Məhkəmə qərarları › İş №2(103)-3465/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3465/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3465/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun ondan tələb edilməsinin qadağan edilməsi, aktlar üzrə borcun silinməsi və mənəvi ziyanın tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1045/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ünvan 1 fərdi yaşayış evini X2 almışdır (31 saylı notariat ofisində 4Ə- 82 reyestr nömrə ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” ). Həmin fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat nömrəsi **********). Cavabdeh İB-nin əməkdaşları tərəfindən **********000 abonent kodu üzrə X3 adına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif tarixlərdə tərtib edilmiş aktlara əsasən, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, itirilmiş qazın miqdarı hesablanmış, həmin tələbnamələrdə X3 adına tərtib edilmişdir. Göründüyü kimi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlar X3 adına tərtib edilmiş və aktlar əsasında borc da onun adına hesablanmışdır. Cavabdeh tərəfindən aktlar üzrə X3 adına 6353,28 manat məbləğində borc hesablanmışdır (Abonentin saldosu). Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar İddiaçı adına deyil, X3 adına tərtib edilmişdir. Hazırda iddiaçı keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun cavabdeh tərəfindən hesablanmasının və ondan tələb edilməsinin qadağan edilməsi, yazılmış aktlar üzrə borcun silinməsi, mənəvi ziyanla bağlı Cavabdeh İB-dən iddiaçının xeyrinə 100 manat mənəvi ziyanın tutulmasını istəyir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun cavabdeh tərəfindən hesablanmasının və ondan tələb edilməsinin qadağan edilməsi, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-xi il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il taixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə yazılmış aktlar üzrə borcun silinməsi, mənəvi ziyanla bağlı Cavabdeh İB-dən iddiaçının xeyrinə 100 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə qazdan istifadə olunması barədə keçmiş abonent X5 arasında müqavilə bağlanmışdır. Mülkiyyətçi X6 ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmaqla evi almışdır. Kommunal xidmətlərlə bağlı sayğacları adına keçirməklə bağlı rəsmiləşdirmə aparanda müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-xi il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il taixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə “abonent təbii qazdan sayğacsız istifadə” edilməsi ilə bağlı aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlar üzrə ümumi borc 6353,28 manat təşkil edir. Keçmiş abonent X5 və mülkiyyətçi X6 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış borcun ondan tələb edilməsi qanunsuz və əsassısdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsassız olaraq aktların tərtib edilməsi nəticəsində hal-hazırda mülkiyyətçi kimi onun və ailə üzvlərinin qazdan istifadə edə bilməmələri sarsıntılar keçirməklə üz-üzə qoymuşdur. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən mənəvi sarsıntılara görə təyin etdiyi simvolik məbləği tutulsa, cavabdeh tərəf işinə daha məsuliyyətli yanaşacaq.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1045/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvan üzrə keçmiş abonent X5 tərəfindən istehlak olunmuş qazdan istifadəyə yaranmış 6353,28 manat borcun Cavabdeh İB tərəfindən İddiaçı tələb edilməsi qadağan edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3, 3.1, 5.2-ci bəndlərinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı X5 tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyri-qanuni xətt ləğv edilmişdir. Lakin sonradan X5 yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bu hal bir neçə dəfə də əməkdaşları tərəfindən aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, istehlakçı X5 qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Daha sonra isə İddiaçı ünvan 1 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmiş, lakin alqı-satqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlki mülkiyyətçidən təbii qazdan istifadəyə görə borcunun olmaması barədə arayış tələb etməmişdir. Belə olan halda isə qanunvericiliklə müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiyinə görə yeni mülkiyyətçi həmin borcu qəbul etmiş hesab olunur. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz iddia tələbinə uyğun əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və mülki iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmənin iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

12. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

13. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

14. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

16. 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3 qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

17. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

19. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

20. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd edilməsini xahiş etdiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1045/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları X3 adına tərtib etsə də və aktlar əsasında onun adına borc hesablasa da, həmin borcu iddiaçıdan tələb edir.

32. Həmçinin iş materiallarina əlavə edilmiş sənədlərlə müəyyən olunur k, İddiaçı ünvan 1 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə, yəni aktlar tərtib olunduqdan sonra Alqı-Satqı yolu ilə əldə etmişdir.

33. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.

34. Belə ki, cavabdeh apellyasiya şikayətində istehlakçı X5 qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Daha sonra isə İddiaçı ünvan 1 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmiş, lakin alqısatqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlki mülkiyyətçidən təbii qazdan istifadəyə görə borcunun olmaması barədə arayış tələb etməmişdir. Belə olan halda isə qanunvericiliklə müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiyinə görə yeni mülkiyyətçi həmin borcu qəbul etmiş hesab olunur.

35. Kollegiya apellyasiya şikayətinin dəlilinə uyğun olaraq sayğacdan kənar qeyri-qanuni birləşmənin mövcud olub-olmadığını müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli, qərardad ilə məhkəmə-trasoloji ekspertiza təyin edilmişdir.

36. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1036 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, X3 qaz sayğacından kənar xətlərin çəkilməsi sübut edilmədiyindən, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə X4 hesablanmış 6353,28 manat məbləğində borcun İddiaçı tələb edilməsi qanuni hesab edilə bilməz.

38. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, istehlakçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.

40. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının və əvvəlki istehlakçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

41. Göründüyü kimi, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin istinad etdiyi aktlar istehlakçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən, aparılmış ekspertiza tədqiqatın dəyəri təşkil edən 64 (altmış dörd) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

47. Həmçinin iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1045/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri təşkil edən 64 (altmış dörd) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar