Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3463/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri ərzində bankın Səbail filialının kredit şöbəsində istehlak kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş cavabdehin vəzifə təlimatında və əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarını bilərəkdən kobud şəkildə pozmaqla bank aktivlərinin itkisinə səbəb ola biləcək qeyri-qanuni hərəkətlərə yol verdiyini, X6 Departamenti tərəfindən xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixlərini əhatə edən “kredit mütəxəssisləri tərəfindən iş prosesində təhlükəsizliyin təmin edilməsi üzrə risklərin müəyyən edilməsi, iş prosesinin qaydalara uyğunluğunun, eləcə də nəzarət mexanizmlərinin adekvatlığının qiymətləndirilməsi” məqsədilə aparılmış audit yoxlaması nəticəsində onun xx.xx.2019-cu il tarixdə bankdan müxtəlif tarixlərdə kredit götürən və avtomatlaşdırılmış müştəri bazasında adları qeyd edilən 3294 müştəri barədə bank və kommersiya sirri təşkil edən məlumatları (bank hesab nömrəsi, müştəri haqqında şəxsi məlumatlar, telefon nömrəsi və s.) öz şəxsi (mailto:elmar.didakanan@gmail.comElektron ünvan 1) və mailto:t.gasimov94@gmail.comElektron ünvan 2 email ünvanlarına göndərməklə həmin məlumatların gələcəkdə üçüncü şəxslər tərəfindən istifadəsinə zəmin yaratdığını, cavabdehin xx.xx.2019-cu il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi, Cavabdeh məhz ABB-də əmək fəaliyyətinə xitam verildiyi gün müştərilər haqqında kredit portfeli məlumatlarını öz şəxsi və digər email ünvanlarına göndərməyinin həmin müştərilərlə sonradan əlaqə yaratmaq, bankın müştərilərini digər banklara yönəltmək məqsədi daşıdığını, cavabdehin hazırda başqa bankda çalışmaqla əsas vəzifəsinin müştərilərə kredit məhsullarının satışından ibarət olduğunu və bankdan əldə etdiyi bank sirri təşkil edən reyestr məlumatlarından digər bankda istifadə edib kredit verməsinin istisna edilmədiyini, onun tərəfindən ötürülən bank sirri təşkil edən məlumatlar üzrə 54 müştərinin kredit borclarının vaxtından əvvəl ödənildiyini və nəticədə həmin kredit əqdləri üzrə bankın təqribən 25 000 manat məbləğində faiz gəlirlərindən məhrum olduğunu irəli sürmüş, buna görə də cavabdehdən vurulmuş ziyana görə 25 000 manatın və 30,40 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayət verən iddiaçının nümayəndəsi onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının istinad etdiyi siyahı cavabdehin Beynəlxalq Bankda işlədiyi dövrdə özünə məxsus olan müştərilərin siyahısıdır, həmin siyahı onun tərəfindən tərtib olunub və qaralama siyahı kimi iş prosesində istifadə edilib. Bu siyahının avtomatlaşdırılmış müştəri bazasına heç bir aidiyyatı yoxdur. Siyahıya nəzər yetirəndə məlum olur ki, orada göstərilən müştərilərin adları ödəniş qabiliyyəti üzrə cavabdeh tərəfindən müxtəlif rənglərlə işaralənmişdir Bu da onu sübut edir ki, siyahı avtomatlaşdrılmış sistemdən çıxarılmayıb, cavabdeh tərəfindən tərtib olunub və qaralama kimi cavabdeh tərəfindən bankda işlədiyi müddətdə istifadə olunub, ümumiyyətlə də heç bir üçüncü şəxsə ötürülməyib və ötürülməsini təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. Əgər cavabdehin məlumatlardan qeyri qanuni olaraq istifadə etmək niyyəti olsaydı, cavabdeh asanlıqla bank əməliyyat sistemindən bütün müştərilər barədə məlumatları özünə göndərə bilərdi. Elektron ünvan 3 elektron ünvanı isə Beynəlxalaq Bankın əməkdaşı Tural Qasımova aiddir, hansı ki, həmin şəxs yeni işçi olduğundan stajor kimi cavabdehə təhkim edilmiş, ona qısa bir müddətdə işi öyrətmək cavabdehə rəhbərlik tərəfindən tapşırılmış, bankın işinə aid olan bütün sualların cavabdeh cavablandırmışdır. Cavabdeh işdən çıxmaqa hazırlaşdığı ərəfədə - xx.xx.2019-cu il tarixdə Tural cavabdehə öz şəxsi elektron ünvanından məktub yazaraq xahiş etmişdir ki, işini asanlaşdırmaq üçün müştəri bazasına aid olmayan lazımi məlumatları - konkret olaraq məzuniyyətə çıxarkən maddi yardım yazmaq üçün nümunəni, kredit verilməmişdən qabağ Azərbaycan Kredit Bürosuna tərtib etmə nümunəsini, avto ödəməyə qoşmaq üçün nümunəni və sair nümunələri ona göndərsin. Yəni Turala göndərilmiş elektron məktubda avtomatlaşdırılmış müştəri bazasından götürülmüş heç bir məlumat olmamışdır. Digər tərəfdən iddiaçı, cavabdehin ona həvalə edilmiş səlahiyyətlərdən sui-istifadə etdiyini irəli sürsə də, nə bunu, nə də ona ziyan dəydiyini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, hazırda “xxxxxxxxxxxxxx” ASC-nin əməkdaşı olan cavabdeh, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Səbail filialının kredit şöbəsində istehlak kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının iddiasına görə cavabdeh, işdən azad edildiyi gün avtomatlaşdırılmış müştəri bazasında adları qeyd edilən 3294 müştəri barədə bank və kommersiya sirri təşkil edən məlumatları (bank hesab nömrəsi, müştəri haqqında şəxsi məlumatlar, telefon nömrəsi və s.) öz şəxsi mailto:elmar.didakanan@gmail.comElektron ünvan 1 və mailto:t.gasimov94@gmail.comElektron ünvan 2 email ünvanlarına göndərmiş, bununla həmin məlumatların gələcəkdə üçüncü şəxslər tərəfindən istifadəsinə zəmin yaratmış, onun tərəfindən ötürülən bank sirri təşkil edən məlumatlar üzrə 54 müştəri kredit borclarını vaxtından əvvəl ödədikləri üçün bank 25 000 manat məbləğində faiz gəlirlərindən məhrum olmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu mənada nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbini əsaslandırdığı faktiki halla, yəni bank sirri təşkil edən məlumatların cavabdeh tərəfindən üçüncü şəxslərə yayılması və bunun nəticəsində banka ziyan dəyməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, işin hallarından cavabdehin xx.xx.2019-cu il tarixdə iki müştəri barədə bankın digər əməkdaşı olan T. Qasımovun (onun əvvəllər bankın əməkdaşı olduğu iddiaçı tərəfindən mübahisələndirilməmişdir) email ünvanına, xx.xx.2019-cu il tarixdə isə bilavasitə öz email ünvanına məlumatlar göndərdiyi aydın olur; bu hal isə bank sirri təşkil edən məlumatların üçüncü şəxslərə yayılması hesab oluna bilməz. Gələcəkdə hər hansı müştəri tərəfindən ona aid məlumatların açıqlandığı iddia olunarsa, məhz bu halda iddiaçı bank müvafiq əsasa istinadla cavabdehə qarşı tələb irəli sürmək imkanına sahib olacaqdır. Belə ki, Mülki Məcəllənin 967-ci maddəsinə görə, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir və bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Kollegiya həmçinin qeyd edir ki, hər hansı müştərinin, o cümlədən cavabdehin özünün və digər bank əməkdaşının elektron ünvanına göndərdiyi emaildə adları yer alan müştərilərin kredit öhdəliklərini vaxtından əvvəl icra etmiş olmaları banka vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 428.1-ci maddəsinə əsasən, əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər; 428.3-cü maddəsinə görə isə, əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər. Beləliklə kollegiyanın qənaətinə görə, iddiaçının bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək mülki qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6127/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3463/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3463/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver