Məhkəmə qərarları › İş №2(103)-3463/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3463/2024

30.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3463/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa edilməsi və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı özünün, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun işə bərpa edilməsi, ona dəymiş 3.600 manat maddi zərərin və 2.000 manat mənəvi zərərin əvəzinin cavabdeh MMC tərəfindən ona ödənilməsi, “Əmək müqaviləsinin” xitamının əsası kimi qeyd olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin həmin Məcəllənin 68-ci maddəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə 6 ay müddətinə bağlanmış "xxxx" əsasən cavabdeh MMC restoran şəbəkəsində barmen vəzifəsində çalışmışdır. Müqaviləyə əsasən sınaq müddəti 3 ay müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçıya MMC tərəfindən sınaq müddəti ərzində özünü doğrultmaması barədə xəbərdarlıq məktubu (məktubda məktubun tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur) gəlmiş, amma məktubda bunun səbəbi əsaslandırılmamışdır. Sınaq müddəti ərzində iddiaçı öz vəzifəsini qüsursuz yerinə yetirmişdir. xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixləri arasında “X3” Şirkətinin Peşəkar İnkişaf Mərkəzində peşə kursunda iştirak etmiş və kursu uğurla tamamladığı üçün sertifikat almışdır. xx.xx.2023-cü il tarixdə iddiaçını ofisə çağıraraq demişlər ki, öz ərizəsi ilə çıxmasa onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxaracaqlar. İddiaçı, bununla razılaşmamışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh MMC tərəfindən onun adına 80 manat məbləğində əsassız cərimə yazılmışdır. İddiaçı cərimə edilməsi və işdən çıxarılmasının səbəbini soruşmuş, lakin bunların səbəbi açıqlanmamış və iddiaçı yenidən işə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə MMC-nin məsul əməkdaşı iddiaçıya demişdir ki, xx.xx.2023cü il sonuncu iş günüdür, onu işdən çıxarırlar. İddiaçı bununla razılaşmışdır. Daha sonra MMC-nin adından ona zəng etmiş əməkdaş bir daha təklif etmişdir ki, iddiaçı işdən çıxması barədə ərizə yazsın, lakin iddiaçı bu təklif ilə razılaşmamışdır. xx.xx.2023-cü il, yəni son iş günü onun istirahət gününə düşdüyü üçün iddiaçı işə getməmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən iddiaçı ilə bağlanmış "xxxx" xitam verilmişdir. İddiaçının işdən çıxarılmasının səbəbi aydınlaşdırılmamış, iddiaçı, artıq 3 aydan çoxdur ki, işsizdir, müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verildiyinə görə yeni iş tapmaqda çətinlik çəkir. İddiaçının əmək vəzifələrini kobud surətdə pozacaq fəaliyyəti olmamış, işlədiyi müddət ərzində özünü doğrultmuş, lakin rəhbərlik ona 80 manat cərimə yazmış, bunun səbəbini ona izah etməmiş, işdən çıxmağı üçün onu hədələmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçı işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh tərəfindən ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində, yəni sınaq müddəti başa çatmamış onunla əmək münasibətlərinə xitam veriləcəkdir. Sentyabr ayının 21-i onun istirahət günü olmuşdur, ona deyilmişdir ki, artıq işə gəlməsin. Bu səbəbdən həmin gün o, işə çıxmamış və hesab etmişdir ki, işəgötürən artıq onunla bağlanılmış əmək münasibətinə xitam vermişdir. 21-i tarixində onun gəlib imza atması xahiş olunmuşdur. Həmin tarixdən əvvəl də ondan öz xahişi ilə işdən çıxarılması barədə ərizə verilməsi tələb edilmişdir. O, bununla razılaşmamışdır. Gəlib imza atması ilə bağlı ona məlumat verilərkən isə o, bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar gələ bilmir, sonra gəlib imza edər. Lakin sonradan ona məlum olmuşdur ki, işəgötürən onu guya işə çıxmadığı üçün işdən azad etmişdir. O, əmri əldə etdikdən sonra oktyabr ayının sonlarında mediasiya təşkilatına müraciət etmişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, xx.xx.2023-cü il tarixli "xxxx" əsasən iddiaçı 6 ay müddətinə işə qəbul edilmişdir. İddiaçı sınaq müddəti ərzində dəfələrlə restoran menecerləri tərəfindən qüsurları barədə xəbərdar edilmişdir. Daxili elektron yazışmalardan da görünür ki, restoran müştərilərinə səhv içkilərin təqdim edilməsi və ya içkiləri təqdim etdikdən sonra pulun alınmaması (daimi müştəri olduğu üçün bu barədə onların restoranın menecerinə məlumat vermişdir) nəticəsində 500 manat civarında əksikliyi yaranması, dəfələrlə telefon qulaqlıqlarını iş vaxtı taxmaması barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. “X3” Şirkətinin Peşəkar İnkişaf Mərkəzi cavabdeh MMCnin nəzdində fəaliyyət göstərmir. Sadəcə MMC-nin restoranlar şəbəkəsi olduğu üçün həmin təlimi keçirən həmin Şirkət, onlara müraciət edən vətəndaşları restoranlara göndərir və bəzi təlimlər onların restoranlarında keçirilir. İddiaçı qeyd etdiyi sertifikatı əmək müqaviləsi imzalanmamışdan öncə almış və həmin sənəd sadəcə kursda iştirak etdiyini təsdiqləyir. xx.xx.2023-cü il tarixdə iddiaçıya sınaq müddəti ilə bağlı məktub göndərilmişdir. İddiaçıya sınaqdan keçməmə səbəbini izah edən əmr təqdim edilməli idi, lakin iddiaçı xx.xx.2023-cü il tarixdən sonra işə gəlmədiyi üçün qərara gəlinmişdir ki, onun ünvanına xx.xx.2023-cü il tarixli növbəti dəfə ciddi xəbərdarlıq məktubu göndərilsin. Həmin məktubda işə gəlməmə səbəbini yazılı şəkildə izah edilməsi xahiş edilmiş və gəlmədiyi təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə müqavilə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra MMC-nin əməkdaşları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçının işə gəlməməsini təsdiqləyən akt tərtib etmişlər. İddiaçının heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsi (hətta bir gün belə olsa da) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı üzrlü səbəbi cavabdeh qarşısında sübut etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini buraxmışdır. Belə ki, o, ilk məktubu xx.xx.2023-cü il tarixdə, ikinci məktubu xx.xx.2023-cü il tarixdə, “Əmək kitabçasını” təhvil almasını “Əmək kitabçalarının” hərəkətinin uçotu kitabında müvafiq hissəni imzalamaqla təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən mediasiya sessiyaları xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilmişdir. “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydalarına görə, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər (maddə 4.6). “Mediasiya haqqında” Qanuna görə isə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (maddə 35). Göründüyü kimi, hətta xx.xx.2023-cü il tarixli ilkin mediasiya arayışının tarixindən müddət hesablansa belə iddiaçı iddia müddətini pozmuşdur. İddiaçı yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı heç kimin xəbəri və icazəsi olmadan kənar şəxslərin ofisə daxil olmasına şərait yaradaraq qanunsuz videoçəkiliş aparılmasına şərait yaratmışdır. Kənar şəxslərlə birlikdə o, bu çəkilişlə şirkətin nüfuzuna və iaşə xidmətləri sahəsində müsbət imicinə xələl gətirməyə çalışmışdır. Bu barədə video internet resurslarda yayımlanmışdır (https://fb.watch/nZSw4Dq6Qr/?mibextid=İ6gGtw). Etirazın hüquqi əsasına gəldikdə isə, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən myvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı eyni zamanda 1 aylıq müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir.

5. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iddia tələbini tam müdafiə edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh MMC-nin iddiaçının işdən azad edilməsi qərəzli olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh MMC-nin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizə əsassızıdır. Belə ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddiaçı, Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 ay keçməmiş mediasiya təşkilatına müraciət etmiş, uzun müddət barışıqla bağlı danışıqlar getmiş, lakin qarşılıqlı razılıq alınmadığı üçün mediasiyadan sonra iddia ilə məhkəməyə müraciət etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC-nin xx.xx.2023-cü il tarixli əmrində iddiaçının işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsini və həmin əsasın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi kimi qeyd edilməsini, iddia tələbinin iddiaçının işə bərpa olunması, dəymiş 3.600 manat maddi və 2.000 manat mənəvi zərərin ödənilməsi hissələrində iddianın əsassız olduğu üçün təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən olan cavabdeh MMC ilə işçi olan iddiaçı arasında bağlanmış "xxxx" sınaq müddətinin konkret tarixində (xx.xx.2023-cü il) birtərəfli qaydada xitam veriləcəyi barədə iddiaçıya yazılı məlumat versə də, həmin tarixin iddiaçının qeyri-iş günü olmasını nəzərə almadan onun bütün iş günü işə gəlməmə səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə onun işdən azad olunması barədə müvafiq əmr qəbul etmişdir ki, məhkəmə hesab edir ki, həmin əmr qanunauyğun olmamışdır. Belə ki, işəgötürən yazılı bildirişdə qeyd edilən tarixdə birtərəfli qaydada öz təşəbbüsü ilə işçi ilə bağladığı "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verməli idi. Digər tərəfdən, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən 25 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şurasına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/18/2023-01575 saylı arayışı əldə etmişdir. İddiaçı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da qanunda müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanın 3.600 manat təşkil etməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. d) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

10. Cavabdeh MMC də qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

11. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin istinad etdiyi işin faktiki hallarını araşdırmamış, təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Bu isə qətnamənin qismən təmin edilən hissəsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. e) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyasiya baxışı iclaslarında iştirak edən iddiaçı və apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş onun vəkili (nümayəndəsi) Nümayəndə1 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının şikayətinin məzmununa uyğun izahat verdilər.

13. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya baxışında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, MMC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və MMC-nin şikayətinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, “X3” Şirkətinin “Peşəkar” İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, MMTF-133/2023 nömrəli sertifikatdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək barmenlik üzrə peşə kursunda iştirak etmiş və qiymətləndirmə komissiyasının xx.xx.2023-cü il tarixli MMTF-133/2023-İP001 saylı protokoluna əsasən qiymətləndirmədən uğurla keçmişdir.

16. İşəgötürən olaraq cavabdeh MMC ilə işçi olaraq iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, R3149 nömrəli "xxxx" görünür ki, iddiaçı aylıq əmək haqqı 498,29 manat olmaqla MMC-yə barmen vəzifəsinə işə qəbul edilmişdir (bənd 1.2, 4.1.1). Müqavilənin şərtlərinə görə, müqavilə iddiaçının işə başlama tarixindən qüvvəyə minir (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi işəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada vaxtından əvvəl ləğv edilmədikdə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə bağlanır (bənd 2.3). İşçi xx.xx.2023-cü il tarixdə işə başlayır (bənd 2.4).

17. Cavabdeh MMC tərəfindən verilmiş AZR-EM23/145 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən MMC-yə barmen vəzifəsinə işə qəbul edilir (Əsas: iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsi”).

18. “Əmək müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı cavabdeh MMC-yə barmen vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Aylıq əmək haqqı 498,29 manat təşkil edir.

19. İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli öhdəlikdən görünür ki, o, MMC tərəfindən təşkil olunan bütün təlimlərdə, müvafiq testlərdə və qiymətləndirmələrdə iştirak etməyi və ona təqdim edilən aşağıdakı sənədlərlə (onların istinad etdiyi sənədlər də daxil olmaqla) tanış olmuş, işəgötürən müəssisəsində, ofisində, hər hansı digər obyektində işlədiyi bütün dövr ərzində bu sənədlərin (onların istinad etdiyi sənədlər də daxil olmaqla) müddəalarına əməl etməyi öz öhdəsinə götürmüşdür: 1. “X3” X4; 2.“X3” MMC Etik qaydaların pozulması barədə məlumatlandırma siyasəti üzrə daxili Təlimatı.

20. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, iddiaçı tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən olan MMC tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır.

21. MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" əlavə edilmiş vəzifə funksiyasının təsvirindən (Əlavə A) görünür ki, barmen vəzifə funksiyalarına aşağıda göstərilənlərlə məhdudlaşmayan əsas tapşırıqlar daxildir: gündəlik bar işləri üçün bütün iş tapşırıqlarına nəzarət etmək və həyata keçirmək; peseptlərə uyğun olaraq işçiləri hazırlamaq; yüksək keyfiyyətli və çevik xidmət göstərmək; içkilərlə bağlı sifarişləri qəbul etmək; menyuda göstərilən bütün içkilər barədə məlumatlı olmaq; xidmət sahəsi və ətraf ərazinin təmiz və səliqəli olmasını təmin etmək; işlək avadanlığın rüblük, yarımillik və illik siyahıya alınmasında yardım etmək. İşçi fəaliyyət göstərdiyi restorana məxsus əmlakdan, qida məhsullarından xüsusi icazə olmadan istifadə etməməyi öhdəsinə götürür.

22. Daxili elektron yazışmalardan görünür ki, sınaq müddəti ərzində iddiaçı işlədiyi restoranın müştərilərinə səhv içkilərin təqdim edilməsi və ya içkiləri təqdim etdikdən sonra pulun almaması nəticəsində 500 manat məbləğində əskikliyin yaranması, dəfələrlə telefon qulaqçıqlarının iş vaxtı taxmaması, nizam-intizam qaydaların, verilən tapşırıqların yerinə yetirilməməsi barədə restoran meneceləri tərəfindən iddiaçıya xəbərdarlıq edilmişdir.

23. MMC tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı ilə bağlanmış "xxxx" əsasən iddiaçı 3 aylıq sınaq müddətinə MMC-yə barmen vəzifəsinə qəbul edilmişdir. Lakin ona verilən sınaq müddəti ərzində bu vəzifə üzrə özünü doğrultmamışdır. MMC-nin bu vəzifədən olan gözləntiləri ilə iddiaçının perfomansı üst-üstə düşməmişdir.

24. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Ən qısa müddət ərzində işə gəlməmə səbəbini yazılı surətdə izahat formasında bildirməsini xahiş edilmişdir. Əks təqdirdə onunla bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv oluna bilər.

25. MMC-nin əməkdaşları Rinat Aliulin, Babək Məmmədov, Könül Rəhimova, Famil Məmmədzadə, Əli İsmayıllı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, MMC-də barmen vəzifəsində çalışan iddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixdə tam iş günü ərzində) işə gəlməmişdir.

26. MMC-nin xx.xx.2023-cü il tarixli, AZR-TE23/244 nömrəli əmrdən görünür ki, MMC-də barmen vəzifəsində işləyən iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş və o, işdən azad edilmişdir (Əsas: iddiaçının işə gəlməməsi haqqında akt, xx.xx.2023-cü il tarixli məktub).

27. "xxxx" xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, MMCdə barmen vəzifəsində işləyən iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.

28. İddiaçının "xxxx" da görünür ki, MMC-də barmen vəzifəsində işləyən iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmişdir.

29. MMC-nin əmək kitabçalarının hərəkətinin uçotu kitabından çıxarışından görünür ki, iddiaçı özünə məxsus “Əmək kitabçasını” xx.xx.2023-cü il tarixdə almışdır.

30. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, iddiaçının əmək mübahisəsi tələbi üzrə mediasiya prosesinin tətbiqi təklif MMC-yə xx.xx.2023-cü il tarixdə göndərilmişdir.

31. Həmin Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/18/2023- 01575 saylı arayışından görünür ki, əmək mübahisəsi və sair tələblər üzrə iddiaçı və MMC-nın nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə, saat 14.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.

32. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü tarixdə cavabdeh MMC-yə barmen vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi birinci 3 ayı sınaq müddəti hesab edilməklə 6 ay müddətinə bağlanılmışdır. İddiaçıya verilən sınaq müddəti ərzində barmen vəzifəsi üzrə özünü tam doğrultmamasına görə işəgötürən tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanılan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən işə gəlməməsinə görə MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və o, işdən azad edilmişdir.

33. İddiaçı öz ərizəsində bildirir ki, sınaq müddəti ərzində o qüsursuz öz vəzifəsini yerinə yetirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona MMC-nin sınaq müddəti ərzində onun özünü doğrultmaması barədə xəbərdarlıq məktubu gəlmiş, onunla bağlanmış "xxxx" xitam veriləcəyi bildirilmiş, lakin səbəbi əsaslandırılmamışdır. Həmçinin xx.xx.2023-cü il, yəni onun son iş günü onun istirahət gününə düşdüyü üçün işə getməmişdir. Lakin onunla bağlanmış "xxxx" xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Onun işdən çıxarılmasının səbəbi aydınlaşdırılmamış, o, artıq 3 aydan çoxdur ki, işsizdir, müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən qanunsuz xitam verildiyinə görə yeni iş tapmaqda çətinlik çəkir. Həmin maddədə göstərilən kobud şəkildə pozulma hesab edilən heç bir hal baş verməmiş və cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir. Cavabdeh MMC "xxxx" xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı onun işə bərpa edilməsi, ona dəymiş 3.600 manat maddi və 2.000 manat mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi, əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi qeyd olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin həmin Məcəllənin 68-ci maddəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdeh MMC isə iddia tələbini qəbul etməyərək verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı ərizə vermişdir.

35. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 2., hissə 3.). Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur (maddə 10.). Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir (maddə 51., hissə 1.). Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər (maddə 53., hissə 1.). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər (maddə 76., hissə 1.).

37. İş materiallarından görünür ki, tərəflər arasında bağlanılan müddətli əmək müqaviləsində işin birinci 3 ayının sınaq müddəti kimi hesab edilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmişlər.

38. Əmək Məcəlləsinin 53-cü maddəsi işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası təsdiq edir. Sınağın nəticəsini işəgötürən qiymətləndirir. Qanunvericilik eyni zamanda müəyyən edir ki, sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə sınaq müddəti qurtaranadək işəgötürən işçiyə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada əmək müqaviləsini poza bilər.

39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən olan MMC işçi olan iddiaçının sınaq müddət ərzində özünü doğrultmadığı üçün onunla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə yazılı xəbərdarlıq etmiş, sınaq müddəti ərzində əmək münasibətlərinə xitam verilməsinin əsası kimi restoran müştərilərinə işçi tərəfindən səhv içkilər təqdim edilməsi, içkiləri təqdim etdikdən sonra pulunun alınmaması, 500 manat civarında əskikliyin yaranması, dəfələrlə telefon qulaqcıqlarını iş vaxtı ərzində taxılmaması kimi hallar göstərilmişdir.

40. Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Qanunvericilik iki üzrlü hal müəyyən etmişdir: 1. işçinin özünün xəstə olması; 2. yaxın qohumlarının xəstə olması və ya ölməsi. Bütün bu hallar müvafiq olaraq işçi tərəfindən sübut olunmalıdır. Bu hallardan başqa qanunvericilik işçinin iş günü işə gəlməməsinin proqul sayılmağı digər üzrlü səbəblərini dəqiq şəkildə təsbit etməmişdir. Ona görə də işçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını işəgötürən, əmək münasibətləri zamanı isə bu mübahisəyə baxan orqan qiymətləndirir və müəyyən edir.

41. Məhkəmə qeyd edir ki, işəgötürən iddiaçı ilə bağladığı əmək müqaviləsinə sınaq müddətinin xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam veriləcəyi barədə işçiyə yazılı məlumat versə də, həmin tarixin işçinin qeyri-iş günü olmasını nəzərə almadan onun bütün iş günü işə gəlməmə səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə onun işdən azad olunması barədə müvafiq əmr qəbul etmişdir. Odur ki, həmin əmr qanunauyğun hesab edilmir.

42. İşəgötürən yazılı bildirişdə qeyd edilən tarixdə birtərəfli qaydada öz təşəbbüsü ilə işçi ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verməli idi.

43. İddiaçının işdən azad olunması barədə əmrin qanunsuz olduğu müəyyən edilsə də, iddianın "xxxx" hissəsində iddia müddəti buraxıldığı və cavabdeh MMC tərəfindən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verildiyi üçün iddia həmin hissədə təmin edilə bilməz.

44. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

45. İddiaçı xx.xx.2023-cü il tarixdən 25 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/18/2023- 01575 saylı arayışı əldə etmişdir.

46. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da qanunda müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

47. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

48. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

49. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumu “E.Həkimovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

50. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

51. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə görə, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

52. Beləliklə, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etdiyindən və müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübut təqdim edə bilmədiyindən müzakirə edilən hissədə iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə düzgün, bu nəticəyə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir.

53. Məhkəmə iddianın “maddi ziyanın əvəzi kimi 3.600 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

54. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

56. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

57. Hazırkı mübahisədə ona dəymiş 3.600 manat maddi ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Bu baxımdan həmin hissədə iddianın rədd edilməsi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu nəticəyə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

59. Məhkəmə iddianın “mənəvi ziyanın əvəzi kimi 2.000 manat pulun tutulması” hissəsi üzrə qeyd edir ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir.

60. Əmək Məcəlləsinin tələblərinə görə, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur (maddə 196., hissə 5.). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır (maddə 290., hissə 3.).

61. Məcəllənin 290-cü maddəsinin “Qeyd” hissəsinə görə, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

62. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi “2.000 manat mənəvi ziyanın tutulması hissəsində” əsassızdır. Rayon Məhkəməsi həmin hissədə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə edilən hissədə də əsassız hesab edilir.

63. Məhkəmə cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə bildirir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh MMC iddiaçının əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndini qeyd etməkdə haqlı olmamışdır.

64. Belə ki, Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar (maddə 68., hissə 2.). Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməlidir (maddə 84., hissə 1.).

65. Cavabdeh MMC, iddiaçı ilə bağladığı əmək müqaviləsinə birtərəfli qaydada öz təşəbbüsü ilə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə) xitam verməli olduğu halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verdiyindən, “iddiaçının işdən azad olunma əmrində əmrin əsasının dəyişdirilməsi” hissəsində tələbi əsaslıdır.

66. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh MMC-nin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

67. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

68. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

69. Məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

70. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar