Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3466/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-862/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 3220 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbbi qazdan istifadə üzrə **********00020 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtı-vaxtında edir. xx.xx.2022-ci il tarixdə «Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı ünvandan **********608 nömrəli qaz sayğacını dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və ona xəbər vermədən əvəzində yeni sayğac quraşdırmışlar. «Azəriqaz” İstehsalat Birliyinin ona göndərilmiş rəyinə əsasən **********608 zavod nömrəli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (sayğacın daxilində mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi deşilib) göstərilmişdir. Yoxlamanın nəticəsi ilə razı deyildir. Sayğac yararsiz hesab edilə bilər, lakin onda olan zədələrin onun tərərfindən yetirilməsi mümkün deyildir. Belə ki, «Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar əmələ gəlmişdir. Həmdə sayğacdan kənar istifadəyə görə onun evində olmayan qaz avadanlıqlarından “istifadə etməklə” cərimə hesablanmışdır. Dövlət yaxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəb göstərmişdir. Bundan başqa təqdim edilmiş abonentin saldosunda əsassız borcunun 972 manat olması göstərilmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etməmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-862/2023 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova ) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 2422,69 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni dəyişdirərək yeni qərar qəbul edilməsini, iddianın qalan hissədə də təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktların qanuni olması, müdaxilə faktının aşkar olunması, əlavə sərfiyyatın düzgün hesablanması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştiak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən - Cavabdeh İB-nin tərəfindən İddiaçı **********00020 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış İtron tipli G-4 markalı 1102AQ**********4 nömrəli sayğac çıxarılaraq (sayğacın çıxarılma səbəbi: sərfiyyatı qeyd etmir) əvəzinə Zenner tipli G-4 markalı **********608 nömrəli sayğac quraşdırılmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 29/1710-02213-1 №-li aktına əsasən 1102AQ**********4 nömrəli sayğacın daxilində mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar olunmuşdur. İşdə olan Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt üzrə itirilmiş qazın miqdarı 8640 m3 hesablanmışdır. Göründüyü kimi, akt üzrə cavabdeh tərəfindən 1036,80 manat məbləğində zərərin vurulması hesablanmışdır (Abonentin saldosu). Hazırda iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 3220 manat məbləğində borcun silinməsini istəyir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacın daxilində mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar olunmuşdur. Həmin akta dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sayğaca müdaxiləyə görə məsuliyyəti abonent daşımır. Qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğacının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia akt üzrə cavabdeh tərəfindən hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir. Abonentin saldosundan görünür ki, cavabdeh tərərfindən iddiçıya 2183,66 manat borc da hesablanmışdır. Məhkəmə iddianın 2183,66 manat borcun silinməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, 2183,66 manat borcun açıqlaması abonentin saldosundan müəyyən edilməsə də, xx.xx.2022-ci ildə istehlak olunmuş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçı İddiaçı 797,31 manat borcla razılaşmışdır. Həmin borc isə abonent saldosuna əsasən sayğacın göstəricisinə görə yaranmışdır. Göründüyü kimi, adina abonent saldosu olan İddiaçı qoşulma ilə bağlı xx.xx.2022-ci ildə istehlak olunmuş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən razilaşması olmuşdur. Hazirda iddiaçının əmlakın ona keçməsini bildirməsi halında bu, 797,31 manat borcun silinməsi üçün əsas yaratmır. Odur ki, iddia 2183,66 manat borcun silinməsi hissəsində qismən, yəni 797,31 manat hissədə rədd, qalan hissədə isə təmin edilməlidir. Beləliklə, iddia 2422,69 manat məbləğində borcun silinməsi hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Lobarator baxış zamanı isə, qüsurun nejə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Baxılan işdə isə, cavabdeh istinad etdiyi aktda göstərilən deliktin (hüquqazidd, təqsirli əməli) iddiaçı tərəfindən törətməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İşdə olan həmin aktdan görünür ki, o, qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2183,66 manat debitor borcun açıqlaması abonentin saldosundan müəyyən edilməsə də, xx.xx.2022-ci ildə istehlak olunmuş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçı İddiaçı 797,31 manat borcla razılaşmışdır. Həmin borc isə abonent saldosuna əsasən sayğacın göstəricisinə görə yaranmışdır. Göründüyü kimi, adina abonent saldosu olan İddiaçı qoşulma ilə bağlı xx.xx.2022-ci ildə istehlak olunmuş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən razilaşması olmuşdur. Hazirda iddiaçının əmlakın ona keçməsini bildirməsi halında bu, 797,31 manat borcun silinməsi üçün əsas yaratmır. Odur ki, iddia qalan hissədə təmin edilməlidir. Göründüyü kimi, cavabdeh etirazının (həmçinin, apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsinə əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-862/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-862/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3466/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3466/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver