Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3463/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xaləddin oğluna qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “nikahın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X1 aralarında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X1 nikah qeydi bağlamışlar. Amma nikah qeydi aralarında formallıq daşıyıb. Çünki o, valideynlərinin təkidi ilə, könüllü razılığı olmadan Cavabdehlə nikah bağlamışdır. İddiaçının təkidi ilə toyları baş tutmamışdır. Aralarında bağlanmış nikah formal xarakter daşıdığından, onun Cavabdehlə ailə qurmaq niyyəti olmaması səbəbindən hesab edir ki, bağlandığı gündən etibarsız hesab edilməlidir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində iddia ərizəsində qeyd etdiyi hallara əsaslanmış, eyni zamanda rayon məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyini bildirmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, o cavabdehlə məhz atasının təsiri ilə nikaha daxil olmuş, onların nikahı formal xarakter daşımışdır və ailə qurmaq niyyətləri olmamışdır. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinə baxmayaraq rayon məhkəməsi iddia tələbini təmin etməmişdir, məhkəmə tərəfindən qəbul edilən qətnamə işin faktiki hallarına uyğun gəlmir. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun atası və cavabdehin atası hər ikisi polis işçisidir, bir-birilərini tanıyırlar, elə tanıdıqları adamla qohum olmaq istədiklərindən də onunla cavabdehin evlənməsini istəyiblər. İddiaçı bildirdi ki, bu evlilik mənəvi təsir vasitəsilə olub, xüsusilə atası ona təsir edərək evlənməsini istəyib iddiaçı da həmişə atasının iradəsinə uyğun hərəkət etməyi normal hal kimi qəbul etdiyindən bununla razılaşmış və cavabdehlə nikah bağlamışlar. Eyni zamanda cavabdehin də onunla ailə qurmaq fikri olmayıb, hazırda da bir-birləriylə ailə qurmaq istəmirlər, cavabdeh də nikaha daxil olmağa məhz ailəsinin təkidi ilə razılaşmışdır, hətta nikaha daxil olduqdan sonra bir-birləriylə görüşməmiş, hətta danışmamışlar, aralarında heç bir münasibət yoxdur. O vaxtı ilə atasının sözündən çıxa bilməyib, indi isə sevmədiyi adamla yaşaya bilməyəcəyini dərk edir, bu halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsin xahiş etdi. Vəkil qeyd etdi ki, Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq nikaha daxil olan tərəflərin biri və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah etibarsız sayılır. İşin hallarından aydın görünür ki, tərəflərin valideynləri polis işçisi olub, uşaqlarını evləndirməkdə maraqlı olublar. Tərəflər arasındakı nikah formal xarakter daşıyır, arada toy, nişan, xına və sair bu tipli heç bir mərasim olmayıb, iddiaçı və cavabdeh də heç vaxt bir yerdə yaşamayıb, əlaqələri olmayıb.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşaraq, eyni zamanda iddianın etiraf edilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək bildirdi ki, iddiaçının da qeyd etdiyi kimi tərəflərin nikahı bağlayanda ailə qurmaq niyyətləri olmayıb, o da iddiaçı kimi ailəsinin psixoloji və mənəvi təsiri ilə nikaha daxil olmağa razılaşıb. Belə ki, ailənin tək övladı olub, anası da 1-ci qrup əlildir, lakin iddiaçı ilə nikaha daxil olandan sonra heç görüşüb danışmayıblar. Toy olmadan bu qədər öncə nikah bağlanmasında valideynlərin güddüyü əsas məqsəd isə yəqin ki, evlilikdən çıxmaq şansını heçə endirmək olub ki, onlar artıq qərarlarını dəyişə bilməsin və hər şey rəsmiləşsin. Cavabdeh həmçinin qeyd etdi ki, onun da nikahın etibarsızlığı barədə iddia irəli sürmək fikri olub, lakin iddiaçı onu qabaqlayıb, daha tez iddia ilə məhkəməyə müraciət edib. Hazırkı halda nikahın etibarsızlığı tələbinin təmin edilməməsi onun üçün ciddi problem olmasa da, iddiaçının həyatına xeyli mənfi təsir və fəsadlar göstərə bilər. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi:
8. AZ-İİ seriyalı 496760 saylı 6 saylı Bakı “Asan xidmət” X3 tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah haqqında xx.xx.2022-ci il tarixdə 490 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Sofiyev, arvada Sofiyeva soyadı verilmişdir.
9. Cavabdeh notarial qaydada təsdiq edilmiş 8İ-16191 nömrəli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı irəli sürdüyü nikahın etibarsız sayılması barədə iddiasını qəbul edir, iddianın təmin edilməsini və müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə 34. Nikah hüququ İ. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
12. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
13. Maddə 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
14. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
15. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
16. Maddə 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;
17. Maddə 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);
18. Maddə 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
19. Maddə 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
20. Maddə 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
21. Maddə 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;
22. Maddə 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
23. Maddə 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
24. Maddə 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.
25. Maddə 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
26. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. İddiaçı tərəfindən cavabdehlə rəsmi nikaha daxil olarkən ailə qurmaqdan başqa bir məqsədinin olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmiş, əksinə iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, tərəflər valideynlərinin təkidi ilə nikaha girsələr də, gələcəkdə ailə ola biləcəklərinə ümid edərək bu addımı atmışlar, sonradan bu həyata keçməmişdir.
41. Məhkəmə kollegiyası rayon məhkəməsinin qənaəti ilə razılaşaraq cavabdehin iddia tələbinin qəbul edilməsi barədə ərizəsinin etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd edir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin hazırkı halda nə iddiaçı tərəfindən, nə də cavabdeh tərəfindən nikah bağlanarkən ailə qurmaq niyyətlərinin olmaması, nikahın valideynlərin təsiri ilə bağlanması, hazırda heç bir ailə münasibətlərində olmamaları, ayrı yaşamaları və sair kimi dəlillərə dair heç bir mötəbər sübut təqdim edilməmiş, yalnız formal mülahizələrə əsaslanılmışdır.
42. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini təmin etməyən rayon məhkəməsinin qənaəti, eləcə də cavabdehin iddianı etirafına münasibətdə verdiyi qiymət hazırkı işin müəyyən olunmuş faktiki halları və maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Belə ki, rayon məhkəməsi MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən hesab etmişdir ki, cavabdehin etirafı qanuna (Ailə Məcəlləsinin yuxarıda istinad olunan normalarına ) zidd olduğundan qəbul edilə bilməz. Nəticə:
44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək iddia tələbini təmin etməmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə edilməlidir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov