tələb edir və digər dəlillərlə yanaşı, onunla əvvəlcədən müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasını qanunsuz sayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh «X4» X14nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, NH-105 №-li əmrin ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X8 mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci ildə Dövlət Əmlakı Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. xx.xx.2013-cü ildə həmin şöbədə vakant yer olduğundan X6 daxili müsabiqədən imtahan verərək baş məsləhətçi vəzifəsinə təyin olunub. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 X9 keçmiş sədri X10 iddiaçını işində heç bir nöqsan və səbəb olmadan, əsassız olaraq əvvəlcə aparıcı mütəxəssis, daha sonra isə mütəxəsis vəzifəsinə, beləliklə üç pillə aşağı vəzifəyə salmışdır. xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək Dövlət Arxiv İdarəsinə işləmək üçün ezamiyyətə göndərilib. Daha sonra iddiaçıya heç bir xəbərdarlıq edilmədən və məlumat verilmədən analıq məzuniyyətində olan digər işçi X3 yerinə mütəxəssis vəzifəsinə təyin edilib. Həmin işçi xx.xx.2023-cü il tarixdən etibarən analıq məzuniyyətinin bitməsi ilə əlaqədər yenidən işə başlamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, eyni zamanda cavabdeh orqana rəsmi müraciət edərək iddiaçıya köməklik göstərilməsini xahiş etsə də, müraciətinin heç bir nəticəsi olmamış, ümumiyyətlə müraciətinə cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən NH-105 №- li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Əmlak Məsələləri Dövlət Xidmətində 23 il ümumilikdə 43 il iş stajı var. Qeyd edir ki, əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş, və işəgötürən tərəfindən nə yazılı nə də şifahi töhmət almayıb. Hal-hazırda 61 yaşı var, ailəlidir, 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Ailədə iddiaçıdan başqa işləyən yoxdur. Gündəlik ailə tələbatları iddiaçı tərəfindən ödənilir. Halhazırda səbəbsiz yerə işsiz qalıb. Heç bir əsas olmadan qanunsuz olaraq iddiaçının işdən azad olmağı iddiaçını və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, işdən azad olunarkən "Əmək müqaviləsinə xitam verilməsi" barədə əmrlə tanış olmamış və həmin əmrin surəti iddiaçıya təqdim olunmamışdır. Digər tərəfdən cavabdeh orqan iddiaçıya, işçi olaraq digər mövcud vakansiyalar üzrə iş təklifi belə edilməmişdir. Yaranmış mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana NH-105 №-li əmrin surətini iddiaçıya rəsmi olaraq verilməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciətinin nəticəsi ilə bağlı iddiaçıya cavab verilməmişdir. Qeyd edir ki, tərəflər arasında əmək mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/10/2024-00026 saylı arayış verilmişdir. Göründüyü kimi cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi cavabdeh tərəfdən iddiaçıya qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əlehinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(005)- 1453/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, «X4» X9 xx.xx.2023-cü il tarixli K-105 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və cavabdeh «X4» X8n 50 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məhkəmənin qənaətinə görə, eyni strukturda iş stajına (20 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Göründüyü kimi, hazırki mübahisədə əmək müqaviləsində müddət təyin edilməsi iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Bu baxımdan, məhkəmə cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymamışdır. Məhkəmə qeyd olunanlara məcmu halda əsaslanaraq hesab etmişdir ki, işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2001-ci ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. Həmçinin, məhkəmə yekunda onu da qeyd etmişdir ki, iddia tələbinin dəlillərini təkzib edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunan qətnamədən narazı cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. İş materiallarından da görünür ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Məcəllənin bu maddəsinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bundan başqa Əmək Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı əmək müqaviləsinin müddəti 05 dekabr 2023-cü il tarixində bitmişdir, Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir, Göründüyü kimi 1 həftəlik tələbi nəzərə alınmışdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq işə sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 11-ci maddəsinə əsasən, işəgötürənin əsas hüquqları 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-ci maddəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin ikinci bəndinin “b” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ- İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 2-ci hissəsinə əsasən, Mərkəzin İxtisaslaşdırılmış hərracların təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, həmin tarixdə Hərracların Təşkili üzrə X7 əmlakının satışı üzrə hərraclarının təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi İddiaçı 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı (işçi) İddiaçı cavabdehə (işəgötürənə) müraciət edərək, müvafiq vəzifəyə təyin edilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə X4 X14 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixindən iddiaçı Babayev X1 Təşkili Mərkəzi X14n qeyri-dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssis vəzifəsindən 1 ay müddətinə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixindən İddiaçı «X4» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi Nərmin Qədirli xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsindən görünür ki, «X4» X14 ilə İddiaçı arasında 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı «X4» X9 Hərracların təşkili şöbəsinin mütəxəssisi xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uyğun olaraq xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, NH-105 №-li əmrin ləğv edilməsi ilə razılaşmayaraq əmrin qanuniliyini mübahisələndirmiş, cavabdeh tərəf isə apellyasiya şikayətinin iddiaçının barəsində verilmiş əmrin əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə verilməsini qanuna uyğun olmasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlaması, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilməsi, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməməsinə dair göstərilən dəlillərlə ələqadar bildirir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinin əvvəl müddətsiz olması işin mübahisəsiz halıdır, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Bununla da cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlamışdır. Bundan başqa birinci instansiya məhkəməsinin - eyni strukturda iş stajına (20 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz barədə gəldiyi qənaəti də düzgün olmuşdur. Göründüyü kimi işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslı olmamışdır. Beləliklə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri əsaslı olmuşdur. Eyni zamanda iş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və işəgötürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Göründüyü kimi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2001-ci ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş «X4» X9 xx.xx.2023-cü il tarixli K-105 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməsi barədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh «X4» X14tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(005)- 1453/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar